Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4085/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum anası X2 ilə birlikdə Cəbrayıl rayonu işğal olunan zaman məcburi köçkün düşmüşdürlər. Hazırda məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında yarımçıq məktəb binasında yaşayırlar. İddiaçı və qardaşı daimi qeydiyyatda olduqları Cəbrayıl rayonundan məcburi köçkün düşdükdən əvvəl və sonra mərhum anaları X1 himayəsində olmuşdurlar. İddiaçı bildirmişdir ki, anası ilə birlikdə məcburi köçkün olmalarına, Cəbrayıl rayonunda qeydiyyatda olmalarına baxmayaraq, onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Cavabdeh qurum tərəfindən iddiaçının valideynlərinin işğaldan əvvəl Cəbrayıl rayonunda daimi qeydiyyatda olmasını və həqiqətən məcburi köçkün düşməsini təsdiq edən müvafiq sənədlərin təqdim olunmadığı üçün məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin imkan xaricində olduğu bildirilmişdir. İddiaçı onu tək valideyn kimi böyüdən anasının həyatda olmaması səbəbindən işğaldan əvvəl Cəbrayıl ratonunda daimi qeydiyyatda olması və həqiqətən məcburi köçkün düşməsini təsdiq edən müvafiq sənədi təqdim etməsinin mümkünsüz olduğunu bildirmişdir. İddiaçı məcburi köçkün düşərkən çox kiçik olduğunu və anasının sənədləşmə ilə bağlı mövqeyinə münasibət bildirmək iqtidarında olmadığını qeyd etmişdir. İddiaçı cavabdeh orqanın valideynlərinin işğaldan əvvəl Cəbrayıl rayonunda daimi qeydiyyatda olmasını və həqiqətən məcburi köçkün düşməsini təsdiq edən müvafiq sənəd tələb etməklə ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina etməsini düzgün hesab etməmişdir. Belə ki, iddiaçının ata və anası arasında rəsmi nikah qeydə alınmamış və o, anasının himayəsində qalmışdır. Həmçinin məcburi köçkün düşən zaman yaşının az olması səbəbindən sənədləşmə ilə bağlı münasibət bildirmək iqtidarında olmamışdır. Odur ki, iddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməli olduğunu hesab etmişdir.
3. Cavabdeh qurumun xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, iddiaçının və valideynlərinin işğaldan əvvəl Cəbrayıl rayonunda daimi qeydiyyatda olması və həqiqətən məcburi köçkün düşməsini təsdiq edən müvafiq sənəd təqdim edilmədiyindən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir.
4. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 1273№ li arayışa əsasən İddiaçı Cəbrayıl rayonundan məcburi köçkün kimi QMKİ üzrə DK Yasamal rayonu üzrə sektor qeydiyyatındadır (sənəd kserosurətdir).
5. 19 saylı MKİS tərəfindən təqdim olumuş xx.xx.2022-ci il tarixli,126 nömrəli arayışdan görünür ki, İddiaçı Yeni Yasamal 2 küçəsi, 2 saylı evin 2 №li mənzilində tikintisi yarımçıq məktəb binasında Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmışdır (sənəd kserosurətdir).
6. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 xx.xx.2008-ci il tarixində ölmüşdür.
7. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə doğulmuşdur.
8. Cəbrayıl rayonu qeydiyyat şöbəsi tərəfindən təqdim olunmuş 23 sentyabr 2022-ci il tarixli, 180 nömrəli arayışa əsasən X1 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2008-ci ilədək olan dövrə aid bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir.
9. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda qeyd edilir ki, İddiaçı ona məcburi köçkün statusunun verilməsi barədə Komitəyə daxil olmuş 14 oktyabr 2022-ci il tarixli müraciəti Komitənin 2022-ci il 21 oktyabr tarixli 01/5815 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilindən köçürülmüş şəxslərin) statusu haqqında’’ Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi köçkün ((ölkə daxilindən köçürülmüş şəxslər) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxslər hesab olunur. Qeyd olunan qaydaların tələblərinə əsasən, iddiaçının və valideyninin işğaldan əvvəl Cəbrayıl rayonunda daimi qeydiyyatda olması və həqiqətən məcburi köçkün düşməsini təsdiq edən müvafiq sənəd təqdim olunmadığından məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, "Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların”ın 2.4.6-cı bəndinə əsasən, rayonun işğalı zamanı yaşı 18 yaşına (yetkinlik yaşına) çatmamış kişilər məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə almaq üçün ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 2.4.6.1. Ərizə forması; 2.4.6.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə); 2.4.6.3. Atanın şəxsiyyət vəsiqəsi və hərbi biletinin surəti (əsli ilə birlikdə); 2.4.6.4. Atanın hərbi bileti itirildiyi halda atanın işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış; 2.4.6.5. Atanın məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk rayon şöbəsi tərəfindən verilmiş arayış; 2.4.6.6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. Cavabdeh qurum tərəfindən məhkəmənin diqqətinə çatdırılmışdır ki, Qaydaların 2.6-cı bəndinə əsasən, “məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin ğzü barəsində məlumat tələb edən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir. Göründüyü kimi iddiaçı özünün və valideynlərinin işğaldan əvvəl Cəbrayıl rayonunda daimi qeydiyyatda olması, habelı həqiqətən məcburi köçkün düşməsini təsdiq edən müvafiq sənədləri təqdim edə bilmədiyindən Qaydaların tələblərinə uyğun olaraq ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh qurum İddiaçı cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” vəzifəsinin qoyulmasına dair iddia tələbinin təmin olunmaması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
10. Cəbrayıl Rayon İcra Hakimiyyətinin 17 mart 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, rayonun Mahmudlu qəsəbə sakini olmuş, mərhum X2 işğaldan əvvəl Biləsuvar rayon sakini ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. S.İsgəndərova Cəbrayıl rayonundan məcburi köçkün düşmədiyi üçün ona yemək xərci müavinəti ödənilməmişdir.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi iştirak etmir. II. İddianın növü və mümkünlüyü
13. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların İV hissəsi “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını tənzimləyir. Həmin hissəyə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə.
16. İddiaçı xx.xx.1990-cı il təvəllüdlüdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının anasının Cəbrayıl rayonu işğal olunanadək daimi yaşayış yeri həmin rayon olmamış, ona məcburi köçkün vəsiqəsi və məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyazlar ona verilməmişdir. Belə ki, o vaxtilə rayonun Mahmudlu qəsəbə sakini olmuş, işğaldan əvvəl rayonu tərk etmişdir.
17. Odur ki, cavabdeh orqanın iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtinası qanunsuz hesab oluna bilməz.
18. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
19. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
20. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva