Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4125/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdeh tərəfindən ünvanlı dövlət sosial yardımın dayandırılmasının qanunsuz hesab edilərək, oktyabr, noyabr və dekabr aylarının ödənişinin bərpa olunması və oktyabr, noyabr, dekabr aylarının məbləğinin İddiaçı ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanlı dövlət sosial yardımın dayandırılması qanunsuz hesab edilməklə, ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı təmsilçi olmaqla ailəsinə xx.xx.2023-cü il tarixdən 624,06 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə ailəyə təyin olunmuş ünvanlı dövlət sosial yardımının ödənişi dayandırılmışdır. Ünvanlı dövlət sosial yardımının dayandırılmasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan çox olduğu əsas gətirilmişdir. Mənzilə daxil olan qaz xəttində sızma olduğuna görə limit keçilmiş, bu barədə xəbərdar olan kimi əraziyə nəzarət edən “Azəriqaz” İB əməkdaşına müraciət olunmuş və dərhal sızmanın qarşısı alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina olunmasına dair bildirişdən (xx.xx.2023-cü il tarixli **********92701 nömrəli müraciətə münasibətdə) görünür ki, ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə sosial yardımın təyin olunmasında imtina edilmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-124401/2024 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2023-cü il tarixdə təsdiqlənmiş **********92701 nömrəli müraciəti əsasında iddiaçının ailəsinə VEMTAS tərəfindən xx.xx.2023-cü il tarixdən 624.06 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Təyinatdan sonra ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmadığına görə - muzdlu işlə əlaqədar ailənin gəlirlərində dəyişiklik baş verdiyinə görə ailəyə sosial yardımın verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan”nın 4.4-cü bəndinə əsasən, xx.xx.2023-cü il tarixdən dayandırılmış və bu barədə VEMTAS tərəfindən onun müraciətində qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat (xx.xx.2023-cü il tarixli 77e2457bd4654cc9b64cbed48ccfde43 nömrəli bildiriş) göndərilmişdir. Belə ki, iddiaçı tərəfindən VEMTAS-a daxil edilmiş “Ərizə-bəvannamə”də İddiaçı (FİN: xxxxxxx) əvvəlki 12 ayda muzdlu işdən gəliri olduğu - işəgötürən X4 (VÖEN: **********) ilə əmək müqaviləsi (vəzifə: yuyucu, əl ilə/nəqliyyat vasitələr) bağlayaraq aylıq 250 manat olmaqla 2789,94 manat əməkhaqqı aldığı, həmçinin hazırda da muzdla çalışdığı qeyd edilmişdir. Lakin bu məlumat Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sığorta (Hesabat) - Baxış Altsistemində öz təsdiqini tapmadığından, ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmadığına görə ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımı dayandırılmışdır. Belə ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi sözügedən əmək müqaviləsinin ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün formal olaraq bağlanmasına əsaslı şübhələr yaradır, həmçinin sosial yardım təyin edildikdən sonra iddiaçının işləməsi faktını təkzib edir. Sonradan təmsilçi X2 (iddiaçının anası) tərəfindən VEMTAS altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli (saat 11:46, 15:16, 17:48, 18:11, 18:30) müraciətlər əsasında iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-ci il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan”nın 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olması əsası ilə imtina edilmişdir. Hesab edilir ki, cavabdehin hərəkətləri qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında" AR Qanununun 13.2-ci və 17-ci maddələri). Belə ki, təmsilçinin işləməsi, əldə etdiyi gəlir və s. hallar birbaşa olaraq əmək müqaviləsi əsasında ödənilən məcburi dövlət sosial sığorta haqları ilə müəyyən edilir. Hazırkı işdə ailəyə təyin ediləcək ünvanlı sosial yardımın məbləği və hər bir ailə üzvü üçün müəyyən edilmiş ehtiyac meyarından aşağı olan məbləğ təmsilçi tərəfindən bəyan edilmiş əməkhaqqı əsasında müəyyən edildiyindən daha sonra sözügedən işləmə faktının təsdiqini tapmaması imtina əsasıdır və dayandırmaya əsas verən hal kimi nəzərə alınmalıdır. Ailənin aztəminatlı hesab olunaraq ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün orta aylıq gəlir məhz onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olmalıdır. Yəni iddiaçı əmək qabiliyyətsiz, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və digər kateqoriyaya aid olmadığından işləməli və gəlirləri olmalıdır. Şəxsin işləyib gəlirlər əldə etməsi isə məcburi dövlət sosial sığorta haqları ilə müəyyən edilir. Hazırki halda isə iddiaçı tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş əmək müqaviləsi üzrə gəlirləri yuxarıda qeyd edilənlərdən göründüyü kimi, müvafiq qaydada öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən Qanunun 10-cu maddəsində göstərilən tələblərin pozulması aşkar olunduğundan - ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmadığına görə, muzdlu işlə əlaqədar ailənin gəlirlərində dəyişiklik baş verdiyinə görə sosial yardımın ödənilməsi Qaydaların 4.4-cü bəndinə əsasən dayandırılmışdır. Həmçinin bildirilir ki, iddiaçının ailəsinin ünvanlı dövlət sosial yardımı təyini ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinin təminindən imtina edilməsi də qanununauyğun olmuşdur. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin etirazına əlavə olunmuş “VEMTAS”dan çıxarışlardan görünür ki, iddiaçı (təmsilçi) İddiaçı və ailəsinə 2023-cü ilin fevral ayında təyin olunmuş ünvanlı dövlət sosial yardımı həmin ilin oktyabr ayında dayandırıldıqdan sonra təmsilçi X2 tərəfindən xx.xx.2023-cü il tarixdə, eyni gündə müxtəlif vaxtlarda ünvanlı sosial yardımın təyin olunması ilə bağlı müraciətlər olunmuş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-cı yarımbəndinə əsasən “ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda” səbəbi ilə ünvanlı sosial yardımın təyin olunmasından imtina edilmişdir. İş materiallarında olan DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən yanvar 2006-sentyabr 2023 dövrünə dair tərtib edilmiş “Sığorta olunanın hesabı” adlı sənəddən görünür ki, İddiaçı adına sığorta edən (işəgötürən) X4 tərəfindən 2023-cü ilin yanvar ayından həmin ilin sentyabr ayınadək məcburi dövlət sosial sığorta haqqları ödənilməmişdir. Lakin eyni qurum tərəfindən yanvar 2006-mart 2024 dövrünə dair tərtib edilmiş “Sığorta olunanın hesabı” adlı digər sənəddən isə görünür ki, İddiaçı adına sığorta edən (işəgötürən) X4 tərəfindən 2023-cü ilin yanvar-iyun aylarında, eləcə də oktyabr, noyabr və dekabr aylarında məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. İddaiçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “cavabdeh tərəfindən ünvanlı dövlət sosial yardımın dayandırılmasının qanunsuz hesab edilərək, oktyabr, noyabr və dekabr aylarının bərpa olunması və oktyabr, noyabr, dekabr aylarının məbləğinin İddiaçı qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. İş materiallarında olan Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-140192/2024 nömrəli məktubuna əlavə olunmuş yanvar 2023-dekabr 2023 dövrünə dair tərtib edilmiş “Sığorta olunanın hesabı” adlı sənəddən də həmçinin görünür ki, İddiaçı adına sığorta edən (işəgötürən) X4 tərəfindən 2023-cü ilin yanvar-iyun aylarında, eləcə də oktyabr, noyabr və dekabr aylarında məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. İş materiallarında olan X3 Hüquq idarəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-5/2-41652/2024 nömrəli məktubuna əlavə olunmuş “Əmək və məşğulluq” altsistemində mövcud olan əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X4 ilə işçi (hazırkı iş üzrə iddiaçı) İddiaçı arasında xx.xx.2020-ci il tarixdə aylıq əmək haqqı 350,00 manat olmaqla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Məktuba əlavə olunmuş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bildiriş xx.xx.2024-cü il tarixdə çap edilmiş və çap edildiyi an statusu “qüvvədədir” qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Məhkəmə işin faktiki hallarına qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün iddiadır, həmçinin əsaslıdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanına əsasən 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X7 və X10 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 9.0cı maddəsinə əsasən sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır: 9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində aşayan şəxslər); 9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 9.0.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 9.0.4. axtarışda olan şəxslər; 9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; 9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.2-ci bəndinə görə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2-ci bəndinə görə VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X1 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmçinin Qaydalara görə: 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.5-ci bəndinə görə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Qaydaların 4-cü hissəsinə əsasən: 4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. ... 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır... İddiaçıya münasibətdə iş üzrə göstərilən qaydalara əməl edilməklə ünvanlı dövlət sosial yardımı təyin edilmiş, 2023-cü ilin sentyabr ayı da daxil olmaqla ödənişlər həyata keçirilmiş, lakin Qaydaların 4.4-cü bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə iddiaçının ilkin müraciətinə imtina verilmiş, ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Bu zaman cavabdeh tərəfindən aparılmalı olan inzibati icraat qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilməmişdir. Belə ki, cavabdeh tərəfindən MDSS ödənişlərinin işəgötürən tərəfindən edilməməsi əsas gətirilməklə, iddiaçının təmsilçisi olduğu ailənin gəlirlərində dəyişiklik baş verməsi qənaətinə gəlinmişdir. Halbu ki, məhkəmə araşdırması nəticəsində cavabdehin tabe qurumlarından əldə olunmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, həmin dövrdə iddiaçının adına eyni işəgötürənlə bağlanmış aktiv əmək müqaviləsi mövcud olmuş, sözügedən dövrlər üzrə sosial sığorta ödənişləri işəgötürən tərəfindən həyata keçirilmişdir. İşəgötürən tərəfindən sosial sığorta haqlarının ödənişinin gecikdirilməsi isə, birbaşa olaraq şəxsin sosial təminat hüququnun həyata keçirilməsinə və onun sosial müdafiəsinə yönəlmiş ödənişlərin dayandırılması və ya ləğv edilməsi üçün əsas qismində çıxış edə bilməz. Sözügedən halla bağlı qeyd edilməlidir ki, cavabdehin etirazının əsası kimi istinad etdiyi Qaydaların 4.4-cü bəndində də ödənişin dayandırılmasına yönəlmiş hər hansı məhdudiyyət müəyyən edilməmişdir. Belə olan halda, nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanıldığı kimi, onun ləğvi üzrə də müvafiq icraat aparılmalıdır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla həyata keçirilməlidir. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir. Ona görə də, tam inzibati icraat aparmadan, ayrı-ayrı formal imtina səbəblərinə istinad etməklə ünvanlı sosial yardım təyin edilməsindən imtina edilməsi, dayandırılması və ya ləğv edilməsi yolverilməz və qanunsuzdur. Məhkəmə göstərilən mövqedən çıxış edərək hesab edir ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatlarla yoxlama zamanı aşkar edilənlər arasındakı uyğunsuzluq hallarına formal yanaşmış, ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada davranmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalında ərizəçinin müraciətinin təmin edilməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım təyin edilməsi meyarlarına əsasən imtina səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, ərizənin təmin edilməməsi, hazırkı vəziyyətdə isə ünvanlı dövlət sosial yardımının ləğv edilməsi haqqında qərar çıxarıla bilər. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh yuxarıda qeyd edilən qaydada qiymətləndirmə aparmadan imtina qərarı qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinası əsassız olmaqla, iddianın təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur. Cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə görə, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı təmsilçi olmaqla ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın oktyabr, noyabr və dekabr ayları üzrə ödənişinin bərpa olunması və oktyabr, noyabr, dekabr aylarının məbləğinin iddiaçı (təmsilçi) İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8.
Məhkəmə qərarları › İş №2-1(112)-4125/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4125/2024
16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver