Məhkəmə qərarları › İş №2-1(112)-4118/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4118/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4118/2023 07.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, satıcı işləyir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia qaldıraraq iddiaçı xx.xx.1982-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darbaz kəndində doğulmuşdur, 1989-cu ildə həmin kəndin orta məktəbinin 1-ci sinfinə getmiş və 1996-cı ildə valideynləri 7-ci sinifdən sonra oxumağa qoymamışlar. Məktəbdə azərbaycan dilində təhsil almışdır. 2000-ci ildə Azərbaycan Respublikasının vətəndaşı X3 ilə rəsmi nikaha daxil olmuşdur, birgə nilahından Azərbaycan Respublikasının vətəndaşı olan 3 övladı - xx.xx.2001-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X8 doğulmuşdur, 2000-2012-ci illərdə Mingəçevir şəhərində yaşamış, 2012-ci ildən isə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsində fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci ildə əri X3 vəfat etmişdir. Bu vaxta qədər ona 2 dəfə bir illik müvəqqəti yaşamaq icazəsi, 2 dəfə isə 5 illik yaşayış icazəsi verilmişdir. xx.xx.2020-ci ildə vətəndaşlığa qəbulla bağlı 110 manat dövlət rüsumunu ödəməklə yanaşı sənədləri toplayıb cavabdehə təqdim etmiş, lakin müraciəti təmin edilməmişdir. Vəsatətə baxılma müddəti uzun müddət tələb etdiyi üçün o, 3-cü dəfə illik yaşayış icazəsi də almışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli, 35923/m nömrəli ərizə ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və bunun əsasında onun barəsində olan sənədlər baxılması üçün Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına göndərilmiş və Komissiyada vəsatətə baxılaraq onun təmin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə dair təqdim edilmiş etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə iddia ərizəsində göstərdiyi tələblə bağlı müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İddia ərizəsinə əlavə edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 08/L-M-104ZƏ nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmış və təmin edilməsi məqsədəmüvafiq hesab olunmadığından rədd edilmişdir. Azərbaycan Respublikasında 30 gündən çox yaşamaq istəyən əcnəbi vətəndaşın qeydiyyata alınması haqqında vəsiqələrə əsasən iddiaçı Gürcüstan Respublikasının vətəndaşıdır və ona xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilə qədər, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər, xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər, xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2021-ci ildən xx.xx.2026-cı ilə qədər Azərbaycan Respublikasının ərazisində yaşamaq icazəsi verilmişdir. X6, X7, X4 şəxsiyyət vəsiqələrinə və doğum haqqında şəhadətnamələrinə əsasən onlar iddiaçının X3 ilə nikahından doğulmuşlar və Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşı X3 ilə Mingəçevir şəhərində xx.xx.2002-ci ildə nikaha daxil olmuşdur. Ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2022-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçının Azərbaycan dilini bilməsinin mövcud səviyyəsi yoxlanılmışdır, iddiaçının nitq və danışıq bacarığının, oxu bacarığının, yazı bacarığının “yaxşı” səviyyədə olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Gürcüstan Respublikasının vətəndaşıdır, xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olmuş, həmin nikahdan iddiaçının üç uşağı doğulmuşdur, hər üç uşaq Azərbaycan Respublikasının vətəndaşıdırlar, iddiaçı xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilə qədər, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər, xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər, xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilə qədər Azərbaycan Respublikasının ərazisində yaşamaq icazəsinə malik olmuşdur, hazırda da Azərbaycan Respublikasının ərazisində xx.xx.2021-ci ildən xx.xx.20216-cı ilə qədər müddəti olan yaşamaq icazəsi əsasında yaşayır, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir.Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir Həmin Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı;3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Həmin Qanunun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir:1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə;3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Həmin Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır.Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir.Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 2.0.7-ci mаddəsinə əsаsən, diskrеsiоn səlаhiyyətlər qаnunlа inzibаti оrqаnа və yа vəzifəli şəхsə mümkün qаnunа uyğun qərаrlаrdаn birini sеçmək hüququnun vеrilməsidir. Göründüyü kimi digər bir ölkənin vətəndaşına Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi diskresion səlahiyyətlər çərçivəsində qəbul edilən qərardır, belə bir qərarın qəbul edilməsi öhdəlik deyil, hüquqdur. Hazırda iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsindən imtina edilməsi zamanı cavabdehin hər hаnsı bir qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yetirilməmişdir, belə ki, cavabdeh iddiaçının müraciətinə vaxtında baxmış, iddiaçının müraciətini baxılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim etmiş, həmin müraciətə qeyd edilən Komissiyada baxılmış, müraciət təmin edilməmiş və cavabdeh bu barədə iddiaçıya məlumat vermişdir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 73.3.1-ci mаddəsinə əsаsən, inzibаti оrqаn tərəfindən diskrеsiоn səlаhiyyət əsаsındа qərаr qəbul еdildikdə məhkəmə bir qаydа оlаrаq iddiаçının tələbinə uyğun qərаr qəbul еdə bilməz. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Vətəndaşsızlığın ixtisar edilməsi haqqında 30 avqust 1961-ci il tarixli Konvensiyasının 4-cü maddəsində göstərilir: 1. Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə— həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa—verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Vətəndaşlıq bu maddənin müddəalarına müvafiq olaraq aşağıdakı kimi verilir: a) doğulduqda qanunun qüvvəsilə və ya b) milli qanunvericiliyə uyğun olaraq, maraqlı şəxs tərəfindən, yaxud onun adından müvafiq hakimiyyət orqanları qarşısında vəsatət qaldırıldıqda, belə vəsatətlər bu maddənin 2-ci bəndinin müddəaları nəzərə alınmaqla, rədd edilməməlidir. 2. Razılığa gələn Dövlət bu maddənin 1-ci bəndinin müddəalarına müvafiq olaraq öz vətəndaşlığını verməsini aşağıdakı şərtlərin birindən və ya bir neçəsindən asılı edə bilər: a) vəsatət ərizəçi Razılığa gələn Dövlətin müəyyən etdiyi yaş həddinə çatana qədər—iyirmi üç yaşından az olmayaraq—verilir; b) maraqlı şəxs Razılığa gələn Dövlətin ərazisində, həmin dövlət tərəfindən müəyyən edilə bilən müddət ərzində—bu müddətin bilavasitə vəsatətin verildiyi vaxtdan üç ildən çox əvvəl olmaması şərtilə—daimi yaşayır; c) maraqlı şəxs milli təhlükəsizliyə qarşı qanun pozuntusu törətməyə görə məhkum edilməmişdir: d) maraqlı şəxs həmişə apatrid olmuşdur. İddiaçı isə Gürcüstan Respublikasının vətəndaşıdır və yuxarıda qeyd edilən Konvensiyanın müddəalarının şamil edildiyi kateqoriya şəxslərə aid deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar