Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4108/2022 12.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qıznın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun verilməsi tələbinə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin “Vergi işinin təşkili” fakultəsini bitirməyi ilə bağlı təhsil haqqında dövlət sənədinin-diplomun verilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin “Vergi işinin təşkili” fakultəsinə daxil olmuşdur. Bütün imtahanlardan müvəffəqiyyətlə keçərək, 2009-cu ildə həmin ali təhsil müəssisəsini bitirmişdir. 2009-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmış, 18.10.2010-cu ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmət müddətinin bir il olmasına səbəb də Azərbaycan Beynəlxalq Universitetinin 16.06.2010-cu il tarixli, 5/1657 saylı arayışı olmuşdur. Həmin arayışda dövlət imtahanlarını müvəffəqliyyətlə verməyi, İmtahan Komissiyasının əmr N 3/09-333 (30.06.2009) qərarı ilə “Vergi işinin təşkili” fakultəsinin əyani şöbəsinin tam kursunu bitirməyi və ona Ali peşə üzrə Bakalavr dərəcəsinin verildiyi öz əksini tapmışdır. Lakin həqiqi hərbi xidməti başa vurduqdan sonra diplomun verilməsi üçün Azərbaycan Beynəlxalq Universitetinə müraciət etmək istədikdə həmin təhsil müəssisəsinin ləğv olunması barədə məlumat almışdır. Məlum olmuşdur ki, 2010-cu ilin sentyabr ayının 1-də təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb. Əmrdə qeyd olunur ki, Azərbaycan Beynəlxalq Universiteti 1997-ci il oktyabrın 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 nömrəli qərarı ilə ilk dəfə lisenziya verilib. Universitet 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb. Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş 30.06.2005-ci il tarixli, 003283 №-li xüsusi razılığın (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul olunub. Eləcə də universitet rəhbərliyinə 01.09.2010-cu il tarixə qədər ali məktəbdə təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatı 10 gün müddətində hazırlayıb Təhsil Nazirliyinə təqdim etmək tapşırılıb. Həmçinin Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə bu ali məktəbə qəbul olunub hal-hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkliflər hazırlamaq barədə tapşırıq verilib. Nəticə etibarı ilə müəyyən olunmuşdur ki, sözügedən təhsil müəssisəini bitirən şəxslərə diplomun verilməsi səlahiyyəti və vəzifəsi Azərbaycan Respublikası Təhsil Naziriliyinə aiddir. Bununla bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməyinə baxmayaraq, müsbət cavab almamışdır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.07.2021-ci il tarixli, X-7925/31-24 saylı imtina məktubu ilə ona bildirilmişdir ki, “Təhsil Nazirliyinə ünvanladığınız (11.06.2021, X- 7925) ərizənizə cavab olaraq bildiririk ki, ABU-nun Nazirlikdə olan arxivində Sizin adınıza yazılmış diplom aşkarlanmadı”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydasının 4.4-cü bəndinə əsasən Ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. Eyni zamanda bildirməyi zəruri hesab edir ki, 12.04.2013-cü ildə vergi orqanlarında büdcədənkənar fond hesabına müfəttiş vəzifəsinə qəbul edilmişdir. Hal-hazırda da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Sahə Təhkimçiliyi İdarəsinin Təşkil şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləyir. Həmçinin məlumat üçün bildirir ki, 21.09.2021-ci il tarixdən yenidən hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsində Füzuli-Cəbrayıl-Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Diplom ala bilmədiyi üçün dövlət vergi orqanlarında ştat üzrə işlə təmin oluna bilmir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2005-ci ildə ABU-ya qəbul olunmuş və 2009-cu ildə “Vergi işinin təşkili” fakültəsini bitirmişdir. Lakin onun adına diplom blankı yazılmamış və ona diplom verilməmişdir. İddiaçıya diplom blankının verilməsi barədə Təhsil Nazirliyinə müraciət etmiş və inzibati orqan 13.07.2021-ci il tarixli, X-7925/31-24 saylı məktubla onun adına blankın verilməsindən imtina etmişdir. İddiaçı ABU-da təhsil aldığını nəzərə alaraq, cavabdeh tərəfindən ona diplom blankının verilməsini məhkəmə qaydasında tələb etmişdir. Hesab edirlər ki, iddia tələbinin dəlilləri əsassız və qanunsuz olduğundan onun tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı 2007-ci ildə Ukraynanın ali təhsil müəssisəsindən Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Eyni zamanda Təhsil Nazirinin 07.08.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamədə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığı ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır. Ona görə də Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” 05.02.2001-ci il tarixli, 96 saylı əmr imzalanmışdır. Sonradan Təhsil Nazirliyinə çox saylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə Təhsil Nazirinin 28.01.2002-ci il tarixli, 80 nömrəli əmri olmuşdur. Həmin əmrin lll bəndinə görə qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra icazə verilməsi öz əksini tapmışdır. Bu əmrin V bəndinə görə Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirliyinin təhsil müəssisələrinə ünvanladığı 06.08.2007-ci il tarixli, 46-03-4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb, Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Tələbənin köçürülməsi barədə Təhsil Nazirliyinin rəsmi razılığı olduğu halda, universitet rəhbərliyi tərəfindən köçürülən şəxsin tələbələr sırasına daxil olunması əmrləşdirilə bilərdi. İddiaçının sənədləri araşdırılmış və məlum olmuşdur ki, o xarici ölkənin ali təhsil müəssisəsindən Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüş və 2009-cu ildə ABU-nu bitirmişdir. Lakin təhsilini başa vurmasına baxmayaraq, onun adına diplom blankı yazılmamışdır. İş üzrə İddiaçı Təhsil Nazirliyinin razılığı olmadan ABU-ya köçürüldüyündən nazirlik tərəfindən onun adına diplom blankı sifariş edilməmişdir. Habelə bildirirlər ki, iddiaçı qanunsuz köçürüldüyündən ABU tərəfindən təqdim edilən 2009-cu ilin məzunlarının siyahısında onun adı qeyd edilməmişdir. 2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirliyə təqdim olunan ABU-nun arxiv sənədlərində onun adına yazılmış diplom blankı aşkar edilməmişdir. Yuxarıda qeyd edilən Əsasnamənin tələblərinə uyğun olaraq, yalnız Təhsil Nazirliyinin razılığı əsasında ali təhsil müəssisələrinə köçürülən tələbələrin adına diplom blankı sifariş edilmişdir. ABU-ya qanunsuz köçürülən tələbələrin adları “Tələbə-məzun” X1 Bazasına yerləşdirilməmişdir. Sənədlərdən göründüyü kimi iddiaçının köçürülməsinə TN-yi tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında heç bir problem olmazdı. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən saxtalaşdırılaraq rəsmiləşdirilmişdir. Təhsil Nazirliyi tərəfindən ali təhsil haqqında diplom blankı təhsil qanunvericiliyinə uyğun olaraq ali təhsil müəssisəsinə qəbul olan və müəssisəni uğurla başa vuran məzunlara verilir. Qeyd olunan normativhüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının ABU-ya köçürülməsi barədə sənədlər təhsil müəssisəsi tərəfindən qanunsuz yolla tərtib edildiyindən onun iddia tələbi rədd edilməlidir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Azərbaycan Beynəlxalq Universitetinin “Vergi işinin təşkili” fakültəsini bitirməyi ilə bağlı təhsil haqqında dövlət sənədinin-diplomun verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması barədə” iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş 16.06.2010-cu il tarixli, 5/1657 nömrəli arayışın surətindən görünür ki, İddiaçı dövlət imtahanlarını müvəffəqiyətlə vermiş və imtahan komissiyasının 3/09-333 saylı, 30.06.2009-cu il tarixli qərarı ilə “Vergi işinin təşkili” fakultəsinin əyani şöbəsinin tam kursunu bitirmişdir və ona Ali peşə üzrə Bakalavr dərəcəsi verilmişdir. Arayış N saylı hərbi hissəyə təqdim etmək üçün verilir. - Azərbaycan Respublikası Saatlı rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 05.10.2009-cu il tarixli, AO ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 05.10.2008-10.2010-cu illərdə hərbi xidmətdə olmuş, 21.09.2020-ci ildə Yasamal rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış, 25.12.2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtuyata buraxılmışdır. N nömrəli hərbi hissənin tərkibində Fizuli, Xocavənd və Cəbrayıl istiqamətlərində iştirak etmişdir. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 13.07.2021-ci il tarixli, X-7925/31-24 nömrəli məktubdan görünür ki, ərizəsinə cavab olaraq bildirilir ki, ABU-nun Nazirlikdə olan arxivində onun adına yazılmış diplomun aşkarlanmamışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 28.02.2022-ci il tarixli, 18-18-19/12 nömrəli məktubdan görünür ki, “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında İddiaçı qəbulu ilə bağlı məlumat aşkar edilməmişdir. Əlavə olaraq onu da bildirirlər ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmişdir. Həmin siyahıda İddiaçı adı mövcud deyildir. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 10.12.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 2005-ci ildə keçirilmiş ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etməmişdir. Fəaliyyəti 2010-cu ildə dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulu ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1998-ci ildən həyata keçirilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. - 26.2-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 26.4-cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır. - 29.0.9-cü maddəsinə əsasən peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulunu müəyyənləşdirmək dövlətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş və 21 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş “Ali təhsil müəssisəsi haqqında” Əsasnamənin: - 11-ci bəndinə əsasən dövlət ali təhsil müəssisələrində vətəndaşlar pulsuz təhsil almaq hüququna malikdirlər, həmin tədris müəssisələrində əlavə pullu təhsil qrupları da yaradıla bilər. Qeyri-dövlət ali təhsil müəssisələrində vətəndaşlar ödənişli və ödənişsiz təhsil ala bilərlər. Həmin müəssisələrdə ödəniş haqqının miqdarı onların rəhbərliyi tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasında ali məktəblərə tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. - 14-cü bəndinə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş və 15 yanvar 2019-cu il tarixədək qüvvədə olmuş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.1-ci bəndinə əsasən ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsili və orta ixtisas təhsili olan şəxslər, magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər ixtisasın və təhsil müəssisəsinin sərbəst seçimi əsasında, müsabiqə yolu ilə, müəyyən olunmuş qaydada qəbul oluna bilərlər. Azərbaycan Respublikasında tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Məhkəmə araşdırılması zamanı İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada ali təhsil müəssisəsinə daxil olması, orada təhsil alması və oranı bitirməsi müəyyən edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş 16.06.2010-cu il tarixli, 5/1657 nömrəli arayışı isə digər əsaslı sənədlərlə təsdiqini tapmadığından təhsil müəssisəsinə daxil olmasının və təhsil almasının qanuniliyini təsdiq edən sübut kimi qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur . "Mahmudov Rusiyaya qarşı iş üzrə" İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 26.07.2007-ci il tarixli qərarında isə məhkəmə qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq affırmamti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya qanuni əsaslarla qəbul edilmiş, təhsilini başa vurmuş tələbələrlə eyni statusla yanaşılması “İnzibati icraata haqqında” Azərbaycan Respublikası 12.3-ci maddəsinin tələblərinə də zidd ola bilərdi. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4108/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4108/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver