Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4107/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 52 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 52 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qanunsuz tikilinin sökülməsi, 20.000 (iyirmi min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 iyul 2020-ci il tarixli Qərardadı əsasında iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli 2- 1(103)-1581/2020 saylı Qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Məhkəmənin 09 iyul 2020-ci il tarixli Qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəməyə daxil olduqdan sonra iddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar növbəti məhkəmə iclası 20 may 2021-ci il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələbi baxımından məhkəmə tərəfindən iddiaçıya 08 fervral 2021-ci il tarixli məktub əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 52 saylı Mənzil Kommunal İstismar Sahəsi inzibati orqan kimi müəyyən olunmadığı, eyni zamanda iddia ərizəsində qoyulan digər tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə müvafiq ərizə ilə müraciət etməzdən əvvəl ilk öncə cavabdehlərə müraciət edilməsinə dair sübutların təqdim edilməsi, mövcud tələblə bağlı hüquqi şəxslərin ünvanının olduğu yer üzrə ümumi məhkəməyə müraciət etməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən müvafiq addım atılmamışdır. İddianın mümkünlük şərtlərinə cavab verib-verməməsini araşdırmaq məqsədilə məhkəmə iclasında iddia tələblərinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyi müəyyən edilmədiyindən, bununla da, iddia tələblərinin təmin edilməsinə dair iddia tələbi irəli sürülsə də, bu iddia tələbləri ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələbləri ilə yekun məhkəmə aktı ilə hansı hüquq və vəzifələrin müəyyən edilməsinin ifadə edilməsini aydınlaşdırmaq mümkün olmadığından, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) qəbul etmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Hazırki iddia tələbləri üzrə iddiaçı cavabdehlər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 52 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı qanunsuz tikilinin sökülməsi, 20.000 (iyirmi min) manat maddi və mənəvi ziyanın ödənilməsi barədə irəli sürdüyü tələblərin təmin edilməsini xahiş etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddia müxtəlif tələblərdən ibarət olmaqla, müxtəlif cavabdehlərə yönəlməklə prosessual həmiştirakçılığın tələblərinə cavab verməməklə yanaşı, həmçinin iddia ərizəsində qoyulan tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə müvafiq ərizə ilə müraciət etməzdən əvvəl ilk öncə cavabdehlərə müraciət edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbinin yönəldiyi hüquqi şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 52 saylı Mənzil Kommunal İstismar Sahəsi inzibati orqan kimi müəyyən edilməməkdədir. Məhkəmə o cümlədən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən apelyasiya şikayətinə əlavə edilmiş Bakı şəhər Nəsimi rayon icra hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanan 24 aprel 2020-ci il tarixli cavab məktubunun məzmunundan müəyyən edilir ki, MKTB tərəfindən iddiaçının məhkəmədə qaldırmış olduğu tələblə bağlı deyil, onun digər, mənzilində təmir işlərinin aparılması ilə bağlı yaranmış problemləri barədə müraciəti ilə əlaqəli olmuşdur. Məhkəmə iclasında iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi, hazırkı iddia tələbi ilə bağlı cavabdehə müraciət edilməsini təsdiq edən əsaslı sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı tərəfindən işə qaldırdığı iddia tələbi məzmunuda baxılmasının davam etdirilməsi qeyd edilmiş, həmçinin hazırkı iddia tələbi ilə bağlı cavabdeh orqanlara müraciət etməsini təsdiq edən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikası İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Beləliklə məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırki iddia ərizəsində qoyulan tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə müvafiq ərizə ilə müraciət etməzdən əvvəl ilk öncə Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 52 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət edilməsi və cavabdehlər tərəfindən ərizənizin təmin edilməsindən imtina edilməsi iş materialları ilə müəyyən edilmədiyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdehlər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 52 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbləri üzrə iddia ərizəsi mümkünlük şərtlərinə əməl edilməməklə verildiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 52 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı qanunsuz tikilinin sökülməsi, 20.000 (iyirmi min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4107/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4107/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver