Məhkəmə qərarları › İş №2-1(112)-4118/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4118/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4118/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh AR İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli 3-21-2-3/2-155691/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının 42791,4 manat ƏDV məbləğinin hesablanması hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi 25 sentyabr 2024-cü il tarixli 3-21-2-3/2-155691/2024 nömrəli “Vergilərin sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar əsasında müəssisəyə iyul 2024-cü il üzrə 43550,43 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarda qeyd olunur ki, EBDW №408946 və EBDW №510338 nömrəli elektron qaimə fakturalar əsasında aparılmış əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermir. Bu əsasla həmin elektron qaimə fakturalar üzrə əvəzləşmə məbləğləri ümumilikdə 42791,4 manat kənarlaşma yaranmışdır. Bildirilir ki, sözügedən qaimələr üzrə malların alındığı "xxxx" MMC (VÖEN **********) cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli **********043400 qərarına əsasən riskli vergi ödəyicisi hesab olunmağıdır. Nəzərə alınmalıdır ki, "xxxx" MMC ilə əməliyyatlar xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə aparılmış və həmin vaxt sözügedən "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. İlk növbədə bildidirilir ki, cavabdeh təşkilat Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddəyə əsasən Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Mübahisələndirilən qərarın qəbul olunmasının səbəbi məhz vergi tutulan əməliyyat aparılmış şəxsin riskli vergi ödəyicisi hesab edilməsi olmuş və maddənin tələbinə uyğun olaraq əvəzləşdirmə ləğv edilmişdir. Göründüyü kimi, "xxxx" MMC əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olmamış, buna görə də onun riskli vergi ödəyicisi olması barəsində DVX-nın İnternet Vergi İdarəsi portalında əks edilmımişdir. Bu səbəbdən bizim hər hansı şəkildə gələcəkdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə Qərar qəbul ediləcəyindən xəbərlərinin olması mümkünsüz idi. Odur ki, "xxxx" MMC barəsində müəssisə ilə əmliyyatlar apardıqdan 8 ay sonra riskli vergi ödəyicisi hesab edilməsi barədə Qərar qəbul edilməsi müəssisənin onunla apardığı əməliyyatlara görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, hətta əməliyyatlar "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunduqdan sonra da aparılsa bu belə ədv-nin əvəzləşməsinin ləğvi üçün əsas deyildir. Belə ki, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə vergi orqanı belə bir sübut təqdim edə bilməz çünki əməliyyatlar real əməliyyatlardır. Həmçinin, nəzərə alınmalıdır ki, 25 sentyabr 2024-cü il tarixli 3-21-2-3/2-155691/2024 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar qəbul edilməsi nəticələnən inzibati icraat düzgün aparılmamış və inzibati orqan tərəfindən inzibati icraatın aparılması üçün qanunvericiliklə müəyyən olunmuş prossessual qaydaya əməl edilməmişdir. Belə ki, iddiaçı tərəfindən 2024-cü ilin iyun ayı üzrə ƏDV bəyannaməsi təqdim edilmiş, lakin inzibati orqan həmin bəyannamə üzrə hansı çatışmazlıqların olmasını müəyyən etmədən, bununla bağlı iddiaçıdan əlavə sənəd, məlumat, izahat və s. tələb etmədən bəyannamə üzrə araşdırmanı iddiaçının iştirakı olmadan aparmış və nəticədə bəyannaməni qəbul etməyərək 25 sentyabr 2024-cü il tarixli 3-21-2-3/2- 155691/2024 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında iddiaçıya 43550,43 manat məbləğində ƏDV hesablamışdır. Mübahisələndirilən qərarda vergi ödəyicisinə 29 avqust 2024-cü il tarixli **********225300 nömrəli uyğunsuzluq məktubu göndərilməsi qeyd olunsa da, vergi ödəyicisinin e-taxes.gov.az elektron portalında mövcud olan kabinetində belə bir məktuba rast gəlinməmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazda bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********225300 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən EBDW №408946 və EBDW №510338 nömrəli elektron qaimə fakturalar əsasında aparılmış əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 42791,4 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 42791,4 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 98626/2024 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 42791,4 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-303486/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd edilməlidir ki, EBDW № 408946 və EBDW №510338 nömrəli elektron qaimə fakturalar əsasında "xxxx" MMC (VÖEN: **********) ilə əməliyyatlar aparılmışdır. Belə ki, "xxxx" MMC-nin təsərrüfat subyekti qeyri müəyyən ünvan üzrə qeydiyyata alınmışdır. Vergi ödəyicisinin şəxsi məlumatlarında qeyd olunan mobil nömrə ilə əlaqə saxlamaq mümkün olmamışdır. Həmçinin icarədar ilə bazada qeyd olunan mobil nömrə vasitəsilə əlaqə saxlamaq mümkün olmamışdır.Bu səbəbdən obyekti müəyyən etmək və müşahidə baxış keçirilməsi mümkün olmamışdır. Bununla bağlı olaraq vergi ödəyicisinə **********979800 nömrəli bildiriş göndərilmiş, lakin bildirişdə qeyd olunan müddət ərzində vergi ödəyicisinin rəhbəri və yaxud səkahiyyətli nümayəndəsi araşdırmada iştirak etməmişdir. Qeyd olunanları nəzərə alaraq ödəyicinin riskli vergi ödəyiciləri siyahına daxil edilməsi prosesi davam etdirilmiş və Qərar çıxarılmışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı MMC-nin sonuncu iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən iddia tələbi ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-303486/2024 saylı qərarının tam, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-31079/2025 saylı qərarının isə 47546 manat mənfəət vergisi hesablanması (2023-cü il ərzində əldə edilmiş EBDW № 408946 və EBDW № 510338 nömrəli EQF-lar üzrə 237730 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmaması səbəbindən aparılmış hesablama) hissəsində ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. Cavabdeh vergi orqanı dəqiqləşdirilmiş iddia tələbinə dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) bildirmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş EBDW №408946 və EBDW № 510338 nömrəli elektron qaimə fakturalar üzrə 237730 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Eyni zamanda bildirilir ki, vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir), 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir), 202-ci (Аmortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) və 203-cü (Əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 914613.96 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), tərəfinizdən ixrac edilmiş (0.00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (1078969.50 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 1078969.50 manat məbləğdən 164355.54 manat az əks etdirilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-255768/2024 və xx.xx.2024-cü il 3-21-2-3/2-264477/2024 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 80413,11 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 320617/2024 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-31079/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmiş, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyəti üzrə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-303486/2024 nömrəli qərara əsasən iddiaçıya 2024-cü il iyul ayı (ƏDV) üzrə 42.791,40 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində (12.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDW seriyalı 408946 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 12394.62 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 12394.62 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDV seriyalı 510338 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 30396.78 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 30396.78 manat kənarlaşma yaranmışdır. Azalılmış vergi məbləği bərpa edilir. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-31079/2025 nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il (mənfəət) üzrə 32.867,11 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir), 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir), 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) və 203-cü (Əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 914613.96 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), tərəfinizdən ixrac edilmiş (0.00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (1078969.50 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 1078969.50 manat məbləğdən 164355.54 manat az əks etdirilmişdir. -xx.xx.2023-cü il tarixli, S1000-01/001 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC bu müqaviləyə əlavə olunan qiymət cədvəlindəki qiymətə vergi və rüsumlar daxil 81253,62 (səksən bir min iki yüz əlli üç manat 62 qəpik) İddiaçı MMC-yə mal-material satır. -İddiaçı MMC və "xxxx" MMC arasında tərtib edilmiş təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 81253,62manat təşkil edir. -xx.xx.2023-cü il tarixli, S1000-01/007 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC bu müqaviləyə əlavə olunan qiymət cədvəlindəki qiymətə vergi və rüsumlar daxil 199267,78 (yüz doxsan doqquz min iki yüz altmış yeddi manat 78 qəpik) İddiaçı MMC-yə mal-material satır. -İddiaçı MMC və "xxxx" MMC arasında tərtib edilmiş təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 199.267,78 manat təşkil edir. -EBDV 510338 və EBDW 408946 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-57397/2024 (**********043400) nömrəli Qərarına əsasən Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İddiaçı hazırki iddia tələbi ilə vergi orqanı tərəfindən qəbul edilmiş iki qərarı mübahisələndirir: 1) 2024-cü ilin iyul ayı üzrə (ƏDV) hesablanmış 42.791,40 manat; 2) 2023-cü il (mənfəət) üzrə 32.867,11 manat verginin hesablanması. (qismən) İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının "xxxx" MMC arasında aparılan əməliyyatlar üzrə təqdim etdiyi elektron qaimələri əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edərək iddiaçının 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə almamış, həmçinin 2024-cü ilin iyul ayı üzrə ƏDV-nin əvəzləşdirilməsinə əsas vermədiyini hesab edərək iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Cavabdeh vergi orqanı bu qənaətini həmin fakturaları təqdim edən müəssisənin riskli vergi ödəyicisi hesab edilməsi ilə əsaslandırmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC ilə sözügedən müəssisə arasındakı əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab olunduğu tarixdən əvvəlki dövrə aparılmışdır. Belə ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-57397/2024 (**********043400) nömrəli qərarı əsasında riskli vergi ödəyicisi hesab olunmuşdur. Lakin iddiaçının həmin vergi ödəyicisi ilə hüquq münasibətləri daha əvvələ (xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə) yaranmışdır ki, bu hal həm iş materiallarında olan müqavilələr, həm də mövcud olan elektron qaimə-fakturalar ilə təsdiq olunur. İddiaçı vergi ödəyicisinin isə sözügedən əməliyyatların aparıldığı dövrdə əməliyyat apardığı vergi ödəyicisinin iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olub-olmamasının yoxlanılması üçün nə öhdəliyi, nə də imkanları olmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməliyyatların riskli və ya əmtəəsiz olması təsdiqini tapmır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. -13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. -14.1-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır (01 yanvar 2024-cü il tarixə qədər qüvvədə olan redaksiya). -175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda sadalanan normaların təhlilindən aydın olur ki, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların həyata keçirildiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab edilir və qeyd olunan əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən, vergi ödəyicisinin xərcləri Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən edilir. Normaların məzmunundan göründüyü kimi, vergi orqanı ilk öncə vergi nəzarəti tədbiri zamanı vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatın əmtəəsiz əməliyyat olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini müəyyən etməli, daha sonra vergi ödəyicisinin malların alışı ilə bağlı xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında müqavilə münasibətləri yarandığı zaman adıçəkilən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmadığından, o cümlədən həmin hüquqi şəxsin gələcəkdə həyata keçirilmiş əməliyyatlara görə riskli vergi ödəyicisi olunacağı ehtimalının öncədən proqnozlaşdırılmasının iddiaçıdan gözlənilməsi məntiqi olmadığından, həmçinin iddiaçı ilə "xxxx" MMC arasında aparılan əməliyyatların həqiqi məzmun daşıdığını istisna edən, yalnız sənəd üstündə formal olması cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, iddiaçı ilə adıçəkilən şəxs arasında aparılan əməliyyatın “əmtəəsiz” hesab olunması üçün əsas yoxdur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdeh 2024-cü ilin iyul ayı üzrə (ƏDV) əsassız olaraq 42.791,40 manat vergi hesablamışdır. Odur ki, həmin hesablamaya əsas verən qərar tam şəkildə ləğv olunmalıdır. İddiaçının mübahisələndirdiyi digər xx.xx.2025-ci il tarixli qərara münasibətdə Məhkəmə bildirir ki, həmin qərar 2023-cü il (mənfəət) üzrə 32.867,11 manat verginin hesablanması ilə bağlıdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı sözügedən qərarın qismən, yəni 47546 manat mənfəət vergisinin hesablanması (2023-cü il ərzində əldə edilmiş EBDW № 408946 və EBDW № 510338 nömrəli EQF-lar üzrə 237730 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmaması səbəbindən aparılmış hesablama) hissəsində ləğvini tələb edir. Qeyd olunmalıdır ki, iş materiallarında olan yazılı etirazdan və digər sənədlərdən görünür ki, cavabdeh iddiaçının 2023-cü il üzrə mənfəət vergisinə münasibətdə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-320617/2024 nömrəli qərarla 47.546 manat əlavə vergi hesablamış və bu qərarın qəbulu zamanı iddiaçı tərəfindən təqdim olunan bəyannamə üzrə hesablanmış verginin 39.889,59 manat olduğu halda, kameral yoxlama nəticəsində müəyyən edilmiş verginin 87.435,59 olduğunu əsas götürmüşdür. Daha sonra, cavabdeh xx.xx.2024-cü il tarixli qərarını ləğv etmiş və yeni qərar qəbul edərək həmin dövr üzrə 32.867,11 manat əlavə vergi hesablamışdır. Cavabdeh əvvəlki qərarın ləğv edildiyini bildirsə də, yeni qərarın məzmunundan görünür ki, əvvəlki kameral yoxlaması zamanı müəyyən edilmiş 87.435,59 manatlıq məbləğ yenidən əsas kimi götürülərək iddiaçının təqdim etdiyi bəyannamədə göstərilən rəqəm kimi təqdim edilmişdir. Göründüyü kimi 2023-cü ilin mənfəət vergisinə münasibətdə cavabdeh tərəfindən iki qərar qəbul etmiş, sonuncu qərar ilə əvvəlki qərarın ləğv edildiyi bildirilsə də, iş materialları ilə qərarın texniki olaraq ləğv edildiyi, hesablanmış vergi məbləğinin buna uyğun davranılaraq azaldılmağı müəyyən olunmuşdur. Məhkəmə bildirir ki, iddiçının tələbi daxilində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı mənfəət vergisi üzrə - 2023-cü il ərzində əldə edilmiş EBDW № 408946 və EBDW № 510338 nömrəli EQF-lar üzrə 237730 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmaması səbəbindən aparılmış hesablama hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2496/2023 saylı iş üzrə qəbul etdiyi 11 oktyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir...İddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda “e-taxes.gov.az” saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edilərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə, iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu, vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır”. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-303486/2024 saylı qərarının tam, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-31079/2025 saylı qərarının isə 47546 manat mənfəət vergisi hesablanması (2023-cü il ərzində əldə edilmiş EBDW № 408946 və EBDW № 510338 nömrəli EQF-lar üzrə 237730 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmaması səbəbindən aparılmış hesablama) hissəsində ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir. İPM-in: -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 303486/2024 saylı qərarı ləğv edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 31079/2025 saylı qərarı qismən - 47546 manat mənfəət vergisi hesablanması (2023-cü il ərzində əldə edilmiş EBDW № 408946 və EBDW № 510338 nömrəli EQF-lar üzrə 237730 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmaması səbəbindən aparılmış hesablama) hissəsində ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar