Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-409/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının sosial sığorta stajının düzgün müəyyən edilərək hüququnun yarandığı tarixdən yenidən hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən ayda 217,41 manat olmaqla avtomatlaşdırılmış qaydada İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Təyin olunmuş əlillik pensiyası ilə razı olmadığından ilkin şikayətindən sonra cavab verilmişdir ki, onun xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 11 il, 7 ay, 21 gün və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı da nəzərə alınmaqla pensiyasının məbləği yenidən hesablanaraq 253,08 manat təyin edilmişdir. Sonradan neçə dəfə şikayət edilsə də, ona qeyd olunan pensiyanın hansı qaydada təyin edilməsi izah edilməmişdir. xx.xx.2006-cı il tarixədək olan sığorta stajı ilə əlaqədar isə onu öyrənə bilmişdir ki, özəl şirkətlərdə işlədiyi illər əmək stajı kimi nəzərə alınmamışdır. İddiaçının hətta keçmiş Ticarət Nazirliyinin Bakı Çörək Ticarəti İdarəsində və Tikinti Materialları Nazirliyinin tabeçiliyində olan zavodda işlədiyi müddət belə özəl şirkətdə işlədiyi müddət kimi qəbul edilmişdir. Cavabdehin sonuncu xx.xx.2021-ci il tarixli məktubunda isə iddiamının İnstitutda oxuduğu illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək əmək stajının 16 il 6 ay olduğu göstərilmiş və qeyd edilmişdir ki, Mərkəzi Flialda aparılan araşdırmaya əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək “Yusif’ firmasının, xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək “Samir’' firmasının, xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək “METRA” İTM Azərbaycan-Türkiyə birgə müəssisəsinin, xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək “X4 LTD” MMCnin, xx.xx.2001-ci il tarixindən xx.xx.2004-ci il tarixinədək “X3" MMC-nin, xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək “Giləzi-Kərpic" firmasının, xx.xx.2005-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək “Qrand" MMC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajının araşdırılması imkan xaricindədir. Həmin məktubda həmçinin, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/1654 nömrəli məktubuna əsasən “Azərsənayetikintiquraşdırma” Dövlət Konserinin Bakı Elektirik Avadanlıqlarının Təmiri zavodunun arxiv sənədləri mühafizə üçün təhvil verilmədiyinə görə əmək kitabçasının surətinə qeyd edilən xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı i tarixinədək olan dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarının 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №li Qərarının 34-cü bəndinə əsasən Penitensiar xidmətin X1 çalışmaq Güzəştli şərtlərlə pensiya almaq hüququ verir. İddiaçının mülki şəxs kimi Penitensiar xidmətdə işlədiyi hər 3 ( üç) gün 4 (dörd) gün sayıldığından Penitensiar xidmətin X2 UA 38/11-də çalışdığı 8 il 9 ay 24 günə görə əmək stajının əlavə 1073 gün, yəni 2 il 1 1 ay 8 gün artırılmalıdır. Beləliklə, əmək kitanıçasına görə xx.xx.2006-cı il tarixinədək onun əmək stajı 29 il 4 ay 7 gün təşkil edir. O vergi orqanında qeydiyyatda olmuş, həmin müəssisələrin baş mühasibi yoldaşı olmuş, DSMF-a hesabatlar vermiş və müəssisələrin adından Fonda vəsaitlər ödəmişdir. İddiaçının pensiyasının düzgün hesablanmaması ilə bağlı dəfələrlə Fonda müraciət etmiş, adı çəkilən müəssisələrin üzərində müəssisələrin ünvanı, Rəhbərinin adı və telefonları göstərilmiş sənədlərini 28 iyul 2021-ci il tarixli aktla Fondun əməkdaşı təqdim etmişdir. Fondun əməkdaşları isə qeyd olunanları görməzdən gəlir, öz arxiv sənədlərinə baxmır, yaxud vergi orqanına müraciət etmək istəmirlər. Həm də nəzərə almaq lazımdır ki, əmək stajları ilə bağlı məlumatlar müəssisələr tərəfindən 2013-cü il tarixdə Fondun PAS sisteminə işlənilməsi üçün təqdim edilmişdir. Bunlardan başqa, oxşar işlər üzrə Ali Məhkəmənin 2-1(102)-432/2021 üzrə xx.xx.2021-ci il tarixli Qərarında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Neftçala rayon şöbəsinə qarşı, İş № 2-1(102)-1445/2021 üzrə xx.xx.2021-ci il tarixli qərarında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Qusar rayon şöbəsinə qarşı olan işlərdə və s. əmək stajının müəyyən edilməsi vaxtı əmək kitabçasının əsəs olması göstərilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, onun sosial sığorta stajı düzgün müəyyən edilərək hüququnun yarandığı tarixdən yenidən hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə təqdim etdiyi sonuncu ərizəsində İslah-Əmək müəssisəsi UA38/11-də 1984-cü ilin 28 avqustundan 1995-ci ilin 01 yanvar tarixinədək işlədiyi 3220 günün hər 3 (üç) gününü 4 (dörd) gün qəbul etməklə əmək stajına əlavə olaraq 1073 gün, yəni 2 il 11 ay 8 gün əmək stajı hesablanması və xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi dövrün əmək stajına daxil edilməklə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi orqanizmin funksiyalarının 31-80 faiz pozulmuş şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan yerdikdə. İddiaçı əmək kitabçasının, hərbi biletinin və diplomunun surətlərinə əsasən xx.xx.2006-cı il tarixədək 16 il 6 ay sığorta stajı (12274,25 manat pensiya kapitalı) və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 21446,71 manat pensiya kapitalına müvafiq olaraq əmək pensiyasının məbləği yenidən hesablanaraq ((12274,25 + 21446,71) / (0,9166 x 144)) xx.xx.2020-ci il tarixdən 255,46 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq əmək pensiyası indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 284,58 manata çatdırılmışdır. Bildirilir ki, Mərkəzi Filialda aparılan araşdırmaya əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Yusif” firmasının, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Samir” firmasının, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “METRA” İTM Azərb-Türkiyə birgə müəssisəsinin, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “X4 LTD” MMC-nin, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “X3” MMC-nin, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Giləzi-Kərpic” firmasının, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajının araşdırılması imkan xaricindədir. İşin faktiki hallarından və yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi İddiaçı təyin edilmiş əmək pensiyası qanunvericiliyin tələbləri baxımından düzgün hesablandığından iddia tələbi təmin edilməməlidir. Cavabdeh "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13.2, 22-1.1, 22-1.3-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair sonuncu ərizədəki tələbi müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -cavabdeh pensiya qurumunun xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının pensiyasının yenidən hesablanması tələbinə dair müraciətinə baxılaraq etiraza uyğun məzmunda cavab verilmişdir. -cavabdeh pensiya qurumunun xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən onun əmək pensiyasının məbləğinin indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 421,15 manata çatdırıldığı və eyni Qanunun 24-cü maddəsinə istinad edilərək xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək və xx.xx.1986-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrün nəzərdə tutulan müvafiq kateqoriyalara uyğun gəlmədiyi üçün sözügedən dövrlərin ikiqat və üçqat ölçüdə hesablanaraq sığorta stajına daxil edilməsinin qanunvericiyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. -İddiaçının pensiya işinin materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il **********1 №li qərarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, yenidən hesablanma nəticəsində onun xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-dəki fəaliyyət dövrü müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməmişdir. -cavabdeh pensiya qurumunun xx.xx.2023-cü il tarixli, **********1 nömrəli qərarından görünür ki, iddiaçının iddiaçıya təyin edilmiş pensiya sığorta stajının yenidən hesablanması ilə əlaqədar 421,16 manata çatdırılmışdır. -xx.xx.1979-cu il tarixdən doldurulmağa başlamış ПТ-İ ******* №li əmək kitabçasının tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 01 sentyabr 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, müxtəlif təşkilatlarla yanaşı xx.xx.1984-xx.xx.1984-cü il tarixlərdə Azərbaycan SSR DİN UA-38/11 müəssisəsində kənd təsərrüfatı üçün altlıq yeşik hazırlayan sahəyə usta işləmiş, sovet ordusuna çağırılması ilə əlaqədar xx.xx.1984-cü ildə işdən azad edilmiş, 10.19xx-xx.1986cı illərdə Sovet ordusunda xidmət etmiş, xx.xx.1986-cı il tarixdə Azərbaycan SSR DİN UA- 38/11 müəssisəsinə İstehlak malları sexinin ustası vəzifəsinə yenidən işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixədək həmin müəssisədə qazanxana-qaynaq sexinin mühəndisi, əməyin təşkili və əməkhaqqı şöbəsində qiymətləndirici, planlaşdırma və İqtisadiyyat şöbəsinin rəhbəri vəzifələrində, xx.xx.2005-xx.xx.2011-ci il tarixlərdə "xxxx" MMC-də (VÖEN **********) maliyyəçi, məsləhətçi-hüquqşünas vəzifələrində işləmişdir. -Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN**********) xx.xx.2003-cü il tarixdə 0103-P328-48496 nömrə ilə hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. -Bakı şəhər Vergilər Departamenti tərəfindən "xxxx" MMC-də xx.xx.2003xx.xx.2005-ci il tarixədək olan dövrdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinə dair (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) keçirilmiş xx.xx.2005-ci il tarixli səyyar vergi yoxlaması aktının 2.10-cu bəndindən görünür ki, yoxlamanın əhatə etdiyi dövrdə hesablanmış əməkhaqqından DSMF-ə ayırmaların hesablanmasının və xərclərə aid edilməsinin düzgünlüyü təqdim edilmiş ilkin sənədlər əsasında yoxlanılmış və kənarlaşma aşkar edilməmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən ddiaçıya məxsus məlumatlar göndərilmişdir. Məktuba əlavə edilmiş işçilərin şəxsi hesab vərəqəsindən çıxarışa əsasən İddiaçı adı istehsalat işçisilərinə aid siyahında qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və müxtəlif tarixlərdə onun müraciəti əsasında pensiya məbləği yenidən hesablansa da, hazırkı tələbi üzrə əmək fəaliyyəti dövrləri onun stajına daxil edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Dəqiqləşdirilmiş iddiadan göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir:
1. xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi dövrün əmək stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması. Tələbin bu hissəsi ilə bağlı iddiaçı hesab edir ki, müvafiq dövr üzrə ödəmələr təqdim edilmiş ödəniş tapşırıqları ilə təsdiqini tapdığından imtina əsassızdır. Cavabdehin mövqeyi isə belədir ki, müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün iddiaçının həmin dövrlərin sığorta stajının araşdırılması imkan xaricindədir.
2. xx.xx.1984-xx.xx.1995-ci il tarixlərdə İslah-Əmək müəssisəsi UA38/11-də işlədiyi 3220 günün hər 3 (üç) gününü 4 (dörd) gün qəbul etməklə əmək stajına əlavə olaraq 1073 gün, yəni 2 il 11 ay 8 gün əmək stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması. İddiaçı bu hissədə tələbinin qanuni əsası kimi, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33.2, 39.1, 39.2 və 39.3-cü maddələrinə istinad etmiş və imtinanın qanunsuz olduğu qənaətinə gəlmişdir. Cavabdeh isə “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə istinad edərək həmin dövrün nəzərdə tutulan müvafiq kateqoriyalara uyğun gəlmədiyi üçün sözügedən dövrlərin ikiqat və üçqat ölçüdə hesablanaraq sığorta stajına daxil edilməsinin qanunvericiyin tələbləri baxımından mümkün hesab edilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ...21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.6-cı maddəsinə əsasən sığortaçı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.7. sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.8. sığortaolunanlar-xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; Həmin Qanunun 14-cü maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının 2.1-ci bəndinə əsasən, "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş "məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2011 -ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 3.1.28-3-cü maddəsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifəsinə aid edilmişdir. 2006-cı ilin 1 yanvar tarixinə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.2005-xx.xx.2011-ci il tarixlərdə "xxxx" MMC-də işləməsi barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmin qeydlər müəssisənin möhürü ilə təsdiq edilmiş, vergi orqanının məlumatlarına əsasən Cəmiyyətin 2003-cü ildən dövlət qeydiyyatına alınmaqla mövcudluğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, ilk növbədə xx.xx.2005-xx.xx.2006-cı il tarixədək olan dövrə münasibətdə nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bundan başqa, oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsindən də məlum olduğu kimi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi və əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun pensiya hüquqlarını məhdudlaşdıran nəticələr doğurmamalıdır. Ona görə də 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr iddiaçının əmək stajına mübahisəsiz daxil edilməlidir. Məhkəmə bildirir ki, pensiya qanunvericiliyinin tələbindən göründüyü kimi, xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə əmək pensiyasının təyin edilməsi yalnız müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilməsi ilə şərti ilə mümkündür. İşin məhkəmə araşdırması zamanı iddiaçı "xxxx" MMC tərəfindən mübahisəli dövrlər üzrə işçilərin sosial sığorta ödəmələri barədə DSMF-ə göndərilmiş haqq-hesab cədvəllərini məhkəməyə təqdim etmişdir. Müvafiq sorğu ilə təqdim edilmiş sənədlər əsasında araşdırma aparılmaqla "xxxx" MMC tərəfindən 2005-2007-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə məlumatların təqdim edilməsi cavabdehdən tələb edilmişdir. DSMF-in xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda aşağıdakılar bildirilmişdir: “Məlumat üçün bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006-cı il 1 yanvar tarixdən etibarən başlanıldığından İddiaçı həmin tarixdən əvvəlki dövrlər üzrə "xxxx" MMC-də işləyibişləməməsinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən "xxxx" MMC tərəfindən 2006-cı il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) İddiaçı adı sığortaolunan kimi qeyd edilməmişdir. Eyni zamanda bildiririk ki, "xxxx" MMC tərəfindən 2007-ci il üzrə təqdim edilmiş Forma B3 məlumatında İddiaçı və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqqı hesablanmış, lakin sığortaedən tərəfindən həmin il daxilində ödənilməmişdir. Araşdırma zamanı sığortaedən tərəfindən 2008-ci il üzrə təqdim edilmiş Forma B3 məlumatına əsasən həmin il üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarının və 2007-ci il üzrə yaranmış məcburi dövlət sosial sığortası üzrə debitor borcun 2008-ci ildə ödənildiyi, həmçinin həmin dövr üzrə İddiaçı və digər sığortaolunanların fərdi şəxsi hesablarında bölüşdürüldüyü müəyyən edilmişdir.” Məktuba əlavə edilmiş sığortaedən "xxxx" MMC-nin hesablanıb ödənilmiş məcburi sosial sığorta haqlarının dainmikası barədə məlumat cədvəlindən görünür ki, müəssisə tərəfindən 2005ci il üzrə 1099,26 manat hesablanmış, 56,72 manat ödənilmiş, 2006-cı il üzrə 1429,75 manat hesablanmış 1466,14 manat ödənilmiş, 2007-ci il üzrə 2939,75 manat hesablansa da ödəniş edilməmişdir (məktubda 2007-ci ildəki ödəmələrin 2008-ci ildə ödənilməsi və müvafiq qaydada bölüşdürülməsi qeyd edilmişdir). Göründüyü kimi, mübahisəli dövrlər üzrə məcburi dövlət sosial sığorta haqıarının DSMF-ə ödənilməsi işin digər halları ilə yanaşı cavabdeh tərəfindən də təkzib edilməmişdir. Məhkəmə cavabdehin məktubda bildirdiyi dəlillərə münasibətdə qeyd edir ki, 2006cı il üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) İddiaçı adının sığortaolunan kimi qeyd edilməsini inkar edən hər hansı dəlil təqdim edilməmişdir. Müəssisə tərəfindən 2007-ci il üzrə sosial sığorta ödəmələrinin 2008-ci ildə ödənilməsi isə iddiaçının təqsiri ilə bağlı hal deyil. Nəzərə almaq lazımdır ki, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınıb-alınmamasına nəzarət edilməsi cavabdehin öhdəliyinə aid olmuşdur. Belə ki, yuxarıda istinad olunan normaların tələbindən göründüyü kimi müvafiq dövrdə qüvvədə olan qanunvercilik işçidən (sığortaolunandan) məcburi sığorta haqqının tutulması məsələsində işəgötürəni (sığortaedəni) məsul şəxs kimi müəyyən etmiş, sığortaedən tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün fərdi şəxsi hesablarda qeydə alınmasını isə sığortaçıya, yəni cavabdehə həvalə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin gətirdiyi xüsusatlar əsassızdır, ona görə də iddia tələbi həmin hissədə təmin olunmalıdır. Tələbin digər hissəsi isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının həmin hissədə tələbi xx.xx.1984-xx.xx.1995-ci il tarixlərdə penitensiar xidmətin əməkdaşı kimi İslah-Əmək müəssisəsində işlədiyi müddətin güzəştli şərtlərlə hesablanıb əmək stajına daxil edilməsidir. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.10-cu maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən, penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən, mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir (33.2-ci maddə). Həmin Qanunun 39.2-ci maddəsinə əsasən, penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrində mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır (39.2-ci maddə). Həmin Qanunun 39.3-cü maddəsinə əsasən, bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edilərkən işlədikləri illərin hesablanması üç iş günü dörd iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrinin yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş şöbələrində işləyənlərə isə iki iş günü üç iş günü kimi hesablanır Göründüyü kimi penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlardan, mülki işçilərdən və hərbi qulluqçulardan ibarətdir. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşı və hərbi qulluqçusu olmamışdır. Bu dövrdə o, penitensiar xidmətin işçisi kimi mülki işçi statusunda olmuşdur. Belə ki, əmək kitabçasındakı qeydlərdən və digər sənədlərdən göründüyü kimi, iddiaçı X1 isrtehsalat sahəsində usta, mühəndis, əməyin təşkili və əməkhaqqı şöbəsində qiymətləndirici, planlaşdırma və İqtisadiyyat şöbəsinin rəhbəri vəzifələrində işləmişdir. Penitensiar xidmətin mülki işçilərinə isə pensiya təyin edilərkən penitensiar müəssisələrdə müddət qulluq illərinə adi qaydada (bir iş günün bir iş günü) hesablanır. Belə olan halda iddiaçı penitensiar xidmətin əməkdaşı statusuna malik olmadığından və qanunvericilikdə penitensiar xidmətin mülki işçilərinə pensiya təyin edilərkən işlədikləri illərin üç iş gününün dörd iş günü, yaxud iki iş günü üç iş günü kimi hesablanması nəzərdə tutulmadığından cavabdehin imtinası qanunauyğun olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi dövr onun əmək stajına daxil edilməklə əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi dövr onun əmək stajına daxil edilməklə əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov