Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4080/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 3-cü şəxs Mingəçevir şəhər Qeydiyyat Şöbəsi işə cəlb edilməklə birdəfəlik ödəmənin ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 3-cü şəxs Mingəçevir şəhər Qeydiyyat Şöbəsi işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 aprel tarixli, 127 nömrəli Qərarına uyğun olaraq 190 (yüz doxsan) AZN birdəfəlik ödəmənin ümumilikdə hesablanıb ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24.04.1990-cı il tarixdə X5 ilə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur. Bir müddət sonra müəyyən səbəblərə görə, X5 ilə nikahın pozulmasına dair Mingəçevir Rayon Məhkəməsinə müraciət etmişdir. 17.04.2008-ci il tarixdə Mingəçevir Rayon Məhkəməsi tərəfindən nikahın pozulmasına dair qətnamə çıxarılmışdır. Qətnamənin icra edilməsi üçün 07.07.2008-ci il tarixdə qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixdə 35 saylı akt qeydi tərtib edilərək, ona AZ-İ seriyalı, 080419 saylı nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Hal-hazırda işsizdir. 190 AZN birdəfəlik ödəmə üçün müraciət edib qeydiyyatdan keçmişdir. Ancaq cavabdehdən ona imtina gəlmişdir. İmtinada aztəminatlılıq meyarına uyğun gəlmədiyi (ərinin (arvadınn) işlədiyi bildirilib. Qeyd edir ki, o, 2008-ci ildən boşanmışdır. Onun haqqında məlumatların yoxlanılması üçün Ədliyyə Nazirliyinə müraciəti olmuşdur. Qeyd edir ki, dövlət orqanlarının və onların vəzifəli şəxslərinin cəzasını sadə vətəndaşlar çəkməməlidir. Belə ki, qanunvericiliyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktları (qətnamələr, qərarlar, qərardadlar) dərhal icra edilməlidir. Əgər məhkəmə qərarı dövlət orqanlarının səhvi ucbatından icra edilməyibsə və sistemdə onun boşanması qeydiyyata alınmayıbsa burada onun günahı yoxdur. Hal-hazırda 190 AZN yardıma olduqca ehtiyacı vardır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19.03.2020-ci il tarixində 1950 nömrəli Sərəncam qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na (bundan sonra - Qayda) uyğun olaraq, Qanuna uyğun olaraq birdəfəlik ödəmə işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə qeydiyyat tarixindən asılı olaraq təyin olunur və ödənilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5.11.4-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduğuna görə aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir. Qanunun 5.13-cü maddəsinə əsasən, işsiz kimi qeydiyyata alınmayan və ya bu Qanunun 5.11.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatı ləğv olunan şəxs, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir. Beləliklə, iddiaçı həyat yoldaşı barədə səhv məlumat təqdim etdiyinə görə ona birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Eyni zamanda, Qaydanın 2.2-ci bəndinə (birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir) və Tədbirlər Planına uyğun olaraq, birdəfəlik ödəmə 27.04.2020-ci il tarixinədək MAS-da işsiz kimi qeydiyyatı olan şəxslərə ödənilir. Qevd edilməlidir ki, iddiaçı X2 yuxarıda qeyd olunan müddətdə MAS-da işsiz kimi qeydiyyatdan keçməmişdir (işsiz kimi qeydiyyat tarixi 03.05.2020-ci il). Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10,2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı" təsdiq edilmişdir. Tədbirlər Planının ll-ci hissəsinin (işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqaməti) 4-cü hissəsində Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Tədbirlər Planının ll-ci hissəsinin 4-cü hissəsinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”na uyğun olaraq birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydaya əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan aşağıdakı şəxslərə ödənilir: 1. 2020-ci il 1 aprel tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS-da) işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Eyni zamanda, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Qeyd edilirik ki, iddiaçı “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Belə ki, MEİS-dən alınan məlumata əsasən, iddiaçı indiki dövrədək ümumiyyətlə əmək münasibətlərində olmamışdır. İddiaçının uzun müddət faktiki işsiz olduğuna baxmayaraq, MAS-da yalnız pandemiya dövründə (03.05.2020-ci il tarixində) qeydiyyata alınmışdır, onun müraciət etməkdə məqsədi yalnız ödəmə ilə bağlı olmuşdur. Hərçənd ki, İddiaçı MAS-da bir il müddətində qeydiyyatdadır o, yalnız passiv məşğulluq tədbiri üçün müraciət etmiş, X3 tərəfindən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz və işaxtaran şəxslər üçün təklif edilən bir sıra aktiv məşğulluq tədbirlərinə (özünüməşğulluq, peşə hazırlığı, sosial iş yerləri və d.) müraciət etməmişdir. Beləliklə, İddiaçı iqtisadi qeyri-fəal əhali sırasına daxildir (iqtisadi qeyri-fəal əhali dedikdə - məşğul olmayan, iş axtarmayan və işə başlamağa hazır olmayan 15 və yuxarı yaşda olan şəxslər başa düşülür), işləməyə hazır deyildir və beləliklə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz şəxs hesab edilə bilməz. Birdəfəlik ödəmə ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər, yəni xüsusi karantin rejiminin tətbiq olunmasının təsiri ilə bağlı isindən məhrum olmuş şəxslərə, həmçinin 2020-ci il 1 aprel tarixinə MASda işsiz kimi qeydiyyata alınmış və məşğulluq tədbirlərinə cəlb olunmuş, lakin xüsusi karantin rejiminin tətbiq olunduğuna görə tədbirlərin dayandırılması ilə bağlı zərərçəkən şəxslərə verilir. İddiaçı birdəfəlik ödəmənin alınması üçün müəyyən edilmiş tarixdə işsiz kimi qeydiyyata alınmadığından və pandemiya dövrünün mənfi təsirindən zərərçəkən işsizlər sırasına aid olmadığından onun birdəfəlik ödəmənin almaq hüququ yaranmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər Nikah Evi tərəfindən verilmiş AZ-İ seriyalı, 080419 nömrəli, 07.07.2008-ci il tarixli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı qız arasında olan nikah ləğv edilmişdir. İşdə olan birdəfəlik ödəmənin verilməsindən imtina olunması barədə məktubun surətindən görünür ki, 04.05.2020-ci il tarixdə, E-Sosial.az vasitəsilə iddiaçıya məxsus ********* mobil nömrəsinə sms vasitəsilə imtina cavabı göndərilərək, “həyat yoldaşı barədə səhv məlumat daxil etdiyinə görə” əsası ilə iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, aşağıdakı qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddia əsassızdır. Məhkəmə ilk öncə, işin halları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının müraciətindən “həyat yoldaşı barədə səhv məlumat daxil etdiyinə görə” əsası imtina etsə də, iş materiallarında bu halı təkzib edən iddiaçıya məxsus nikahın pozulması haqqında şəhadətnamə mövcuddur və həmçinin, cavabdeh sözügedən səhv məlumatın nədən ibarət olması barədə məhkəməyə məlumat təqdim edə bilməmişdir. Lakin, məhkəmə cavabdehin etirazında göstərilənləri və işin hallarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq, öz xidməti vəzifəsinə əsasən araşdıraraq müəyyən etmişdir ki, iddiaçı birdəfəlik ödəmə almaq hüququna malik olan şəxs deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsaəsən - 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2-ci bəndinin müddəalarına əsasən - 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. İddiaçı isə 03.05.2020-ci il tarixdə işsiz kimi MAS-da (Məşğulluq Alt sistemində) qeydiyyatdan keçmiş və ona 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən 04.05.2020-ci il tarixdə imtina edilmişdir. Məhkəmə qeyd edir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. İddiaçı “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamış, onun müraciət etməkdə məqsədi yalnız ödəmə ilə bağlı olmuşdur. Eləcə də, yuxarıda qeyd edilən sözügedən Qaydaların 2.2-ci bəndində birdəfəlik ödəmənin qeydiyyat tarixindən asılı olaraq 2020-ci il 1 aprel tarixinə (sonradan həmin müddət 27 aprel 2020-ci il tarixədək uzadılmışdır) MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı birdəfəlik ödəmə üçün müraciət edən zaman o, MAS-da 27.04.2020-ci il tarixədək qeydiyyatdan keçməmiş, MAS-da yalnız 03.05.2020-ci il tarixdə qeydiyyatdan keçərək, cavabdehə birdəfəlik ödəmə üçün müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı həmin dövrdə birdəfəlik ödəmə hüququna malik olan şəxs olmadığından, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4080/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4080/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver