Məhkəmə qərarları › İş №2-1(112)-4124/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4124/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4124/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Fərruz qızının cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “sərəncamın və çıxarışın ləğv olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Fərruz qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 118 saylı Sərəncamın (inzibati aktın) və həmin Sərəncam əsasında verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarışın ləğv olunması barədə qərar çıxarılması xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu ildən Ç.İldirim adına Politexnik İnstitutunun “Elektrotexnika” fakültəsini bitirərək, Rabitə Nazirliyinin təyinatı əsasında “Azərrabitəinşaat” trestinin layihə axtarış bürosuna işə qəbul olmuşdur. Müdiriyyətlə həmkarlar komitəsinin xx.xx.1989-cu il tarixli birgə qərarına uyğun olaraq Bakı şəhəri, Razin qəsəbəsi, 20 saylı yataqxananın 2 otaqdan ibarət 17 saylı mənzili yaşayış üçün 48 saylı Order əsasında iddiaçıya və bacısı Arzu Cəfərovaya verilmişdir. 1990-cı ildən müdiriyyətlə həmkarlar ittifaqının birgə qərarına əsasən iddiaçı mənzil növbəsinə götürülmüş və bu növbəliliyinə hər hansı əsasla xitam verilməmişdir. Hələ bacısı ilə birlikdə bu mənzildə yaşayarkən, həmin yataqxananın 13-cü mənzilində qeydiyyatda olan Zərifə İbrahimova və Məhluqə Sadıqova otaqlarında olan təmirlə bağlı müvəqqəti olaraq onların yaşadığı mənzilə yerləşdirilmişlər. Bir müddət burda yaşadıqdan sonra Zərifə İbrahimova və Məhluqə Sadıqova qeydiyyatda olduqları mənzilə qayıtmaqdan imtina edərək burada yaşamağa davam etmişlər. 1998-1999-cu illərdə iddiaçının bacısı Arzu Cəfərova isə ailə həyatı quraraq həmin mənzildən çıxmış və başqa mənzillə təmin olunmuş, o isə 17 saylı mənzilin 12 kvadratmetr otağında yaşamağa davam edib. Həmin mənzilin 14 kvadratmetr otağında isə Zərifə İbrahimova və Məhluqə Sadıqova yaşamağa davam etmişlər. 2000-ci ildə iddiaçı özü ailə həyatı quraraq qeydiyyatda olduğu 17 saylı mənzildə yaşamaq istəsə də, Zərifə İbrahimova və Məhluqə Sadıqova mənzili tərk etməmiş, bu səbəbdən də o məcburiyyət qarşısında qalaraq iddiaçı əri ilə birlikdə həmin mənzildən müvəqqəti kirayədə yaşamağa çıxmışam. Beləliklə, iddiaçı sözügedən mənzili ona təqdim etmiş müəssisədə on ildən çox müddətində çalışmışdır. Ötən müddət ərzində müxtəlif təşkilat və idarələrə məsələnin həll edilməsi ilə bağlı çoxsaylı müraciətlər etmiş, lakin yuxarıda qeyd edilən şəxslərin qeydiyyatda olduqları əvvəlki mənzilə qaytarılması məsələsi öz həllini tapmamışdır. Bundan sonra iddiaçı ailə üzvləri ilə birlikdə onun adına qanuni order və həmin mənzildə qeydiyyatda olduğuna arxayın olaraq kirayələrdə yaşamağa davam edib. 2021-ci ilə qədər yaşayış yeri üzrə qeydiyyat haqqında aldığı rəsmi arayışların heç birində nə Zərifə İbrahimovanın, nə də Məhluqə Sadıqovanın həmin mənzilin qeydiyyatında adları qeyd olunmamışdır. Lakin, bu yaxınlarda ona hüquqi yardım göstərən vəkilin sorğusu əsasında məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 118 saylı Sərəncamına uyğun olaraq Bakı şəhəri, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən 20 saylı evin, yaşayış sahəsi 12 kvadratmetr olan bir otaqlı 17a saylı mənzilinə X3 adma icarə müqaviləsi bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. O da məlum olmuşdur ki, həmin Sərəncam əsasında Məhluqə Sadıqova Bakı şəhəri, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən 20 saylı evin, yaşayış sahəsi 12 kvadratmetr olan birotaqlı 17a saylı mənzilinə mülkiyyət hüququ əldə etmişdir. Bildirir ki, həmin mənzildə qeydiyyatda olmağına və qəbul olunmuş Sərəncamın mənafeyinə toxunmağına baxmayaraq, bu Sərəncam məlumat üçün ona göndərilməmişdir. Belə ki, sözügedən sərəncamın ləğvi ilə bağlı həmin inzibati aktı qəbul etmiş Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət olunsa da, həmin ərizə üzrə hər hansı araşdırılma aparılmamış və bu araşdırılmada iştirakı təmin olunmamış və xx.xx.2007-ci il tarixli 118 saylı Sərəncamı ləğv etməkdən imtina olunmuş və bununla bağlı xx.xx.2021-ci il tarixli C-28 saylı məktub göndərilmişdir. Daha sonra o yuxarıda qeyd edilən Sərəncamın ləğvi ilə bağlı subordinasiya baxımından daha yuxarı inzibati orqan olan Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciətinə baxılmadan həmin müraciət araşdırılması üçün Sərəncamı qəbul edən Departamentə göndərilmiş və bu günədək ərizə mahiyyəti üzrə cavablandırılmamışdır. Aşağıdakı əsaslara görə hesab edir ki, yuxarıda qeyd edilən Sərəncam qanunsuz və əsassız olduğundan artıq icra olunmuş inzibati akt kimi, həmin aktın etibarsızlığı məhkəmə tərəfindən tanınmalıdır. Hər şeydən əvvəl qeyd edir ki, sözügedən mənzilin sıra sayı arxiv sənədlərinə əsasən də 17 olmuş və bu mənzilin 17a saylı mənzilə çevrilməsinə dair heç bir hüquqi əsas və rəsmi sənəd mövcud olmamışdır. Eləcə də həmin mənzilə onun adına 1989-cu ildə rəsmi order verilmiş və mən həmin mənzildə 1989-cu ildən hal-hazıradək daimi yaşayış qeydiyyatındadır. Göstərilən mənzildən müvəqqəti olaraq kirayəyə çıxmağımın səbəbləri barədə yuxarıda qeyd olunanları nəzərə almaqla, həmin mənzildən məcburi qaydada kirayə çıxmış və bu günədək daimi yaşayış yeri və ya mənzillə təmin olunmamışdır. Göründüyü kimi hazırkı vəziyyətdə onun həmin mənzildən məcburi qaydada başqa yerə getməyi qeyd olunan mənzilə olan hüquqlarının xitamına əsas ola bilməzdi, buna görə də onun həmin mənzilə olan hüquqlarının itirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən hər hansı Sərəncam qəbul olunmamışdır. Bununla da onun sözügedən mənzilə hüquqları bu gün də qüvvədədir və bu hüququ əsasında yeganə yaşayış sahəsi olaraq bu mənzilə dair mülkiyyət hüququ əldə etməklə bağlı onun qanuni və əsaslı gözləntisi var. Mənzil növbəliliyinə əsasən mənzillə təmin olunmadan və bu günədək qeydiyyatda olduğu mənzil üzərində hüquqları itirilmədən sözügedən mənzilin Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007ci il tarixli 118 saylı Sərəncamı ilə onun sıra sayı da saxtalaşdırılmaqla, Məhluqə Sadıqovanm icarəsinə verilməsinə dair qəbul edilmiş inzibati akt tamamilə qanunsuzdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi mənzilin M.F.Sadıqovanm icarəsinə verilməsinə dair Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci il tarixli, 118 saylı Sərəncamı inzibati aktın məhkəmə qaydasında qanunsuz sayılmasına iddiaçının hüquqi və iqtisadi maraqları vardır.

3. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanlanan məktubda qeyd olunmuşdur ki, ünvan 2 ünvanı xx.xx.2005-ci il tarixdə İbadova (Məmmədova) Zərifə İbrahimxəlil qızının adına 026518 saylı, xx.xx.2001 -ci il tarixli Orderə, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 456 nömrəli sərəncamına, 39 saylı MİS tərəfindən verilmiş 2279 saylı, xx.xx.2005-ci il tarixli Forma 2 arayışına əsasən ilkin qeydiyyata alınmışdır və onun adına seriya ÖM 242036 olan qeydiyyat vəsiqəsi tərtib edilmişdir. X1 xx.xx.2014-cü il tarixli müraciəti əsasında həmin mənzilə onun adına Seriya 0515590, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2019-cu il tarixli müraciət əsasında isə ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixili elektron çıxarış (dublikat) tərtib edilmişdir. Ümumi sahəsi 14 kv.m olan Bakı şəhəri. Sabunçu ravonu, Bakıxanov qəsəbəsi Oskar Əfəndiyev küçəsi ev 20, mənzil 17 hazırda X1 mülkiyyətindədir. Yaşayış sahəsi 12 kv.m olan ünvan 3 ünvanı (arxiv sənədlərinin bəzilərində mənzilin nömrəsi 17 kimi də göstərilmişdir) X4 adına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 118 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncam, 53 saylı, xx.xx.1990-cı il tarixli Orderin kökü, 39 saylı MİS tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 458 saylı Forma 2 arayışı əsasında xx.xx.2007-ci il tarixdə ilkin qeydiyyata alınmışdır, onun adına ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli çıxarış tərtib edilmişdir (çıxarış arxiv əsaslarında saxlanılmamışdır) və hazırda mülkiyyətindədir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6429/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadı ilə İddiaçı Fərruz qızının cavabdehlər Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sərəncamın və çıxarışın qanunsuz sayılaraq etibarsız hesab edilməsi” iddia tələbi mümkün sayılmamışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1374/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6429/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

8. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 118 saylı sərəncamın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb edir. Odur ki, hazırki iddia növü mübahisələndirmə haqqında iddiadır.

9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

12. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında eyni tərəflər (İddiaçı Fərruz qızı, cavabdehlər Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) arasında eyni predmetlə (Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 118 saylı Sərəncamın (inzibati aktın) və həmin Sərəncam əsasında verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi/ləğv olunması) bağlı iddia tələbi olmuş, iddiaçının həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ olmadığı üçün və qərarın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürüldüyü üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6429/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

13. Məhkəmə nəzərə alır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1374/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6429/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı isə bildirir ki, həmi qərardaddan kassasiya şikayəti vermək müddətini ötürdüyündən eyni iddia ilə təkrar məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

14. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar