Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4117/2022 12.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mediasiya Şurasına və X1na qarşı arayışın qanunsuz hesab edilməsi tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə cavabdehlər Azərbaycan Respublikası Mediasiya Şurasına və X3 qarşı arayışın qanunsuz hesab edilməsi barədə iddia qaldıraraq, Azərbaycan Respublikası Mediasiya Şurasının üzvü X1 tərəfindən qəbul edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞİH-02651 saylı 27.09.2021-ci il tarixli arayışın qanunsuz hesab edilməklə, ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, X11 tərəfindən MŞİH-02651 saylı 27.09.2021-ci il tarixli arayış təqdim edilmişdir. X11, mediasiya sessiyası keçirilmədən, mediasiya prosedurlarına riayət etmədən və həqiqətə uyğun olmayan, saxtalığına əsaslı şübhələr olan bir ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞİH-02651 saylı 27.09.2021-ci il tarixli arayışı təqdim etmişdir. Aşağıda qeyd olunan əsaslara görə MŞİH- 02651 saylı 27.09.2021-ci il tarixli arayış ləğv edilməlidir. Mediator tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, ona heç bir mediasiyada iştiraka dəvət edilməsi ilə bağlı məktub təqdim olunmamışdır. Valideynləri isə bir neçə gün öncədən Mediatora 27 sentyabrda gələ bilməyəcəklərini telefonla bildirərək, görüşün başqa günə salınmasını xahiş etmişlər. 27.09.2021 tarixdə Anım Günü ilə bağlı paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar bəzi yollarda nəqliyyat vasitələri üçün hərəkət məhdudlaşdırılmışdır. Mediator tərəfindən qeyd olunan hal nəzərə alınmadan, mediasiya görüşü təyin edilmiş və qanunsuz bir sənəd də imzalanıb, təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmə iclası 12.01.2021-ci il tarixə təyin edilmiş və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikası Mediasiya Şurasının elektron məhkəmə informasiya sistemi vasitəsilə 12.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinə yazılı münasibətdə göstərilmişdir ki, İddiaçı cavabdehlər Mediasiya Şurası və X1na qarşı “arayışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, həmin iddia ərizəsi mümkün hesab edilməməlidir. Belə ki, İPM-nin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri sadlanıb ki, hazırkı mübahisə onların heç biri ilə əhatə edilmir. İddiaçı İPM-nin 32.1-ci maddəsinə istinad edərək, iddia ərizəsinin inzibati aktın ləğv edilməsi ilə bağlı olan mübahisələndirməyə dair iddialara aid olduğunu qeyd etmişdir. Halbuki, nə Mediasiya Şurası inzibati orqan (qeyri kommersiya hüquqi şəxsdir), nə də ki, X11nin qəbul etdiyi arayış inzibati akt deyil. İPM-nin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli qərarının 2.3-cü maddəsinə əsəsən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını müəyyən etməlidirlər. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Cavabdeh X5 tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın mümkün sayılmaqla, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə təqdim edilmiş etiraza uyğun izahat verərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Cavabdeh X5 izahatında digər cavabdehin nümayəndəsinin qeyd etdiyi əsasların nəzərə alınmaqla, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə” 27 sentyabr 2021-ci il tarixli MŞİH-02651 №li arayşın surətindən müəyyən olunur ki, həmin arayış İddiaçı, X8, X9 X7 tərəfindən təsvir edildiyi kimi “əqdin etibarsızlığı, cehiz əşyaların tələbi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi”nə dair mübahisə üzrə 27.09.2021-ci il tarixində 11:00-12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etdiklərini təsdiq etmək üçün verilmişdir. İddiaçı, X13, X14 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən özəl poçt vasitəsi ilə məlumatlandırılmışdır. X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X15 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50+9 mant poçt xərcini, cəmi 59 (əlli doqquz) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Hazırda iddiaçı iddia edir ki, X1 tərəfindən qəbul edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞİH-02651 saylı 27.09.2021-ci il tarixli arayış qanunsuz olaraq qəbul edilmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçı, “əqdin etibarsızlığı və nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” ilə əlaqədar olunmuş müraciətlə bağlı cavabdeh Azərbaycan Respublikası Mediasiya Şurasının üzvü olan X11 tərəfindən qəbul olunmuş arayışı inzibati akt (qərar) kimi qiymətləndirmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmçinin nəzərə alınmalıdır ki, İPM-nin 2.2.5-ci maddəsinə görə, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində aşağıdakı anlayışlar verilmişdir: mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses(1.0.1.); mediator – peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu Qanunun tələblərinə cavab verən fiziki şəxs (1.0.3); mediasiya təşkilatı – bu Qanunun 11.1-ci maddəsində müəyyən edilmiş hüquqi şəxs (1.0.4.). Həmin Qanunun 11.1-ci maddəsinə əsasən Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyrikommersiya hüquqi şəxsidir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış hüquqi şəxs mediasiya təşkilatı ola bilər. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən Mediasiya Şurası bu Qanunun 20.1-ci maddəsində nəzərdə tutulmuş funksiyaların həyata keçirilməsi məqsədilə, mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. 21.02.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış Mediasiya Şurasının nizamnaməsinin 1.1-ci bəndində “Mediasiya Şurası” (bundan sonra- “Şura”) “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, həmin Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan funksiyaları həyata keçirmək məqsədilə mediasiya təşkilatının, mediatorların və mediasiya təlimi qurumlarının məcburi üzvülüyü, üvlərinin hüquq bərabərliyi prinsipləri əsasında daimi əsaslarla fəaliyyət göstərən, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən, öz faliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nın V bəndində qeyd olunmuşdur ki, Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər bu təsnifata daxildir. İş üzrə müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nda inzibati orqanların adları sırasında qeyri-kommersiya hüquqi şəxsi olan Mediasiya Şurası qeyd edilməmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sənəd (cavabdeh X1nın qəbul etdiyi arayış) inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz, bu cür şərh əsassız və qanunsuzdur. Həmin arayış ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməmiş və ünvanlandığı fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.4 və 2.3cü bəndlərinə görə, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını...qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını...yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qaışı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Bununla yanaşı məhkəmə onu da qeyd etməyu zəruri hesab edir ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırki halda İddiaçı tərəfindən verilmiş iddia üzrə tələb inzibati məhkəmə icraatı qaydasında baxılmalı işlərə aid olmadığından və İPM-nin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, ona göstəriləcək hüquqi yardım nəticəsində də mümkünlük şərtləri ödənilməyəcəyindən, məhkəmə tərəfindən sonuncuya qeyd olunan maddədə sadalananqaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsi, yanlış iddia növünün münasibi ilə əvəz olunması təklif olunmamışdır. Bununla yanaşı məhkəmə araşdırması zamanı iddiaçıya hazırda mübahisələndirilən mediator arayışı ilə razı olmadığı təqdirdə, arayışın verilməsinə əsas olmuş mübahisə üzrə işə mahiyyəti üzrə baxacaq müvafiq məhkəmədə, sənədlərin yenidən tərəflərin birgə iştirakı ilə müzakirə olunması üçün mediatora qaytarılması barədə vəsatət qaldırmaq hüququnun olduğu izah olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mediasiya Şurasına və X3 qarşı arayışın qanunsuz hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4117/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4117/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver