Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-410/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirаkı ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.03.1972-ci ildən 06.07.1972-ci ilədək Çap Dövlət Komitəsində kuryer, 30.10.1972-ci ildən 12.11.1974-cü ilədək X4 müxtəlif vəzifələrdə işlədiyi dövrün, 1974-1976-cı illər ərzində müddətli həqiqi hərbi xidmətdə olduğu dövrün, 01.02.1977-ci ildən 14.09.1977-ci ilədək X4 işlədiyi dövrün, 24.02.1978-ci ildən 01.08.1978-ci ilədək Yüngül Sənaye Nazirliyinin tabeliyində dəri fabrikində, 05.09.1978-ci ildən 21.06.1979-cu ilədək təkrar Yüngül Sənaye Nazirliyinin tabeliyində dəri fabrikində işlədiyi dövrün, 29.10.1979-cu ildən 02.07.1980-ci ilədək avtoparkda işlədiyi dövrün, 20.12.1982-ci ildən 05.04.2002-ci ilədək Səhiyyə Nazirliyinin stomatoloji poliklinikasında diş texniki vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə almaqla, ona 05.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 02.06.2021-ci il tarixdə İddiaçı tərəfindən məhkəmənin dəftərxanası vasitəsi ilə İŞ üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə ərizə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2-1(112)-410/2021 saylı qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1954-cü ildə anadan olmuşdur. 01.03.1972-ci ildən 06.07.1972-cı ilədək Çap Dövlət Komitəsində kuryer, 30.10.1972-ci ildən 12.11.1974-cü ilədək X4 müxtəlif vəzifələrdə işləmişəm. Daha sonra 2 il hərbi xidmət keçdikdən sonra (1974-1976-cı illər) 01.02.1977-ci ildən 14.09.1977-ci ilədək X4 əmək fəaliyyətini davam etdirmişdir. 24.02.1978-ci ildən 01.08.1978-ci ilədək Yüngül Sənaye Nazirliyinin tabeliyində dəri fabrikasında, 05.09.1978-ci ildən 21.06.1979-cu ilədək təkrar Yüngül Sənaye Nazirliyinin tabeliyində dəri fabrikasında yenidən iş fəaliyyətimi davam etmişəm., 29.10.1979-cu ildən 02.07.1980-cı ilədək avtoparkda işləmişdir. 20.12.1982-ci ildən 05.04.2002-ci ilədək Səhiyyə Nazirliyinin stomatoloji poliklinikasında diş texniki vəzifəsində işləmişdir. Beləliklə, ümumi iş stajı 26 ildən çoxdur (hərbi xidmətlə birlikdə). O, yaşa görə əmək pensiyası almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə müraciət etmişdir. Müraciətinə öz əmək kitabçasını da əlavə etmişdir. Əmək kitabçasında qanunvericiliyin tələblərinə əsasən rəsmi iş yerləri qeyd edilib. Pensiya təyin edilməsi ilə bağlı müraciətinə yazılı cavab verilməmişdir. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajı sübut edən əsas sənəd əmək kitabçasıdır. Onun həmin illərdə işləməyi barədə məlumat arxiv arayışlarında qeyd edilmişdir və cavabdeh tərəf arxiv arayışları əsasında onun həmin illərdə iş stajının hesablanması barədə tədbirlər görməli idi. Əmək kitabçası onun qeyd edilən illərdə işləməyini təsdiq edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı Nəsir-zada Fuat Əli oğlunun iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.İddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilən iddiaçının 05.03.1972-cl İİ tarixdə tərtib edilmiş əmək kitabçasının surətinə əsasən, iddiaçının ümumilikdə 9 il 10 ay 26 gün və 25.12.1982-ci il tarixdə tərtib edilmiş digər əmək kitabçasının surətinə əsasən isə 19 il 3 ay 15 gün sosial sığorta stajının olduğu müəyyən edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” «Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli, 186 saylı Qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 5ci bəndinə əsasən əmək kitabçasının müvafiq bölmələrinin bütün səhifələri dolduqda ona əmək kitabçasının son səhifəsində “ __” seriyalı “__” nömrəli içlik açılmışdır”, qeydi aparılmaqla əlavə içlik verilir. Əlavə içlik əmək kitabçasının içərisinə tikilir və əmək kitabçasının doldurulduğu qaydada işçinin əsas iş yerində işəgötürən tərəfindən aparılır. Əmək kitabçasına verilən əlavə içliyin birinci (titul) səhifəsinin sağ yuxarı küncündə “əmək kitabçasına əlavə içlik” sözləri yazılır, seriyası və nömrəsi göstərilir. Əmək kitabçası olmadan əlavə içlik etibarsızdır. İddiaçının təqdim etdiyi əmək kitabçaları hər biri əlavə içlik kimi deyil, hər bir müəssisədə tərtib edilmiş müstəqil əmək kitabçalarıdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı qanunsuz olaraq əmək pensiyasına hüquq qazanmaqdan ötrü işlədiyini iddia etdiyi hər müəssisədə bir əmək kitabçası tərtib etdirmiş və sonra da həmin əmək kitabçalarını və digər sənədləri inzibati orqana təqdim etmişdir. Bu səbəblərdən də iddiaçının təqdim etdiyi əmək kitabçaları onun əmək fəaliyyətini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq iş materiallarına əlavə olunan əmək kitabçalarının hər ikisinin nə əsli, nə də notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Bu isə özü- özlüyündə əmək kitabçalarında yazılmış həmin qeydlərin mötəbərliyini şübhə altına alır.Beləliklə, kserosurəti təqdim edilmiş əmək kitabçası hər hansı bir sənədə əsaslanmaqla verilmədiyindən iş materiallarına əlavə edilən əmək kitabçalarının iddiaçının qeyd olunmuş illərdə işləməsini və həmin illərdə məcburi sosial sığorta haqları üzrə ayırmaların edilməsini təsdiqləyən sübut kimi qəbulu mümkün deyildir.Yuxarıda qeyd edilən Qanunun müddəalarının məzmunundan göründüyü kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sosial sığorta stajıdır. Lakin iddiaçının inzibati iş üzrə iş materiallarına əlavə etdiyi əmək kitabçalarının nə əsli, nə də notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmədiyindən və iddiaçıya məxsus iki fərqli əmək kitabçası olduğundan onun sosial sığorta stajının mövcudluğu şübhə doğurduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunazidd hesab edilir.Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı 2-1(112)-410/2021 saylı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli 2-1(112)-410/2021 saylı qərardadı ilə iş üzrə İddiaçı ərizəsinin araşdırılması və münasibət bildirməsi üçün cavabdeh inzibati orqana 1 (bir) aylıq müddətin təyin edilməsi və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının həmin müddət ərzində bunun nəticəsi barəsində məhkəməyə məlumat verməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəmə qərardadının icrası barədə 05 avqust 2021-ci il tarixli **********4 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi 05.03.1972-ci il tarixli əmək kitabçasına və H3 ******* nömrəli hərbi biletə əsasən onun sosial sığorta stajı 6 il 11 ay 12 gün təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. X2 və araşdırma şöbəsinin 23.06.2021-ci il tarixli xidməti məruzəsinə əsasən İddiaçı 20.12.1982-ci il tarixdən 05.04.2002-ci il tarixədək işlədiyi Təsərrüfathesablı Stomotoloji poliklinikaya aid arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına əlavə etmək qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Eyni zamanda bildirilir ki, İddiaçı 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, “pensiya kapitalının məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə (144 aya) bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1 -ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Bu səbəbdən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmur. Əlavə olaraq bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Məlumat üçün bildirilir ki, İddiaçı 01.01.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə müavinət təyin edilib və ödənilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verilməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən idddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. İş materiallarında olan: - Xətai RPİ tərəfindən 10.03.2006-cı il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1954-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır. - НЗ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı 13 noyabr 1974-cü ildən 18 noyabr 1976-cı ilədək hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus 05 mart 1972-ci il və 25 dekabr 1982-ci il tarixli əmək kitabçalarının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı- 01.03.1972-ci ildə Azərbaycan SSR Nazirlər Kabinetinin Mətbuat üzrə Dövlət Komitəsinə kuryer vəzifəsinə təyin edilmiş (Əmr № 44 29.02.1972-ci il), 06.07.1972-ci ildə ərizəsi əsasında öz xahişi ilə işdən azad edilmiş (Əmr № 150 06.06.1972-ci il), 30.10.1972-ci ildə “Qızıl Şərq” Nəşriyyatı Yığım sexinə monotip maşınında tökməçi şagirdi kimi qəbul edilmiş (Əmr 201 27.10.72-ci il), 15.12.1972-ci ildə Monotip maşınlarının 1-ci dərəcəli tökməçisi keçirilmiş (Əmr 252 30.12.72-ci il) 15.03.1973-cü ildə MO-5 üzrə 3-cü dərəcəli tökməçi keçirilmiş (Əmr № 47 30.03.73-cü il), 01.06.1973-cü ildə 4-cü dərəcəli tökməçi keçirilmiş (Əmr № 128 24.07.73-cü il), 01.02.1974-cü ildə 5-ci dərəcəli tökməçi keçirilmiş (Əmr № 22 5.02.74-cü il), 12.11.1974-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş (Əmr № 196 12.11.74-cü il), 01.02.1977-ci ildə “Qızıl Şərq” Nəşriyyatı Yığma sexinə monotipdə 5-ci dərəcə üzrə tökməçi işinə qəbul edilmiş (Əmr № 13 31.01.1977-ci il), 15.09.1977-ci ildə Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən öz istəyi ilə işdən azad edilmiş (Əmr № 143 14.09.1977-ci il), 24.02.1978-ci ildə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Sərraciyyəgönqalantereya fabriki transporterçi işinə qəbul edilmiş (Əmr № 45 27.02.1978-ci il), 01.08.1978-ci ildə öz xahişi ilə işdən azad edilmiş (Əmr № 152 09.08.78-ci il), 05.09.1978-ci ildə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Sərraciyyəgönqalantereya fabriki transporterçi işinə qəbul edilmiş (Əmr № 175 05.09.78-ci il), 21.06.1979-cu ildə Azərb. SSR ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş (Əmr № 103 21.06.79-cu il), 29.10.1979-cu ildə ŞSP Avtoparkı yuyucu vəzifəsinə qəbul edilmiş (Əmr (sər.) № 90 12.11.79-cu il), 02.07.1980-ci ildə Azərb.SSR ƏM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş (Əmr № 68/лс 02.07.80-ci il) 20.12.1982-ci ildə Azərbaycan SSR SN-nin təsərrüfat hesablı stomatoloji poliklinikası Diş texniki vəzifəsinə qəbul edilmiş (Əmr № 118 20.12.82-ci il), 05.04.2002-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 01 01.04.2002-ci il) Məhkəmənin müvafiq sorğusuna cavab olaraq; - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 7 aprel 2021-ci il tarixli BA-01293-2021 saylı məktubda göstərilmişdir ki, Azərbaycan SSR SN-nin təsərrüfat hesablı stomatoloji poliklinikasının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının 27 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin Təsərrüfat hesablı stomatoloji poliklinikası ləğv olunandan sonra arxiv sənədlər təhvil verilməmişdir. Beləliklə, göstərilən tarixlərə aid heç bir arxiv sənədi müəyyən edilməyib. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının sığorta stajının 20.12.1982-05.04.2002-ci il illərə münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi ( vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər ( konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə isə iddiaçı 01.03.1972-06.07.1972-ci il tarixlərdə Azərbaycan SSR Nazirlər Kabinetinin Mətbuat üzrə Dövlət Komitəsində, 30.10.1972-12.11.1974-cü illərdə “Qızıl Şərq” Nəşriyyatı Yığım sexində işləmiş, 13.11.1974-18.11.1976-cı illərdə hərbi xidmətdə olmuş, 01.02.1977-15.09.1977-ci illərdə “Qızıl Şərq” Nəşriyyatı Yığma sexində, 24.02.1978-01.08.1978-ci illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Sərraciyyə-gönqalantereya fabrikində, 05.09.1978-21.06.1979cü illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Sərraciyyə-gönqalantereya fabrikində, 29.10.1979-02.07.1980-ci illərdə ŞSP Avtoparkında və 20.12.1982-05.04.2002ci illərdə Azərbaycan SSR SN-nin təsərrüfat hesablı stomatoloji poliklinikasında işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasına görə iş stajı 24 (iyirmi dörd) il 2 (iki) ay 22 (iyirmi iki) gün təşkil edir. Yuxarıda sadalanan işin hallarından müəyyən olunur ki, iddiaçının hərbi xidmət (2 il 5 gün) dövrü nəzərə alınmaqla 01.01.2006-cı il tarixə qədər 25 (iyirmi beş) ildən artıq iş stajı olmuşdur. İddiaçı 05.04.2018-ci il tarixdə 63 yaş 6 ayı tamam olmaqla qanunla tələb olunan 25 il sığorta stajını toplamışdır. Şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malk olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı 20.12.1982-05.04.2002-ci illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə, həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə araşdırması zamanı da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının 27 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin Təsərrüfat hesablı stomatoloji poliklinikası ləğv olunandan sonra arxiv sənədlər təhvil verilməmişdir. Buradan da aydın olur ki, qeyd edilən Səhiyyə Nazirliyinin Təsərrüfat hesablı stomatoloji poliklinikası mövcud olmuş, fəaliyyət göstərmiş, lakin ləğv edildikdən sonra arxiv sənədləri saxlanılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 05.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-410/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-410/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver