Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4120/2022 12.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “sərəncamın ləgv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyətinin 10.06.2013-cü il tarixli 225 saylı sərəncamının etibarsızlığı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, “Ağ Şəhər” lahiyyəsinin icrası üçün Bakı ŞİH-nin 11.06.2007-ci il tarixli 262 saylı sərəncamı ilə ADEC Azərbaycan İnkişaf Şirkəti məsul edilmişdir. Cavabdehin 10.06.2013-cü il tarixli 225 saylı sərəncamı ilə sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin “köçürülməsi” Xətai RİHyə “tapşırılır”. Həmin sərəncam ADEC AİŞ-nin qanuni hərəkətinə maneçilik törətmiş, 5 illik plan praktiki olaraq vaxtında icra edilməmiş, sərəncam qeyri-qanuni və qeyri-hümanistdir. Belə ki, sərəncamın icrasının icra başçısına həvalə edilməsi, daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin icra edilməsi, əhalinin mülklərinin dövlət ehtiyacları üçün alınması əvəzinə, əhalinin köçürülməsi ifadəsinin işlədilməsi qanunsuzdur. Əslində birinci mərhələdə (2007-2008) əhaliyə məcburi-müvəqqəti köçürülmə məqsədi ilə kompensasiya ödənilməli idi, 3-cü mərhələdə (2010-cu ildən sonra) isə seçim edənlərlə, onların mülklərinin alqı-satqısından söhbət gedə bilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri İcra Hakimiyyətinin 10.06.2013-cü il tarixli 225 saylı sərəncamının ləgv edilməsi” məzmunda icraata qəbul edilmişdir. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş edərək bildirmişdir ki, aidiyyəti təşkilatlar vətəndaşlarla heç bir profilaktik, sosial və hüquqi iş aparmadıgına görə sərəncamdan məlumatı olmadıgından iddia müddətini ötürmüşdür. Məhkəmədən ötürülmüş müddəti üzürlü sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə cavabdeh inzibati orqanın qərarının mübahisələndirməməsinə, eləcə də iddiaçıya müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər-hansı sənədin təqdim edilməsi ilə bağlı hüquqi yardımın göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən təsdiqedici sənədlərin təqdim edilməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünə əsaslanaraq iddianın mümkün sayılmaması məsələsinə baxmışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, iddiaçı tərəfindən verilmiş iddia isə mümkün sayılmamalıdır. İş materiallarında olan “Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 01.09.2014-cü il tarixli 410 saylı sərəncamından görünür ki, qeyd olunan ərazidə mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. İş materiallarında olan Xətai Rayon İcra Hakimiyyətinin 30.03.2021-cü il tarixli 14/3- 152 saylı məktubu ilə iddiaçının ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin söküldüyü zaman verilən kompensasiyanın düzgün verilmədiyini nəzərə alaraq köməklik göstərilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, Bakı Ağ Şəhər layihəsi ilə əlaqədar BŞİH-ti Başçısının 225 saylı, 10.06.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infastrukturun daha da inkişaf etdirilməsi üçün bir çox küçə və prospektləri birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının 22.05.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözü gedən Sərəncamın icrasının təmin edilməsi istiqamətində 17.02.2017-ci il tarixdə 52/1 saylı məktubla Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. "xxxx" qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turş su küçəsi üzrə yaşayış evlərinin yaşayış sahəsinin bir kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750,0 manat, əlavə tikililərin 1 kv.m üçün 50,0-350 manat ödənilmişdir. İddiaçı yuxarıda qeyd olunan şərtlər əsasında komissiyaya dəvət olunmuş və fərdi yaşayış evinin 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat dəyərində qiymətləndirilərək pul vəsaiti X3 filialına köçürülmüş və iddiaçı həmin vəsaiti müvafiq sənədlərə imza ataraq qəbul etmişdir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı tələb irəli sürərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10.06.2013-cü il tarixli 225 saylı sərəncamını mübahisələndirir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddiaçı iddiasını onunla əsaslandırır ki, mübahisələndirilən sərəncamla kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsinin Xətai Rayon İcra Hakimiyyətinə tapşırılması qanunsuz oldugundan onun əmlakına görə kompensasiya hesablanması zamanı hüquqları kobud şəkildə pozulmuşdur. Belə olan halda, məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən sərəncam barəsində iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi 26.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı sərəncamı 10.06.2013-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə baxılaraq inzibati aktın qəbul edilməsindən 8 il müddət keçdikdən sonra mübahisələndirilməsinin səbəbləri araşdırılmışdır. İcraat zamanı iddiaçı mübahisələndirilən sərəncam əsasında tikinti işlərinin sərəncamın verildiyi vaxtdan başlanıldığını bildirmiş və bununla əlaqədar hələ 2017-ci ildən mülkiyyətçilərlə danışıqlar aparıldığını, sakinlərin köçürüldüyünü bildirmişdir. İşdən görünür ki, iddiaçı mübahisə edilən inzibati aktın mövcudluğu barədə nə vaxtdan məlumatlı olması ilə bağlı konkret mövqe göstərməmiş, lakin iş materiallarından göründüyü kimi köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının 22.05.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmış, sərəncamın icrasının təmin edilməsi istiqamətində 17.02.2017-ci il tarixdə 52/1 saylı məktubla Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirmə MMC-yə müraciət olunmuş, "xxxx" qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabı ilə əmlak qiymətləndirilmiş, iddiaçı yuxarıda qeyd olunan şərtlər əsasında komissiyaya dəvət olunmuş və fərdi yaşayış evinin 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat dəyərində qiymətləndirilərək pul vəsaiti X3 filialına köçürülmüş, iddiaçı həmin vəsaiti müvafiq sənədlərə imza ataraq qəbul etmişdir. Beləliklə də iddiaçının təxmini 4 ildir ki, davam edən söküntü tikinti işlərindən məlumatlı oldugu məlum olur. Məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 8 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İddiaçının ərizəsində göstərilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və iddianın ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3KİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4120/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4120/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver