Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4103/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya “Müharibə veteranı” adının verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük Vətən müharibəsi dövründə N nömrəli hərbi hissədə MAXE çavuş kimi xidmət etmiş və həmin vaxt döyüş əməliyyatlarına cəlb olunmuş N №-li hərbi hissənin 3-cü divizionunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-il tarixədək ezamiyyətdə olmuş və döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. İddiaçının yerinə yetirdiyi döyüş atışlarının həyata keçirilməsi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməyi o, vaxt xidmət keçdiyi N №-li hərbi hissə tərəfindən tərtib olunmuş arayış-məlumatın 7-ci və 8-ci bəndlərində göstərilmişdir. İddiaçı hesab edir ki, həmin məlumatlar əsasında müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavastə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumatdan görünür ki, N nömrəli hərbi hissədə xidmət etmiş çavuş – Rabitə və idarəetmə taqımının çoxkanallı rabitə bölməsinin manqa komandiri (baş telefonçu) İddiaçı xx.xx.2020-ci il dən xx.xx.2020-ci il tarixinədək vəziyyətin istənilən şəraitində Hərbi Hava Qüvvələrinin idarə olunması üçün hər növ məlumat mübadiləsinin kabel rabitəsi və radio rabitə ilə təmini üzrə döyüş tapşırıqlarının yerinə yetirmişdir. N nömrəli zenit raket briqadasın 3-cü dvizyonun 3cü batareyasının ehtiyyat mövqeyə hərəkəti zamanı SRHÖ-16 radio hündürlükölçən stansiyası ilə maskalanma tədbirlərini manevr edərək yerinə yetirmişdir. N nömrəli zenit raket briqadasın 3-cü dvizyonun 3-cü batareyasının ehtiyyat mövqeyə hərəkəti zamanı SRHÖ-16 radio hündürlükölçən stansiyası ilə düşmənin hava hücümu vasitələrindən yayındırmaqda bir başa iştirak etmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, Hərbi Hava Qüvvələri komandının xx.xx.2020-ci il tarixli, 027 nömrəli döyüş əmri ilə xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarına cəlb olunan və döyüş tapşırığını yerinə yetirən hərbi hissə olmuşdur. N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 295 nömrəli əmrinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, 14-cü radiolokasiya bölüyünün rabitə və idarəetmə taqımının çoxkanallı rabitə bölməsinin manqa komandiri baş telefonçusu ezamiyyətə N nömrəli hərbi hissəyə (Mingəçevir şəhəri) N (on) gün müddətinə göndərilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 306 nömrəli əmrinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, 14-cü radiolokasiya bölüyünün rabitə və idarəetmə taqımının çoxkanallı rabitə bölməsinin manqa komandiri baş telefonçusunun N nömrəli hərbi hissədə ezamiyyət müddəti N (on) gün müddətinə xx.xx.2020-ci il tarixədək artırılmışdır. N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 317 nömrəli əmrinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, 14-cü radiolokasiya bölüyünün rabitə və idarəetmə taqımının çoxkanallı rabitə bölməsinin manqa komandiri baş telefonçusunun N nömrəli hərbi hissədə (Mingəçevir şəhəri) ezamiyyət müddəti N (on) gün müddətinə xx.xx.2020-ci il tarixədək artırılmışdır. N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 327 nömrəli əmrinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, 14-cü radiolokasiya bölüyünün rabitə və idarəetmə taqımının çoxkanallı rabitə bölməsinin manqa komandiri baş telefonçusunun N nömrəli hərbi hissədə (Mingəçevir şəhəri) ezamiyyət müddəti N (on) gün müddətinə xx.xx.2020-ci il tarixədək artırılmışdır. N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 347 nömrəli əmrinə əsasən 18 noyabr 2020-ci il tarixdə gəlmiş iddiaçı vəzifəsinin icrasına başlamış hesab edilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının 1-ci hissəsinin N-cu abzasında qeyd olunan ərazilərdə iddiaçının fəaliyyəti təsdiq olunmadığına görə vətəndaş İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi mümkün olmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunması ilə əlaqədar SHXÇDX-nin Xəzər rayon idarəsindən hərbi qeydiyyatdan çıxarılmışdır və hal-hazırda hərbi xidmətdədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1- ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:
1. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş olmalı;
2. bu fakt hərbi biletlər (hərbi xidmət keçməmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Məhkəmə bildirir ki, iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd – onun müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsidir. İddiaçı bu tələbini əsaslandırmaq üçün öz fəaliyyətinə dair mövcud əmrlər, arayışlar və xidməti sənədlərə istinad etmişdir. Cavabdeh tərəf isə, əks mövqe nümayiş etdirərək, iddiaçının hərbi əməliyyatlarda bilavasitə iştirakı faktının yetərli sənədlərlə təsdiqlənmədiyini və bu səbəbdən onun tələbinin hüquqi əsaslara söykənmədiyini iddia edir. Lakin məhkəmə araşdırması zamanı əldə olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçının xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmuşdur (bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir). Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı sözügedən hərbi hissənin ehtiyat mövqeyə hərəkəti zamanı SRHÖ-16 radio hündürlükölçən stansiyası ilə maskalanma tədbirlərini manevr etmək yolu ilə icra etmiş və bu kontekstdə düşmənin hava hücum vasitələrindən yayındırılmasına yönəlmiş tədbirlərdə birbaşa iştirak etmişdir. Onun gördüyü funksiyalar sırf döyüş əməliyyatlarının icrası çərçivəsində həyata keçirilmişdir. Göründüyü kimi təqdim olunmuş sənədlər əsasında müəyyən olunur kİ, iddiaçının xidməti vəzifələri sırf döyüş əməliyyatları ilə əlaqədar olmuş, bu isə onun müharibə şəraitində bilavasitə iştirak etdiyini sübut edən hüquqi və faktiki əsasların mövcudluğunu təsdiqləyir. Belə olan halda aydındır ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir. Hazirki halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov