Məhkəmə qərarları › İş №2-1(112)-4113/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4113/2023

03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4113/2023 03.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanında yerləşən evə İddiaçı1, İddiaçı2 və xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X4 pasport qeydiyyatına alınmaları” öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən ünvan 1 ünvanında 100 kv.m torpaq sahəsi verilmiş, həmin torpaq sahəsində ev tikmişdir. Göstərilən ünvanda 10 ilə yaxın yaşasalar da, halhazıra kimi həmin ünvana pasport qeydiyyatları yoxdur. Evə dair bütün mənzil kommunal xərcləri ödəyirlər. Sözügedən ünvana pasport qeydiyyatına alınma barədə ərizə ilə cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən həmin evin sənədlərinin olmaması əsas gətirilərək imtina edilmişdir. Müəyyən səbəblərdən evə mülkiyyət hüquqlarını təsdiq edən sənədi hələ ala bilməmişlər. Cavabdeh tərəfin imtina üçün heç bir əsas yoxdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə tərəfindən iddiaçılara Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli məktubla hüquqi yardım edilərək qeydiyyata alınmaq üçün müraciət edilən evə dair hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 059-31869Q-3222 saylı 09 avqust 2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən İddiaçı1, İddiaçı2 və X4 ünvan 2 ünvanına qeydiyyata alınmaları üçün müvafiq sənədlərlə birlikdə Rayon Polis İdarəsinin X1 müraciət edilməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə, göstərilən ünvana qeydiyyata alınmaları qanunamüvafiq deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ var. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-991/2023 **********91 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Mollazadə küçəsi, 10 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın İnventarlaşdırılması Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinin fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair xx.xx.2012-ci il tarixli hesabat cədvəlində tikintinin sahibi İddiaçı1, ünvanı isə Binəqədi rayonu, Xocasən bələdiyyəsi, Xocasən qəsəbəsi, Yeni məhəllə kimi qeyd olunmuşdur. 916549 saylı xx.xx.2013-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Sulutəpə, Xocasən qəsəbəsi ünvanında qaz sayğacı quraşdırılaraq İddiaçı1 təhvil verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ******* saylı xx.xx.2012-ci il tarixli protokolundan görünür ki, istehlakçının ünvanı Xocasən qəsəbəsidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, birgə iddiaçıların qeydiyyata alınmalarını tələb etdikləri evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmamaqla kommunal xidmətlərdən istifadəyə dair sənədlərdə də evin ünvanı kimi yalnız Xocasən və ya Sulutəpə qəsəbəsi göstərilmişdir. İddiaçılar tərəfindən təqdim olunan tikiniyə dair hesabat cəvdəlinin kserosurəti məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməməklə bərabər həmin sənəddə də ünvan kimi yalnız Xocasən qəsəbəsi yeni məhəllə qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıların ünvan 1 ünvanı ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılıqlarının (əlaqənin) mövcudluğu müəyyən olunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar