Məhkəmə qərarları › İş №2-1(112)-4086/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4086/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4086/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının ona hüquq yarandığı tarixdən təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin birdəfəlik ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının ona hüquq yarandığı tarixdən təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçı hüququnun yarandığı 7 dekabr 2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı 2 saylı ASAN Xidmət Mərkəzində pensiya şöbəsinə müraciət etmişdir. 17 dekabr 2020-ci il tarixdə onun sənədləri DSMF X2 İdarəsinə (Z.Bünyadov küçəsi, 43 ünvanına) təqdim olunmuşdur. 11 yanvar 2021-ci il tarixdə həmin qurumdan intina cavabını almışdır. O, əmək fəaliyyətinə 21 may 1977-ci il tarixdə başlamış, 22 oktyabr 1979-cu il tarixdən 7 noyabr 1981-ci il tarixədək hərbi xidmətdə olmuş, 3 dekabr 1981-ci il tarixdən hal-hazıradək işləyir. Təqdim olunmuş əmək kitabçasına əsasən hərbi xidmət də daxil olmaqla «Əmək pensiyaları haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən 7 dekabr 2020-ci il tarixədək onun 40 ildən çox əmək stajı toplanmışdır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə, «İnzibati icraat haqqında» AR Qanununun 17, 19.1, 19.2-ci maddələrinə, İPM-in 33, 35-ci maddələrinə əsaslanaraq, ona (iddiçıya) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı 7 dekabr 2020-ci il tarixdən təyin edilməsi və yaranmış fərq məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavbdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiasını DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qəbul etmir. O, iddia edir ki, işləmiş olduğu peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. İddiaçının dəlilləri adekvat deyil. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsini iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin maddənin tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün onun 60 yaşı tamam olduğu tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin AR Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi; 4) yetərli pensiya kapitalı. Hazırki iş üzrə 4-cü şərtə əməl edilməmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alman və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Həmin Qanunun 6.3-cü maddəsinə görə əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi, iddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 60 yaşdır. Ümumi əsaslarla, yəni «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı iddiaçının 60 yaşının tamam olduğu 10 noyabr 2020-ci il tarixdə 65 yaş olmuşdur. Deməli, «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinə əsasən, İddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 204 aya (144 ay + 60 ay) bölünməlidir. 60 ay iddiaçının pensiya çıxmaq hüququnun yarandığını iddia etdiyi 60 yaşla «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 65 yaş arasındakı fərqdir (65 il - 60 il = 5 il). 204 ay x 200 manat (minimal pensiya məbləği) = 40,800.00 manat. İddiaçının cəmi pensiya kapitalı 8,430.02 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.18-ci maddəsinə əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Şərh edilənlərə əsaslanaraq və İPM-in tələblərini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» AR Qanununun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımaları Departamentinin Biləcəri lokomotiv deposunun 16 oktyabr 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilir: - ADY QSC İ qrup Biləcəri lokomotiv deposu üzrə 1960-cı il təvəllüdlü İddiaçı 187/k saylı 28 mart 2005-ci il tarixli əmrlə həmin tarixdən 31 mart 2005-ci il tarixədək teplovoz maşinist köməkçisi (dublyor), 1 aprel 2005-ci il tarixli 201/k saylı əmrlə həmin tarixdən 16 iyul 2016-cı il tarixədək teplovoz maşinist kömıkçisi (sərbəst), 19 iyul 2016-cı il tarixli 376/k saylı əmrlə həmin tarixdən 11 may 2018-ci il tarixədək teplovoz maşinist köməkçisi işləmişdir və 8 avqust 2018-ci il tarixli 275/k saylı əmrlə 9 avqust 2018-ci il tarixdən halhazıradək teplovoz maşinist köməkçisi işləyir. Ümumi: teplovoz maşinist və teplovoz maşinisti köməkçisi peşəsində iş stajı 15 il, 2 ay, 19 gün təşkil edir. Bu da AR Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda “21. Nəqliyyat” bölməsində elektrovoz maşinisti və elektrovoz maşinist köməkçiləri nəzərdə tutulur. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin Biləcəri lokomotiv deposunun 21 oktyabr 2020-ci il tarixli “açıqlama – arayış”ında aşağıdakılar bildirilir: - 1960-cı il təvəllüdlü İddiaçı Bakı lokomotiv deposunda 27 yanvar 1989-cu il tarixdən 4 avqust 1998-ci il tarixədək elektrik qatarının maşinist köməkçisi kimi 09 il, 06 ay, 08 gün işləmişdir. Qeyd olunan müddət İddiaçı AR Nazirlər 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının “21. Nəqliyyat” bölməsinin 21.4-cü bəndinə əsasən ona güzəştli şərtlərlə əmək pensiyası almaq imkanı verir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 7 dekabr 1960-cı il tarixdə doğulmuşdur və 21 may 1977-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır, 1979 – 1981-ci illərdə hərbi xidmətdə olmaqla hal-hazıradək işləyir. Əmək fəaliyyətinin bir hissəsində – 27 yanvar 1989-cu il tarixdən 4 avqust 1998-ci il tarixədək elektrik qatarının maşinist köməkçisi, 28 mart 2005-ci il tarixdən 11 may 2018-ci il tarixədək teplovoz maşinisti köməkçisi kimi çalışmış, 8 avqust 2018-ci il tarixdən iddia qaldırılan vaxtadək isə teplovoz maşinisti kimi işləyir. Ümumi iş stajı 40 ildən artıqdır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən tələb olunan pensiya kapitalının toplanmamasını əsas gətirərək, imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.1.3-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinin birinci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinə dəmiryolu nəqliyyatı sahəsində 23001000 – 14241 kodu ilə müəyyən edilən “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşələri daxil edilmişdir. Həmçinin müvafiq dövrlərdə iddiaçının işlədiyi həmin vəzifələr AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21.4-ci bəndində (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) də nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə ilk növbədə növbədə qeyd edir ki, mövcud qanunvericilik normaları 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını nəzərdə tutur. Hazırkı İddiaçı 2006-cı ilin 1 yanvar tarixinədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə, yəni elektrik qatarının maşininst köməkçisi vəzifəsində işləsə də, onun bu iş üzrə müddəti 12 il 6 aydan az (9 il 6 ay 8 gün) olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinin tələbləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. 2006-cı ilin 1 yanvar tarixdən sonrakı dövrdə iddiaçının əmək fəaliyyətinə gəldikdə isə, onun 25 ildən artlq ümumi, 12 iyul 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahı üzrə) iş stajı toplanmış olsa da, onun müvafiq miqdarda pensiya kapitalı toplanmadığından, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin tələbləri tətbiq edilməklə də onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Nəzərə alınmalıdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə pensiya kapitalının 40.800 manat miqdarında tələb olunduğu halda, cavabdehə müraciət olunan dövrdə toplanan pensiya kapitalının məbləği 8.430 manat həcmindədir. Qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin hazırda qüvvədə olan tələbləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu iş stajı ilə bərabər “pensiya kapitalı”nın tələb olunan miqdarda toplanması ilə də şərtləndirir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığından, onun tələbi əsaslı deyil və cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə həmin pensiya təyinatı üzrə öhdəlik qoyula bilməz. İddiaçının ikinci tələbi – “keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən birbaşa asılı və törəmədir. Həmin tələb “əmək pensiyasının təyin edilməsi” tələbi əsassız olduğu halda, əsaslı sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının ona hüquq yarandığı tarixdən təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının ona hüquq yarandığı tarixdən təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar