Məhkəmə qərarları › İş №2-1(112)-4110/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4110/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4110/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı Yeni Azərbaycan Partiyasının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Yeni Azərbaycan Partiyasının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın qismən ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Yeni Azərbaycan Partiyası cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş yeni avtomobil yolunun kənarında yerləşən torpaq sahəsinin yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Yeni Azərbaycan Partiyasının istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 aprel 2014-cü il tarixli, 196 saylı sərəncamının birinci bəndindəki "icarə əsasında" sözlərinin və sərəncamın 3-cü bəndinin ləğv edilməsi və qeyd olunan 7000 kv. metrlik torpaq sahəsinin hüquqi rejiminin iddiaçı Yeni Azərbaycan Partiyasının daimi istifadə hüququ əsasında müəyən edilməsi vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 aprel 2014-cü il tarixli, 196 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş yeni avtomobil yolunun kənarında yerləşən torpaq sahəsi yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icarə əsasında Yeni Azərbaycan Partiyasının istifadəsinə verilmişdir. Həmin sərəncamın 3-cü bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyəti ilə Yeni Azərbaycan Partiyası arasında qeyd olunan torpaq sahəsinə dair 11 dekabr 2014-cü il tarixli, 1031 saylı icarə müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən 7000 kv. metrlik torpaq sahəsi yaşayış binasının tikintisi üçün, 49 il müddətinə Yeni Azərbaycan Partiyasına icarəyə verilmişdir. İcarə haqqının məbləği hər il üçün 4.455,36 (dörd min dörd yüz əlli beş manat, 36 qəpik) manat məbləğdə müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 aprel 2014-cü il tarixli, 196 saylı sərəncamının birinci bəndində qeyd olunan "icarə əsasında" sözləri və bunun əsasında tərəflər arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli, 1031 saylı icarə müqaviləsi qanunvericiliyin tələblərinə uyğun deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etmədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Yeni Azərbaycan Partiyasının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia mümkündür. Belə ki, İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarında olan; Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yeni Azərbaycan Partiyasına yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılması haqqında” 25.04.2014-cü il tarixli 196 №-li Sərəncamının surətindən müəyyən olunur ki, Səbail Rayon İcra Hakimiyyətinin 18.04.2014-cü il tarixli, 1/10-337 saylı və Dövlət Neft Şirkətinin 03.04.2014-cü il tarixli, 14-1000/22-09-000006 saylı razılıq məktublarını və Yeni Azərbaycan Partiyasının 09.01.2014-cü il tarixli, 02 saylı müraciətini nəzərə alaraq, Səbail rayonu, Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş yeni avtomobil yolunun kənarında yerləşən torpaq sahəsinin icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Yeni Azərbaycan Partiyasının istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 3-cü bəndində göstərilmişdir ki, “Sifarişçi” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində icarə hüququnun qeydiyyata alınmasını təmin etsin. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 11.12.2014-cü il tarixli 1031 №-li müqavilənin surətindən müəyyən olunur ki, qeyd olunan icarə müqaviləsi Bakı şəhər İcra Hakimiyyəti (“İcarəyəverən”) ilə Yeni Azərbaycan Partiyası (“İçarəçi”) arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 196 saylı, 25.04.2014-cü il tarixli sərəncamı, 05.12.2014-cü il tarixli, 13012 saylı inşaat pasportu əsasında Səbail rayonu, Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş yeni avtomobil yolunun kənarında ayrılmış torpaq sahəsinin icarəsinə dair bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 7000 (yeddi min) kv. metr olan torpaq sahəsini “İcarəçiyə” 49 (qırx doqquz) il müddətinə istifadəsinə verir, “İcarəçi” isə onu qəbul edir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi yaşayış binasının tikintisi üçün verilir. Göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir və gələcəkdə “İstifadə üçün icazə” adlandırılacaq. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08.01.2021-ci il tarixli **********23 saylı məktubunda qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyasının adına Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş yeni avtomobil yolunun kənarında ayrılmış torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın inzibati akt sayılan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 aprel 2014-cü il tarixli, 196 №-li sərəncamının qismən ləğv olunmasını tələb edir. Məhkəmə həmçinin hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən; Dövlət mülkiyyətində olan torpaqlara dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar daxildir (46.1). Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (48.2). Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (48.4). Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur (50.1). Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmitədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər (50.2). Sadalanan normalardan göründüyü kimi müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə verilir. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər (51.6). İşin araşdırılan hallarından göründüyü kimi, mübahisənin predmeti olan torpaq sahəsi isə Yeni Azərbaycan Partiyasına çoxmənzilli yaşayış binasının tikintisi məqsədilə ayrılmışdır. Torpaq sahəsindən mənfəət əldə etmək məqsədilə deyil, yaşayış məqsədilə istifadə edilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının göstərilən sərəncamı əsasında Yeni Azərbaycan Partiyasına ayrılmış torpaq sahəsi təyinatına görə yaşayış binasının tikintisinin layihələndirilməsi və tikintisi məqsədi ilə ayrıldığından, torpaq sahələri tikinti məqsədləri üçün ayrıldıqda bir qayda olaraq daimi istifadəyə verilməli olduğundan, habelə göstərilən torpaq sahələrində təyinatına uyğun olaraq yaşayış çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi və tikintisi məqsədi ilə verildiyindən, həmin torpaq sahəsinə dair müddətli istifadə hüququna dair Bakı şəhər İcra Hakimiyyətinin 25 aprel 2014-cü il tarixli 196 saylı sərəncamındakı “İcarə əsasında” sözlərinin və sərəncamın 3-cü bəndinin ləğv edilməsi və qeyd olunan 7000 kv.m torpaq sahəsinin hüquqi rejiminin iddiaçı Yeni Azərbaycan Partiyasının daimi istifadə hüququ əsasında müəyyən edilməsinə dair iddia tələbi əsaslıdır. Belə ki, Torpaq Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində hüquqlar yalnız torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilələrin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək Məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisələndirilən sərəncamın – inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamış, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş yeni avtomobil yolunun kənarında yerləşən torpaq sahəsinin yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Yeni Azərbaycan Partiyasının istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yeni Azərbaycan Partiyasına yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılması haqqında” 25 aprel 2014-cü il tarixli, 196 saylı Sərəncamının birinci bəndinə dəyişiklik edilməklə "icarə əsasında" sözləri çıxarılsın və sərəncamın üçüncü bəndi ləğv edilsin. Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş yeni avtomobil yolunun kənarında yerləşən torpaq sahəsinin yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Yeni Azərbaycan Partiyasının istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yeni Azərbaycan Partiyasına yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılması haqqında” 25 aprel 2014-cü il tarixli, 196 saylı Sərəncamına əsasən ayrılmış 7.000 kv. metrlik torpaq sahəsinin hüquqi rejiminin iddiaçı Yeni Azərbaycan Partiyasının daimi istifadə hüququ əsasında müəyyən edilməsi öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar