Məhkəmə qərarları › İş №2-1(112)-4094/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4094/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4094/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızı Günelin sağlamlıq imkanları məhdud uşaq kimi 0,03 faiz görmə qabiliyyətinə malik olaraq 1-ci qrup gözdən əlil olduğunu, özünün 3 cü qrup gözdən əlil olduğunu və mövcud qanunların tələbini nəzərə alaraq 9 nəfər 46,73 kv.m olan qohumuna məxsus mənzildə məcburiyyət qarşısında darısqal şəraitdə öz ailəsi ilə (özü, h/yoldaşı, oğlu, qızı) yaşamağını nəzərə alaraq yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə sərəncam vermək vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə iş üzrə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh Xətai rayon İcra Hakimiyyəti tələbinin təmin edilməsinə imtina edərək, onun mənzil növbəsinə alınmasına süni maneələr yaratmışdır. Belə ki, cavabdeh orqan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən mənzil-uçot normalarınin Nazirlər Kabinetinin qərarı əsasında təsdiq ediləcəyi təqdirdə baxıla biləcəyini bildirir. Hesab edir ki, cavabdeh Xətai rayon İcra Hakimiyyətinin hərəkətsizliyi onun konstitusion hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusu mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam ermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum ola bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10.0.3-cü və 10.0.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı hesab edilməsi əsaslarını və qaydalarını müəyyən etmək, dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi məqsədi ilə digər kateqoriyalardan olan vətəndaşları müəyyən etmək dövlətin mənzil sahəsində vəzifələrindən hesab edilir. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və qanunvericilik aktları ilə müəyyən edilmiş digər yaşayış sahəsinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra- yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsi mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar ( əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa ). Həmin Məcəllənin 51.1-ci bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra-uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra- uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayarq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reablitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. Bu zaman Birinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Fərdi reabilitasiya proqramına uyğun olaraq əlillər, sağlamlıq imkanları məhdud uşaqların ailələri binanın növünü, mərtəbəsini, abad vəziyyətini və yaşayış üçün vacib olan digər şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər. Mənzil bölgüsü zamanı müvafiq icra hakimiyyəti orqanları, müəssisələr, idarələr və təşkilatlar əlillərin, sağlamlıq imkanı məhdud uşağın ailələrinin iş yerlərinin, qohumlarının yaşayış yerlərinin, reabilitasiya müəssisələrinin (mərkəzlərinin) yaxınlığında mənzillər ayrılmasına olan tələbatı nəzərə alırlar. Tibbi göstərişlərinə və arzularına uyğun olaraq əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə yaşayış evlərinin aşağı mərtəbələrində mənzillər verilir (və ya dəyişdirilir). Əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə verilən mənzillər əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin səhəddi nəzərə alınmaqla müəyyən edilən sanitariya-texniki tələblərə uyğun gəlməlidir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab olunmasının əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1-ci qrup əlillər, sağlamlıq imkanı məhdud uşağın ailələri, habelə 2-ci və 3-cü qrup müharibə əlilləri ailədə adambaşına “9” kv.m və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. İşin hallarından göründüyü kimi iddiaçının xx.xx.2019-cu il təvəllüdlü övladı X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli rəyinə əsasən o, Sağlamlıq imkanları məhdud uşaq kimi və 0,03 faiz görmə qabiliyyətinə malik şəxs kimi qeydiyyata alınaraq 1ci qrup gözdən əlil, iddiaçı isə 3-cii qrup gözdən əlildir. O, ailə üzvləri ilə birlikdə ümumi evdə yaşayır. Onun və övladı Günelin gözdən əlil olmuş şəxs kimi mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində güzəştli şərtlərlə uçota durmaq hüququ yaranmışdır.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli 282 saylı qərarı ilə qüvvəyə minmiş “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı abzasına əsasən əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə verilir. Bildirilir ki, “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə AR Milli Məclisinin xx.xx.1992-ci il tarixli 285 nömrəli qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2020-ci il 106-VİQR nömrəli qərarı ilə “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu ləğv edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra mahiyyəti üzrə baxıla biləcəyi qeyd edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilməmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələri zamanı cavabdeh iştirak etmir.

II. Məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər

7. X19 ilə X5 arasında nikah xx.xx.2015-ci ildə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış, nikahdan sonra arvada “Xəlilova” soyadı verilmişdir.

8. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən X3 adına daşınmaz əmlak aşkar edilməmişdir.

9. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən X6 adına daşınmaz əmlak aşkar edilməmişdir.

10. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir.

11. Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən 692130 nömrəli müavinət işi üzrə İİİ dərəcəli əlilliyə görə (Gözdən əlil) 110.00 (bir yüz on) manat məbləğində ömürlük müavinət təyin olunmuşdur.

12. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən X13, X9, X20, X1, X7, X21 və X19 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı xx.xx.2010-cu il tarixdən müddətsiz üçüncü dərəcə əlillik verilmişdir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən X13 xx.xx.2020-ci il tarixdə sağlamlıq imkanları məhdud uşaq kimi qeydiyyata alınmışdır. Əlillik və ya sağlamlıq imkanları məhdudluq müddəti xx.xx.2023-cü il tarixə kimi müəyyən olunmuşdur.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsinin 16 dekabr 2021-ci il tarixli 911 nömrəli arayışına əsasən İddiaçı ailə tərkibi əri-X19, oğlu-X20, qızı-X2 ibarətdir.

16. İş mteriallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsindəki 11 nömrəli yaşayış evinin 17 saylı mənzili X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

17. Bakı şəhəri Xətai Rayon Bələdiyyəsi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli arayışda bildirilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan X19, İddiaçı Xətai Rayon Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmayıb.

18. Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin xx.xx.2021-ci il tarixli arayışına bildirilmişdir ki, İddiaçı həqiqətən M.Rüstəmov küçəsindəki 11 nömrəli evin 9 mərtəbəli evin 9-cu mərtəbəsində 46,73 kv.m sahəsi olan 3 otaqlı 17 nömrəli mənzilində yaşayır. Ailəsi 9 nəfərdən ibarətdir.

19. Bakı şəhəri Xətai Rayon Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2022ci il tarixli arayışında bildirilmişdir ki, İddiaçı həqiqətən 8 Noyabr (Zığ yolu) küçəsindəki 22b nömrəli evin 101 nömrəli mənzilində yaşayır, orada 10 mərtəbəli evin 1 mərtəbəsində sahəsi 46,73 kv.m olan 3 otaqlı mənzili tutur. Mənzilin tam şəraiti var. Mənzil sahibi X14r. Vətəndaş İddiaçı ailəsi 7 nəfərdən ibarətdir. İddiaçı aşağıdakı ailə tərkibində xx.xx.2021-ci ilədək göstərilən ünvanda olmuşlar.

1. X23

2. X10

3. X24

4. X11 5.X20 6.X22.

20. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 133 saylı Mənzil Kommunal İstismar sahəsinin İddiaçı 8 Noyabr (keçmiş Zığ yolu) küçəsində 22 nömrəli evin 32 mənzilində xx.xx.1992-ci ildən xx.xx.2016-cı ilə qədər bu ünvanda qeydiyyatda olub yaşamışdır. Göstərilən ünvan baban X15 adına olmuşdur. Mənzil 4 otaqdan 63,32 kv.m-dən ibarətdir. Qeydiyyatda olanlar: 1.babası- X27 2.nənəsi - X16 3.atası - X23

4. anası- X10

5. qardaşı - X24 6.bacısı- X11

21. Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 27 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı 8 Noyabr (keçmiş Zığ yolu) küçəsində 22b nömrəli evin 101 nömrəli mənzilində 2021-ci il ilədək qeydiyyatda olmuşdur.

22. Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 27 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı 8 Noyabr (keçmiş Zığ yolu) küçəsində 22b nömrəli evin 101 nömrəli mənzilində 2016-cı ildən 2021-ci ilədək qeydiyyatda olmuşdur. Göstərilən ünvan atası- X17 məxsusdur. Mənzil 3 otaqdan 46,73 kv.m yaşayış sahəsindən ibarətdir. Mənzildə aşağıdakı şəxslər qeydiyyatdadırlar: 1.X23-1968 təv-mənzil sahibi 2.X10-1974 təv.-arvadı 3.X24-2000 təv- oğlu.

III. İddianın növü və mümkünlüyü

23. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

24. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

25. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

27. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

28. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

29. İddia mümkündür.

IV. Məhkəmənin mövqeyi

30. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31. Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilməsi məqsədləri üçün uçot norması müəyyən edilməmiş, lakin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

32. Məhkəmə hesab edir ki, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması hazırda müəyyən edilməmiş olması iddiaçının fərdi vəziyyətinə uyğun olaraq qanunla müəyyən edilən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməsi hüququnun təmin edilməsindən imtina üçün əsas ola bilməz.

33. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

34. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

35. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur.

36. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı həqiqətən M.Rüstəmov küçəsindəki 11 nömrəli evin 9 mərtəbəli evin 9-cu mərtəbəsində 46,73 kv.m sahəsi olan 3 otaqlı 17 nömrəli mənzilində yaşayır. Ailəsi 9 nəfərdən ibarətdir.

37. Beləliklə, məhkəmə qeyd edir edir ki, iddiaçı 9 nəfər ailə tərkibi ilə birlikdə sahəsi 46,73 kv.m. olan mənzildə yaşadığından adambaşına düşən sahə təqribən 5 kv.m-dir. Odur ki, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələrinə (16 kv.m) mütənasib olmalıdır.

38. Dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qaldığından aydındır ki, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması adambaşına 5 kv.m.-dən az ola bilməz. Odur ki, iddiaçı hazırda 9 nəfər ailə tərkibi ilə birlikdə sahəsi 46,73 kv.m. olan mənzildə yaşadığından onun fərdi vəziyyəti nəzərə alınmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün qanuni gözləntisi var və hazırda uçot normasının olmaması onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs hesab edilməsi üçün əsas ola bilməz. Odur ki, cavabdeh qurumun imtinası nəticəsində tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsəd arasındakı ağlabatan mütənasiblik pozulmuşdur.

39. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

40. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X12 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X31 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

41. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı (ailə tərkibi özü, əri, oğlu və qızı) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar