Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4115/2025 11.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil üzərində onun mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildən qeydiyyatda olmaqla 5 nəfər ailə üzvü ilə mübahisəli mənzildə yaşayırlar. Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin (Bakı ŞİH MKTD) xx.xx.2017-ci il tarixli 28 saylı Sərəncamına əsasən qeyd olunan mənzilə dair 5 nəfər ailə üzvü ilə onun adına kirayə müqaviləsi bağlanmış və o, mənzilin kirayəçisi hesab olunmuşdur. Mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdeh İdarəyə müraciət etsə də cavabdeh tərəfindən ərizəsinin təmin olumasından imtina edilmişdir. Hesab edir ki, imtina qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin araşdırma zamanı sözügedən mənzilə dair Bakı ŞİH MKTD-nin 28 saylı sərəncamının xx.xx.2017-ci il tarixdə verildiyi müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının 2(103)-4906/09 saylı iş üzrə çıxartdığı xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, X2 cavabdeh Bakı şəhəri MKTD-yə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin 10 saylı mənzilinə dair icarə müqaviləsinin onunla bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin Məhkəmənin 2(001)-717/2009 saylı 21 aprel 2009-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsi ilə birinci instansiya məhkəməsinin 2(001)-717/2009 saylı 21 aprel 2009-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin 10 saylı mənzilinə dair X2 ilə icarə müqaviləsinin bağlanmasının Bakı şəhəri MKTD-yə həvalə edilməsi qət edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 24 dekabr 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı ŞİH Aparatı MKTD-nin: - “Bakı şəhəri, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin 10-cu mənzilinə Ş.A.Hüseynovun adına icarə müqaviləsinin bağlanılması haqqında” 84/2 №li xx.xx.2011-ci il tarixli sərəncamından (təsdiq edilmiş surəti) görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində yerləşən 22 saylı evin yaşayış sahəsi 21,09 kv. metr olan 2 otaqlı 10 saylı mənzilində 1992-ci ildən pasport qeydiyyatında olmaqla X2 tək yaşayır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(103)-4906/09 saylı qətnaməsinə əsaslanaraq Bakı şəhəri, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində yerləşən 22 saylı evin yaşayış sahəsi 21,09 kv. metr olan 2 otaqlı 10 saylı mənzilinə X1 adına icarə müqaviləsinin bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi; qeyd olunan mənzilə Ş.A.Hüseynovun adına şəxsi maliyyə hesabının açılmasının 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 113 saylı MKİS-nə tapşırlması qərara alınmışdır. - “Bakı şəhəri, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin 10 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” 28 №li xx.xx.2017-ci il tarixli sərəncamından müəyyən olunur ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində yerləşən 22 saylı evin, yaşayış sahəsi 21,09 kv. metr olan 2 otaqlı 10 saylı mənzilinin kirayəçisi X2 ölümü ilə əlaqədar xx.xx.2016-cı il tarixdə qeydiyyatdan çıxarılmışdır. (Əsas: Ölüm haqqında şəhadətnamə AZ-İ № 743570, xx.xx.2016-cı il). Halhazırda göstərilən mənzildə 2012-ci ildən qeydiyyata alınmış kirayəçinin qızı İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, əri, 2 oğlu və qızı) yaşayır. İddiaçı MKTD-yə ərizə ilə müraciət edərək, mənzilin əsas kirayəçisinin ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmasının nəzərə alınaraq, yaşayış sahəsinin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Qeyd olunan sərəncamla Bakı şəhəri, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində yerləşən 22 saylı evin, yaşayış sahəsi 21,09 kv. metr olan 2 otaqlı 10 saylı mənzilinin kirayə müqaviləsi 5 nəfər ailə üzvü ilə (özü, əri, 2 oğlu və qızı) İddiaçı adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi; İddiaçı adına yeni şəxsi maliyyə hesabının açılmasının 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 113 saylı Mənzil Kommunal İstismar, Sahəsinə tapşırılması qərara alınmışdır. Bakı ŞİH MKTD-nin 26 dekabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, əvvəllər Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş mənzil fondu, o cümlədən ünvan 2 ünvanında yerləşən yaşayış binası Bakı şəhər İcra Hakmiyyətinin xx.xx.2001-ci il tarixli 193 saylı Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2001-ci il tarixli, 46/H saylı əmri ilə Bakı şəhəri MKTD-nin 2 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına verilmişdir. Bakı şəhəri MKTD-nin 2 saylı Xüsusi Təyinatlı MKTB 113 saylı MKİS tərəfindən Bakı şəhəri, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində yerləşən 22 saylı evin, yaşayış sahəsi 21,09 kv. metr olan 2 otaqlı 10 saylı mənzilin icarədarı İddiaçı verilmiş arayışdan müəyyən olunur ki, mənzildə özü ilə yanaşı əri X3, qızı - X4 (xx.xx.1986-cı il), oğlu - X5 (xx.xx.1985), oğlu - X6 (xx.xx.1990), nəvəsi – X7 (xx.xx.2016), nəvəsi – X10 (xx.xx.2021), nəvəsi – X8 (xx.xx.2014) qeydiyyatda olmaqla yaşayırlar. X4, X6, X3 və X5 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizələrdə onlar qeydiyyatda olduqları Bakı şəhəri, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində yerləşən 22 saylı evin, yaşayış sahəsi 21,09 kv. metr olan 2 otaqlı 10 saylı mənzilin İddiaçı adına özlləşməsinə və çıxarış verilməsinə etiraz etmədiklərini bildirmişlər. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3- 02/2-S-0817-8/2024 №-li cavab məktubunda göstərilmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində yerləşən 22 nömrəli mənzil üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyindən İqtisadiyyat Nazirliyinə və Əmlak Məsələləri Dövlət Xitmətinə daxil olmuş müraciətlərinizə (daxilolma qeydiyyatı: 3-21/1-S-6143-8/2024, xx.xx.2024-cü il) aidiyyəti üzrə baxılmışdır. Müraciətlə əlaqədar bildiririk ki, tərəfinizdən qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin araşdırma zamanı sözügedən mənzilə dair Bakı ŞİH MKTD-nin 28 saylı sərəncamının xx.xx.2017-ci il tarixdə verildiyi müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.111-ci maddəsində” “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakmiyyəti orqanları nəzərdə tutulur. Bildiririk ki, qanunada nəzərdə tutulmuş müvafiq sənədlərlə “Asan xidmət” mərkəzinə müraciət edəcəyiniz təqdirdə sözügedən mənzil üzərində hüquqların dövlət qeydiyyatının aparılması məsələsinə qanunamüvafiq qaydada baxılacqdır”. Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-26868/2025 №-li məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirnən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzilin yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 16.7 kv.metr, ümumi sahəsi isə faktiki olaraq 28.7 kv.metr təşkil edir. Mənzil 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər ... Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ... Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. ... Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. .... Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Maddə 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Maddə 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Maddə 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. ... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.7. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək.
3. Xidmətin vəzifələri. ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.25-ci bəndinə əsasən ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeydə alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək aid olması da müəyyən edilmişdir. Məhkəmə isə hesab edir ki, iddiaçının adına mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın xx.xx.2017-ci il tarixdə, yəni 2009-cu il oktyabrın 1-dən sonra verilməsi vəziyyəti iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, iş materiallarından da göründüyü kimi həmin mənzilə dair hüquq münasibətləri 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır. Belə ki, mübahisəli mənzil 1992-ci ildən iddiaçının həmin mənzildə qeydiyyatda olan atasının istifadəsində olmuş, 2011-ci ildən o həmin mənzilin icarədarı hesab olunmuş, öldükdən sonra isə icarə müqaviləsi iddiaçının adına dəyişdirilmişdir. Göründüyü kimi İddiaçı mübahisəli mənzilə dair hüquqları 1992-ci ildən yaranmışdır. Məhkəmə diqqətə çatdırır ki, doğrudur ki, mövcud inzibati praktikaya əsasən şəxsin uzun illər yaşayış sahəsində yaşaması ona yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması imkanını vermir. Nəzərə alınmalıdır ki, hazırki mübahisədə iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasının əsası təkcə onun qeydiyyatı ilə bağlı olmamışdır, əksinə mənzilin kirayəçisi olmasını təsdiq edən sərəncamın olması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, sərəncamın mövcudluğu balansaxlayıcı tərəfindən iddiaçının mübahisəli yaşayış sahəsinə münasibətdə hüquqlarının yarandığını təsdiq edən göstəricidir ki, bu zaman balansaxlayıcı məhz iddiaçının mərhum atasının 1992-ci ildən, daha sonra isə onun həmin mənzildə yaşaması faktını nəzərə alaraq bu qənaətə gəlmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 5.Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Məhkəmə əlavə olaraq onu da bildirir ki, sözügedən mənzil ilk olaraq iddiaçının atası ilə kirayə müqaviləsi bağlandığından, daha sonra mərhum atasının ölümündən sonra mənzil kirayə müqaviləsinin onunla bağlandığından və faktiki olaraq həmin mənzildə iddiaçı 1992-ci ildən yaşamağa başladığından, onun mənzilə dair kirayə müqaviləsi bağlanmışdır. Hazırda mənzilin iddiaçıya ayrılmasına dair sərəncam və onun əsasında bağlanmış kirayə müqaviləsi ləğv edilmədiyindən, geri çağrılmadığından, dəyişdirilmədiyindən və hal-hazırda öz hüquqi qüvvəsini saxladığında, hazırki iddianı istisna edən hal mövcud olmamışdır. Göründüyü kimi balansaxlayıcı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən mənzil kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam mülkiyyət hüququnun qeydiyyata alınma əsaslarından biri kimi çıxış edir. Beləliklə, cavabdehin etirazda əsaslandırdığı iddia tələbinin təminini istisna edən hal barədə faktiki şərt sübut edilə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-944/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Beləliklə, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının həmin yaşayış sahəsinə, onun həmin mənzilə köçdüyü 1990-cı ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyindən, buradan, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) mənzil hüquq münasibətlərinin iştirakçısı olubolmadığının müəyyən edilməsindən ibarətdir.” Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı mövqeyi ondan ibarət olmuşdur ki, şəxsin mənzilə köçdüyü 1990-cı ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyindən, həmçini mənzil hüquq münasibətlərinin iştirakçısının olub-olmamasının müəyyən edilməsi iddianın həllində əhəmiyyətli rol oynayır. Məhkəmə cavabdehin yazılı etirazda qeyd etdiyi digər dəlilə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən mənzilə dair hüquqmüəyyənedici sənədlərdən əlavə həmçinin, mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istimar təşkilatının arayışının (2 №-li arayışı) təqdim edilmədiyini bildirir. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərin (order, kirayə müqaviləsi və ya sərəncam) təqdim edilmədiyini bildirmiş, etirazda qeyd etdiyi sənədlərin təqdim olunmalı olmasını isə ümumiyyətlə iddiaçının diqqətinə çatdırmamışdır ki, bu da cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Belə ki, cavabdehin istinad etdiyi həmin hallar əslində inzibati orqanının yardım etmək vəzifəsi çərçivəsində həll olunmalı idi və cavabdeh onların aradan qaldırılmasında iddiaçıya yardım etməli idi. İstinad edilən iradlar iddiaçının iddia tələbinin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Digər tərəfdən nəzərə alınmalıdır ki, doğrudur ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verilir və həmin arayış qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər ilə birgə mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verilən ərizəyə əlavə edilir. (Bax: “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi) Bununla bağlı isə məhkəmə nəzərə alınır ki, sərəncamda iddiaçı ilə bərabər göstərilən digər 4 ailə üzvü öz iradə ifadələrinə əsasən mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq vermişdirlər. Beləliklə Məhkəmə qeyd etmək istəyir ki, hazırki mübahisə üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının mərhum atası 1992-ci il tarixdən yaşayış sahəsinə qeydiyyata alınmış, həmin yaşayış sahəsinə münasibətdə onunla, daha sonra isə sonuncunun qızı olan hazırki iddiaçı ilə icarə müqaviləsi bağlanmış, bununla da o, mənzilə dair hüquq münasibətinin subyekti olmuşdur. Beləliklə, cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev