Məhkəmə qərarları › İş №2-1(112)-409/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-409/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-409/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı onun xx.xx.2002-ci ildən xx.xx.2018-ci ilə qədər "xxxx" Birgə Müəssisəsinin layihələrində briqadada bənna və betonçu peşələrində işlədiyi üçün ona güzəştli şətlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə barədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi hazırki iddia növünə uyğun olaraq prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaldırılmışdır. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1979-cu ildən əmək fəaliyyətinə başlamış və 2002-ci ilə qədər ayrı-ayrı iş yerlərində işləmişdir. xx.xx.2002-ci ildən xx.xx.2018-ci ilə qədər "xxxx" Birgə Müəssisəsinin layihələrində briqadalarında bənna və betonçu peşəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi barədə 2 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmirri2 başlığı altında nəzərdə tutulmuş a) fəhlələr yaşa görə güzəştli şərtlərlə bəndinin asfalt-beton döşəyənlər və bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar bəndlərinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanırlar. Ona pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh ona pensiya təyin edilməsindən xx.xx.2019-cu il tarixli məktubla imtina edilmiş və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmaması bildirilmişdir. Hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubu qanunsuz və əsassızdır. Cavabdeh DSMF-nun Səbail rayon Şöbəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən etiraz ərizəsi təqdim edilmişdir. Etiraza əsasən, iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını təqdim etmişdir. Lakin, həmin əmək kitabçasının çox hissələri xarici dildə tərtib edildiyi üçün həmin əmək kitabçasında ididaçının hansı peşələrdə işləməsini müəyyən etmək mümkün deyil. iddiaçının təqdim etdiyi "xxxx" tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş arayışda göstərilmişdir ki, iddiaçı həmin müəssisədə bənna və betonçu vəzifəsində çalışmışdır. Həmin arayışdan bəlli olur ki, xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək həmin peşədə 05 il 03 ay 06 gün, xx.xx.2009-xx.xx.2012-ci il tarixlərdə 02 il 09 ay, 19 gün, xx.xx.2014-xx.xx.2017-ci il tarixlərdə 02 il, 05 ay, 21 gün, xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə - 10 ay, 23 gün (cəmi 13 il 07 ay 18 gün) güzəştli stajı vardır. İddiaçıya güzəştli şərtlərlə pensiya hüququ nə hal-hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla, nə də ki, hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunla yaranmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun 01 yanvar 2006-cı ildə qüvvəyə minmiş və bu zaman iddiaçının yaşı, 48, güzəştli şərtlərlə pensiya təyinat hüququ verən güzəştli iş stajı qanunla müəyyən edilmiş güzəştli iş stajından aşağı olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərinmülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Gədəbəy rayonu, Şınıx kəndində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1979xx.xx.1979; xx.xx.1980-xx.xx.1980; xx.xx.1981-xx.xx.1981; xx.xx.1982-xx.xx.1982; xx.xx.1983-xx.xx.1983; xx.xx.1984-xx.xx.1984; xx.xx.1985-xx.xx.1985; xx.xx.1986xx.xx.1986; xx.xx.1987-xx.xx.1987; xx.xx.1987-xx.xx.1987; xx.xx.1988-xx.xx.1988; xx.xx.1991-xx.xx.1997; xx.xx.2002-xx.xx.2007; xx.xx.2009-xx.xx.2012; xx.xx.2012xx.xx.2014; xx.xx.2014-xx.xx.2017; xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə müxtəlif peşələrdə işləmişdir. İşdə olan "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş AZF-2019/08-K nömrəli, xx.xx.2019-cu il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı xx.xx.2002-xx.xx.2007-ci il tarixlərdə "xxxx" X2-058 saylı layihəsində bənna peşəsində; xx.xx.2009-xx.xx.2012-ci il tarixlərdə "xxxx" X2-078/081 layihəsində betonçu peşəsində; xx.xx.2012-xx.xx.2014-cü il tarixlərdə "xxxx" X2-084 layihəsində betonçu, bənna peşəsində; xx.xx.2014-xx.xx.2017-ci il tarixlərdə "xxxx" X2-087 layihəsində bənna peşəsində; xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə "xxxx" X3-094 layihəsində bənna peşəsində işləmişdir. Cəmi güzəştli iş stajı 13 il, 07 ay, 18 gün ( on üç il, yeddi ay, on səkkiz gün) təşkil edir. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş a) fəhlələr bəndinin asfalt-beton döşəyənlər və bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daimi işləyən bənnalar bəndlərinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraicətinə cavab olaraq verilmiş “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 16 sentyabr 2019-cu il tarixli, ********** nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərdə qeyd olunan xx.xx.2009-xx.xx.2012-ci il və xx.xx.2012-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Birgə Müəssisəsində işlədiyi betonçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, Peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İşdə olan məhkəmənin sorğusuna əsasən "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş AZF-2020/203/L nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Azfen BM-də işlədiyi xx.xx.2009-xx.xx.2012-ci il tarixləri ərzində betonçu və xx.xx.2012-xx.xx.2013cü il tarixləri ərzində isə betonçu, bənna peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, Peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş a)fəhlələr bəndinin asfalt-beton döşəyənlər və bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daimi işləyən bənnalar bəndlərində nəzərdə tutulmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdehin imtinasında əsaslandığı illər üzrə, yəni iddiaçının xx.xx.2009-xx.xx.2012-ci il tarixləri ərzində betonçu və xx.xx.2012xx.xx.2013-cü il tarixləri ərzində isə betonçu, bənna peşəsində işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr olması iş materialları ilə öz əksini tapdığından, bundan əlavə iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciliərin siyahısı»nda nəzərdə tutulduğu halda, həmçinin iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi əmək stajı olmasına baxmayaraq, cavabdeh əsassız olaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, İddiaçı işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilən peşələrin və vəzifələrin göstəricilərinin siyahısında öz əksini tapdığından, o, 25 il ümumi sosial sığorta stajına və 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğundan, eləcə də, qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatdığından güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Buna görə də, cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etməsi əsassızdır. Odur ki, iddiaçının mövcud iddiasının hüquqi əsasları işin halları ilə təsdiq olunduğundan, iddia təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" Birgə Müəssisəsində işlədiyi illər güzəşli iş stajı kimi nəzərə alınmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar