Məhkəmə qərarları › İş №2-1(112)-4123/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4123/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4123/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (DİN-nin X11 İdarəsinin Sosial və hüquqi müdafiə şöbəsinin şəxsi heyətin hüquqi müdafiəsi qrupunun xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1990-cı ildə Daxili işlər orqanlarında işə qəbul olunmuş və Şahbuz rayon Milis şöbəsində baş serjant vəzifəsində xidmətə başlamışdır. xx.xx.1993-cü ildə xidmətdən azad edilmişdir. O, xidmətdə olduğu müdətdə, yəni 1991-ci il tarixdən başlayaraq Ermənistan işğalçı qüvvələri torpaqlara, o cümlədən Naxçıvan MR-nın ərazilərinə hücum edirdilər və əhalini güllələyirdilər. Şahbuz rayonunun Şada, Biçənək, Remeşin və Gömrü kəndləri Ermənistanla sərhəddə yerləşirdi və Şahbuz rayon Milis şöbəsinin əməkdaşları və o da həmin kəndlərdə postlarda dururdular, döyüş əməliyyatlarında iştirak edərək, erməni işğalçılarının hücumlarının qarşısını alırdılar. O, 1991-ci ildən 1993-cü il tarixə kimi torpaqların ermənistan ordusunun işğalına qarşı müdafiəsində döyüş əməliyyatlarında iştirak etmişdir. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı statusu və vəsiqəsi verilməsini xahiş etmişdir. Daxili İşlər Nazirliyinin X11 İdarəsi ona xx.xx.2020-ci il tarixli imtina məktubu göndərərək, onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə arxiv məlumatlarının olmadığına görə müharibə veteranı adı və vəsiqəsinin verilməsinin imkan xaricində olduğu bildirilmişdir. X8 Nazirliyi tərəfindən onunla birlikdə Şahbuz rayon Milis şöbəsində xidmət etmiş baş serjant X1, baş serjant X4 və baş leytenant X2 müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Cavabdeh orqan iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq göstərmişdir ki, qeyd olunan məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə sorğu göndərilmiş, təqdim olunmuş xx.xx.2020-ci il tarixli, 2/1024 nömrəli cavab məktubunda vət.İddiaçı ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin arxivində heç bir məlumatın aşkar olunmadığı qeyd edilmişdir. Bundan əlavə, oxşar məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27.09 2006-cı ıl tarixli Qərarında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib-etməməsinin əhəmiyyətliliyi və bu halın məhkəmələr tərəfindən hüquqi cəhətdən araşdırılmasının zəruriliyi xüsusi olaraq qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, M.X6 Nazirliyinə qarşı «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı münasibətə uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etməsi müəyyən edilmir. İşdə olan ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1990cı il tarixdən xx.xx.1993-cü il tarixədək Daxili İşlər orqanlarında (Şahbuz PŞ-də) xidmət etmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış 1/1024 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə Naxçıvan MR DİN-nin arxivində hər hansı məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 024-4361B-3220 saylı məktubdan görünür ki, iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxılmış, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən təqdim olunmuş sənədlərdə onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə arxiv şəxsi işində məlumatlar olmadığına görə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi imkan xaricindədir. Odur ki, müraciətinə baxılması dayandırılmışdır. Hazırki iddia tələbi üzrə İddiaçı onun xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Daxili İşlər orqanlarında xidmət olduğu dövrdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyinə istinad edərək, cavabdehin imtinasını əsassız hesab edir. Məhkəmə araşdırması dövründə iddiaçının xidmətdə olduğu dövrdə döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədlərin (ezamiyyətlə bağlı əmrlər və digər sənədlər) təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 024-2420-1220 saylı məktubda görünür ki, İddiaçı arxiv şəxsi işi DİN-in arxivinə təhvil verilmədiyi və onun Naxçıvan MR DİN-də xidmət etdiyi müəyyən edilmişdir. Naxçıvan MR DİN-dən təqdim olunmuş sənədlərdə isə İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə Naxçıvan MR DİN-nin arxivində heç bir məlumat aşkar olunmadığı qeyd edilmişdir. Göründüyü kimi iddiaçının ümumiyyətlə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirakını təsdiq edən hər hansı sübut mövcud deyildir. İddiaçının daxili işlər orqanlarında xidmət etməsi Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etməsinə dəlalət etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə müəyyən edilmədiyi üçün iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar