Məhkəmə qərarları › İş №2-1(112)-4102/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4102/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4102/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (mütəxəssis, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış pensiya məbləğinin yenidən hesablanması, fərdi hesaba yığılmış yığımın 90% hesablanaraq həmin faiz nisbətində ona yenidən pensiya hesablanması, 2018-ci il tarixdən hesablanmamış pensiya məbləğinin hesablanaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Əmək pensiyalarının yenidən hesablanması Qaydalarının 27.1-ci maddəsinə müvafiq olaraq ona xx.xx.2006-xx.xx.2017-ci il tarixə olan dövr üçün fərdi hesabın sığorta hissəsinin 80% artırılmaqla hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29 oktyabr 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər "xxxx" ASC-də müxtəlif məsul vəzifələrdə çalışmış, sonda pensiya yaşına çatması ilə əlaqədar olaraq işdən azad olunmuşdur. 2018-ci il tarixində pensiya almaqdan ötrü müvafiq hüquqmüəyyənedici sənədlərini cavabdeh təşkilata təqdim etdiyi zaman ona qüvvədə olan qanunvericilə əsasən deyil, keçən il yəni 2017-ci il tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək haqqının sığorta baza hissəsinin 90%-i deyil 50 % hesablancağı və ona müvafiq olaraq pensiya ödəniləcəyi bildirilmişdir. Qanunları bilmədiyindən və dövlət başçısı son zamanlar apardığı uğurlu sosial pensiya layihələrinin ona da şamil ediləcəyinə inandığından pensiyasını yuxarıda qeyd edilən qaydada almaqda davam etməyə başlamışdır. Lakin bu yaxınlarda onunka eyni zamanda pensiya yaşına çıxmış və əmək haqqının baza sığorta hissəsinin ondan da az olan yaxın tanışlarının hansısa şərtlər altında yığım məbləğlərinin 50 deyil 90 % hesablanaraq onlara həmin şərtlər altında pensiya hesablandığını gördükdə cavabdeh tərəfindən aldadıldığını, hüquqlarının pozulduğunu anlamışdır. Pozulmuş hüquqlarının bərpasına dair cavabdehə yanvar ayında ərizə ilə müraciət edərək ona da yuxarıda qeyd etdiyi qaydada - yığımın 90%-nin hesablanaraq ödənilməsinə dair şikayətinin təmin edilməsini xahiş etmişdir. Uzun sürən get-gəldən sonra axır ki, mart ayının əvvəlində cavabdeh özünün xx.xx.2020-ci il tarixli cavab məktubu ilə ona standart məzmunlu izahat verərək sığorta hissəsinə yığılmış məbləğin nə üçün 90 deyil 50% hesablandığını izah edə bilməmişdir. Hesab edir ki, cavabdehin bu əməlləri onun qanunla qorunan konstitusion-sosial hüquqlarının qəsdən pozulmasına yönəldilmiş bir addımdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunaniar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Göründüyü kimi cavabdehin təbirincə deyilsə onun pensiya yaşının tamam olduğu müddət 2017-ci il tarixə təsadüf edirsə də belə artıq 2018-ci il tarixdə o, pensiyaya çıxdığı zaman fərdi hesabında yığılan vəsaitin artıq 50 deyil 90% hesablanmalı və həmin hissəyə müvafiq ona pensiya hesablanmalı idi. Əslində qeyd etdiyi artım cavabdeh tərəfindən birmənalı olaraq dəyişdirilməli idi. Lakin cavabdeh özünün cavab məktubunda belə siyasi taktik fənn işlədərək ona ərizədə qoyduğu məsələyə dair deyil, sanki arayış tipli məktub verməklə işini bitmiş hesab etmişdir. Odur ki, cavabdehin ona qarşı həyata keçiridiyi qanunsuz hərəkətlərə qanuni yolla son qoyulmasından ötrü məhkəməyə müraciət edir. Pozulmuş pensiya hüquqlarının bərpasını tələb edir. Əlavə olaraq qeyd edir ki, cavabdeh 2018-ci il tarxdən ona ödəmədiyi 40% pensiya məbləğini hesablayaraq ona ödəməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə belə dəyişiklik edilmişdir: fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 2-ci maddəsinə görə isə bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq” və “hüquqi müəyyənlik” prinsiplərinə əsasən yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Yəni pensiya kapitalının 90% ilə hesablanması məhz həmin tarixdən sonra pensiyaya çıxmış şəxslərə şamil olunur. Vətəndaşın pensiya hüququ isə xx.xx.2017-cı il tarixdə yaranır. “Əmək pensiyaları haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 17 nömrəli Qərarın 5-ci bəndinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. İddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən 80% artım istifadə olunmamış kapitala aid edilir. İddiaçı xx.xx.2018-ci il tarixdə müraciət etməsinə baxmayaraq, xx.xx.2017-ci il tarixdən (yəni hüququ yarandığı tarixdən) pensiya təyin olunduğu üçün iddiaçının pensiya kapitalının sığorta hissəsinin 80% artımla hesablanması tələbi əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Qanunun bu müddəası isə xx.xx.2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə şamil edilir. Ona görə də iddiaçıya pensiya təminatı hüququ yarandığı vaxtda, yəni xx.xx.2017-ci ildə pensiya kapitalı 50% ilə hesablanmalı idi. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1954-cü il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, **********9 saylı arayışdan görünür ki, İddiaçı 126689 №li pensiya işi üzrə yaşa görə ömürlük 821.52 (səkkiz yüz iyirmi bir man 52 qəp) manat məbləğində əmək pensiyası alır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12 fevral 2020-ci il tarixli, **********6 saylı məktubundan görünür ki, iddiaçının ərizəsinə pensiya təyinatı komissiyasında baxılmışdır. xx.xx.2017-ci ildə xx.xx.2006-cı ilə qədər 29 il 2 ay 24 gün əmək stajına və fərdi hesabının sığorta hissəsində yığılmış 66907,18 manat pensiya kapitalına görə 684,04 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda pensiyanın məbləği xx.xx.2020-ci ildən 821,52 manat təşkil edir. Məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti sorğu əsasında cavabdehdən tələb edilmiş, iddiaçıya məxsus 126689 saylı pensiya işinin surəti məhkəməyə təqdim edilmişdir. İddiaçıya məxsus pensiya işinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən verilmiş sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək 11 il 09 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 118589 manat pensiya kapitalı vardır. Pensiya işinə əlavə edilmiş pensiya miqdarının dəyişdirilməsi haqqında 16 mart 2020-ci il tarixli sərəncamdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən 1033,85 manat məbləğində pensiya hesablanmışdır. Beləliklə işdə olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya hesablanarkən pensiya kapitalının 50% məbləği nəzərə alınmışdır. Lakin iddiaçı ona pensiyanın xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklikdən sonra 19 mart 2018-ci il tarixində edilmiş müraciəti əsasında təyin edildiyini, xx.xx.2017-ci il tarixdən qüvvədən olan əmək pensiyası qanunvericiliyinin tələblərinə əsasən xx.xx.2006-xx.xx.2017-ci il tarixə olan dövr üçün fərdi hesabın sığorta hissəsinin 80% artırılmaqla hesablanmalı olduğundan pensiyanın yenidən hesablanmasını tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası pensiya hüququ yarandığı dövr qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i məbləğində, xx.xx.2017-ci il tarixdən sonrakı dövr üzrə isə qanunvericiliyin tələblərinə əsasən pensiya kapitalı 80% artırılmaqla hesablandığından, hazırda iddiaçının pensiyasının yenidən hesablanması üçün əsaslar olmadığından, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx xxxxx 1954-cü il təvəllüdlü olmaqla yaşa görə əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixdə yaranmışdır. İddiaçı ona 19 mart 2018-ci il tarixdə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etsə də, lakin onun yaşa görə əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdə yarandığından, hüququ yarandığı dövrdən ona əmək pensiyası təyin edilmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçının pensiyası hesablanarkən hüququ yarandığı dövr qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i məbləğində pensiyası hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasının 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543-VQD saylı Azərbaycan Respublikası Qanununa əsasən 1.0.8-ci maddəyə dəyişiklik edilərək, yeni redaksiyada verilmişdir və həmin redaksiya xx.xx.2017-ci il tarixdən hal-hazıradək qüvvədədir. Həmin maddəyə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinin tələbləri xx.xx.2017-ci il tarixdən sonra pensiya hüququ yaranmış şəxslərə şamil edilir. İddiaçının pensiya hüququ isə xx.xx.2017-ci il tarixdə yarandığından, ona həmin dövr qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən pensiya hesablanmış, xx.xx.2017-ci il tarixdən sonrakı dövr üzrə isə pensiya kapitalı 80% artırılmaqla ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi miqdarında pensiya hesablanmışdır. Beləliklə, iddiaçının yaşa görə əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdən yarandığından həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən ona pensiya təyin edilərək hesablandığı müəyyən edildiyindən, iddiaçının pensiyanın yenidən hesablanması üçün əsaslar olmadığından, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar