Məhkəmə qərarları › İş №2-1(112)-4125/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4125/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4125/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra hərəkətlərinin qanunsuz hesab edlməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon İcra Şöbəsinin icraatında olan xx.xx.2019-cu il tarixli, 2(005)-6/2019 saylı icra sənədi üzrə icra məmuru İmran Cəbrayılovun hərəkətlərinin qanunsuz hesab olmasının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı1 və zamin qismində İddiaçı2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə” Nərimanov rayon Məhkəməsinə müracət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(005)-6/2019 saylı Qərardadı ilə tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli barışıq sazişi təsdiqlənməklə iş üzrə icraata xitam verilmişdir. Qərardad icra olunması üçün Nərimanov Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş (icra məmuru İmran Cəbrayılov), xx.xx.2019-cu il tarixli e26973/2019-15-20-i saylı bildiriş verilmişdir. Barışıq sazişinin məzmunu və tərəflər arasında olan razılaşmadan müəyyən olunurdu ki, tələbkar Bank onların əmlaklarını formal olaraq yüklülükdə saxlayacaq, icra üzrə yönəltmə etməyəcək, uzunmüddətli vaxt verəcək və borcun qaytarılması üçün müəyyən imkanların həyata keçirilməsinə mane olmayacaqdı. Belə ki, məhkəmədə işə baxılan dövrdə bununla paralel olaraq bank qeyri-rəsmi surətdə Azərbaycan Respublikası Baş Prokuror yanında X1 Baş İdarəsinə onlarla bağlı kreditin hər hansı vasitə ilə ödətdirilməsinə təzyiq olunması üçün müraciət etmişdir. Çox təzyiqlərdən və qızının saxlanılması və tutulacağı barədə təhdidlərdən sonra, hətta vəkilimizi belə məhkəməyə, istintaqa gətirməmələri barədə tələblərdən sonra iddia ərizəsinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi imzalatdırılmışdır. Bank çox yaxşı bilirdi ki, borc pul onlar tərəfdən götürülməmiş və külli miqdarda vəsait cinayət qruplaşması tərəfindən əllərindən alınmışdır. Bu hal ilə bağlı ayrıca cinayət təqibi vardır. Bundan əlavə illər ərzində külli miqdarda pul vəsaitinin geri qaytarılmasına nail olmuşlar. Əslində düzgün hesablanma aparılarsa, onların Banka heç bir borcu qalmamalıdır. Lakin Prokurorluq orqanının təzyiqləri ilə onlara imzalatdırılan barışıq sazişi üzrə çox ağır və qeyri-ədalətli müstəvi formalaşdırılmışdır. Bank bütün bu gedişatdan məlumatlıdır. Lakin icra orqanında onlara bəlli olmuşdur ki, saziş üzrə tərəf olan “xxxx” QSC dərhal qərardadı icraya yönəltdirmiş və onun icrasını tələb etməyə başlamışdır. Məhkəmə qərardadının məzmunu və icra hərəkətlərinin başladılması onlara bu yaxınlarda bəlli olan kimi özləri və Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilində yaşayan sakinlər (nəvələri), X2, X3 Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-6/2019 saylı qərardadından şikayət vermişlər və onu apelyasiya qaydasında mübahisələndirmişlər. Bundan əlavə “barışıq sazişinin etibarsız hesab edilməsi barədə” Yasamal rayon məhkəməsində iddia qaldırılmışdır. Barışıq sazişi və onun əsasında qəbul edilmiş qərardad qanunsuz və əsassızdır. Ağır şərtlərlə onlara imzalatdırılmış, yüksək faiz və cərimələr hesablanmış, edilən ödənişlər nəzərə alınmamış və əmlaklarının əllərindən alınması məqsədi güdülmüşdür. Bu isə öz növbəsində o deməkdir ki, icra orqanının icraatında olan yuxarıda qeyd olunmuş icra işi üzrə mübahisəli vəziyyət yaranmışdır. Qərardad onların və hüquq və mənafelərinə toxunan üçüncü maraqlı şəxslər tərəfindən mübahisələndirilir və icra hərəkətlərinin həyata keçirilməsi istiqamətlərində icraatın dayandırılması üzrə tədbirlər görülməlidir. Lakin Nərimanov Rayon İcra Şöbəsinin rəhbərliyi, icra məmuru ilə birlikdə verilmiş bu vəsatəti təmin etmək istəmirlər, icra hərəkətlərini davam etdirərək mənzillərini əllərindən alaraq boşaltmaq istəyirlər. İcra orqanı xx.xx.2021-ci il tarixli 1184-15-20-23 saylı məktubunda «Sizin, xx.xx.2021-ci il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-6/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının məcburi qaydada dayandırılması mümkün deyildir. Nəzərinizə çatdırırıq ki, icra sənədi üzrə icraatının məcburi dayandırılması “İcra haqqında” Qanunun 17-ci maddəsi ilə tənzimlənir...» məzmunlu yazı ilə faktiki onlara imtina vermişdir. Lakin icra məmurları bu barədə heç bir prosessual qərar qəbul etmədən, yalnız bir-iki cümləlik cavabla dayandırmadan imtina etmişdır. İcraçılar onların hüquqlarını pozaraq işin halları ilə bağlı təqdim edilən sənədləri və ərizələrinin araşdırılmasını aparmayaraq icra hərəkətlərinin keçiriləcəyi ilə təzyiqlər edirlər. Göstərilənlərə əsasən Nərimanov Rayon İcra Şöbəsinin icraatında olan xx.xx.2019-cu il tarixli, 2(005)-6/2019 saylı icra sənədi üzrə icra məmuru İmran Cəbrayılovun hərəkətlərinin qanunsuz hesab olmasının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). İddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən ümumi məhkəməyə şikayət ərizəsi ilə müraciət etməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, iddiaçı icra məmurunun hərəkətlərinin qanunsuz hesab olunması tələbi ilə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən ümumi məhkəməyə şikayət ərizəsi ilə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar