Məhkəmə qərarları › İş №2-1(112)-4091/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4091/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4091/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Cavabdeh1na qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Cavabdeh1na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6600 (altı min altı yüz manat) sığorta ödənişinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında yaralanmış və 2-ci qrup əlil olmuşdur. Əlilliyi Azərbaycan Respublikasının ərazi bütövüyü uğrunda yaranmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbi qulluqçuların və şəhidlərin ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən sığorta ödənişi verilir. Birinci Qarabağ müharibəsi əlili olan, lakin adını siyahıda tapmayan vətəndaşlar xəsarəti ilə bağlı məlumatın elektron sistemə daxil edilməsi üçün xidmət etdiyi qurumun hərbi həkim komissiyasına müraciət etməlidir. E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün elektron qaydada ödəmə təyin edilməyən şəxslər isə xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına müraciət etməlidirlər. O, hərbi həkim komissiyasına müraciət etməsinə baxmayaraq müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Cavabdeh1 etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Qaradağ rayon idarəsinin mərhum X3 xx.xx.1992-ci il tarixdə MN MHHK-da şəhadətləndirilməsi barədə qərarın onların ünvanına göndərilməsinə dair xx.xx.2022-ci il tarixli 1410 nömrəli məktubu araşdırılmış və məlum olmuşdur ki, mərhum X3 şəhadətləndirilməsi barədə MN MHHK-nın arxivində heç bir məlumat yoxdur. Odur ki, qeyd olunan məsələnin həll edilməsindən ötrü mərhumun arvdadı Atakişiyeva Hicran Səmid qızının müvafiq sənədlərlə ((hərbi xidmət keçdiyi nə vaxtdan nə vaxta kimi hərbi xidmət keçdiyi qeyd olunmalıdır) və Silahlı Qüvvələrdən tərxis olunduğu və ya amnistiya tətbiq edildiyi və ya hərbi prokurorluğun məktubuna əsasən qeydiyyata götürüldüyü haqqında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbəsinin arayışı, hərbi xidmət dövründən müayinə və müalicə olunduğuna dair tibb müəssisəsindən verilmiş çıxarış epikrizi) MN MHHK-na gəlməsi barədə SHXÇDX-nin Bakı şəhəri Qaradağ rayon idarəsinə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məktublar göndərilsə də, bu günədək qeyd olunan sənədlər MN MHHK-na təqdim edilməmişdir. Bu səbəbdən də mərhum S.Atakişiyevin aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi haqqında qərar mümkün olmamışdır. 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci ıl tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nın 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “iddianın mümkünsüzlüyünə dair” ərizəsində bidirilmişdir ki, X3 1997-ci il 2 avqust tarixinədək xidmət dövründə xəsarət aldığını təsdiq edən tibbi şəhadətnamə üzrə məlumatlar Nazirliyə təqdim edilmədiyindən onun vərəsəsi birdəfəlik ödəmənin alınması üçün mərhumun xidmət etdiyi qurumun hərbi-həkim komissiyasına müraciət etməli, tələb olunan sənədləri təqdim etdikdən sonra on iş günü ərzində www.sosial.gov.az internet səhifəsində “Müharibə əlillərinə birdəfəlik ödəmə” pəncərəsinə daxil olaraq birdəfəlik ödəmə təyinatı ilə bağlı qərarı yoxlamalı, qərar dəyişmədiyi halda yenidən həmin qurumun hərbi-həkim komissiyasına müraciət etməlidir. Yəni qeyd olunan birdəfəlik ödəmənin verilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq X3 1997-ci il 2 avqust tarixinədək xidmət dövründə xəsarət aldığını təsdiq edən tibbi şəhadətnamə üzrə məlumatlar və digər zəruri sənədlər iş materiallarına əlavə olunmalıdır. Həmin zəruri sənədlər inzibati orqana təqdim olunduqdan sonra sonuncu tərəfindən qəbul edilmiş qərarla razılaşmadığı halda inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ mövcud olacaqdır. Lakin göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi ilə bağlı hər hansı məktub olmamışdır. Buna görə də, iddiaçının yuxarıda qeyd edilən tələblə bağlı birbaşa məhkəməyə iddia ərizəsi ünvanlanması tələbin mümkünsüz hesab edilməsinə gətirib çıxarır. Yuxarıda sadalananları nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəz Hərbi Həkim Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəz Hərbi Həkim Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddianın dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdehlər kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəz Hərbi Həkim Komissiyasına yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia tələbi mahiyyət etibarilə müharibə əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlıdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1513 nömrəli Fərmanının: 1-ci bəndinə əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilməsi qərara alınmışdır: 1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1–1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə. 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası Strateji X2 Agentliyi, Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını iki ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi müəyyən edilmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçının mərhum atası X4 barəsində məlumatlar cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməmişdir. İddiaçıya cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməmiş, həmin şəxsin xəsarəti təsdiq edən sənədlərinin xidmət etdiyi qurumun hərbihəkim komissiyasına təqdim edilməsi təklif edilmişdir. Cavabdeh1 isə xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi haqqında qərar qəbul edilməsi üçün həmin şəxsin hərbi xidmət keçməsi barədə arayış və müayinə və müalicə olunmasına dair tibbi sənədlərin komissiyaya təqdim edilmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı qeyd edilənləri təkzib etməmiş, hərbi xidmət barədə arayışı əldə edə bilmədiklərini qeyd etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının sığorta ödənişinin təyin edilməsi ilə bağlı tələbinə cavabdeh orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sənədlər tam təqdim edilmədiyi üçün baxılmadığından hazırda tərəflər arasında inzibati mübahisə yoxdur. İnzibati iddianın mümkünlük şərtlərindən biri kimi nəzərdə tutulmuş inzibati mübahisənin mövcudluğu və inzibati orqan tərəfindən hüquq pozuntusuna yol verilməsinin əsaslandırması ilə bağlı şərtlərə iddiaçı tərəfindən əməl edilmədiyindən hazırkı iddia mümkün sayıla bilməz. Həmçinin, iddiaçının qaldırdığı sığorta ödənişinin verilməsi ilə bağlı məsələ, Cavabdeh1 hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmamaqla, hazırkı iddiaya cavab verməli olan orqan deyil. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Cavabdeh1na qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar