Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4086/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinə qarşı “ekspert rəyinin əsassız hesab edilməsi və s. tələbinə” dair inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli 2200-013.0xx.xx- 006378 saylı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin verdiyi rəyi əsassız sayaraq “X3” markalı nəqliyyat vasitəsinin ekoloji standart tələblərə uyğun olması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə 1000-140/1xx-xx/019040 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna X1 İdarəsində baxılmışdır. Müraciətində qeyd etdiyi, “X3” markalı, istehsal tarixi 2012-ci il istehsal tarixli, şassi nömrəsi KMHSU81XDDU042776 olan nəqliyyat vasitəsinə dair sənədlər araşdırılmışdır və "xxxx" Şirkətinin rəyinə əsasən nəqliyyat vasitəsinin “Avro 4” əsassız olaraq Ekoloji Standartının tələblərinə uyğun olmadığı və bu səbəbdən də, nəqliyyat vasitəsinin müsbət rəy verilməsi mümkünsüz sayılmışdır. Lakin, “X3” markalı nəqliyyat vasitəsi tam olaraq Ekoloji Standartın tələblərinə cavab verir. O, Qarabağ qazisi olaraq bu rəydən razı deyil və bu nəqliyyat vasitəsinə ehtiyacı var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə qarşı etiraz (münasibət) bildirilməsi üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. İş üzrə məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbi barəsində tərəflərə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 2200- 013.0xx.xx-006378 saylı məktuba əsasən iddiaçının idxal etdiyi “X3” markalı, istehsal tarixi 2012-ci il, şassi nömrəsi KMHSU81XDDU042776 olan nəqliyyat vasitəsinə dair təqdim olunmuş sənədlərinin araşdırılmasına və "xxxx" şirkətinin rəyinə əsasən nəqliyyat vasitəsi AVRO 4 Ekoloji Standartının tələblərinə uyğun deyil və bu səbəbdən nəqliyyat vasitəsinə müsbət rəy verilməsi mümkün deyil. Məktuba qoşma şəklində aidiyyəti sənədlər əlavə edilmişdir. İddiaçı hazırda ekspertiza keçirilməsi nəticəsində müəyyən olunan bu ekoloji standartla razı deyil və buna görə də, ekspert rəyini mübahisələndirərək məhkəmə icraatı çərçivəsində avtonəqliyyat vasitəsinə dair müsbət rəyin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktlarının etibarsızlığının (qanunsuz) tanınamsı barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Burada inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yerni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarətmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi akt qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.2.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr ayaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -hakimiyyət tədbiri olmalıdır. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da, hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Yəni xaricə ünvanlanmaqla tənzimləmə xüsusiyyəti daşıyır. İddiaçının hazırda mübahisələndirdiyi ekspert rəyi isə, yuxarıda sadalanan xüsusiyyətlərdən məhrum olmaqla, tövsiyə xarakterinə malikdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; 322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; 322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; 322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; 322.1.8. malların gömrük dəyərinin təyin olunması; 322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparlıması Qaydaları”na əsasən: - 2.1.2. gömrük ekspertizası - gömrük tənzimlənməsi sahəsində məsələlərin həll edilməsi üçün xüsusi və elmi biliklərdən istifadə etməklə, gömrük ekspertləri və (və ya) digər ekspertlər tərəfindən aparılan tədqiqatdır; - 2.1.8. ekspert rəyi - gömrük ekspertizasının nəticələrinə dair ekspert tərəfindən yazılı formada tərtib edilən sənəddir. - 3.1. Gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında aparılır. - 5.5. Gömrük ekspertizası gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır. - 12.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert tərəfindən yazılı formada rəy hazırlanır, imzalanır və təsdiqlənməsi üçün gömrük laboratoriyasının rəhbərinə təqdim edilir. - 12.14. Ekspert rəyinin nəticə hissəsi dəqiq, aydın dildə və birmənalı şəkildə ifadə olunmalıdır. Rəyin tədqiqi hissəsində göstərilən və qoyulmuş suala qəti cavab verən tədqiqat yekunlarını müfəssəl təsvir etmədən nəticəni formalaşdırmaq mümkün olmadıqda, rəyin tədqiqi hissəsinə istinad etməyə yol verilir. - 12.17. Ekspert rəyi iki nüsxədə tərtib edilir. Birinci nüsxə ekspertizanı təyin etmiş gömrük orqanına və ya onunla əlaqədar müraciət etmiş şəxsə təqdim edilir, ikinci nüsxə isə gömrük laboratoriyasının arxivində saxlanılır. - 12.18. Gömrük laboratoriyasının rəhbəri ekspert rəyini nəzərdən keçirərkən, onun düzgün rəsmiləşdirilmədiyini və ya yanlış nəticə çıxarılmasına səbəb ola biləcək natamam tədqiqat aparıldığını, ekspertizanın aparılması metodikasının pozulduğunu aşkar edərsə, rəy zəruri dəyişikliklər və dəqiqləşdirmələr edilməsi üçün ekspertə qaytarılır. - 13.1. Ekspertin rəyinə əsaslanaraq, gömrük orqanı aşağıdakılarla bağlı qəbul edilmiş qərarlar barədə yazılı surətdə aidiyyəti gömrük laboratoriyasını məlumatlandırır: - 13.1.1. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi, malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının müəyyən edilməsi və malların gömrük dəyərinin təyin olunması əsasında gömrük orqanı tərəfindən dövlət büdcəsinə ödənilmiş gömrük rüsumlarının və vergilərin miqdarı barədə; - 13.1.2. təhlükəsizlik və ya keyfiyyət göstəricilərinə görə istifadəyə yararlı olmayan mallar barədə. İstinad olunan normalardan görünür ki, gömrük orqanı bir sıra hallarda ekspertiza təyin edə bilər. Keçirilmiş ekspertiza nəticəsində verilən rəy məcburi xarakterə malik olmamaqla gömrük orqanı üçün yardımçı informasiya xarakteri daşıyır və yalnız həmin rəy nəzərə alınmaqla gömrük orqanı tərəfindən nəqliyat vasitəsi barədə qərar qəbul edilmiş qərar şəxs üçün məcburi xarakter daşıyır və həmin qərar mübahisələndirilə bilər. Hazırki halda gömrük orqanının belə bir qərar qəbul etməsi müəyyən olunmadığından məhkəmə hesab edir ki, məcburi xarakter daşımayan, nizama salma və hüquqi nəticə yaratmaq qabiliyyətindən məhrum olan X1 İdarəsinin verdiyi rəy inzibati akt kimi qiymətləndirilə və onun ləğvi, habelə yenidən inzibati məhkəmə icraatı qaydasında ekspertizanın keçirilərək nəqliyyat vasitəsinə dair müsbət rəy verilməsi ilə bağlı tələbinə ayrıca iddia icraatı qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının ekspert rəyini mübahisələndirmək və yenidən ekspertiza keçirilərək nəqliyyat vasitəsinə dair müsbət rəy verilməklə çatmaq istədiyi nəticə nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməklə gömrük buraxılışından buraxılmasına nail olmaqdır. Bununla bağlı xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında da, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilmiş, həmin hüquqi yardımla bağlı həmçinin eyni tarixli məktub da, ünvanlanaraq məhkəmə iclasında iddiaçının nəzərinə çatdırılanlar bir daha yazılı şəkildə bildirilmiş və bununla bağlı dəqiqləşdirilmiş ərizənin məhkəməyə təqdim edilməsi tövsiyə edilmişdir. Lakin, hal-hazıradək iddiaçı tərəfindən dəqiqləşdirilmiş ərizə məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə, bütün yuxarıda göstərilən işin hallarına əsasən belə bir qənaətə gəlir ki, iddiaçının tələbləri iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Alki Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə prses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda qeyd edildiyi kimi, həmin Qərarda qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı idida ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4086/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4086/2023
24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver