Məhkəmə qərarları › İş №2-1(112)-410/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-410/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-410/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Əbdül İddiaçı Vahid oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Əbdül İddiaçı Vahid oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun həyətyani 634,1 k.m olan sahəsinə dair X3 məxsus olması barədə arayışın (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun həyətyani 634,1 k.m olan sahəsinə mülkiyyət hüquqlarının mərhum X3 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, texniki pasporta əsasən torpaq sahəsi atasına məxsus olmuşdur. Cavabdeh həmin pasportun arxivdə mövcud olmadığını və torpaq sahəsinin X4 ərazisində yerləşdiyinə istinad etsə də, hesab edir ki, həmin hal mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış etmir. Eyni zamanda digər imtina əsasları da mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas hesab edilmir. Rəsmi sənədlərə əsasən torpaq sahəsi uzun müddətdir ki, atasının istifadəsində olmuşdur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta dair hər hansı məlumat aşkar edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi Zirə Südçülük-Tərəvəzçilik sovxozunun ərazisidir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçınını nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Qışlaq küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair pasport X1 adına tərtib edilmişdir. Müayinə aktının surətindən görünür ki, texniki pasportdaki həyət tikililəri sökülüb, ərazidə əlavəhəyət tikililəri inşa edilib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Zirə qəsəbəsi, Qışlaq küçəsi 9 saylı fərdi yaşayış evinə dair X1 adına tərtib edilmiş texniki pasport haqqında İdarənin arxivində məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və iddiaya münasibətdə cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün aşağıdakıları gətirir:

1. Fərdi yaşayış evinə dair texniki pasport aşkar edilməməsi; 2.Torpaq sahəsinin Zirə Südçülük-Tərəvəzçilik sovxozunun ərazisində yerləşməsidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlaka dair arayışın verilməsinə maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmışdaşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvfaiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsasdır. Müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edilmişdir. Məhkəmə birinci imtina əsası ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Həmin sənədin cavabdehə məxsus arxivdə aşkar edilməməsi isə həmin sənədin mötəbərliyini istisna edən hal qismində çıxış etmir. Nəzərə alınmalıdır ki, həmin sənəd hüquqmüəyyənedici sənəd qismində çıxış edir və müqavilənin qüvvədə olduğu görünür. İddiaçının mərhum atasının adına tərtib olunmuş qeyd olunan hüquqmüəyyənedici sənəf hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun cavabdehin arxivində və ya mühafizə olunması üçün arxivə təqdim edilməməsi nə iddiaçının, nə də ki onun mərhum atasının iradə ifadəsindən asılı olmamış və onların məsuliyyət sferalarını əhatə etməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(102)-1612/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından da görünür ki, hüquqmüəyyənedici sənədin cavabdehin arxivində aşkar edilməməsi formal əsas qismində qiymətləndirilmiş və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair aşağı instansiya məhkəmələrini mövqeyi məqbul hesab etmişdir. Analoji mövqe Ali Məhkəmənin 2-1(102)-1583/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-988/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli və digər aidiyyəti qərarlarında orderlərin, müqavilə və digər hüquqmüəyyənedici sənədlərin arxivdə aşkar edilməməsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina əsası qiymətləndirilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin birinci imtina əsası formal xarakter daşıyır. Cavabdehin imtina əsası kimi göstərdiyi ikinci hala münasibətdə Məhkəmə bildirir ki, doğrudur ki, iddia olunan torpaq sahəsi keçmiş Zirə Südçülük-Tərəvəzçilik sovxozunun ərazisində yerləşir. Belə ki, məhkəmə araşdırılması zamanı təyin olunmuş tikinti texniki ekspertizasının nəticəsi olan ekspert rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi keçmiş Zirə Südçülük-Tərəvəzçilik sovxozunun ərazisi olmuş, sahənin yaxın ətraf qonşuluğunda dövlət qeydiyyatına alınmış daşınmaz əmlak obyekti olmamış, “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmuşdur. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə hazırda mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi və onun həyətyani sahəsi üzərində hər hansı şəxsin mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Cavabdeh torpaq sahəsinin keçmiş Zirə Südçülük-Tərəvəzçilik sovxozunun ərazisində yerləşməsinə istinad edərək müraciəti təmin etməsə də, 634,1 kv.m torpaq sahəsinin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda əks olunduğu nəzərə almamışdır. Məhkəmənin qənaətinə görə isə, iddia olunan fərdi yaşayış evinə dair tərtib olunmuş pasport hüquqi cəhətdən qüvvədə olduğundan və iddia olunan 634,1 kv.m torpaq sahəsi həmin pasportda əks olunduğundan, iddiaçı torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışı tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(102)-1359/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarından da görünür ki, həmin qərar oxşar sənədlər əsasında mülkiyyət hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı olmasa da, faktiki olaraq cavabdehin istinad etdiyi imtina əsası eyni olmuşdur. Belə ki, həmin mübahisə yerli icra hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib olunması ilə bağlı olmuşdur ki, cavabdeh cizginin tərtib olunmasından imtinanın torpaq sahəsinin keçmiş X4 ərazisində olması ilə əsaslandırmışdır. Lakin məhkəmənin mövqeyinə görə torpaqayırma sənədi qüvvədə olduğundan, göstərilən bu əsas həmin müraciətinin təmin edilməsindən imtina edilməsi üçün əsaslı imtina hesab olunmur. Eyni mövqeyi hazırki iddiaya münasibətdə də tətbiq olunmalıdır ki, məhkəmənin qənaətinə görə torpaq sahəsinin keçmiş X4 ərazisində yerləşməsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport əsasında iddiaçının mərhum atasının iddia olunan əmlaka yaranmış hüquqların mövcudluğunu təkzib edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən daşınmaz əmlakın mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun həyətyani 634,1 k.m olan sahəsinə mülkiyyət hüquqlarının mərhum X3 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar