Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4127/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən (hazırki ünvan: Yeni ünvan 2 saylı binanın 50.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yeni Yasamal yaşayış massivi 3-də (VÖEN - **********) yerləşən "xxxx" MMC ilə xx.xx.2010-ci il tarixdə həmin ünvanda (yeni ünvan: Yeni Yasamal 2-ci yaşayış massivi 3 A) tikilməkdə olan binasının kürsü mərtəbəsində yerləşən 50,6 kv.m qeyri-yaşayış sahəsinin ona satılması barədə aralarında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini təşkil edən 54600 (əlli dörd min altı yüz) manat tam ödəyərək borcunun olmaması barədə ona maliyyə arayışı verilmişdir. Binanın tikintisi 2008-ci ildə tam başa çatmışdır. Bir neçə ildən sonra, bina Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən yaradılmış Dövlət Qəbul Komissiyasının xx.xx.2016-cı il tarixli aktına əsasən sakinlərlə məskunlaşmış qaydada istismara qəbul edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə zəruri olan rəsmi sənədlərini təqdim etməklə müraciət etməsinə baxmayaraq, heç bir hüquqi əsası olmadan müxtəlif bahənələrlə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3-də yerləşən (hazırki ünvan: Yeni ünvan 5ylı binanın 50,6 kv.m ibarət qeyri-yaşayış sahəsinin Dövlət Reyestrində qeydiyyata alınması və ona Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarış verilməsi barədə ərizəsini təmin etməmişlər. Beləliklə də, uzun illərdən bəri binanın həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə baxmayaraq, hazırki vaxta kimi qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ haqqında çıxarış ala bilmir. Halbuki, eyni mərtəbədə onun yeri ilə qonşuluğunda olan qeyri yaşayış sahəsinə məhkəmə qərarı ilə çıxarış verilmişdir. Bununla da, konstitusion hüquq və azadlıqlarım kobud şəkildə pozulmaqda davam edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş razılaşdırılmış mərtəbəlik planı ilə qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Odur ki, qapı və pəncərə oyuğunun açılması, pilləkan, eyvan sahəsinin quraşdırılması müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə həbs qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(82)-4/016 saylı, xx.xx.2016-cı il tarixli qərardadının daxil olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********25 saylı, xx.xx.2021-ci il tarixli və **********445 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Şihahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsin xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********25 nömrəli, xx.xx.2021-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçının ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, təqdim edilmiş razılaşdırılmış mərtəbəlik planı ilə qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Odur ki, qapı və pəncərə oyuğunun açılması, pilləkən, eyvan sahəsinin quraşdırılması müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə həbs qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8982)-4/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadının daxil olduğu müəyyən edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********45 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********25 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktbda qeyd olunan iradlar aradan qaldırılmamışdır. "xxxx" Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İşdə olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 iyun 2013-cü il tarixli “Yaşayış binasında qeyri mənzil sahəsinin tikintisi haqqında müqavilə”-nin surətindən görünür ki, müqavilənin predmetinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci yaşayış massivi 3a ünvanında yerləşən "xxxx" MMC-nin tikilmiş olan binasının kürsü mrətəbəsində yerləşən 50.6 kv.m qeyri-yaşayış yerini payçı İddiaçı qızına verməyi, İddiaçı isə həmin qeyri-yaşayış yerini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qiymət qiymət əsasında MMC-yə ödəməyi öhdəsinə götürür. Göstərilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 50.6 kv.m-dir. Mənzilin ümumi dəyəri 54600 manat təşkil etmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 01 nömrəli, 14 iyun 2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi 3-də yerləşən yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın İ giriş, kürsü mərtəbəsində ümumi shaəsi 50.6 kv.m olan, qeyri-yaşayış sahəsinin pay dəyəri 54600 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir. Bu günə qalıq yoxdur. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 46 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”ndan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 14 mərtəbəli İ girişli yaşayış binası (kürsü mərtəbəsi qeyri-yaşayış sahəsi) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilmişdir. Poçt ünvanı: Bakı şəhəri, Yasamal rayou, Yeni Yasamal – 2 yaşayış masivi, 3 A verilmişdir. İşdə olan Bakı Kommersiya Məhkəməsinin 8(82)-4/2016 saylı, 06 avqust 2021-ci il tarixli qərardadından müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(82)- 44/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə qoyulmuş həbs götürülmüşdür. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 8(82)-4/2016 saylı, 07 iyun 2022-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(82)-404/2014 nömrəli işi üzrə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Sabunçu rayon İcra Şöbəsinin icra məmuru A.X.Talıbovun təqdimatı əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(82)-44/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Y.Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə həbs qoyulması qərara alınmışdır. "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə qoyulmuş həbsin maraqlarına toxunan şəxs İddiaçı ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(82)-4/2016 saylı qərardadı ilə götürülməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(82)- 4/2016 saylı qərardadı qanuni qüvvəsini alaraq, xx.xx.2021-ci il tarixində icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 39.7 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 10 noyabr 2021-ci il tarixli, **********45 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsaslıdır. Belə ki, "xxxx" Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər-hansı səbəbdən MTK ilə MMCni fərqləndirə bilməmiş, lakin onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyriyaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda məhkəmə təcrübəsi onların bu niyyətinə üstünlük verir, yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılır, baxmayaraq ki, qanunverici açıq şəkildə Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 178.8-ci və "xxxx" Qanunun 8.0.6-cı maddələrində yalnız MTK üzvlərinin belə bir hüquqa malik ola biləcəklərini ifadə etmişdir. İşin hallarına məhz bu kontekstdə hüquqi qiymət verildikdə məlum olur ki, 14 iyun 2013cü il tarixli müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Mübahisəli qeyri-yaşayış sahəsinin tikintisinin sifarişi üzrə 14 iyun 2013-cü il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, qeyriyaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Binanın tikintisi sonradan tam şəkildə başa çatdırılmışdır. Bu da iddiaçının kooperativ üzvü kimi hərəkət etdiyinə, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyinə dəlalət edir ki, qeyd olunan hal da istinad edilən məhkəmə təcrübəsini şərtləndirir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının alğı-satqı müqaviləsi əsasında aldığı qeyri-yaşayış sahəsi İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 iyun 2013-cü il tarixli müqavilə iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Bu əsasdan "xxxx" Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -3.0.42-ci maddəsinə görə sifarişçi - tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. -101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Qeyd edilməlidir ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi bina Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 46 saylı sərəncamı ilə istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh imtina məktubunda qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq olmasına, sonradan qapı və pəncərə oyuğunun açılmasına, pilləkan, eyvan sahəsinin quraşdırılmasına istinad etsə də, sözügedən halın olması məhkəmə araşdırması öz təsdiqini tapmamışdır. Eləcə də, cavabdehin imtinasının digər əsası olan 2 saylı Bak İnzibati-İqtisadi Məhkəməsinin 8(82)-4/2016 saylı, xx.xx.2016-cı il tarixli qeyri-yaşayış sahəsinə həbs qoyulması barədə qərardadı, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 8(82)-4/2016 saylı qərardadı ilə ləğv edilmiş, həbsin götürülməsi qərara alınmışdır. "xxxx" Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş analoji Çıxarışdan görünür ki, artıq həmin ünvanda yerləşən çoxmənzilli binada başqa qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən **********26-05301-083001 reeystr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə fərqli rəftarın X5 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. İşin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X5 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X2rşı (Munoz Diaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi, 3 A ünvanında yerləşən 50.6 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4127/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4127/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver