Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4119/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəcəbli Hüseyn İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün veriməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 7 nömrəli taksi parkının yanında yərləşən 600 kv.m torpaq sahəsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 28 yanvar 1998-ci il tarixli 94 saylı sərəncamına əsasən mərhum həyat yoldaşı X2 ayrılmışdır. Həyat yoldaşı vəfat etdikdən sonra Suraxanı Rayon Məhkəməsinin 05 dekabr 2008-ci il tarixli qətnaməsinə əsasən mərhum həyat yoldaşı X2 ayrılmış həmin torpaq sahəsinə dair Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 28 yanvar 1998-ci il tarixli 94 saylı sərəncamında dəyişiklik edilərək sözügedən torpaq sahəsinin iddiaçının adına dəyişirilməsi qət edilmişdir. Daha sonra Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 06 fevral 2009-cu il tarixli 21 saylı sərəncamına əsasən sözügedən torpaq sahəsinin iddiaçının adına dəyişdirilməsi qərara alınmışdır. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeyda alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq qeydiyyata alınmış və xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 0197-8/20234 saylı məktubla müraciətinin icrasından imtina edilmişdir. İmtinanın səbəbləri kimi “təqdim edilmiş sənədlər surətdir, elektron kadastr məlmatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Təqdim edilmiş yerləşmə cizgisində istinadlar, məsafələr və perimetrik ölçü və konfiqurasiyanın qeyd edilməməsi, həmçinin cizgi ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi olduğundan sənədin göstərilən sahəyə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır” göstərilmişdir. İmtinada qeyd olunan əsaslarla bağlı qeyd olunur ki, sərəncama əsasən iddiaçıya ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə ********** nömrəli ərizə ilə müraciət etmiş və **********62 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan başqa, təqdim edilmiş yerləşmə cizgisində istinadlar, məsafələr və permetrik ölçülər qeyd edilmədiyindən, həmçinin cizgi ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqləri olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 600.0 kv.m qeyd olunsa da, faktiki 640.0 kv.m təşkil edir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 94 saylı, 28 yanvar 1998-ci il tarixli sərəncamının surətindən görünür ki, vətəndaş X2 fərdi yaşayış evi tikmək üçün Qara-Çuxur qəsəbəsi, 7 №-li taksi parkının yanında təqdim olunmuş cizgi əsasında, 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1925/2008 nömrəli, xx.xx.2008ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı rayonu Qara- Çuxur qəsəbəsi, 7 №-li taksi parkının yanında təqdim olunmuş cizgi əsasında, 600 kv.m torpaq sahəsinin X1 adına ayrılmasına dair Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 94 saylı, 28 yanvar 1998-ci il tarixli sərəncamının İddiaçı adına dəyişdirilməsi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 21 nömrəli Sərəncamına əsasən Suraxanı rayon Məhkəməsindən xx.xx.2009-cu il tarixli 128 №-li məktubla daxil olmuş xx.xx.2008-ci il tarixli 2(010)-1925/2008 №-li qətnaməyə əsasən Suraxanı rayon İcra hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 94 №-li sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Təqdim edilmiş yerləşmə cizgisində istinadlar, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən, həmçinin cizgi ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(010)-1925/2008 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 640.0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri üç tərəfdən mişar daşı hasarla hasarlanıb, iki tərəfdən isə şərtidir. Sahənin üzərində ikimərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Qaraçuxur İNM). Sahədən hasarboyu 50.0 mm-lik orta təzyiqli açıq və təqribi 15.0 metr yaxınlığından isə 500.0 mm-lik orta təzyiqli açıq qaz xətti keçir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahəyə digər fiziki şəxs müraciəti olmamışdır. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində istinadlar, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən, həmçinin cizgi ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə bildirir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 7 nömrəli taksi parkının yanında yərləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək istəyir. Aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi ilkin olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 94 saylı sərəncamı əsasında vətəndaş X1 istifadəsinə ayrılmışdır. Sonradan, həmin əraziyə dair hüquqi münasibətlərdə dəyişiklik baş vermiş, qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1925/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinin icrası nəticəsində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2009-cu il tarixli, 21 saylı yeni sərəncam qəbul edilmiş və mübahisə predmetini təşkil edən torpaq sahəsi iddiaçının mülkiyyətinə verilməsi üçün ayrılmışdır. Məhkəmə diqqətə çatdırır ki, hüquqi qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunarkən verilən inzibati akt, yəni yerli icra hakimiyyətinin sərəncamı birbaşa həmin qətnamənin hüquqi nəticəsi kimi qiymətləndirilməlidir və bu sərəncamla müəyyən olunan hüquqi vəziyyət, tərəflər üçün məcburi hüquqi nəticələr doğurur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ-ci və İİci hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrə əsasən, Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Yuxarıda göstərilən qanunvericiliyin müddəalarının təməl prinsipi odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Həmçinin normaların mənası ona da əhatə edir ki, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Hətta belə, təqsirkar şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi onun məhkəmə aktını icra etmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2009-cu il tarixli, 21 saylı yeni sərəncamı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası məqsədilə verilmiş, birbaşa həmin qətnaməyə və ilkin torpaqayırma sənədlərinə əsaslanaraq hüquqi qüvvə kəsb etmişdir. Məhkəmə bu xüsusda qeyd edir ki, cavabdeh torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazi sərhədlərində yerləşməsi, yerləşmə cizgisində istinad və məsafələrin qeyd olunmaması, qaz xəttinin keçməsi ilə bağlı arqumentlər irəli sürsə də, bu hallar mülkiyyət hüququnun yaranmasını və məhkəmə qətnaməsinin icrası nəticəsində verilmiş hüquqi aktın qüvvəsini aradan qaldırmaq üçün yetərli əsaslar təşkil etmir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, icra hakimiyyəti dövlət orqanı qismində çıxış edərək torpaq sahəsinin ayrılması barədə sərəncam qəbul etmişdir ki, həmin sərəncam ləğv olunmamış, geri çağrılmamış, dəyişdirilməmiş və öz hüquqi qüvvəsini saxlamışdır ki, bu sərəncam hazırki iş üzrə iddiaçının gözlənilən mülkiyyət hüquqlarının qeydiyyatına əsas verməkdədir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə və inzibati praktikaya zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 7 nömrəli taksi parkının yanında yərləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması, iddiaçıya çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5.
Məhkəmə qərarları › İş №2-1(112)-4119/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4119/2025
05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver