Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-411/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndələri-X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı layihənin təsdiq edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsini tikmək üçün təqdim etdiyi Layihənin (Memarlıq-Pİanlaşdırma-Bölməsi) təsdiq edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin tikilməsi üçün təqdim etdiyi Layihənin (Memarlıq-Planlaşdırma Bölməsi) təsdiq edilməsi və tikintiyə icazə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq xüsusi mülkiyyətində olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin tikilməsi məqsədilə qanuna uyğun olaraq, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etsə də heç bir müsbət nəticə əldə olunmamış, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi heç bir ciddi əsas olmadan layihəni təsdiq etməkdən qanunsuz olaraq imtina etməklə mülkiyyət üzərindəki hüquqlarını pozmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təqdim etdiyi sənədlərə və mülki qanunvericiliyin normalarına əsasən hesab edir ki, uzun müddətdir ki, xüsusi mülkiyyətində olan 1 mərtəbəli qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsinin tikilməsilə bağlı təqdim etdiyi 361,87 kv. mer eksiz layihənin (X2) təsdiq edilməsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 19 oktyabr 2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair 25.11.2020ci il tarixli etirazda göstərmişdir ki, iddiaçının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı 2-ci mərtəbənin tikintisinə dair müraciəti ilə əlaqədar olaraq, İdarə tərəfindən 2-ci mərtəbənin tikintisinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində nəzərdə tutulan sənədlər tam tərkibdə təqdim edildikdən sonra qaldırılan məsələyə baxılması barədə 25.09.2020-ci il tarixli 03-03-1996 nömrəli məktub göndərilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının “Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqqında” Əsasnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti obyektinin tikintisinə və istismarına icazə vermək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Sözügedən Məcəllənin 11.1 -ci maddəsinə uyğun olaraq tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Məcəllənin 15-ci maddəsinə görə şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminə şəhərsalma əsaslandırılması ilə bağlı texniki normativ hüquqi aktlar daxildir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 1 3-cü bəndinə əsasən tikintiyə icazə icraatı ilə bağlı layihələrin tələblərə uyğunluğunun müəyyənləşdirilməsi şəhərsalma əsaslandırılmasının tərtib edilməsi, məlumatlandırma icraatının şamil olunduğu layihələrin uyğunluğunun müəyyənləşdirilməsi isə bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 1.4-cü bəndinə görə şəhərsalma əsaslandırılması tikintiyə icazə ilə bağlı icraata başlanması üçün əsasdır. İddiaçı isə məhkəməyə təqdim etdiyi iddia ərizəsində (vərəq 1) qeyd etmişdir ki, İdarəyə ikinci mərtəbənin tikilməsinə icazə verilməsi ilə bağlı eskiz layihəsini təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətləri çərçivəsində İddiaçı tərəfindən verilmiş müraciəti cavablandıraraq, qaldırılan məsələyə münasibət bildirmiş və hər hansı qanun pozuntusuna yol verməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndələri- X6, məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 496 ünvanında 0,04 hektar torpaq sahəsində yerləşən 286,08 kv. metrdən ibarət qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 11.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 06.08.2020-ci il tarixli 04/2696 inventar nömrəli (**********53 reyestr nömrəli) Texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası 1 mərtəbədən, 6 otaqdan, tikinti altı sahəsi 325,2 kv. metr, ümumi sahəsi 290,5 kv. metr, əsas sahə 244,5 kv. metrdən ibarətdir. ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin Eskiz Laiyhəsinin surətindən müəyyən olunur ki, qeyri-yaşayış obyektinin layihəsi "xxxx" MMC tərəfindən tərtib olunmuşdur. İş materillarında olan İN/L 267/217 №-li Lisenziyanın surətindən müəyyən olunur ki, "xxxx" MMC-yə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğularının layihələndirilməsini həyata keçirməyə icazə verilmişdir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq verilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 25.09.2020-ci il tarixli 03/03-1996 №li məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sözügedən obyektin yuxarıda qeyd olunan ünvanda yerləşdirilməsinin mümkünlüyünə dair müvafiq qaydada təsdiq edilmiş şəhərsalma əsaslandırılması təqdim olunduqdan sonra qaldırılan məsələyə baxılacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/4008 nömrəli 22.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, iddiaçı X1 əsasında "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin inşası tərtib olunmuş Layihə (Memarlıq-Planlaşdırma Bölməsi) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddənin 89.1.6 bəndinin tələblərinə uyğun hazırlanmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə - bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. Həmin Məcəllənin 75.7-ci maddəsinə əsasən bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. Həmin Məcəllənin 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 75.9-cu maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. Həmin Məcəllənin 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Həmin Məcəllənin 89.1.6-cı maddəsinə əsasən yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələri ekspertizadan keçirilmir. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçı fiziki şəxs İddiaçı tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintiyə icazə almaq üçün qanunla tələb olunan sənədlər əlavə olunmaqla, cavabdeh inzibati orqan- Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ərizə ilə müraciət olunmuşdur. Lakin cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olaraq, inzibati icraat qaydasında araşdırma aparılmadan, iddiaçının müraciətinə obyektin müraciətdə qeyd olunan ünvanda yerləşdirilməsinin mümkünlüyünə dair müvafiq qaydada təsdiq edilmiş şəhərsalma əsaslandırılması təqdim olunduqdan (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində sifarişçi tərəfindən tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edərkən əlavə olunmalı sənədlərin siyahısında nəzərdə tutulmamışdır) sonra qaldırılan məsələyə baxılacağı bildirilmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan-Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, İPM-nin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək, yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin tikilməsi üçün təqdim etdiyi Layihənin razılaşdırılması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin tikilməsi üçün təqdim etdiyi Layihənin (Memarlıq-Planlaşdırma Bölməsi) təsdiq edilməsi və tikintiyə icazə verilməsi müraciəti ilə bağlı iddiaçının xeyrinə inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-411/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-411/2022
25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver