Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4109/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1974-1978-ci illərdə təhsil müddətinin və əmək kitabçasında göstərilmiş 1993-2005-ci illərin sosial sığorta stajına sayılaraq 64 yaşının tamam olduğu gündən əmək pensiyasının təyin olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.09.1974-cü il tarixdə Ü.Hacıbəyov adına X7 Musiqi Məktəbinə daxil olmuşdur. 04.06.1975-ci il tarixdən 14.06.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra təhsilini davam etdirərək, 20.06.1978-ci il tarixdə həmin məktəbi bitirmişdir. 31.08.1978-ci il tarixdən Yardımlı rayon 7 illik Uşaq Musiqi Məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Həmin gündən onun adına İT-İ№0630498 nömrəli əmək kitabçası açılmışdır. Bir neçə dövlət müəssisəsində çalışmış, 01.02.1993-03.03.1993-cü il tarixədək “Odlar yurdu birjası” kiçik müəssisəsində, 15.03.1993-25.04.1995-ci il tarixədək "xxxx" şirkətində, 01.05.1995- 31.12.1998-ci il tarixədək “Tərlan-A” firmasında, 03.01.1999-20.10.2005-ci il tarixədək "xxxx" MMC-də işləməklə 29 ildən artıq sosial sığorta stajı toplamışdır. 15.02.2019-cu il tarixdə 64 yaşı tamam olduğundan müvafiq sənədləri toplayıb ona əmək pensiyası təyin olunması üçün 5 saylı ASAN Xidmət mərkəzinə müraciət etmişdir. Lakin hazırkı cavabdehin ona ünvanlanmış 11.03.2019-cu il tarixli məktubunda məsələnin həllindən imtina etmişdir. Məktubda bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasının təyin olunması, pensiya sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 4.2.7-ci bəndində zəruri hesab olunan hallarda sənədlərin yerində yoxlanılması göstərilmişdir. Onun 1993-2005-ci illərdəki əmək stajı yerində qarşılıqlı yoxlanıla bilmədiyindən, həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Tələb olunan əmək stajı olmadığından və fərdi hesabda toplanan pensiya kapitalı minimum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən onun (ərizəçinin) yaşa görə əmək pensiyası hüququ yoxdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, vətəndaşa əmək pensiyası əmək kitabçasına əsasən təyin edilir. Buna baxmayaraq, yuxarıda qeyd edildiyi kimi onun adına əmək kitabçası açılmış və ümumi sosial sığorta stajı 29 ildən yuxarıdır. Cavabdeh iddia tələbinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaşına (01.07.2018-01.07.2019-cu illər üçün) çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə, azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasının təyin olunması, pensiya sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 4.2.7-ci bəndinə əsasən zəruri sayılan hallarda əmək stajının yerində qarşılıqlı araşdırılması və yoxlanılması həyata keçirilir. İddiaçı əmək kitabçasında qeyd olunan 25 aprel 1995-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək "xxxx" KM və 2 yanvar 1999-cu il tarixdən 20 oktyabr 2005-ci il tarixədək "xxxx" MMC-dəki əmək stajının yerində qarşılıqlı araşdırılması mümkün olmadığından, həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyil. Qeyd olunanları nəzərə alınaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2-1(82)- 3363/2019 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı onun əmək kitabçasında göstərilən 1974-1978-ci illərdəki təhsil və hərbi xidmət dövrü və 1 fevral 1993-cü il tarixdən 3 mart 1993-cü il tarixədək “Odlar yurdu birjası” kiçik müəssisəsində, 15 mart 1993-cü il tarixdən 25 aprel 1995-ci il tarixədək "xxxx" şirkətində, 1 may 1995-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək “Tərlan-A” firmasında, 3 yanvar 1999-cu il tarixdən 20 oktyabr 2005-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövr sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1077/2020 №-li, 28.07.2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2-1(82)-3363/2019 nömrəli qərarı ləğv edilmiş, inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iddiaçl İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 04.06.1975-ci ildən 07.06.1977-ci ilə qədər (2 il 0 ay 4 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - 20.06.1978-ci il tarixli, 047019 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1974-cü ildə Ü.Hacıbəyov adına X7 musiqi məktəbinə daxil olmuş və 1978-ci ildə həmin məktəbi tar ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 20.06.1978-ci il tarixli qərarı ilə ona 7 illik musiqi məktəbində müəllim ixtisası verilmişdir. - İddiaçı məxsus İT-İ ******* nömrəli, 31.08.1978-ci il tarixli əmək kitabçasının azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 31.08.1978-ci ildən 11.11.1980-ci ilə qədər Yardımlı rayon 7 illik uşaq müsiqi məktəbində tar şöbəsinə ixtisas müəllimi (2 il 2 ay 11 gün), 10.12.1980-cı ildən 02.02.1981-ci ilə qədər Azərbaycan SSR Rəngli metallurqiya idarəsində 1-ci dərəcəli alətçi (intrumentçi) çilingər (1 ay 23 gün), 01.03.1981-ci ildən 25.08.1981-ci ilə qədər ödənişli gitaristlər kursunun müəllimi (5 ay 25 gün), 01.09.1981-ci ildən 01.09.1992-ci ilə qədər elektrik gitara sinifi üzrə dərnəyin rəhbəri (11 il 1 gün), 01.02.1993-cü ildən 03.03.1993-cü ilə qədər “Odlar yurdu birjası” kiçik müəssisəsində satıcı (1 ay 3 gün), 15.03.1993-cü ildən 25.04.1995-ci ilə qədər "xxxx" şirkətində satıcı (2 il 1 ay 11 gün) , 01.05.1995-ci ildən 31.12.1998-ci ilə qədər “Tərlan-A” firmasında anbardar (3 il 8 ay 1 gün), 03.01.1999-cu ildən 20.10.2005-ci ilə qədər "xxxx" MMC-də anbardar (6 il 9 ay 18 gün) vəzifələrində işləmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11.03.2019-cu il tarixli, **********6 nömrəli cavab məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən zəruri sayılan hallarda əmək stajının yerində qarşılıqlı araşdırılması və yoxlanılması həyata keçirilir. İddiaçının 1992-2005-ci illərin əmək stajı yerində qarşılıqlı yoxlanıla bilmədiyi üçün həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Tələb olunan əmək stajı olmadığından və fərdi hesabında toplanan pensiya kapitalı minimum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən onun yaşa görə əmək pensiyası hüququ yoxdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 4/355 №-li, 19.02.2021-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan "xxxx" şirkətinin, "xxxx" firmasının və "xxxx" MMC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********32900 №-li, 23.02.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, idarədə olan reyestrdə "xxxx" Şirkəti adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilir. Bundan əlavə bildirilmişdir ki, idarədə olan reyestrə əsasən "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" Firmasının (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) qeydiyyat qovluğunda olan sənədlər göndərilir. Eyni zamanda bildirilmişdir ki, 19.02.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" Firmasının 30.04.1997-ci il tarixdən vergi uçotunda olması, fəaliyyətinin 06.04.2005-ci il tarixdən 01.04.2014-cü il tarixədək və 21.01.2015-ci il tarixdən 20.01 2020-ci il tarixədək dayandırılması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.07.2004-cü il tarixdən vergi uçotunda olması, fəaliyyətinin 24.02.2011-ci il tarixdən 24.02.2016-cı il tarixədək dayandırılması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.05.2015-ci il tarixdən vergi uçotunda olması və fəaliyyətinin 22.07.2015-ci il tarixdən 22.07.2020-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda hüquqi şəxslərin fəaliyyəti aktiv vəziyyətdədir. - Qeyd olunan məktuba əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 23.04.2003-cü ildə dövlət qeydiyyatına alınaraq nizamnaməsi təsdiq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 18.01.1995-ci il tarixdə, 421 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Reyhan-2” heyvandarlıq və kənd təsərrüfatı məhsulları istehsalı kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. "xxxx" MMC-nin nizamnaməsi 21.12.2005-ci ildə təsdiq edilmişdir. "xxxx" Firması 03 yanvar 1995-ci ildə dövlət qeydiyyatına alınmışdır. - REYHAN MMC tərəfindən məhkəməyə ünvanlanan 020 №-li, 17.06.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilk dəfə "xxxx" kimi 24.04.2017-ci ildə MMC olaraq Dövlət Qeydiyyatından keçmişdir. Təsisçinin 30 yanvar 2019-cu il tarixli qərarına əsasən MMC-nin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmış, 04.02.2019-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfındən X5 təqdim olunmuşdur. Cəmiyyətin hüquqi adı dəyişsə də, təsisçi (X4) və VÖEN dəyişməz olaraq (**********) qalmışdır. Cəmiyyəti təsis olunduğu gündən bu günə qədər hazır yeməklərin çatdırılması ilə məşğul olur. Bir daha bildirilir ki, şirkətin adı "xxxx" MMC deyil, fəaliyyət sahəsi kənd təsərrüfatı, heyvandarlıq məhsullarının istehsalı, satışı, barter üzrə malların mübadiləsi deyildir, cəmiyyətində İddiaçı adlı şəxs işləməmişdir və ümumiyyətlə 15.03.1993-25.04.1995-ci illər tarixlərində cəmiyyəti mövcud olmamışdır. Hüquqi adları və qeydiyyat rayonları bənzər olduğu və bu sıradan anlaşılmazlıq yarandığına görə təssüf hissı keçirmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddəni qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki:
1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun;
2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun və ya 25 il sığorta stajına malik olsun. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin məzmun baxımından quruluşu onu ehtiva edir ki, bu növ işlərə baxılarkən işin hallarının araşdırılmasına, dispozisiya şərtlərinin həmin normada düzülmüş ardıcıllığına uyğun başlanmalıdır. Əvvəlcə iddiaçının pensiya yaşına çatması, sonrakı addımda iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, pensiya kapitalı az olduqda isə iddiaçının zəruri sığorta stajının olması müəyyən olunmalıdır. İddiaçı xx.xx.1955-ci il tarixdə doğulması, 15.02.2019-cu il tarixdə 64 yaşının tamam olması işin mübahisəsiz hallarıdır. Cavabdeh inzibati orqan iddiaçının pensiya təyin edilməsi barədə müraciətindən imtina edərkən onun 1992-2005-ci illər üzrə əmək stajının qarşılıqlı yoxlanıla bilməməsini əsas gətirsə də, iddia tələbinə etirazında iddiaçının 25 aprel 1995-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək "xxxx" KM və 2 yanvar 1999-cu il tarixdən 20 oktyabr 2005-ci il tarixədək "xxxx" MMC-dəki əmək stajının yerində qarşılıqlı araşdırılması mümkün olmadığından, həmin illərin sığorta stajına daxil edilməsinin qanunvericiliklə mümkün olmadığını bildirmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın mübahisələndirdiyi hal iddiaçının əmək kitabçasında qeyd edilmiş 25 aprel 1995-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək "xxxx" KM və 2 yanvar 1999-cu il tarixdən 20 oktyabr 2005-ci il tarixədək "xxxx" MMC-dəki işlədiyi dövrlərlə bağlıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.6-cı bəndinə əsasən qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı ildən) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Məhkəmə araşdırılması zamanı iddiaçının əmək kitabçasında qeyd olunan “Tərlan-A” firmasının 30.04.1997-ci ildə, "xxxx" MMC-nin isə 14.07.2004-cü ildən vergi uçotunda olması, "xxxx" Şirkətinin isə ümumiyyətlə mövcud olmaması müəyyən edilmişdir. Bundan əlavə iddiaçının əmək kitabçasının 14-cü qeydində iddiaçının "xxxx" firmasında anbardar vəzifəsinə təyin olunması qeyd olunsa da onun həmin vəzifəyə təyin olunmasını və işdən azad olunmasının təsdiq edən imzanın kimə məxsus olması (ad, soyad, ata adı) barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının: - 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. - 3.2-ci bəndinə əsasən əmək kitabçasının “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. - 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. - 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiq üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq edilməlidir. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında 01.05.1995-ci ildən 31.12.1998-ci ilə qədər “Tərlan-A” firmasında anbardar, 03.01.1999-cu ildən 20.10.2005-ci ilə qədər "xxxx" MMC-də anbardar işlədiyi qeyd olunsa da həmin dövrlərdə işlədiyi müəssisələr qeydiyyata alnmadığından, həmçinin həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin müddətlər sığorta stajına daxil edilə bilməz. Belə olan halda İddiaçı 25 ildən az (19 il 10 ay 5 gün) sığorta stajına malik olduğundan, həmçinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova