Məhkəmə qərarları › İş №2-1(112)-411/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-411/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-411/2024 30.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 65 kv.m qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Halbuki, həmin qeyriyaşayış sahəsi 75 kv.m olmuşdur. Ölçülərdə dəqiqləşmələrin aparılması barədə Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edilmiş, ölçülər dəqiqləşdirilmişdir. Lakin, cavabdeh həmin sərəncama uyğun olaraq hüquqların dövlət qeydiyyatında dəqiqləşmə aparmamışdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, 1 saylı sahə 4,2 kv.m genişləndirilmiş və 2 saylı sahədən əlavə olaraq qapı oyuğu açılmışdır. Qeyri-yaşayış binası üzərində hüquqlar "xxxx" ASC-nin xeyrinə yüklülük edilmişdir ki, razılıq məktubu alınmalıdır. Faktiki sahə 69,2 kv.m təşkil edir. Bu səbəbdən də müraciətin təmin edilməsi mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilmişdir ki, 1 saylı sahə 4,2 kv.m genişləndirilmiş və 2 saylı sahədən əlavə olaraq qapı oyuğu açılmışdır. Qeyri-yaşayış binası üzərində hüquqlar "xxxx" ASC-nin xeyrinə yüklülük edilmişdir ki, razılıq məktubu alınmalıdır. Çıxarışdan görünür ki, Bakı ş, Nəsimi r, 20 Yanvar küç, 191 ünvanda yerləşən qeyriyaşayış binası 65 kv.m ölçüdə qeydiyyata alınmışdır. 18 may 2022-ci il tarixli sərəncamdan görünür ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 75,0 kv.m hesab edilmişdir. Ümumi sahədəki fərq rekonstruksiya və yenidən qurma işləri ilə əlaqədar olmuşdur. Texniki Komissiyanın qəbul aktında qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 75,0 kv.m-dir. Ümumi sahədəki fərq rekonstruksiya və yenidən qurma işləri ilə əlaqədar olmuşdur. Texniki Komissiyanın rəyində qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 75,0 kv.m-dir. Ümumi sahədəki fərq rekonstruksiya və yenidən qurma işləri ilə əlaqədar olmuşdur. "xxxx" ASC-nin məktubundan görünür ki, yüklülüyün qalması şərti ilə çıxarışda müvafiq dəyişikliklərin edilməsinə etiraz edilmir. İddiaçının adına olan texniki pasportdan və əvvəlki mülkiyyətçiyə aid texniki sənədlərdən görünür ki, ümumi sahə 69,2 kv.m kimi göstərilmişdir. Mütəxəssis rəyində qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 69,20 kv.m təşkil edir. 1 saylı sahədə 4,2 kv.m genişləndirilmiş (2 ədəd pəncərə əlavə olunub) və 2 saylı sahədə əlavə qapı oyuğu açılmışdır. Həmin məlumatlar texniki pasportda öz əksini tapmışdır. Texniki pasportda həmin dəyişikliklər yerli icra hakimiyyəti orqnının sərəncamı, Texniki Komissiyanın rəyi əsasında aparılmışdır. Mütəxəssis rəyində rekonstruksiya işlərinin texniki normativ tələblərə uyğun aparılıb-aparılmaması və digər şəxslərin istifadəsinə maneə olub-olmama barədə məlumat verilməmişdir. Ekspert rəyindən görünür ki, mütəxəssis rəyində olan məlumatlar təkrarlanmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə qeyri-yaşayış sahəsinin ölçülərinin dəyişdirilməsi və buna uyğun mülkiyyət hüquqlarının dəyişdirilmiş ölçüdə qeydiyyata alınıb-alınmaması ilə əlaqədardır. Qeyd olunmalıdır ki, hazırkı növ iddia öhdəliyin icrası növündə iddia olduğundan AR İPM-nin 14-cü maddəsinin tələbinə uyğun olaraq iddianın təminini istisna edən hallar məhz cavabdeh tərəfindən sübut edilməlidir. Cavabdeh isə həmin imtinanı legitim edən halı sübuta yetirə bilməmişdir. Qeyd olunmalıdır ki, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə qismən uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işin faktiki halları isə təsdiq edir ki, qeyd olunan imtina əsasları ölçünün 69,2 kv.m ölçüdə olmasına münasibətdə mövcud deyil. Belə ki, hal-hazırda qüvvədə olan hər hansı orqan tərəfindən ləğv edilməmiş sərəncamdan, eləcə də həmin sərəncamın qəbul edilməsinə əsas olmuş texniki rəy və qəbul aktından görünür ki, ölçüsü 65,2 kv.m olmuş qeyri –yaşayış sahəsində 4,2 genişləndirmə-2 ədəd pəncərənin əlavə edilməsi və 2 saylı sahədə əlavə qapı oyuğunun açılması, yəni rekonstruksiya işlərinin aparılması yerli icra hakimiyyəti orqanı, başqa sözlə həmin rekonstruskiya işlərinin aparılmasına səlahiyyətli olan orqanın müvafiq araşdırması, rəyi və qəbul aktı əsasında onun qərarı ilə həyata keçirilmişdir. Ekspert və mütəxəssis rəyindən də göründüyü kimi həmin dəqiqləşdirmələr əsasında texniki pasportda da dəyişikliklər edilmişdir ki, məhkəmə də hesab edir ki, texniki pasportda, mütəxəssis və ekspert rəyində göstərilən 69,2 kv.m ölçüdə mülkiyyət hüququna dair qeyddə dəyişiklik edilməli, 65 kv.m əvəzinə məhz 69,2 kv.m ölçüdə mülkiyyət hüquqları daşınmaz əmlakla bağlı qeydə alınmalıdır. Nəzərə alınmalıdır ki, inzibati orqanın adıçəkilən sərəncamı qüvvədədir, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı adıçəkilən sərəncamı, aidiyyəti komissiyanın aktı və texniki rəyi, o cümlədən razılaşdırmış layihəni nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmişdir. Məhkəmə hesab edir ki, hazırkı qərar yerli icra hakimiyyəti orqanının ləğv edilməmiş, tikinti ilə bağlı müvafiq səlahiyyətlər çərçivəsində qəbul etmiş olduğu sərəncamlarının mötəbərliyi, digər inzibati orqan tərəfindən təftiş edilməməsi mövqeyini özündə əks etdirən Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1464/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-982/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-57/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2-1(102)- 843/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarları ilə formalaşdırılmış məhkəmə təcrübəsinə uyğundur. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, rekonstruksiya işlərinin aparılmasını mötəbərliyini tanıyan səlahiyyətli yerli icra hakimiyyəti orqanının qərarı əsasında aparılmış və texniki pasportda cavabdehin özü tərəfindən də göstərilmiş ölçülərlə bağlı qeydiyyyat hərəkətlərinin aparılmasının tələb edilməsi qismən qanuni və əsaslı olmuşdur. Lakin, məhkəmə hesab edir ki, mülkiyyət hüquqları məhz 69,2 kv.m ölçüdə qeydə alınmalı, ümumi ölçünün 75.0 kv.m kimi göstərilməsi hissəsində iddia rədd edilməlidir. Belə ki, istər mütəxəssis rəyində, istər ekspert rəyində, istərsə də texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsinin faktiki ölçüsü məhz 69,2 kv.m təşkil etməkdədir. İddia olunan əlavə 5,8 kv.m mövcud olmamışdır. Mövcud olmayan həmin ölçü göstərilməklə 69,2 kv.m əvəzinə 75,0 kv.m ölçüdə dəyişikliyin edilməsi barədə göstərilən səbəbdən iddianın qanuni və əsaslılığından söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi və təmin edilən hissə və edilməyə hissə arasında mövcud fərqin təxminən bərabər olması nəzərə alınmaqla yüksək məbləğdə olmayan 50 manat məbləğində prosessual xərc də tərəflər arasında bərabər bölünməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 65 kv.m ölçüdə göstərilmiş qeyri-yaşayış sahəsinin ölçülərində dəyişiklik edilərək daşınmaz əmlakın ümumi sahəsinin 69,2 kv.m göstərilməklə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 69,2 ölçüdə olan əmlakın qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində prosessual xərcin 50 manat hissəsinin cavabdeh tərəfindən, 50 manat hissəsinin iddiaçı tərəfindən X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi həmin şəxslərə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar