Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4095/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2018-ci il tarixindən qeydə alınmış pensiya kapitalına uyğun yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə iş üzrə cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. Məhkəmə iddiaçının hüquqi marağının aydın olduğunu nəzərə alaraq, iddia tələbinin “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi göstərilmədiyini ifadə tərzi ilə bağlı xəta kimi qəbul edir və tələbin dəqiqləşdirilməsinə zərurət görmür. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya yaşına çatdığı üçün 2 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş, lakin sənədlərinin yoxlanılmasından sonra imtina cavabı almışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə əsassızdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının ümumi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan müraciəti müsbət həll etmək mümkün olmamışdır. İddiaçı xx xxxxxxx 1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 10 oktyabr 2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda əmək pensiyası almaq hüququ vardır. Lakin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, iş materiallarında olan İddiaçı məxsus əmək kitabçasında onun xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək “Xaliq" rayonlararası Təmir Tikinti Baş İdarəsinin 100 saylı Təmir Tikinti İdarəsində işləməsinə dair qeydlər vardır. Həmçinin iş materiallarında İddiaçı tərəfindən inzibatı orqana təqdim edilmiş “Xaliq” rayonlararası Təmir Tikinti Baş İdarəsinin 100 saylı Təmir Tikinti İdarəsinin 02 iyun 2002-ci il tarixli 29 №-li arayışı mövcuddur. Həmin arayışda Cəfərovun 100 saylı Təmir Tikinti İdarəsində xx.xx.1999-cu ildən 33 saylı əmrə əsasən rəngsaz vəzifəsinə qəbul olunduğu, 21.11 2003-cü ildə 42 saylı əmrə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunduğu qeyd edilmişdir. Sözügedən arayışda 1999-cu ildə ******* manat, 2000-ci ildə 1 ******* manat. 2001-ci ildə 12000000, 2002-cı ildə 12000000, 2003-cü ildə 10739000 manat əməkhaqqı alındığı öz əksini tapmış və bu barədə əməkhaqqı cədvəlləri əlavə edilmişdir. İlk öncə qeyd edilir ki, arayışın tarixi xx.xx.2002-ci ilə təsadüf edir, lakin həmin tarixdə verilmiş arayışda 2003-cü ilə dair qeyd (işdən azad edilmə, əməkhaqqı məbləği və s.) mövcuddur. Digər tərəfdən sözügedən arayışda müəssisənin 10 (on) rəqəmli “Voin”i - ********** qeyd edilmişdir. Bildirilir ki, arayışın verildiyi tarixdə (2002) qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vergi odəyıcilərı dövlət vergi orqanları tərəfindən 9 rəqəmli eyniləşdirmə nömrələri əsasında fəaliyyət göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2005-cı il tarixli “Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında” Qərarının 2-ci bəndinə əsasən, 2005-ci il iyulun 1-dən etibarən Azərbaycan Respublikasında vergi ödəyiciləri tərəfindən tərtib edilən mühasibat, statistika hesabatlarında, vergi və yük-gömrük bəyannamələrində, gömrük, bank və bütün digər ödəniş sənədlərində və ciddi hesabat blanklarında, bağlanılan təsərrüfat müqavilələrində, habelə əhali ilə nağd hesablaşmaların aparılması üçün istifadə edilən nəzarət-kassa aparatlarının çeklərində "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü ıl 12 fevral tarixli 30 nömrəli Fərmanına əsasən inventarlaşdırmadan keçmiş vergi ödəyicilərinə dövlət vergi orqanları tərəfindən verilmiş yeni 10 (on) rəqəmli eyniləşdirmə nömrələri göstərilməlidir. Vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində (vergilər və sosial sığorta üzrə ödəniş halları istisna olmaqla) VÖEN köhnə qayda ilə 9 (doqquz) rəqəmlə göstərildikdə, həmin sənədlər etibarsızdır və ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir. İddiaçı tərəfindən təqdim edilmiş arayışda “Xaliq" rayonlararası Təmir Tikinti Baş idarəsinin 100 saylı Təmir Tikinti İdarəsinin adının ingilis dilində tərcüməsi “People inter-district Repair and Construction Department 100 Beard Repair and Construction Department” qeyd edilmişdir. Halbuki, “people" sözünün tərcüməsi - “xalq", “beard" sözünün tərcüməsi isə- "saqqal" deməkdir. Göründüyü kimi, müəssisənin adı bu və ya digər proqram tətbiqi vasitəsilə "hərfi” tərcümə edilmişdir. Həmçinin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən sözügedən müəssisədə 1999-2003-cü illərdə işləməsi faktı araşdırılaraq monitorinq aparılmış və həmin müəssisənin rəisi X3 iştirakı ilə bu barədə 26 iyul 2022-ci il tarixli akt tərtib edilmişdir. Qarşılıqlı araşdırma zamanı İddiaçı “Xaliq" rayonlararası Təmir Tikinti Baş İdarəsinin 100 saylı Təmir Tikinti İdarəsində işləməsi haqqında heç bir məlumat olmadığı müəyyən edilmişdir. Göründüyü kimi adıçəkilən şəxs tərəfindən “köhnə tarix”ə mötəbərliyi öz təsdiqini tapmayan “yeni” sənəd tərtib edilmişdir. Yuxarıda qeyd edilən faktların hər biri iddiaçıya məxsus əmək kitabçasında və müəssisənin arayışında yazılmış həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Digər tərəfdən iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X6 “Sənayetikintimaterialları” kombinatında işləməsinə dair qeyd vardır. Bununla əlaqədar bildirilir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə qeyd olunan tarixlərdə işə daxilolma, işdən azad edilmə əmrləri və əməkhaqqı cədvəlləri barədə məlumatların təqdim edilməsinə dair "Azərbaycan X6" Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanlanmışdır. "Azərbaycan X6" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş 16 iyul 2022-ci il tarixli **********4 nömrəli məktubda İddiaçı həmin müəssisədə işləməsinə dair sənəd aşkar edilmədiyi qeyd edilmişdir. İş materiallarında olan "Azərbaycan X6" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubunda '‘Sənayetikintimaterialları’’ kombinatı X4 tabeliyində olmadığına görə, İddiaçı məktubda qeyd olunan müddətdə həmin müəssisədə işləyib-işləmədiyi ilə bağlı məlumatların verilməsinin imkan xaricində olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı idarəsinin 23 yanvar 2025-ci il tarixli məktubunda reyestrdə X6 "Sənayetikintimaterialları" Kombinatı adlı kommersiya qurumunun aşkar edilmədiyi bildirilmişdir. Həmçinin, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda. 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1 2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bır il azaldılmaqla hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə ümumiyyətlə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Digər tərəfdən bildirilir ki, sözügedən iş üzrə xx.xx.2023-cü il tarixdə xüsusi qərardad çıxarılaraq materiallar araşdırılması üçün prokurorluğa göndərilmişdir. Daha sonra Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılaraq 03 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar 23 may 2024-cü il tarixdə Xəzər Rayon Prokurorluğu tərəfindən ləğv edilərək araşdırmanın davam etdirilməsi üçün Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Hazırda araşdırma davam etdirilir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassz olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının məktubundan görünür ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı (mübahisəli dövrlər) xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X6 “Sənayetikintimaterialları” Kombinatında dispetçer, xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək “Xaliq” Rayonlararası Təmir Tikinti İdarəsinin 10 №-li Trestinin 100 saylı təmirtikinti İdarəsində “5-ci dərəcəli rəngsaz” vəzifələrində çalışmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, “Azərbaycan X6” QSC-nin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 213 nömrəli Sərəncamına əsasən “Azərbaycan X6” QSC Azərbaycan X4 və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının yenidən təşkili yolu ilə yaradıldığına görə həmin şirkətlərin hüquqi varisidir. Həmçinin bildirilir ki, vergi ödəyicisi xx.xx.1997-ci il tarixdə ********* nömrəli VÖEN ilə qeydiyyatdan keçmiş və əsas fəaliyyət növü nəqliyyat xidməti olmuşdur. Eyni zamanda bildirilir ki, xx.xx.1997-xx.xx.1999-cu il illər üzrə işçilərinin sayı barədə məlumatın əldə edilməsi mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: -Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş məktubda bildirilmişdir ki, Azərbaycan Dövlət X6 (sonradan “Azərbaycan X6” QSC) 23 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. X4 “Sənaye tikinti materialları kombinatı” 05 iyun 1996-cı il tarixində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. “Sənayetikintimaterialları” Kombinatı barədə dəqiqləşdirilmiş məlumatlar (hüquqi ünvan, VÖEN və s.) təqdim edildikdən sonra həmin kombinat ilə bağlı müvafiq məlumatın verilməsi təmin ediləcəkdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş məktubda bildirilmişdir ki, "Azərbaycan X6" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Eyni zamanda bildirilir ki, reyestrdə X6 “Sənayetikintimaterialları” Kombinatı adlı kommersiya qurumu aşkar edilməmişdir. -“Azərbaycan X6” QSC tərəfindən verilmiş məktubda bildirilmişdir ki, “Sənayetikintimaterialları” kombinatı X4 tabeliyində olmadığına görə, İddiaçı qeyd olunan müddətdə həmin müəssisədə işləyib-işləmədiyi ilə bağlı məlumatların verilməsi imkan xaricindədir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü iddiaçı hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Cavabdeh iddiaçıya 23 il 7 ay 29 gün əmək stajı hesablamış və onun əmək kitabçasındakı qeydlərə əsasən, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X6 “Sənayetikintimaterialları” Kombinatında dispetçer vəzifəsində və xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək “Xaliq” rayonlararası təmin-tikinti idarəsində rəngsaz vəzifəsindəki əmək fəaliyyətini dövrünü stajına daxil etməmişdir. İddiaçı cavabdeh tərəfindən mübahisəli hesab olunan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və qanunla tələb olunan pensiya kapitalının toplamaması, eləcə də xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. xx.xx.2006-cı ilədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində öz adına doldurulma tarixi barədə məlumat olmayan ИТ-İ № ******* nömrəli əmək kitabçasını təqdim etmişdir. Əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı: -xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X6 “Sənayetikintimaterialları” Kombinatında dispetçer vəzifəsində; -xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək “Xaliq” rayonlararası təmintikinti idarəsində rəngsaz vəzifəsində işləmişdir. Məhkəmə iddiaçının mübahisəli əmək fəaliyyəti dövrləri ilə bağlı qeyd edir ki, hər nə qədər də “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən əmək kitabçasının doldurulması işəgötürənin vəzifələrinə aid edilsə də, xx.xx.2006-cı il tarixədək sığortaolunanın qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti diqqətə alındıqda əmək kitabçasındakı məlumatların mötəbərliyi şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən faktlara dair həqiqi vəziyyəti əks etdirməlidir. Lakin hazırkı halda iş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı qeydlərin həqiqiliyi şübhə doğurur. Belə ki, əmək kitabçasında iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X6 “Sənayetikintimaterialları” Kombinatında dispetçer vəzifəsində işlədiyi barədə qeydlər aparılsa da, işin araşdırılan halları ilə iddiaçının həmin müəssisədə işləməsinə dair, ümumiyyətlə adıçəkilən müəssisənin mövcudluğuna (Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən alınmış məlumatlar) dəlalət edən hər hansı sübut əldə edilməmiş, iddiaçı tərəfindən də bununla bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, əmək kitabçasında müəssisənin adı “X6 “Sənayetikintimaterialları” Kombinatı” kimi göstərilməsinə və iddiaçının da izahatlarında adıçəkilən Kombinatın Azərbaycan X4 tabeliyində olduğunu bildirməsinə baxmayaraq Azərbaycan X6 QSC-nin (Azərbaycan X4 hüquqi varisi) sorğuya cavab məktublarında Kombinatın Cəmiyyətinə aidiyyəti olmadığına və buna görə də iddiaçının həmin müəssisədəki əmək fəaliyyəti barədə məlumatların verilməsinin imkan xaricində olması bildirilmişdir. Halbuki, qeyd edilən sorğuya cavab məktublarında iddiaçının əmək kitabçasında qeydiyyat aparılan və cavabdeh tərəfindən staja daxil edilən xx.xx.1989-xx.xx.1992-ci illərdə X4 Təmir Tikinti İdarəsindəki əmək fəaliyyəti barədə ətraflı məlumat verilmiş, əməkhaqqı cədvəlləri barədə arxiv arayışı da təqdim edilmişdir. Bundan başqa, məhkəmə iclasları zamanı iddiaçının “Sənayetikintimaterialları” Kombinatındakı əmək fəaliyyəti ətrafında müzakirələr aparılmış, lakin o, həmin müəssisədə işlədiyini iddia etdiyi “dispetçer” vəzifəsi üzrə əmək funksiyalarını izah etməkdə çətinlik çəkmiş, fəaliyyəti çərçivəsində hansı işləri yerinə yetirdiyini, müəssisənin ünvanını və sairə barədə məlumatlar verə bilməmişdir. Qeyd olunan xüsusatlar “Sənayetikintimaterialları Kombinatı”nın Azərbaycan X6nə hər hansı aidiyyəti olmaması və müəssisənin ümumiyyətlə mövcud olmaması ilə bağlı qənaəti gücləndirən faktor kimi çıxış edir. Belə olan halda, əmək kitabçasında iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1999cu il tarixədək X6 “Sənayetikintimaterialları” Kombinatında dispetçer vəzifəsində işləməsinin hansı məlumatlar əsasında doldurulması sual doğurur. Göründüyü kimi, iddiaçının qeyd olunan müəssisədə işləməsi təkzibolunmaz sübutlarla təsdiqlənmədiyindən həmin qeydlərin aid olduğu dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək “Xaliq” rayonlararası təmin-tikinti idarəsində rəngsaz vəzifəsində işləməsi ilə bağlı əmək fəaliyyəti dövrünə münasibətdə qeyd edir ki, iddiaçı bundan əvvəl də tələbinin hüquqi əsası kimi ИТ- İ № ******* nömrəli əmək kitabçasına istinad edərək analoji iddia tələbi ilə Bakı İnzibati Məhkəməsində cavabdehə qarşı iddia qaldırmışdır. Lakin sonradan iddiaçı 01 may 2023cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)- 3225/2023 saylı, 26 may 2023-cü il qərardadı ilə ərizə təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, iş üzrə icraata xitam verilmişdir. Həmin icraat zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iddiaçıya yaşa görə əmək pensiyası almaq hüququ verən, rəsmi sənəd sayılan ИT-İ № ******* nömrəli əmək kitabçası və “Xaliq” rayonlararası Təmir Tikinti Baş İdarəsinin 100 saylı Təmir Tikinti İdarəsinin 02 iyun 2002-ci il tarixli 29 №-li arayışının saxtalaşdırılaraq hazırlanmasına əsaslı şübhələr olduğu müəyyən edildiyindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3225/2023 saylı, xx.xx.2023-cü il tarixli xüsusi qərardadı ilə fakt üzrə aşkar olunmuş cinayətin əlamətləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. Hazırda qərardad üzrə aidiyyəti hüquq-mühafizə orqanlarında müvafiq araşdırmalar aparılır. Odur ki, hazırkı şərtlər altında qeyd olunan dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün deyil. Məhkəmə həmçinin bildirir ki, mövcud pensiya qanunvericiliyi xx.xx.2006-cı ilə qədərki dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında göstərilməsi ilə kifayətlənməyi məqbul hesab etmir, eyni zamanda əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş illərinin dövlət arxivinin arayışları və sair sənədlər ilə də təsdiq olunması imkanını tanıyır. Bununla belə iddiaçı tərəfindən mübahisəli əmək fəaliyyəti dövrlərini təsdiq edən hər hansı dəlil təqdim edilməmiş, məhkəmə araşdırması ilə də hər hansı nəticə hasil olmamışdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-788/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyini şübhə altına alırsa, bu halı sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür.” Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya yaşa görə əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından cavabdehin imtinası qanunsuz deyil. Odur ki, iddia təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov