Məhkəmə qərarları › İş №2-1(112)-4115/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4115/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4115/2021 03.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, M.Əlizadə küçəsi ev 76; ixtisası: orta təhsil; iş yeri: işləmir), cavabdehin nümayəndəsi X1 (Ünvan: Qazax şəhəri Heydər Əliyev prospekti ev 46, mənzil 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının mütəxəssis) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi, birdəfəlik müavinətin verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 19.04.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 03.06.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, 05.04.2019-cu il tarixindən 10.09.2020-ci il tarixinədək, Sumqayıt şəhər məhkəməsinin Hökmünə əsasən iddiaçı barəsində həbs qəti imkan tədbiri seçilməklə AR.ƏN.PX-ın 3 saylı İstintaq Təcridxanasında olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 10.09.2020-ci il tarixli 1(105)-207/2020 saylı qərarı ilə barəsində seçilmiş həbs qəti imkan tədbiri ev dustaqlığı növündə qəti imkan tədbiri ilə əvəz edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08.10.2020-ci il tarixli 1(105)- 207/2020 hökmü ilə təqsirli bilindiyi ittiham üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində cinayət işinin icraatına xitam verilmiş və barəsində seçilmiş ev dustaqlığı qəti imkan tədbiri ləğv edilmişdir. Cəza çəkmədən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsinin təşkilatı hüquqi əsasları və bu sahədə yaranan müavinətlər “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisədir. Qanunun 6.1.7 maddəsinə əsasən cəzaçəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia edir ki, Sumqayıt Şəhər Məhkəməsinin hökmünə əsasən 05.04.2019-cu il tarixdən 10.09.2020-ci il tarixədək istintaq təcridxanasında olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 08.10.2020-ci il tarixli hökmünə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İddiaçı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası” haqqında Qanunun 6.1.7-ci maddəsinə istinad edərək sosial adaptasiya müavinətinə hüququ olduğunu iddia etmişdir. Hazırkı mübahisə predmetinin uğurlu həlli məqsədilə tələbin mahiyyəti üzrə əsaslı olub- olmamasını müəyyənləşdirmək üçün aşağıdakı suallara aydınlıq gətirilməlidir. 1) İddiaçı penitensiar müəssiələrdə cəza çəkməkdən azad edilmiş şəxs statusuna malikdirmi? 2) Əgər həmin statusa malikdirsə, sosial adaptasiyaya ehtiyacı olan şəxs statusu vardırmı? İddiaçı iddia etdiyi hüquq üzrə iddia tələbinin əsaslı olması üçün yuxarıda qeyd edilən hər iki statusa malik olmalıdır. Aşağıda qeyd edilən hüquqi və faktiki əsaslara görə 2-1(112)-4115/2021 nömrəli iş üzrə iddia tələbi tamamilə, əsassızdır və təmin edilməməlidir: 1) Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya hüquqları “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası” haqqında 31 may 2007-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 6-cı maddəsində sosial adaptasiya tədbirlərinin dairəsi müəyyən olunmuşdur. Qanunun 6.1.7- ci maddəsində cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi sosial adaptasiya tədbirlərinin növlərindən biri kimi qeyd olunmuşdur. Həmin Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1-ci maddəsinə müvafiq olaraq penitensiar müəssisənin anlayışı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzacəkmə müəssisəsi olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cəzaların icrası məcəlləsinin 65.1-ci maddəsində cəzaçəkmə müəssisələrinin dairəsi müəyyən olunmuşdur. Həmin maddəyə əsasən cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər. Normadan aydın olduğu kimi istintaq təcridxanası cəzaçəkmə müəssisəsi olmamaqla, yalnız xüsusi kateqoriya məhkumlar üçün cəzaçəkmə müəssisəsinin funksiyalarını həyata keçirir. Hazırkı iş üzrə iddiaçı isə həmin kateqoriya məhkum deyildir. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56-cı maddəsində azadlıqdan məhrum etmə növündə cəzanın çəkildiyi cəzaçəkmə müəssisələrinin dairəsi əhatə olunmuşdur. Həmin müddəada törədilən ictimai təhlükəli əməlin növündən aslı olaraq, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün məntəqə tipli, ümumi rejimli, ciddi rejimli, xüsusi rejimli və həbsxana növündə cəzaçəkmə müəssisəsiləri müəyyən edilmişdir. Göründüyü kimi, istintaq təcridxanası azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsinin nəzərdə tutulduğu cəzaçəkmə müəssisəsi deyildir. Belə ki, hazırkı is üzrə iddiaçı penitensiar müəssisədə cəza çəkməkdən azad edilmiş şəxs statusuna malik olmadığı ucun “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası” haqqında Qanun üzrə sosial təminat hüquqları yaranmamışdır. 2)“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası” haqqında Qanunun 7.1-ci maddəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN) penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür.” 7.2.Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Cəzaların İcrası Məcəlləsinin 175 2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara məhkum edilmiş şəxslərin cəza müddətinin qurtarmasına üç ay qalmış onların siyahısını müvafiq icra hakimiyyəti orqanına (ƏƏSMN) təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN) xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq, sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Sosial adaptasiyadan imtina etmiş şəxslərə cəza çəkməkdən azad olunduqdan sonra üç ay müddətində sosial adaptasiya məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ barədə məlumat verilir. Yuxarıda qeyd edilmiş müddəalara əsasən müəyyən olur ki, şəxs penitensiar müəssisədə cəza çəkməkdən azad olunduğu tarixdən əvvəlki 3 ay ərzində qeydiyyata götürülür. (Əgər sosial adaptasiyaya ehtiyacı olduğu müəyyən edilərsə). Yəni, sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınmaq cəza müddətinin bitməsi anı məlum olan məhkumlara (Cəzaların İcrası Məcəlləsinin 167.0.1-ci maddəsinə uyğun olaraq cəza çəkməkdən cəza müddətinin qurtarması əsasıyla azad olunanlara) münasibətdə həyata keçirilir. Bir sözlə, iddiaçı penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxs statusuna malik olsaydı belə, sosial adaptasiyaya ehtiyacı olan şəxs statusuna malik olmadığından onun iddia tələbi üzrə hüququ yaranmayacaqdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 24.09.2020-ci il tarixli 17/40-3945 nömrəli arayışında göstərilmişdir: “xx.xx.1955-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 113-də qeydiyyatda olan İddiaçı AR CMnin 178.2.1,178.2.4 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Sumqayıt şəhər Məhkəməsinin 02.04.2019-cu il tarixli qərarı ilə barəsində axtarış elan olunmuş və 04.04.2019-cu il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfində tutularaq saxlanılması üçün 05.04.2019-cu il tarixdə 3 saylı İstintaq təcridxanasına gətirilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 10.09.2020-ci il tarixli qərarı ilə İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından azad edilmişdir.” İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana hazırkı tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə — Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər — qanunvericilikdə müəyyən edilmiş əsaslarla azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi sosial adaptasiya tədbirlərinin növlərindən biri kimi qeyd olunmuşdur. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN) penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara məhkum edilmiş şəxslərin cəza müddətinin qurtarmasına üç ay qalmış onların siyahısını müvafiq icra hakimiyyəti orqanına (ƏƏSMN) təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN) cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq, sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və vəzifələri, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Sosial adaptasiyadan imtina etmiş şəxslərə cəza çəkməkdən azad olunduqdan sonra üç ay müddətində sosial adaptasiya məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ barədə məlumat verilir. Digər əsaslarla cəza çəkməkdən azad olunmuş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər barədə cəzaçəkmə müəssisəsinin müdiriyyəti dərhal müvafiq icra hakimiyyəti orqanını məlumatlandırır və bu şəxslərin sosial adaptasiya mərkəzlərinə göndərilməsi üçün birgə tədbirlər görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Həmin Məcəllənin 56-cı maddəsində azadlıqdan məhrum etmə növündə cəzanın çəkildiyi cəzaçəkmə müəssisələrinin dairəsi əhatə olunmuşdur. Həmin müddəada törədilən ictimai təhlükəli əməlin növündən aslı olaraq, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün məntəqə tipli, ümumi rejimli, ciddi rejimli, xüsusi rejimli və həbsxana növündə cəzaçəkmə müəssisəsiləri müəyyən edilmişdir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının cəzaçəkmə müəssisəsində cəza çəkməkdən azad edilmiş şəxs statusuna malik olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, şəxs penitensiar müəssisədə cəza çəkməkdən azad olunduğu tarixdən əvvəlki 3 ay ərzində qeydiyyata götürülür. (Əgər sosial adaptasiyaya ehtiyacı olduğu müəyyən edilərsə). Yəni, sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınmaq cəza müddətinin bitməsi anı məlum olan məhkumlara (Cəzaların İcrası Məcəlləsinin 167.0.1-ci maddəsinə uyğun olaraq cəza çəkməkdən cəza müddətinin qurtarması əsasıyla azad olunanlara) münasibətdə həyata keçirilir. Göründüyü kimi, iddiaçı sosial adaptasiyaya ehtiyacı olan şəxs statusuna malik olmadığından onun iddia tələbi üzrə hüququ yaranmayacaqdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, istintaq təcridxanası penitensiar müəssisə olsa da, iddiaçıya münasibətdə cəzaçəkmə müəssisəsi olmadığından, iddiaçıya cinayət qanunvericiliyinə uyğun olaraq qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cəza təyin edilməyindən və buna görə də, onun cəzaçəkməkdən azad edilmiş şəxs statusu olmadığından, habelə sosial adaptasiyaya ehtiyacı olan şəxs statusuna malik olmadığından, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası" haqqında Qanun üzrə sosial təminat hüquqları yaranmadığından, hazırkı iddia əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi, birdəfəlik müavinətin verilməsi barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar