Məhkəmə qərarları › İş №2-1(112)-4114/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4114/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4114/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı «cavabdehin hərəkətsizliyinin qanunsuz sayılması və iddiaçıların inzibati binaya qeydiyyata alınması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Suraxanı RPİ-yə qarşı cavabdehin hərəkətsizliyinin qanunsuz sayılması və iddiaçıların Suraxanı RPİ-nin inzibati binasına qeydiyyata alınması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Azərbaycan Respublikasının vətəndaşlarıdır və Azərbaycan Respublikasında yaşayırlar. Onların qeydiyyatsız olaraq yaşadıqları ünvan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində yerləşən fərdi evidir. İddiaçılar uzun müddət ünvan 2 ünvanında qeydiyyatda olmuşlar. Həmin ev qohumlarının mülkiyətində olduğundan, həmin qohum tərəfindən qeydiyyatdan çıxarılmışlar. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində yerləşən fərdi evdə yaşadıqlarına görə Suraxanı RPİ-yə qeydiyyatla bağlı müraciyyət etmişlər. Nəticədə faktiki olaraq yaşadıqları ünvanın mülkiyyət sənədini ümumən olmadığından, onların həmin ünvana qeydiyyata alınması mülkün olmamışdır. İnzibati binaya qeydiyyat alınmalı olduqları halda, qurumun belə səlahiyyətinin olmadığı onlara bildirilmişdir. Qeydiyyat ünvanının olmaması səbəbi ilə şəxsiyyət vəsiqələri deaktiv olunmuşdur. İddiaçı2 İ qrup ümumi əlildir, X3 isə ürək xəstəsidir. Şəxsiyyət vasiqələrinin deaktiv olmaları ilə bağlı dövlət xəstəxanalarından və tibbi sığortadan istifadə edə bilmirlər. X4 şəxsiyyət vəsiqəsinin deaktiv olması ilə bağlı özünə lazım hüquqi sənədləri ala bilmir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1, 2-ci maddələrinə İPM-in 33, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdehin hərəkətsizliyinin qanunsuz sayılması və iddiaçıların inzibati binaya qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı3 və cavabdehin nümayəndəsi gəlmişlər, digər iddiaçılar gəlməmişlər. Məhkəmə İPM-in 30.4, 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, onlarln iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianın dəyişdirilməməsində israrlı olduğunu bildir və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçıların Suraxanı RPİyə müraciətinin məzmunu onlarlın yaşadıqları evə qeydiyyata alınması barədədir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iddiaçıların tələbi Suraxanı RPİ-nin inzibati binasına qeydiyyata alınma barədə olsa da, məhkəmə icraatında əldə olunmuş onların Suraxanı RPİ-yə ünvanlanmış 12 sentyabr 2022-ci il tarixli müraciətinin surətinə əsasən həmin müraciətin məzmunu yaşadıqları evə qeydiyyata alınmaya dair olmuşdur. Yəni inzibati orqan tərəfindən iddiaçıların RPİ-nin inzibati binasına qeydiyyata alınması üzrə inzibati icraat aparılmamış və hər hansə imtina verilməmiş və ya hərəkətsizlik göstərilməmişdir. Bu hal isə belə nəticə yaradır ki, iddiaçılar və cavabdeh arasında inzibati mübahisə yaranmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə inzibati orqan Bakı şəhəri Suraxanı RPİ tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar