Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-409/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontorunun 11 may 2005-ci il tarixli, 4Ə/1-121 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0,06 hektar torpaq sahəsi fərdi-yaşayış evinin tikintisi üçün X1 verilmişdir. Belə ki, sözügedən torpaq sahəsi ilə bağlı yerləşmə sxemi də təqdim edilmişdir. Sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçıya çıxarışın verilməsi xahiş etsə də, cavabdeh orqan xx.xx.2023-cü il tarixli imtina məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş ilkin cizgidə istinad məsafələri qeyd edilməmişdir. Eyni zamanda yerləşmə cizgisində göstərilən torpaq sahəsinin mövqeyi faktiki sahə ilə uyğunsuzluq təşkil edir. Lakin qeyd olunmalıdır ki, imtina məktubu sadəcə formal tələblərə əsaslanır. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan əsassız olaraq ünvan 1 ünvanında yerləşən 62 saylı fərdi yaşayış üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olmuş ilkin cizgidə istinad məsafələri qeyd edilməmişdir. Həmçinin yerləşmə cizgisində göstərilən torpaq sahəsinin mövqeyi faktiki sahə ilə uyğunsuzluq təşkil edir. Təqdim edilən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN- 21586D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin baza məlumatı faktiki göstərilən sahədən kənarda (195 m) fərqli konfiqurasiyada yerləşir. Faktiki göstərilən sahə X8 sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Belə ki, şəhadətnamə verilən zaman faktiki göstərilən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyində olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən, torpaq sahəsinə dair təqdim edilmiş ilkin cizgidə istinad məsafələri qeyd edilməmiş, həmçinin yerləşmə cizgisində göstərilən torpaq sahəsinin mövqeyi faktiki sahə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, təqdim edilən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-21586D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin baza məlumatı faktiki göstərilən sahədən kənarda (195 m) fərqli konfiqurasiyada yerləşir. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN-21586D, KOD- 00500066 saylı şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontorunun 11 may 2005-ci il tarixli, 4Ə/1-121 saylı alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi üçün ayrılmış Pirşağı qəsəbəsi, 1 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət olmaqla tərtib edilmiş və 18898 nömrə ilə kitabda qeydə alınmış, verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Notariat Arxivi tərəfindən Bakı şəhəri 39 saylı Dövlət notariat ofisində xx.xx.2005-ci il tarixdə 4Ə/1-121 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə dair notariat işinin təsdiq olunuş surəti məhkəməyə təqdim edilmişdir. Notariat işinə əlavə edilmiş: -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN-20645D, KOD- 00500066 saylı Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Sabunçu (Lenin) XDS İcraiyyə Komitəsinin 26 may 1989-cu il tarixli, 15Ə62 saylı və xx.xx.1990-cı il tarixli 34/60 saylı qərarları əsasında fərdi yaşayış evi üçün ayrılmış Pirşağı qəsəbəsi, 1 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət olmaqla tərtib edilmiş və 18169 nömrə ilə kitabda qeydə alınmış, verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü müəyyən edilmişdir. -İddiaçı ilə X5 arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN- 20645D Kod 00500066 seriyalı xx.xx.2005-ci il tarixli 18159 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki 0,06 hektar torpaq sahəsini İddiaçı satmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı ilə X5 arasında Pirşağı qəsəbəsi, 1 saylı Sahədə yerləşən 0,06 hektar torpaq sahəsinin alqı-satqısına dair 11 may 2005-ci il tarixdə müqavilə bağlanmışdır. N.Səlimova Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-20645D Kod 00500066 seriyalı xx.xx.2005-ci il tarixli 18159 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətində olan 0,06 hektar torpaq sahəsini xx.xx.2005-ci il tarixli AN-İ ******* (4Ə/1-121 reyestr) nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmış və iddiaçıya ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərəfindən xx.xx.2005-ci il tarixdə torpağın mülkiyyətə verilməsinə dair JN-21586D, Kod 00500066 nömrəli şəhadətnamə verilmişdir. Hazırda iddiaçı qeyd olunan alqı-satqı müqaviləsinə və adına verilmiş JN-21586D nomrəli xx.xx.2005-ci il tarixli şəhadətnaməyə istinad edərək istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir. Cavabdehə bu məqsədlə müraciəti təmin edilməmişdir. Cavabdehin əsas imtina dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilən JN-21586D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin baza məlumatı iddiaçının faktiki göstərdiyi sahədən 195 metr kənarda, fərqli konfiqurasiyada yerləşir. İşin mübahisəli hallarının araşdırılması üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 verilmiş JN-20645D, KOD 00500066 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən 600 kv.metr torpaq sahəsi ilə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı verilmiş JN-21586D, KOD 00500066 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən 600 kv.metr torpaq sahələri üst-üstə düşürmü?
2. İddiaçı naturada göstərdiyi torpaq sahəsi X4 verilmiş JN-20645D, KOD 00500066 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən 600 kv.metr torpaq sahəsinə uyğundurmu?
3. İddiaçı naturada göstərdiyi torpaq sahəsi və AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona verilmiş JN 21586D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınıbmı? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/9237 №li ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir:
1. Göstərilən torpaq sahəsi faktiki olaraq 600.0 kv.m təşkil edir.Torpaq sahəsinin üzərində tikili yoxdur.
2. Vahid elektron kadastr baza məlumatlarına əsasən naturada (yerdə) göstərilən sahə ilə yerdə qeyd olunan şəhadətnamənin məlumatları arasında 196 metr fərq olmaqla, konfiqurasiyada və yerləşmədə ciddi uyğunsuzluq mövcuddur.
3. Vahid elektron kadastr məlumat bazasında şəhadətnamənin məlumatı olan sahə və faktiki göstərilən sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. İddiaçının tələbinin əsası kimi ləğv edilmiş DTXK tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi Qanunun 8.0.3-cü və 8.0.5-ci maddəsindəki sənədlərdə göstərilən sənədlərə uyğun gəlsə də, bu sənədlər iddiaçıya isfifadəsində olan və hüquqi marağının yönəldiyi 0,06 ha torpaq sahəsinin üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas vermir. Belə ki, həmin sənədlərdəki koordinatlar ilə onun faktiki istifadəsində olan, yəni mülkiyyət hüququnun qeydiyyata alınmasını istədiyi sahə ilə fərqli konfiqurasiyada yerləşdiyi işin araşdırılan halları ilə müəyyən edilmişdir. Hər nə qədər qüvvədə olan müvafiq alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş JN 21586D saylı xx.xx.2005-ci il tarixli torpağın mülkiyyəti haqqında şəhadətnamə mövcud olsa da, ekspert rəyinə əsasən iddia olunan sahənin yerləşməsi ilə qeyd olunan sənədlərdəki sahənin yerləşməsi arasında 196 metr fərq olduğu məlum olmuşdur. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilən ərazinin ortofoto görüntüsünə vizual baxışla da sənəd üzrə sahə ilə ilə naturada göstərilən sahələri başqa istiqamətdə yerləşməsi və aralarında əhəmiyyətli məsafə fərqinin olduğu aşkar görünür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən torpaq sahəsinin konfiqurasiyası ilə yerləşmə cizgisindəki uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilsə də, bu məsələ yalnız müvafiq şərtlər daxilində mümkündür. Hazırkı halda iddia olunan torpaq sahəsi ilə sənəd üzrə sahənin yerləşməsi arasında təxminən 200 metrə yaxın məsafə olduğundan bu, uyğunsuzluğun aradan qaldırılması kimi dəyərləndirilə bilməz. Beləliklə, iş üzrə toplanmış sübutlar onu deməyə əsas verir ki, iddiaçının faktiki istifadəsində olan (naturada göstərdiyi) torpaq sahəsinə dair qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri yoxdur. İddiaçı tərəfindən bu qənaətin əksini sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair qanunda göstərilmiş sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilmədiyindən cavabdehin imtinası qanunazidd hesab edilə bilməz. Odur ki, iddia təmin edilməməlidir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növündə olmaqla qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9237 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İddia tələbi təmin edilmədiyindən qeyd olunan pul vəsaiti iddiaçıya aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (X3, kod 210005, (VÖEN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22)) xeyrinə tutulmalıdır. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasəm prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğ İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə Mərkəzinin (VÖEN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) tutulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov