Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4104/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: X3) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı qeyd edir ki, yaşayış sahəsində qeydiyyatda olan şəxsin qeydiyyatı formal xarakter daşıyır. Belə ki, həmin şəxs yaşayış sahəsində yaşamır. Hazırkı vəziyyətdə qeyd olunan şəxsin qeydiyyatda qalması onun hüquqlarının pozulmasına səbəb olur ki, müvafiq polis orqanı müraciəti əsassız olaraq qəbul etməmiş və həmin şəxslərin qeydiyyatdan çıxarılmasını həyata keçirməmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4408 ünvanında yerləşən bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. 36485091 nömrəli pasportun surətindən görünür ki, X1 Krallığının vətəndaşıdır. Pasportun etibarlılıq müddəti xx.xx.2026-cı il tarix kimi müəyyən olunmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X3 Azərbaycan Respublikasının vətəndaşıdır. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2033-cü il tarix kimi müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X2 ünvan 1nə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Hazırda istinad edilən bazaya əsasən Ləhiş bağ sahəsi, 4408 ünvanı ilə bağlı digər bağ sahəsinə dair sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X3 xx.xx.2023-cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4408 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi iddiaçı və üçüncü şəxs arasında qohumluq münasibətlərinin xarakterindən asılı olmayaraq inzibati məhkəmə icraatı qaydasında da Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutulmuş tələblər çərçivəsində şəxsin yaşayış sahəsində yaşamaması və istifadə hüququnun olmaması və ya itirilmiş hesab edilməsi müəyyən edilməsi mümkün olan səlahiyyət qismində çıxış edir ki, məhkəmə də üçüncü şəxsin iddiaçıya məxsus mənzildə yaşamamasını, üçüncü şəxsin digər ölkənin vətəndaşı olaraq həmin ölkədə yaşaması halını nəzərə alaraq Konstitusiya Məhkəməsinin qərarını də nəzərə almaqla hazırkı iddianın təmin edilməsi qənaətindədir. İddiaçının qızının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə iddia tələbinə münasibətdə məhkəmə aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Həmin qərarda istinad olunan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 –cü Fəslinin (Maddə 75.1 və 80.1) təhlilindən aydın olur ki, valideynlər yetkinlik yaşına çatmayan övladlarını, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludur. Hazırkı halda isə, iddiaçının övladının yetkinlik yaşına çatdığı müəyyən edilmiş, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxs olması isə müəyyən edilməmiş, üçüncü şəxsin digər ölkənin vətəndaşı olaraq həmin ölkədə uzun müddət ərzində yaşaması, həmçinin məhkəmə iclasında internet resurları vasitəsilə üçüncü şəxs ilə əlaqə yaradılması zamanı onun verdiyi izahat əsasında uzun müddət digər ölkədə yaşaması, faktiki olaraq yaşayış yeri üzrə qeydiyyata alındığı evdə heç vaxt yaşamadığı müəyyən olunmuşdur. Göründüyü kimi üçüncü şəxs valideyni olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmayan şəxs hesab edilir və onun hal-hazırda iddiaçının mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatda qalması əsası aradan qalxmışdır. Beləliklə, yuxarıda adıçəkilən mülki hüquq normalarının tələbləri ilə müəyyən edilir ki, üçüncü şəxs yaşayış sahəsinə istifadə hüququ olmayan şəxsdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu da həmin şəxsin istifadə hüququna malik olmadıqlarını bir daha təsdiq edir. Belə ki, AR MM-nin 139.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin yaşayış sahəsi ilə bağlı istifadə hüququ qeydiyyata alınmalıdır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Budan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarın qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göründüyü kimi istər, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatda olan X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-4104/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4104/2025
07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver