Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4097/2021 05.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan iddiaçı X3 cavabdeh Bakı şəhəri 41 saylı Notariat Ofisinə qarşı «kompensasiyanın verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Quliyeva (Cümşüdova) Səbinə Əbdüəli qızı cavabdeh Bakı şəhəri 41 saylı Notariat Ofisinə qarşı «kompensasiyanın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı yaşadığı və qeydiyyatda olduğu evin sökülməsinə görə kompensasiyanın verilməsini dəfələrlə cavabdehdən xahiş etsə də, cavabdeh kompensasiya ödənilməsindən qanunsuz olaraq imtina etmişdir. Hesab olunur ki, kompensasiya verilməsi üçün bütün sənədlər mövcud olsa da, cavabdeh hər dəfə bir irad bildirərək edir, bu hərəkətlər əsassız və qanunsuzdur. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə, İPM-in 1.2, 2.2.3, 45.4, 68.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsaslanaraq, ünvan 1 ünvanına görə ona (iddiaçıya) düşən kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarında olan Bakı şəhəri 41 saylı Notariat X1 ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli ərizə tam təfsilatı ilə araşdırılmışdır. Ərizədə onun (ərizəçinin) vaxtilə qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi evin alqı-satqı müqaviləsi ilə əlaqədar razılığı olmadan satılmasına görə müvafiq kompensasiyanın ödənilməsi xahiş olunmuşdur. Qeyd olunur ki, həqiqətən x xxxx 2016-cı il tarixdə “birinci tərəf” adlandırılan X2 və “ikinci tərəf” adlandırılan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin adından nümayəndə qismində çıxış etmiş R.Mehdizadə müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən Ruqiyyə Cümşüdovanın uzun müddət istifadəsində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə “ikinci tərəf”in xeyrinə, yəni Bakı şəhəri Yasamal RİH-ə imtina edilmişdir. Əlavə olaraq X7 Ofisinə ərizə ilə müraciət edərək tikilinin uzun müddət istifadəsində olduğunu, qeyri-qanuni tikilmiş, eləcə də şəxslərin faktiki qeydiyyatda olmasını, lakin onların orada uzun müddət yaşamadığını və gələcəkdə həmin şəxslərin tikiliyə dair hər hansı mübahisənin yaranacağı halda məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Beləliklə, dövlət proqramı çərçivəsində tərəflər arasında bağlanmış müqavilə Bakı şəhəri 41 saylı Notariat Ofisində təsdiq olunsa da, kompensasiyanın Notariat Ofisi tərəfindən ödənilməsi nəzərdə tutulmamışdır, kompensasiya ilə bağlı məsələlər üçün Bakı şəhəri Yasamal RİH-ə müraciət oluna bilər. İş üzrə məhkəmə iclası təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə aşağıdakı məzmunda əlavə ərizə təqdim etmişdir: - Cavabdeh Bakı şəhəri 41 saylı Notariat Ofisinə qarşı irəli sürülən tələb üzrə iş məhkəmənin icraatındadır. Yaşayış sahələrinin satın alınması ilə bağlı notariat kontorunda alqı-satqı müqaviləsi imzalanarkən qanunvericiliyə uyğun olaraq həmin mənzildə qeydiyyatda olanların müəyyən edilməsi, razılığının alınması və sənədlərin toplanması notariusların səlahiyyətlərinə aiddir. Cavabdeh qanunsuzluq edərək, onun razılığını almamış və o, heç bir kompensasiya ala bilməmişdir. İPM-in 54-cü maddəsinə əsaslanaraq, məhkəmədən ünvan 1 ünvanına görə alqı-satqı aktının bağlanması və notariusun hərəkətləri nəticəsində ona (iddiaçıya) vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddianın dəyişdirilməsinin qəbulundan imtina olunmalı və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: - (305.1.8) notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində aşağıdakılar göstərilmişdir: notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdır ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1 – 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə, iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı məsələ – notariusun hərəkətləri ilə bağlıdır və iddiaçı ona evinin sökülməsi ilə bağlı kompensasiya ödənilməsi barədə ərizə ilə hazırkı cavabdehə müraciətinə müsbət cavab almadığından, hazırkı tələblə çıxış edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddia mahiyyətcə “notariusun hərəkətlərindən şikayət” olduğundan, bu mübahisə publik xarakterli deyil, mülki xarakterli olduğundan, ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddianın əsaslandırılması “notariat hərəkətlərinin aparılmasından imtina” deyil, notariat hərəkətlkəri nəticəsində dəymiş ziyan olduğundan, hətta bu mübahisə inzibati mübahisə kimi qiymətləndirilsə belə, iddiaçı həm cavabdehə müraciətində və iddia ərizəsində dəymiş ziyanın nədə ifadəı olunduğunu, məbləğini bildirməmiş (cavabdehə müraciətində göstərmədiyindən, iddianın dəqiqləşdirilməsi ona tövsiyə olunmamışdır), həm də onun tələbinin mahiyyəti müvafiq evin söküntüsündən irəli gələn hallarla əsslandırılır, hansı ki, ev hazırkı cavabdeh tərəfindən sökülməmişdir. Bundan başqa, iddiaçının müvafiq evə dair hüquqmüəyyənedici sənədləri təqdim olunmadığından, o, həmin daşınmaz əmlakla bağlı kpmpensasiya tələb etmək üzrə subyektiv hüquqa malik deyil. İPM-in 2.1-ci maddəsi inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatının inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməsini qanunla başqa aidiyyət qaydasının müəyyən edilməməsi ilə şərtləndirir. Belə olan halda məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4097/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4097/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver