Məhkəmə qərarları › İş №2-1(112)-4112/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4112/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4112/2025 07.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı X4 üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın ləğv edilməsi tələbinə dair işə Bakı İnzibati Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına MKTD-nin sədri R.İ.Mehralıyev tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, N 37/6 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı, X4 üçüncü şəxs qismində üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair 2-1(112)-4112/2025 saylı inzibati iş, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş iddiaçılar İddiaçı və X2 tərəfindən cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “order verilməsi və kirayə müqaviləsinin bağlanması” tələbinə dair 2-1(112)-122/2023 saylı (Bakı Apellyasiya Məhkəməsində iş nömrəsi 2-1(103)-1363/2025) inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilən “X4 ilə bağlanmış xx.xx.2018-ci il tarixli kirayə müqaviləsinin və 37/6 nömrəli Sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıya və onun vəkilinə məhkəmə tərəfindən hüquqi yardım edilmiş və qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış, lakin üzürlü səbəblər bildirmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilən hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərini pozduğunu sübut etməlidir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının məqsədi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 9 saylı evin 305 saylı mənzilinə K.V.Yusifovanın adına kirayə müqaviləsinin bağlanılması haqqında MKTD-nin sədri R.İ.Mehralıyev tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, N 37/6 saylı sərəncamın ləğv edilməsindən ibarətdir. İddiaçı öz tələbini 1200 nömrəli, 12 avqust 1990-cu il tarixli arayış və 07 may 2014cü il tarixli aktla əsaslandırmışdır. İddiaçının təqdim etdiyi 1200 nömrəli, 12 avqust 1990-cu il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı mübahisəli yataqxana binasının 70 nömrəli mənzilində qeydiyyatdadır və orada yaşayır. 07 may 2014-cü il tarixli aktdan isə görünür ki, adıçəkilən yataqxana zavodun balansından çıxarılaraq cavabdehin balansına verilmiş və həmin yataqxana ilə bağlı sənədlər, o cümlədən 31 ədəd orderin əsli də təqdim edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında təqdim edilmiş məlumata əsasən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan, iddiaçılar İddiaçı və X1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “order verilməsi və kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-122/2023 saylı qərardadı ilə mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-1363/2025 nömrəli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-122/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-2755/2025 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)- 1363/2025 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-122/2023 saylı qərardadında göstərilmişdir: “Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin istər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi 9 saylı yataqxana evin 70-ci otaq mənzilinə dair (hazırkı nömrəsi 305) mənzil kirayə müqaviləsinin bağlanılması formasında olması, istərsə də məhkəməyə ünvanlanan çoxsaylı ərizələrdə və ilkin iddia ərizələrində olduğu kimi orderin əslinin verilməsi, orderin əslinin təqdim edilməsi, 305 saylı mənzillə bağlı bütün sənədləşmənin etibarsız hesab edilməsi, yeni orderin verilməsi formasında olmasına münasibətdə dəqiqləşdirmənin aparılması barədə tərəflərin iştirakı ilə müzakirələr aparılmış və müəyyən edilmişdir ki, iddiaçı məhz 70 saylı mənzilin, yəni indiki halda iddia etdiyi 305 mənzilin onun sərəncamına verilməsini arzulayır. Lakin istər 70 saylı mənzilə dair sənədin mövcud olmaması, 70 saylı mənzilin məhz 305 saylı mənzillə eyni olmaması, ümumiyyətlə 70 saylı mənzilin mövcud olmaması nəzərə alındıqda iddiaçı subyektiv hüququn mövcudluğu ilə bağlı heç bir sənəd təqdim edə bilməmişdir. 70 saylı mənzilin adının çəkildiyi 1200 saylı 1990-cu il tarixli arayışın isə hazırkı mərhələdə işin digər halları və iş materiallarında olan sənədlərlə ziddiyyət təşkil etməsi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, adıçəkilən mənzilin hansı mənzil olması, mənzil nömrələnməsinin 3 rəqəmli həyata keçirilməsinə baxmayaraq həmin mənzilin 2 rəqəmli nömrələnməsi barədə heç bir sənəd sübut aşkar edilə bilməmişdir ki, həmin sənədin mötəbərliyindən, məhkəməyə şahidliklə bağlı təqdim edilmiş ərizənin mötəbərliyi kimi məhkəmə hesab edir ki, söhbət gedə bilməz. Beləliklə, mübahisəli 305 nömrəli mənzilin 70 saylı mənzil olmadığı, ümumiyyətlə həmin binada 70 saylı mənzilin olmadığı, iddiaçıların adına hər hansı orderin mövcud olmadığı, iddiaçıların zavod işçiləri olması, həmin binada qeydiyyatda olmasına baxmayaraq həmin binada heç bir mənzildə yaşamadığı, iddia etdikləri mənzildə nə özlərinin, nə də üçüncü şəxslər yaşayana kimi hər hansı məcburi köçkünün yaşamadığını, əksinə üçüncü şəxslər və ailə üzvlərinin həmin mənzillərin sakini olduğu, arayış və qonşuların izahatları ilə də həmin halların təsdiq edildiyi, iddiaçının təqdim etdiyi sənəd və sübutların nəinki həqiqəti müəyyən etmədiyini, başqa şəxsin adından ərizənin verildiyi, həmin şəxsin isə ərizədə qeyd olunan məlumatları, yəni iddiaçıların iddia etdiyi məlumatları təsdiq etmədiyini, yerli baxışda iştirak edən şəxs və üçüncü şəxsin izahatı ilə desək iddiaçının binada ilkin olaraq mənzil seçimi etdiyini, mənzil seçimi nəticəsində 305 saylı mənzildə qərarlaşdığı, dediyi heç bir arqumentin reallıqda öz təsdiqini tapmadığı nəzərə alındıqda hazırkı iddianın mahiyyəti üzrə baxılması imkanından söhbət gedə bilməz. Belə ki, hər hansı şəxs 305 saylı mənzil hüququ ilə iddiaçıların adıçəkilən mənzilə hüquqları hazırda eynidir. Daha doğrusu hüquqlarının olmamasına münasibətdə eynilik mövcuddur ki, həmin eynilik, yuxarıda da qeyd edildiyi kimi iddiaçıların adıçəkilən mənzilə heç bir hüquqlarının, o cümlədən mülkiyyət və istifadə hüquqlarının olmamasında özünü göstərir. Həmin hüquqların mövcud olmadığı halda, hər hansı subyektiv hüququn mövcudluğundan, beləliklə də iddianın qaldırılmasında mümkünlük şərtinin ödənildiyindən söhbət gedə bilməz.” Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə hazırkı mübahisənin predmeti olan sərəncamla üçüncü şəxsə ayrılmış 305 nömrəli mənzilə dair iddiaçının subyektiv hüququnun olması müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ da yoxdur. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar