Məhkəmə qərarları › İş №2-1(112)-4112/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4112/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4112/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X11 nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X12, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə qarşı “informasiya sorğusuna cavab verilməsinin qanunsuz hesab edilməsi, sorğuya cavab verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə hazırlıq icraatı mərhələsində məhkəmənin inzibati binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X12, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin üzərinə 26 dekabr 2020-ci il tarixli informasiya sorğusu vasitəsilə sorğuda qeyd olunan informasiyaları iddiaçıya təqdim etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq mövcud iddia tələbilə bağlı olaraq inzibati orqana edilən müraciətin cavabdehlər tərəfindən alınmasına dair müvafiq sübutların məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmiş, lakin bununla bağlı hər hansı hərəkət olunmamışdır. İddianın mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası 05 iyul 2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 26 dekabr 2020-ci il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə informasiya sorğusu göndərilmişdir. Sorğu vasitəsilə göstərilən qurumlardan “açıq, yağışlı havada islanmış tibbi və ya parça maskadan istifadənin zəruriliyi və islanmış tibbi, parça maskanın sağlamlığa ziyanlarının olub olmaması barədə” məlumatlar istənilmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə 26.12.2020 tarixdə göndərdiyi İnformasiya Sorğusunun mətni aşağıda əlavə edilir: Bildiyiniz kimi 2020-ci ilin 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunmuşdu. Eyni zamanda bu tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bununla bağlı bir allergik-rinit xəstəliyindən əziyyət çəkən biri kimi məni bir sıra suallar narahat edir bu səbəbdən də aşağığa qeyd olunan suallarıma rəsmi olaraq cavab verməyinizi xahiş edirəm: Yağışlı, qarlı havada açıq havada hərəkət edərkən piyadaların islanmış tibbi və ya parça maskalardan istifadəsi nə dərəcədə düzgündür və buna nə dərəcədə zərurət vardır? Yağışlı, qarlı havada açıq havada hərəkət edən allergik rinit xəstəliyindən əziyyət çəkən şəxslərin islanmış(yaş)maskalardan istifadəsi zamanı insan sağlamlığına hansı mənfi təsirləri vardır? Yağışlı, qarlı havada açıq havada hərəkət edən zaman islanmış maskanın istifadəsi zamanı bu hansı infeksion xəstəliklərə səbəb ola bilər? Yağışlı,.qarlı havada aşıq havada hərəkət edərkən islanmış tibbi və ya parça maskadan istifadənin zəruriliyini necə əsaslandırırsınız?.... Göstərilənləri, Azərbaycan Respublikasının Konstitusiyasının və İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu-un müvafiq maddələrinin tələblərini rəhbər tutaraq sizdən yuxarıda qeyd olunan suallar üzrə sorğuma cavab verməyinizi xahiş edirəm.” Qeyd edir ki, İnformasiya Sorğusunda qoyulan suallara cavab almaq zərurəti aşağıdakı faktlardan irəli gəlir: 24.12.2020-ci il tarixdə MN N- 1049003 saylı protokolla 100 manat məbləğində cərimələnmişdir. Həmin protokolda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2 maddəsini pozaraq inzibati xəta törətdiyi bildirilir. Belə ki, 24.12.2020-ci il tarixdə havanın yağmurlu olması səbəbindən küçədə açıq havada piyada hərəkət etdiyi zaman istifadə etdiyi parça maska yağışın yağması nəticəsində islanmışdır. İslanmış maskada nəfəs almağı mümkün olmadığını hiss etdikdən sonra maskanı çıxarmalı olmuşdur. Yolda getdiyi zaman ona yaxınlaşan polis əməkdaşı maskanın niyə olmadığını soruşarkən maskanı ona göstərib yaş olduğunu bildirmiş və protokolu tərtib edən polis əməkdaşına izah etmişdir ki, allergik rinit xəstəliyindən əziyyət çəkir və yağışlı havada nəm maskadan istifadə etmə sağlamlığına ziyan ola bilər və müəyyən fəsadlar yarada bilər. Belə ki, yaş parça maskada nəfəs almağı mümkün deyil və artıq burunda və boğazında qıcıqlanma hiss edir. İnformasiya sorğusunun məzmunu da həmin məsələyə aiddir. Cavabdehlərdən biri olan TƏBİB sorğuya cavab olaraq 30.12.2020-ci il tarixdə aşağıdakı məktubu göndərib: “Siz sorğunuza cavab olaraq bildirirk ki, bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə X5 (ÜST) tövsiyələri rəhbər tutularaq həyata keçirilir. ÜST-ün açıq məkanlarda tibbi maskadan istifadəyə dair tövsiyəsini təqdim edirik. X1 (ÜST) nümayəndəsi Marqaret Harris yalnız qapalı yerlərdə deyil, həm də açıq havada maska taxmağa çağırıb. M.Harris kifayət qədər havalandırma olmayan yerlərdə sosial məsafəni qorumağın mümkün olub-olmamasından asılı olmayaraq qoruyucu maskalar taxmağın vacib olduğunu söyləyib.Universitetlər və məktəblər də daxil olmaqla, bütün ictimai yerlərdə daim maska taxmaq məsləhət görülüb. Məkan yaxşı havalandırılsa da, orada azı bir metr sosial məsafəni saxlamaq mümkün deyilsə, şəxsi qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Bu qayda açıq məkanlara da tətbiq olunur: küçədə digər yoldan keçənlərlə məsafə saxlamaq mümkün deyilsə, maska da taxmaq lazımdır. M.Harris qaydaların belə sərtləşdirilməsinin pandemiya dövründə ən ciddi hallardan biri olduğunu vurğulayıb.” Göründüyü kimi, bu məktub sorğuda qoyulan suallara cavabları əks etdirmir. Bu səbəbdən o suallarını daha da dəqiqləşdirərək 10.11.2021-ci il tarixli təkrar informasiya sorğusu göndərmişdir. Lakin, üzərindən 17 gün keçməyinə baxmayaraq ona cavab verilməyib. Hesab edirəm ki, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi onun 26 dekabr 2020-ci il tarixli İnformasiya Sorğusuna cavab verməməklə informasiya əldə etmək hüququnu pozmuşdur. Bununla da sözü gedən qurumlar sorğunu cavablandırmayıb, bunun səbəbini izah etməyib. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X13 tərəfindən məhkəməyə təqdim olunan etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “informasiya sorğusuna cavab verilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmədən TƏBİB və Səhiyyə Nazirliyinin üzərinə 26.12.2020-ci il tarixli informasiya sorğusunda qeyd olunan informasiyaların ona təqdim edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçının qeyd etdiyi tələblə razı olmadıqlarını bildirir və iddianı tamamilə əsassız hesab edirlər. İddia mümkünlük şərtlərinə cavab vermir. Hazırki iş üzrə iddia cavabdehlərin üzərinə müəyyən öhdəliyin qoyulması ilə bağlıdır, yəni kateqoriya olaraq öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə nəzər salsaq görərik ki, öhdəliyin icrası haqqında iddia dedikdə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar başa düşülür. Başqa sözlə, sözügedən iddianın irəli sürülməsi üçün cavabdeh inzibati orqan olmalıdır. Hazırki işdə isə münasibətlərin bir tərəfində fiziki şəxs olan İddiaçı, digər tərəfdə isə TƏBİB və Səhiyyə Nazirliyi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatfnda verilmişdir. Həmin Təsnifata əsasən TƏBİB və onun təsisçisi olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi inzibati orqan kimi nəzərdə tutulmamışdır. Diqqət edilməsi zəruri məqamlardan biri də odur ki, hazırki işdə iddianın predmeti mövcud deyildir. Nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmamasını və tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında (Qərar) təsbit edilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məlumdur ki, Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmışdır. Yeni növ virusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən tələblər və rejimlər müəyyən edilmiş, məhdudlaşdırıcı tədbirlər görülmüşdür və hal- hazırda da görülməkdədir. Bu tədbirlərdən biri də 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan məcburi qaydada istifadəsi haqqındadır. Bu o deməkdir ki, karantin rejiminin qaydaları və icrası məcburi olan tələblərin müəyyən edilməsi bir qayda olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyəti daxilindədir. Buna görə də, həmin sorğuya cavabdehlər tərəfindən mahiyyəti üzrə baxıla bilməz. İddiaçı tibbi maskadan istifadə ilə bağlı onu maraqlandıran informasiyanın əldə edilməsi üçün cavabdehlərə deyil də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməli idi. Digər tərəfdən, tələb olunan məlumatların verilməsi TƏBİB-in Nizamnaməsi ilə müəyyən edilən fəaliyyət məqsədinə və vəzifə səlahiyyətlərinə aid deyildir. TƏBİB tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi məqsədilə yaradılmışdır. İcbari Tibbi Sığorta üzrə X8 Heyəti iclasının 20 iyun 2019-cu il tarixli 16 nömrəli protokolu ilə təsdiq edilmiş Cavabdeh1n (TƏBİB) Nizamnaməsinin 2.1-ci maddəsinə əsasən TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi isə həyata keçirir. İddiaçı öz sorğu ərizəsində TƏBİB-dən yaş tibbi maskadan istifadənin mənfi təsirləri ilə bağlı tibbi rəyin verilməsini tələb etmişdir. Lakin TƏBİB Nizamnamə səlahiyyətləri və vəzifələri çərçivəsində tibbi rəyin verilməsi və ya səhiyyə sahəsi ilə bağlı ekspertizanın həyata keçirilməsi kimi funksiyalar malik deyildir. Bu səbəbdən TƏBİB tərəfindən iddiaçının sorğusuna tibbi rəy bildirən cavab verilməsi qeyri-mümkündür. TƏBİB onun səlahiyyətlərinə aid olmasa da, faktiki olaraq sorğunu cavablandırmışdır. TƏBİB tərəfindən rəsmi mənbələrə istinadən (X4 istinadən) maskanın istifadə qaydalarının əsasları iddiaçının diqqətinə çatdırılmış, onun sorğusu tam vaxtında icra edilərək, cavabsız qoyulmamışdır. Bu səbəbdən yenidən TƏBİB-in üzərinə belə bir öhdəliyin qoyulması və yaxud belə bir tələblə çıxış edilməsi isə tamamilə absurddur. Bir sözlə, hazırkı işdə cavabdehlər, iddiaçının təqdim etdiyi dildə deyilsə, informasiya sahibi kimi çıxış etmir və haqlı olaraq da çıxış etməməlidir. Beləliklə, hazırkı işdə iddiaçını məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Yuxarıda qeyd edilənlər İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin əsassız olduğuna birbaşa dəlalət edir.... Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdeh məhkəmədən İddiaçı cavabdehlər TƏBİB və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə qarşı “informasiya sorğusuna cavab verilməsi tələbinə dair” iddiasının mümkünsüz hesab edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X11 nümayəndəsi X6 etirazda qeyd olunanlara uyğun məzmunda izahat verərək iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi iddia ərizəsinə dair təqdim etdiyi etirazı onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər “Tibbi Ərazi Bölmələrim idarəetmə Birliyi” X13i (TƏBİB) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “ictimai Səhiyyə və islahatlar Mərkəzi" X11ə (İSİM) qarşı informasiya sorğusuna cavab verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək cavabdehlərin üzərinə 26 dekabr 2020-ci il tarixli informasiya sorğusunda qeyd olunan informasiyaların ona təqdim edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Hesab edirlər ki, sözügedən iddia tamamilə əsassızdır. İlk öncə bildirirlər ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “İctimai Səhiyyə və İslahatlar Mərkəzi" X11ə İddiaçı tərəfindən yuxarıda qeyd olunan sorğu ilə bağlı hər hansı məlumat daxil olmamışdır. Digər tərəfdən, məlum olduğu kimi koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmışdır. Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmişdir və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Sözügedən virusun yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində məhdudlaşdırıcı tədbirlər görülmüşdür. Bunlardan biri də xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan məcburi qaydada istifadəsi ilə bağlı idi. Beləki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 451 saylı qərarı ilə 21 noyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli, 151 saylı qərarı ilə isə həmin tələb ləğv edilmişdir. Göründüyü kimi 19 noyabr 2020-ci il tarixindən 26 may 2021-ci il tarixinədək respublika ərazisində bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi olmuşdur. Beləliklə karantin rejiminin qaydaları və icrası ilə bağlı tədbirlərin müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyəti daxilindədir. Buna görə də İddiaçı sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh2 tərəfindən mahiyyəti üzrə baxıla bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi X7 iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı ilə işin hallarını və mübahisənin mahiyyətini müzakirə edərək, iş materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə qeyd edir ki, hazırkı iddia mövcud qanunvericiliyin müddəalarında nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Belə ki, Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iddiaçı tərəfindən müraciətlərin göndərilib-göndərilməməsi, cavabdeh tərəfindən müraciətlərin cavablandırılıb-cavablandırılmaması və inzibati aktdan qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayətin edib-etməməsidir. Hazırkı iddia tələbi üzrə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X12, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin üzərinə 26 dekabr 2020-ci il tarixli informasiya sorğusu vasitəsilə sorğuda qeyd olunan informasiyaları iddiaçıya təqdim etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Halbuki, işin araşdırılan hallarından görünür ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X13 tərəfindən 30.12.2020-ci il tarixdə iddiaçı tərəfindən verilmiş informasiya sorğusuna cavab verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78.2-ci maddəsinə əsasən şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. Yəni, iddiaçı inzibati orqanın verdiyi cavabı ilə razı olmadığı təqdirdə inzibati qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati aktı məhkəmədə mübahisələndirməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının qeyd etdiyi hüquqularının pozulacağı təqdirdə belə iddiaçı müvafiq inzibati aktın təqdim edildiyi vaxtdan 30 gün müddətində iddia qaldıra bilərdi. Məhkəmə həmçininin qeyd edir ki, iddia tələbinin yönəldiyi digər cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi də inzibati orqanların siyahısına daxil olmasa belə məhkəmə tərəfindən iddiaçı ilə sözügedən orqan arasında inzibati münasibətlərdən irəli gələn mübahisənin mövcud olub-olmaması araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mövcud tələblə bağlı ilk olaraq cavabdehə müraciət edilməmişdir. Belə olan halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi iş materiallarında ilə öz əksini tapmır. Bununla bağlı məhkəmə qeyd edir ki, İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatında verilmişdir. Həmin Təsnifata əsasən TƏBİB və onun təsisçisi olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi inzibati orqan kimi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbə cavab verməli olan orqana qarşı yönəlməməşdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən müvafiq ərizə ilə əvvəlcə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə müraciət edilmədiyindən və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməyindən hazırkı iddianın mümkünlük şərtləri bu hal üzrə də mövcud deyil. İddia tələbinin mümkünlük şərtlərinə cavab verməyən digər halı ondan ibarətdir ki, iddiaçının tələbi görünüş etibarilə informasiya sorğusuna cavab vermək barədə tələbdən ibarət olsa da, mahiyyət etibarilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının şərhini tələb etməkdədir. Belə ki, koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmışdır. Virusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən tələblər və rejimlər müəyyən edilmiş, məhdudlaşdırıcı tədbirlər görülmüşdür və hal-hazırda da görülməkdədir. Göründüyü kimi karantin rejiminin qaydaları və icrası məcburi olan tələblərin müəyyən edilməsi bir qayda olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyəti daxilindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının şərhinə dair iddialara isə inzibati məhkəmə icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X12, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə qarşı “informasiya sorğusuna cavab verilməsinin qanunsuz hesab edilməsi, sorğuya cavab verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar