Məhkəmə qərarları › İş №2-1(112)-409/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-409/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-409/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı “Azərbaycan Respublikasından kənara çıxmağa qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikasından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, uzun illərdir ki, Azərbaycan Respublikasında idmanın inkişafına öz töhfələrini vermiş, Azərbaycan Respublikasını beynəlxalq yarışlarda təmsil edən bir çox idmançının yetişdirilməsində yaxından iştirak etmiş bir məşqçidir. O, idmanın boks növü üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar idman məşqçisidir. Onun bu idman növü üzrə yetişdirdiyi idmançılar beynəlxalq yarışlarda iştirak etməkdə, Azərbaycan Respublikasının bayrağını bu yarışlarda yüksəklərə qaldırırlar. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş vəsiqə əsasında müharibə veteranı, Azərbaycan Respublikası Milli Qəhrəmanlar və Şəhid Ailələri Cəmiyyətinin fəxri üzvüdür. Təqribən 4 il əvvəl Gürcüstan Respublikasına beynəlxalq yarışlara iştirak etmək üçün gedərkən sərhəd keçid məntəqəsində onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilmişdir. Beynəlxalq dərəcəli məşqçi kimi o, bu gün heç bir beynəlxalq yarışa gedə bilmir, göndərilmiş dəvətnamələri cavabsız buraxır. Bu da onun bir məşqçi kimi fəaliyyətinə böyük ölçüdə zərər vurur. Onun ölkədən çıxışına hansı səbəbdən qadağanın qoyulmasını araşdırmaq üçün bir neçə quruma müraciət etmişdir. Onun müraciətləri uzun zaman cavablandırılmamış qalmışdır. Ən sonda araşdırmalar zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ölkədən çıxışına qadağa qoyulmuşdur. Bu səbəbdən o, həmin quruma müraciət etmiş və ölkədən çıxışına qoyulan qadağanın səbəbinin bildirilməsini xahiş etmişdir. Həmin qurum 28 avqust 2019cu il tarixli 007-9796/70 saylı cavab məktubunda bildirmişdir ki, onun ölkədən çıxışına qoyulan qadağanın səbəbi onun “xxxx" ASC-yə borcunun olması səbəbindəndir. “xxxx" ASC-yə məktub ünvalamaqla banka borcunu aydınlaşdırmaq istəmişdir. Həmin bankdan 19 sentyabr 2019-ci il tarixli 33/6714 saylı cavab məktubu ilə bildirilmişdir ki, onun həmin banka fiziki şəxs olaraq heç bir borcu mövcud deyildir. Bundan sonra bankdan aldığı cavab məktubunu əlavə etməklə bir daha cavabdehə məktub ünvanlamış və xahiş etmişdir ki, bu anlaşılmazlıq aradan götürülsün. Həmin qurumdan 28.10.2019-cu il tarixli 007-8324/3Ə saylı cavab məktubu ilə bildirilmişdir ki, onun təsisçisi olduğu “CB Elinbank" kommersiya bankının “xxxx" ASC-yə kredit borcu var. Onun borcunun olması ilə bağlı heç bir məhkəmə qətnaməsi yoxdur. Hətta borcunun ödənilməməsi barədə də heç bir icra vərəqəsi mövcud deyildir. Bütün qeyd edilən maddi normalardan da görünür ki, cavabdeh qurum tərəfindən onun ölkədən gedişinə qoyulmuş məhdudiyyət Konstitusiya ilə təsbit olunmuş “sərbəst hərəkət etmək" hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Bu cür müdaxilə qanunvericiliyin məqsədlərinə mütənasib sayılmalıdır. Bundan əlavə, cavabdeh qurumun ona ünvanladığı 28.10.2019-cu il tarixli 007-8324/3Ə saylı cavab məktubunda qeyd edilmiş olan «CB Elinbank» kommersiya bankı haqqında Vergilər Nazirliyinin saytında kommersiya hüquqi şəxslərin reyester məlumatı bölməsindən axtarış verildiyi zaman heç bir məlumat tapılmamışdır. Yəni Vergilər Nazirliyinin qeydiyyatında cavabdeh qurum tərəfindən qeyd olunan adda kommersiya qurumunun olması belə mövcud deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 01.04.2020-ci il tarixli məktubda qeyd olunur: «xxxx» ASC-nin külli miqdarda pul vəsaitlərinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və təhqiqat idarəsində araşdırılan cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı təsisçisi olduğu «CB Elinbank» kommersiya bankının «xxxx» ASC-yə kredit borcu vardır. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir, istintaqın nəticəsi barədə Şahir Əhədova məlumat veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 12.12.2020-ci il tarixli 33/4256 saylı məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. İddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikasından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsini xahiş edir və cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini qeyd etmişdir. Lakin ölkədən çıxmağa məhdudiyyətin qoyulması və götürülməsi cavabdehin yerinə yetirdiyi vəzifələrə aid deyildir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 12.12.2020-ci il tarixli məktuba əsasən iddiaçının Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar