Məhkəmə qərarları › İş №2-1(112)-4109/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4109/2025

08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4109/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1954-cü il təvəllüdlüdür. НЗ ******* nömrəli hərbi biletə əsasən, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək hərbi xidmətdə olmuşdur. (2 il 21 gün) ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1971-cı ildən xx.xx.1972-cı il tarixədək (4 ay 24 gün), xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək (9 ay 19 gün), xx.xx.1975-ci ildən xx.xx.1995-ci tarixədək (19 il 5 ay), xx.xx.1999-cu ildən xx.xx.2001-cı il (1 il 11 ay 3 gün) tarixədək Abşeron quraşdırma İdarəsində çilingər, quraşdırıcı işləmişdir. xx.xx.1996-cı ildən xx.xx.1997-ci il tarixədək (10 ay 28 gün), xx.xx.1997-dən ildən xx.xx.1998-ci il tarixədək (1 il 1 ay 10 gün), xx.xx.2002-ci ildən xx.xx.2002-ci il tarixədək (4 ay) Rusiya Federasiyasında işləmişdir. xx.xx.2003-cü il ildən xx.xx.2005-ci il tarixədək (2 il 1 ay 29 gün) Azfen B.M-də 5-ci dərəcəli quraşdırıcı işləmişdir. xx.xx.2005-cı il ildən xx.xx.2005-ci il tarixədək (4 ay gün) “PSL Energy Servisez LTD' şirkətində işləmişdir. Arayışa əsasən xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (1 il 5 ay 4 gün) 518 saylı Tikinti Quraşdırma qatarında 4-cü dərəcəli quraşdırıcı, xx.xx.1998-ci ildən xx.xx.1999-cu il tarixədək (1 il 23 gün) həmin təşkilatda 5-ci dərəcəli quraşdırıcı işləmişdir. İddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə əmək pemsiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin 8 oktyabr 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “...Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X1 haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “X1 haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla sizə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “X1 haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X1 haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə kişilər üçün 57 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, sizə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 55 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”. İddia tələbi və tələbin əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1997-ci ilədək 12 il 6 aydan artıq xüsusi, 25 ildən artıq ümumi iş stajının olması nəzərə alınaraq, 55 yaşının tamam olduğu xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya təyinatı aparılarkən xx.xx.2009-cu ildən əvvəlki 24 ay üzrə orta aylıq əmək haqqına əsasən hesablanması, yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2010-cu il tarixədək qüvvədə olan bəndlərinə əsasən güzəştli şərtlərlə pensiya yaşı 55 idi. Bundan əlavə, həmin tarixədək pensiya məbləği hesablanarkən vətəndaşın 2004- 2005-ci illər üzrə orta aylıq məbləğinə istinad edilirdi. Ona pensiya təyinatı xx.xx.2011-ci il tarixindən aparıldığı üçün hesablamada hüquqpozma halı müəyyən edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ünvanladığı cavab məktubunda 55 yaşının tamamlandığı tarixdən hüququnun olmadığını bildirmişdir. Bu cavabı tamamilə yanlış hesab edir. Çünki xx.xx.2006-dək kifayət qədər həm ümumi stajı, həm də zərərli stajı vardır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 26 il 8 ay 23 gün (xx.xx.1971-xx.xx.1972-ci il, xx.xx.1972-xx.xx.1974-cü il, xx.xx.1974-xx.xx.1975-ci il, xx.xx.1975- xx.xx.1995-ci il, xx.xx.1999-xx.xx.2001-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 14 il 4 ay 23 gün (xx.xx.1980-xx.xx.1995-ci il tarixləri arasındakı dövr) təşkil edir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.1997-ci il tarixinədək iddiaçının ümumi iş stajı 22 il 7 ay 23 gün (xx.xx.1971-xx.xx.1972-ci il, xx.xx.1972-xx.xx.1974-cü il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1974-xx.xx.1975-ci il və xx.xx.1975-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 14 il 4 ay 23 gün (xx.xx.1980-xx.xx.1995-ci il tarixləri arasındakı dövr) təşkil edir. Mərkəzi Filiala təqdim olunan 5 iyun 1972-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996-xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində Rusiya Federasiyasında işlədiyi qeyd olunub. Araşdırma zamanı məlum olmuşdur ki, həmin qeydlərdəki məlumatlar möhür və rəhbər şəxsin imzası ilə təsdiq edilməmişdir. Buna görə də, adıçəkilən şəxsin qeyd edilən dövrlər ərzində işləməyinə əsaslı şübhələr yaranır. Bundan başqa, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilənin təsdiqi haqqında X2 əsasən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında imzalanmış Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə təsdiqlənib, həmçinin müqavilə hər iki ölkə tərəfindən ratifikasiya olunub. Lakin müqavilənin tərəflər arasında praktik işləkliyi onun tətbiqinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında inzibati razılaşma imzalanmayıb. Göstərilən səbəblərdən də, xx.xx.1996xx.xx.1997-ci il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. İddia tələbinin “pensiya təyinatı aparılarkən pensiyanın xx.xx.2009-cu ildən əvvəlki 24 ay üzrə orta aylıq əməkhaqqına əsasən hesablanması" hissəsinə münasibətdə bildirlir ki, Qanunun 27-ci maddəsinin xx.xx.2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əməkhaqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Həmin tarixdən qanunvericilikdə edilmiş dəyişikliklə əlaqədar xx.xx.2010-cu il tarixdən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (xx.xx.2006-cı il tarixdən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanmasına başlanılmışdır. Belə ki, həmin maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006cı il tarixdən sonrakı dövrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçıya Qanunun 9.8-ci maddəsinə əsasən 57 yaşının tamam olduğu 9 iyun 2011-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qanunun tələblərindən də aydın olduğu kimi iddiaçıya pensiya təyin edilərkən təyin edilmiş pensiyanın xx.xx.2009-cu ildən əvvəlki 24 ay üzrə orta aylıq əməkhaqqına əsasən hesablanması mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 55 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olunur ki, iddiaçının iddia tələbi qanunsuz və əsassız, cavabdehin imtinası isə qanuni və əsaslı olmuşdur.. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə çəlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.1997-ci ilədək 12 il 6 aydan artıq xüsusi, 25 ildən artıq ümumi iş stajının olması nəzərə alınaraq, 55 yaşının tamam olduğu xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya təyinatı aparılarkən xx.xx.2009-cu ildən əvvəlki 24 ay üzrə orta aylıq əmək haqqına əsasən hesablanması, yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. xx.xx.2007-ci ilədək qüvvədə olmuş “X1 haqqında” Qanunun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: c) kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən maddələrin məzmunundan aydın olur ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.1997-ci ilə qədər azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 altı ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. İşin mübahisələndirilməyən hallarına görə xx.xx.1997-ci ilədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıqdır. Hazırkı işin mübahisəli halı iddiaçının xx.xx.1997-ci ilədək 25 il ümumi iş stajının olmasıdır. İddiaçının xx.xx.1996-xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı Rusiya Federasiyası işlədiyi dövrlər cavabdeh tərəfindən mübahisələndirilir və cavabdeh qeyd edir ki, araşdırma zamanı məlum olmuşdur ki, həmin qeydlərdəki məlumatlar möhür və rəhbər şəxsin imzası ilə təsdiq edilməmişdir. Buna görə də, adıçəkilən şəxsin qeyd edilən dövrlər ərzində işləməyinə əsaslı şübhələr yaranır. Bundan başqa, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilənin təsdiqi haqqında X2 əsasən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında imzalanmış Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə təsdiqlənib, həmçinin müqavilə hər iki ölkə tərəfindən ratifikasiya olunub. Lakin müqavilənin tərəflər arasında praktik işləkliyi onun tətbiqinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında inzibati razılaşma imzalanmayıb. Göstərilən səbəblərdən də, xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Məhkəmə xx.xx.1996-xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı işlədiyi dövrlərin onun iş stajına daxil edilməsinin mümkün olmaması barədə mövqe ilə razılaşaraq qeyd edir ki, iddiaçının xx.xx.1997-ci il tarixə qədər 25 il ümumi stajı tamam olmadığına görə, ona 55 yaşınını tamam olduğu vaxtdan pensiyanın təyin edilməsi mümkün hesab edilmir. Beləki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilənin təsdiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası və Rusiya Federasiyası, iki dövlət arasında dostluq münasibətlərini dərinləşdirmək və pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyini rəhbər tutaraq, müqavilədə qeyd edilən hallar barədə razılığını təsdiq edir. Müqavilənin 18-ci bəndinin 2-ci bəndinə əsasən bu Müqavilənin müddəalarına müvafiq olaraq pensiya hüququnun müəyyən edilməsi üçün bu Müqavilənin qüvvəyə minməsindən əvvəl də əldə edilmiş sığorta stajı (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı - Azərbaycan Respublikası üçün) nəzərə alınır. Müqavilənin 20-ci maddəsində qeyd edilir ki, bu Müqavilə ratifikasiya edilməlidir. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokolları imzalaması yolu ilə həyata keçirilir. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. Oxşar iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-536/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında Məhkəmə kollegiyası qeyd etmişdir ki, “...Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsinə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə bağlanmışdır. Müqavilənin 20-ci maddəsi onun qüvvəyə minmə əsasını tənzimləyir. Birinci əsas kimi müqavilənin ratifikasiya edilməsi nəzərdə tutulmuşdur. Bu hissə ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin Azərbaycan Respublikası tərəfindən 30 iyul 2022-ci il tarixdə, Rusiya Federasiyası tərəfindən isə 18 mart 2023-cü il tarixdə ratifikasiya edildiyi müəyyən edilmişdir. Müqavilənin qüvvəyə minməsi üçün ikinci əsas Müqavilə ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsinin aparılmasıdır. İki dövlət arasında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılması apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə araşdırılmanın təmin edilməsi məqsədi ilə apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərməlidir. Əgər aparılmış araşdırmalar nəticəsində Müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparıldığı müəyyən edilərsə, apellyasiya instansiya məhkəməsi iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etməlidir. Belə ki, Müqavilənin 20-ci maddəsinin 2-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir”. Həmin iş üzrə işə yenidən baxan apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərinin icrası məqsədilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin Azərbaycan Respublikası tərəfindən 30 iyul 2022-ci il tarixdə, Rusiya Federasiyası tərəfindən isə 18 mart 2023-cü il tarixdə ratifikasiya edildiyi nəzərə alınaraq, iki dövlət arasında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılması barədə məhkəməyə ətraflı məlumat göndərilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 aprel 2025-ci il tarixli, 3-17/2-3344/2025 nömrəli məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. Həmçinin, 2022-ci il 26 aprel tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin (bundan sonra – Müqavilə) 20-ci maddəsinin 2-ci hissəsinə əsasən Müqavilənin ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günündə qüvvəyə minməsi barədə razılığa gəlinmişdir. Müqavilə 2022-ci il 8 iyul tarixində Azərbaycan Respublikası, 2023-cü il 18 mart tarixində isə Rusiya Federasiyası tərəfindən ratifikasiya edilsə də, sözügedən ratifikasiya sənədlərinin mübadiləsi aparılmamışdır”. Xarici İşlər Nazirliyinin 14 may 2025-ci il tarixli məktubunda qeyd edilir ki, “26 aprel 2022-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” onun 20-ci maddəsinə uyğun olaraq ratifikasiya edilməlidir və Müqavilə ratifikasiya haqqında sənədlərin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Sözügedən Müqavilə Azərbaycan Respublikasının 579-VİQ nömrəli 8 iyul 2022-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Müqavilənin hər iki dövlət tərəfindən təsdiq olunmasına baxmayaraq, ratifikasiya fərmanlarının mübadiləsi indiyədək həyata keçirilməmişdir. Beləliklə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə hazırda qüvvədə deyil”. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən görünür ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” hazırda qüvvədə olmadığı halda, birinci instansiya məhkəməsi bu məsələni araşdırmadan iddiaçının Rusiya Federasiyası "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövlərinin əmək stajına hesablamaqla düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, İstinad edilən Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır. Həmin normanın tələbi nəzərə alındıqda, iddiaçı qeyd olunan Müqavilədən irəli gələn hüququnun icrasını (RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini) Müqavilənin qüvvəyə mindiyi tarixdən tələb edə bilərdi. Müqavilənin 20-ci maddəsinin müddəalarına görə, bu Müqavilə ratifikasiya edilməlidir. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Müqavilə hər iki dövlətin qanunverici orqanı tərəfindən ratifikasıya olunsa da, onun qüvvəyə minməsini şərtləndirən ratifikasiya sənədlərinin mübadiləsi baş verməmiş, Müqavilə bu qərarın qəbul edildiyi tarixə qüvvəyə minməmişdir. Digər tərəfdən, Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin (Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır) və 20-ci maddəsinin 2-ci bəndinin (Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir) tələbləri nəzərə alındıqda, iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini tələb edə bilməz. Qeyd olunduğu kimi, onun həmin staja əsaslanmaq imkanı Müqavilənin qüvvəyə mindiyi tarixdən başlayacaq ki, bu halda da, o, artıq əmək pensiyasının xx.xx.2020-ci il tarixdən təyin edilməsini (RF-nin ərazisində qazandığı staja istinadla) tələb edə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, 1999-cu ilin noyabrın 5-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş də qüvvəyə minmədiyindən, həmin Sazişə istinad da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Digər tərəfdən, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilənin 20-ci maddəsinin 4-cü bəndinə görə, Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2- 1(103)-1955/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı). Məhkəmə yuxarı instansiya məhkəmələrinin istinad olunan qərarlarındakı hüquqi mövqeləri nəzərə alaraq qeyd edir ki, iddiaçının xx.xx.1996-xx.xx.1997-ci il və xx.xx.1997xx.xx.1998-ci il tarixləri arasındakı Rusiya Federasiyasında işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Ona görə də, iddiaçının xx.xx.1997-ci ilədək ümumi iş stajı 25 ildən azdır. İddiaçıya xx.xx.1997-ci il tarixədək ümumi iş stajı qanunvericiliyin tələblərinə əsasən 25 ildən az olduğu üçün cavabdeh iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtian etməkdə haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar