Məhkəmə qərarları › İş №2-1(112)-4086/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4086/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4086/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iddiaçının nümayəndəsi və vəkili Vəkil oglunun cavabdehin nümayəndəsi X1 oglunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, iddiaçıya diplomun tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “innovasiya sahibkarlığına dövlət dəstəyinin təşkilinin elmi metodoloji əsasları” mövzusunda Ukrayna Milli Çerniqov Texnologiya Unversitetində müdafiə etmiş, Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüş, 28 iyun 2018-ci ildə müvafiq sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət edərək həmin diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 2019-cu ilin aprel ayında iddiaçının iştirakı ilə dissertasiya işi Ali Attestasiya Komissiyasının Ekspert Şurasının iclasında müzakirə olunaraq müsbət rəy verilmiş, lakin iddiaçıya məlum olmayan səbəbdən cavabdehin 09 oktyabr 2020-ci il tarixli, 04/08-7/97 saylı məktubunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərinin heç bir əsas və səbəb göstərilmədən təkrar attestasiya əsasında tanınmasından imtina edildiyi bildirilmişdir. İddiaçı 23 oktyabr 2020-ci il tarixində cavabdehə müraciət edərək bunun səbəbi barədə məlumat verilməsini xahiş etmiş, cavabdehin 04/08-7/15 nömrəli 22.02.2021-ci il tarixli cavab məktubunda İqtisad elmləri üzrə ekspert şurasının mənfi rəyi nəzərə alınaraq, dissertasiya işinin bilmədiyi dildə olması, həmçinin ingilis dilində yazdığını bildirdiyi halda, həmin variantı təqdim etmədiyi əsas tutularaq sənədlərin təkrar attestasiya əsasında Azərbaycan Respublikasında tanınmasından imtina edilmişdir. Sənədlərinin tanınması məsələsinə apelyasiya qaydasında baxılarkən 22 fevral 2021-ci il tarixində ərizə ilə müraciət edərək sanitar epidemioloji qaydalara uyğun olaraq iddiaçını qəbul etmələrini xahiş etmiş, lakin cavabdehin 04 mart 2021-ci il tarixli cavab məktubunda xüsusi karantin qaydasında vətəndaşların qəbulunun keçirilmədiyi qeyd olunmuşdur. Apelyasiya qaydasında işə baxılarkən iddiaçı işinin ingilis dilli variantını 29 mart 2021-ci il tarixində 186 vərəq olmaqla rəsmi qaydada cavabdehə göndərmiş, lakin buna baxmayaraq Ali Attestasiya Komissiyasının 06 iyul 2021-ci il tarixli, 04/08-7/67 nömrəli məktubunda Kollegiyanın İqtisad elmləri üzrə ekspert şurasının tövsiyyəsini nəzərə alaraq 29 iyun 2021-ci il tarixli qərarı ilə onun İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərinin təkrar attestasiya əsasında tanınmasından imtina edilməsi haqqında Kollegiyanın 06.10.2020-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Qeyd etmək istəyir ki, Ali Attestasiya Komissiyasının Ekspert Şurasının iclasında müzakirə olun dissertasiya işinin hansı meyarlarla yoxlanmasına, bu zaman həmin ixtisasa sahib mütəxəssislərin cəlb olunması barədə nə iddiaçıya məlumat verilmiş, nə də ki, imtina məktubuna bu barədə sənədlər əlavə olunaraq əsaslandırılmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı “İnnovasiya sahibkarlığın dövlət tərəfindən təşkililnin və dəstəyinin elmi-metodik əsasları” mövzusunda müdafiə etdiyi dissertasiya işinə görə Ukraynada verilmiş iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədin təkrar attestasiya əsasında tanınmasından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) Kollegiyasının 06.10.2020-ci il tarixli qərarı ilə imtina edilmişdir. İddiaçının 23.10.2020-ci il tarixli müraciəti əsasında onun işinə apellyasiya qaydasında yenidən baxılmış və Komissiyanın 29.06.2021-ci il tarixli qərarı ilə sənədin tanınmasından imtina barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədinin tanınmasından imtina edilməsi ilə bağlı Komissiyanın Kollegiyasının 29.06.2021-ci il tarixli qərarı barədə 06.07.2021-ci il tarixli 04/08-7/67 nömrəli məktubla məlumatlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.3-cü bəndinə müvafiq olaraq şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır. 10.4-cü bəndinə əsasən Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir. Yuxarıda qeyd olunanlarla yanaşı Əsasnamənin 10.2-ci bəndinə müvafiq olaraq Komissiyanın nostrifikasiya və təkrar attestasiya ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması ilə bağlı inzibati aktlara münasibətdə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Lakin göründüyü kimi iddiaçı Komissiyanın Kollegiyasının 29.06.2021-ci il tarixli qərarını məhkəmə qaydasında yuxarıda qeyd olunan iddia müddəti keçdikdən sonra mübahisələndirmişdir. təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Göründüyü kimi, iddia prossesual qanunvericiliyin müəyyən etdiyi qaydalar çərçivəsində verilməmişdir. Bu səbəbdən iddiaya məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iddiaçının iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədinin tanınmasından imtina edilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.4-cü bəndinə görə Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir. İddia müddətinin ötürüldüyünü və qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “diplomun tanınması və ona müvafiq ekvivalentlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinin təmin edilməməsinə dair müvafiq qərarın qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçının cavabdeh inzibati orqanın qərarını aldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə həmin qərarı mübahisələndirməməsinə, eləcə də iddiaçıya müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı sənədin təqdim edilməsi ilə bağlı hüquqi yardımın gğstərilməsinə baxmayaraq, onun tərəfindən hər hansı ərizənin və ya təsdiqedici sənədlərin təqdim edilməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünə əsaslanaraq məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia müddəti ötürüldüyündən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəməxidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdən görünür ki, İddiaçı Ukrayna Milli Çerniqov Texnologiya Unversitetində “İnnovasiya sahibkarlığın dövlət tərəfindən təşkililnin və dəstəyinin elmimetodik əsasları” mövzusunda müdafiə etdiyi dissertasiya işinə görə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən verilmiş iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədin təkrar attestasiya əsasında tanınmasından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 06.10.2020-ci il tarixli qərarı ilə imtina edilmişdir. İddiaçının 23.10.2020-ci il tarixli müraciəti əsasında onun işinə apellyasiya qaydasında yenidən baxılmış və Komissiyanın 29.06.2021-ci il tarixli qərarı ilə sənədin tanınmasından imtina barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədinin tanınmasından imtina edilməsi ilə bağlı Komissiyanın Kollegiyasının 29.06.2021-ci il tarixli qərarı barədə 06.07.2021-ci il tarixli 04/08-7/67 nömrəli məktubla məlumatlandırılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı iddiaya məcburetmə (İPM-in 2.2.2-ci maddəsi) iddia növü kimi baxılır. Məhkəmə məcburetmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verərək hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə baxışı zamanı iddiaçı elmi dərəcə haqqında sənədin təkrar attestasiya əsasında tanınmasından cavabdehin 06.10.2020-ci il tarixli qərarı ilə imtina edildiyindən və özünün 23.10.2020-ci il tarixli müraciəti əsasında onun işinə apellyasiya qaydasında yenidən baxılaraq sənədin tanınmasından imtina barədə qərarın qüvvədə saxlanılması barədə Komissiyanın 29.06.2021-ci il tarixli qərarından həmin tarixlərdə məlumatlı olmasını bildirsə də, lakin “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıgından, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə biləcəyini hesab edərək iddia müddətinin ötürülmədiyini bildirmişdir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. “İnzibati icraat haqqında” Qanunun 73cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İş üzrə iddiaçı narazı qaldığı 06.10.2020-ci il tarixli inzibati aktı və özünün 23.10.2020-ci il tarixli müraciəti əsasında onun işinə apellyasiya qaydasında yenidən baxılaraq həmin aktın qüvvədə saxlanılması barədə 29.06.2021-ci il tarixli inzibati aktdan vaxtında məlumatlı olduğunu etiraf etdiyi halda, hazırki iddia ilə qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsini əsaslandırmamaqla yanaşı, bu müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı mötəbər sübutu da məhkəməyə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 35.1-ci maddəsinə əsasən maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Qanunun 35.4-cü maddəsinə əsasən ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır. Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Halbuki iddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədinin tanınmasından imtina edilməsi ilə bağlı Komissiyanın Kollegiyasının 29.06.2021-ci il tarixli qərarı barədə 06.07.2021-ci il tarixli 04/08-7/67 nömrəli, daha sonra isə 20.10.2021-ci il tarixli 04/08-7/112 nömrəli məktublarla məlumatlandırılarkən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.3-cü bəndinə müvafiq olaraq şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır. Həmçinin həmin Əsasnamənin 10.4-cü bəndinə əsasən Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir. Yuxarıda qeyd olunanlarla yanaşı Əsasnamənin 10.2-ci bəndinə müvafiq olaraq Komissiyanın nostrifikasiya və təkrar attestasiya ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, mövcud qanunvericilikdə inzibati orqana müvafiq ərizə ilə təkrar müraciət etməsi üçün konkret əsaslar nəzərdə tutulsa da, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının hazırkı tələblə təkrar olaraq müraciət etməsi üçün həmin əsaslar mövcud olmamışdır. İddiaçıya İPM-in 13-cü maddəsinə müvafiq olaraq hüquqi yardım göstərilərək müddətin üzrlü səbəbdən buraxıldıgını təsdiq edən müvafiq təsdiqedici sənədləri əlavə etməklə müddətin bərpası barədə ərizə verilməsi təklif olunduguna və bununla baglı məhkəmə iclası təxirə salındıgına baxmayaraq iddiaçı belə bir ərizə və ya təsdiqedici sənədləri təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə, o cümlədən İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəməyə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. HAKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar