Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4109/2022 18.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar ünvan 3 ünvanında qeydiyyatsız yaşayırlar. Həmin ünvanda yaşadıqları üçün həmin evə qeydiyyata düşmək istəyirlər. Bu məqsədlə onlar ərizə ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət ediblər. Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi xx.xx.2021-ci il tarixli, 073-340642B-3221 saylı məktubla imina etmişdir. İmtina məktubu ilə bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunmuş, məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədləri cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icrraatına cəlb edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan və üçüncü şəxs müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh inzibati orqan məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA3724445 №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1978-ci ildə Kəlbəcər rayonu, Pirkəməvənd kəndində doğulmuş İddiaçı1 ünvan 5 ünvanında qeydiyyatdadır. AA3770936 №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı2 ünvan 5 ünvanında qeydiyyatdadır. Hazırkı tələblə bağlı İddiaçı1 ərizəsinə Bakı şəhər Sabunçu rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 073-40642B-3221 №li cavab məktubunda qeyd edilmişdir ki, onun və ailə üzvlərinin ünvan 3 ünvanına qeydiyyata alınmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığıları ünvana mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və icarə müqaviləsi, eləcədə qanunverivilikdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. Qeyd olunan sənədlər təqdim edilmədiyi halda məhkəmə orqanlarına mürəciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş; - xx.xx.2022-ci il tarixli 018-4726-1222 saylı məktubda qeyd olunmuşdur ki, ünvan 6 ünvanında xx.xx.1997-ci il təvəllüdlü X2 yaşayış yeri üzrə qeydiyyatdadır. - xx.xx.2022-ci il tarixli 018-8044-1222 nömrəli məktubundan görünür ki, X4 xx.xx.2014-cü il tarixdən ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********74 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 6 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 2/18 nömrəli məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsindəki özbaşına tikilidə qeydiyyatsız olaraq yaşayırlar. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 073-14933-1222 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumatların məhkəməyə təqdim olunması Sabunçu RPİ-nin QMB-nin səlahiyyətlərinə daxil deyildir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçıların qeydiyyata düşmək istədikləri ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədləri olmadığına görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. Məhkəmə araşdırması zamanı ünvan 6 ünvanında xx.xx.1997-ci il təvəllüdlü X1 yaşayış yeri üzrə qeydiyyatda olmasının müəyyən olunmasına gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sonuncunun qeydiyyatda olduğu ünvan iddiaçıların iddia etdiyi ünvanla eynilik təşkil etsə də, araşdırma zamanı X1 iddiaçıların yaşadığı yaşayış sahəsində deyil, eyni ərazidə yerləşən başqa bir yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən olunmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar - İddiaçı1 və İddiaçı2 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4109/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4109/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver