Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4098/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1328 saylı Sərəncamına əsasən X3 (həmçinin İddiaçı) adına 89 nömrəli BTK nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində, BTK nəzdində 0.04 ha torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1993-cü il tarixli, 1328 saylı Sərəncamına əsasən iddiaçının, yəni X3 adına (bağ məsələləri üzrə komissiya yığıncağının 01 iyul 1993- cü il tarixli, 51 №li protokolu) Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li qətnaməsinə əsasən fəaliyyətdə olan bağtikinti kooperativlərinin tərkibində Binəqədi rayonu, Göradil qəsəbəsində 89 №-li ВТK-dan bağ sahəsi ayrılmışdır. Lakin həmin torpaq sahəsi qanunsuz olaraq «X5» MMC-yə verildiyindən ondan istifadə edə bilmir. İddiaçı ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış əldə olunması üçün müvafiq sənədlərlə cavabdehə müraciət etmiş, ona verilən cavabda qeyd edilmişdir: “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1328 nömrəli Sərəncamında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd edilməmişdir. Həmçinin sizin adınıza torpaq sahəsinin ayrılmasına dair idarənin arxivində order aşkar edilməmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli müraciət zamanı şərti olaraq göstərilən torpaq sahəsi elektron kadastr məlumatına əsasən digər hüquqi şəxsin adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir”. İddiaçı ona ayrılmış torpaq sahəsinin verilməsini, həmin torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək istəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə «X5» MMC üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya dair məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1328 nömrəli Sərəncamında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd edilməmişdir. Həmçinin iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair idarənin arxivində order aşkar edilməmişdir. Bundan əlavə, şərti olaraq göstərilən torpaq sahəsi elektron kadastr məlumatına əsasən digər hüquqi şəxsin («X5») adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək tələb üzrə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və tərəflərin fikri dinlənilmiş, müvafiq hüquqi təkliflər verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbi müdafiə etdi və işə mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X4 adını və ata adını İddiaçı dəyişdirmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan X2 və İnkişafı Departamenti ləğv olunaraq həmin Birliyin arxiv sənədləri bütövlükdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən iddiaçının torpaq sahəsinin yerləşmə cizgisi və koordinatlarının təqdim olunması ilə bağlı müraciətinin təmin edilməsi imkan xaricindədir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, “Bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmayıb. Bağ sahəsinin nömrəsi və sahəsi məlum deyil. Vətəndaş sahəni hasarının çölündən göstərir, sahəyə daxil ola bilmir. Sahə digər vətəndaş tərəfindən hasarlanmışdır”. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin «X5» MMC-nin adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin və reyestrdan çıxarışın təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı sorğusuna verilmiş cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən ərazi Binəqədi rayonu, Novxanı kəndi, **********41 reyestr nömrəli 709t saylı bağ sahəsi kimi qeydiyyata alınmışdır. Həmin bağ sahəsinin «X5» MMC-nin adına qeydiyyata alınmasına əsas olmuş, eləcə də digər müvafiq sənədlərin təsdiq edilmiş surətləri məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Qeyd edilməlidir ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda iddiaçının məhkəmə qaydasında hüquqi müdafiə marağı və iddia qaldırmaq səlahiyyəti mövcud olur. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı mübahisəyə münasibətdə həmin mümkünlük şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində, 89 nömrəli BTK nəzdindən ona ayrıldığını bildirdiyi 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına iddia edir. Lakin iddiaçı qeyd olunan torpaq sahəsinin ona məxsus olmasına dair hər hansı sübut (hüquqmüəyyənedici sənəd) təqdim edə bilməmişdir. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1328 nömrəli Sərəncamında ümumi şəkildə iddiaçıya Görədil qəsəbəsində yerləşən 89 nömrəli BTK-nın tərkibində bağ sahəsinin ayrılması qeyd olunsa da, həmin sərəncamda ayrılmış bağın nömrəsi və sahəsi göstərilməmişdir. Həmçinin aparılmış araşdırma ilə nə cavabdeh inzibati orqanın, nə Bakı ŞİH-in arxivlərində, nə də Milli Arxiv İdarəsində iddiaçıya 89 nömrəli BTK nəzdindən hansı bağ sahəsinin ayrılmasına dair sənəd aşkar edilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı halda iddiaçının indiki iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. İddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4098/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4098/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver