Məhkəmə qərarları › İş №2-1(112)-4127/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4127/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4127/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydində soyadının “Mehdiyev”dən “Mehtiyev”ə dəyişiklik edilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, sənədlər nəzərdən keçirilərkən Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.1960-cı il tarixdə tərtib edilmiş 646 saylı doğum haqqında akt qeydində, eləcə də xx.xx.1951 -ci ildə tərtib edilmiş 04 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında soyadı “Mehdiyev” yazıldığı halda, ASAN2 tərəfindən xx.xx.2021-ci ildə tərtib edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsində soyadının “Mehtiyev” göstərildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161 -ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

3. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əlibayramlı rayon (Şirvan şəhər) Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1960-cı il tarixdə tərtib edilmiş 646 saylı doğum haqqında akt qeydində “Mehdiyev” soyadının “Mehtiyev” soyadına düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması:

4. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1960-cı il tarixdə Şirvan şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1960-cı il tarixdə Əlibayramlı rayon Qeydiyyat şöbəsi tərəfindən seriyası İİ-HE № 046914 olan doğum haqqında şəhadətnamə verilmişdir. Hazırda 64 yaşı var və mənim bütün sənədlərində soyadı “Mehtiyev” kimi yazılmışdır. Lakin bu yaxınlarda məlum olmuşdur ki, doğum haqqında akt qeydində soyadı “Mehdiyev” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası vətəndaşının seriyası AA № ******* olan şəxsiyyət vəsiqəsində soyadı “Mehtiyev” kimi göstərilmişdir. Bakı şəhəri Səadət sarayı tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, № 409628 nigahın bağlanması haqqında şəhadətnamədə soyadı “Mehtiyev” kimi yazılmış və həyat yoldaşı da “Mehtiyev” soyadı verilmişdir. Bundan başqa, övladlarının, gəlininin və nəvəsinin bütün sənədlərində soyadları “Mehtiyev” kimi qeyd edilmişdir. Doğum haqqında akt qeydində düzəliş edilərək, soyadının “Mehdiyev” dən “Mehtiyev”ə düzəliş edilməsi barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinə müraciət olunmuşdur. Lakin Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/7-M-68-2024/24 saylı cavab məktubu ilə imtina olunmuş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

6. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

7. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

8. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

10. Hazırkı iddia akt qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

11. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.1960-cı il tarixli 646 nömrəli doğum haqında akt qeydindən görünür ki, X8 xx.xx.1960-cı il tarixdə doğulmuşdur, anası X1, atası X7r. Akt qeydinə edilmiş qeydə əsasən doğum haqqında 046914 nömrəli şəhadətnamə verilmişdir.

12. İşdə olan həmin 046914 nömrəli, xx.xx.1960-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur, anası X2, atası X5r.

13. İşdə olan 409628 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı və xx.xx.1967-ci il təvəllüdlü X6 ilə nikaha daxil olmuş, nikahdan sonra qadına Mehtiyeva soyadı verilmişdir.

14. İşdə olan iddiaçıya məxsus xx.xx.2002-ci il tarixli AZE seriyalı 681028 nömrəli, xx.xx.2011-ci il tarixli AZE seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələri məlumatlarından görünür ki, onun soyadı “Mehtiyev” kimi göstərilmişdir.

15. Beləliklə, istinad olunan sənədlərdən məlum olur ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.1960-ci il tarixli 646 nömrəli doğum haqqında akt qeydində onun soyadı “Mehdiyev” kimi yazılsa da, həmin akt qeydinə əsasən verilən 046914 nömrəli doğum haqqında şəhadətnamədə, həmçinin sonradan tərtib edilən bütün sənədlərdə, habelə iddiaçıya verilən ilkin şəxsiyyət vəsiqəsi və sonradan verilən şəxsiyyət vəsiqələrində soyadı “Mehtiyev” kimi göstərilmişdir.

16. İddiaçı hazırda digər bütün sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində soyadının “Mehdiyev” deyil, “Mehtiyev” yazılmasına istinad edərək doğum haqqında akt qeydinə də düzəliş edilməsini və soyadının “Mehtiyev” kimi qeyd olunmasını xahiş edir.

17. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - maddə 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir.

19. Həmin hissənin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. - 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. - 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. - 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. - 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. - 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

20. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

21. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.

22. Yuxarıda istinad olunanlardan məlum olur ki, iddiaçı ona məxsus müvafiq sənədləri təqdim edərək xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmiş, həmin şəxsiyyət vəsiqəsində soyadı “Mehtiyev” kimi yazılmışdır.

23. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini, həmin şəhadətnamədə iddiaçının soyadının “Mehtiyev” kimi qeyd olunduğunu, habelə 1992-ci ildən etibarən tərtib edilən sənədlərdə iddiaçı barədə məlumatların şəxsiyət vəsiqəsində qeyd olunanlara uyğunluğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçının akt qeydindəki məlumatlar digər sənədlərinə uyğunlaşdırılmalıdır.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı barəsində tərtib edilmiş xx.xx.1960-cı il tarixli, 646 nömrəli doğum haqqında akt qeydində “Mehdiyev” soyadının “Mehtiyev” soyadına düzəliş edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Qardağ rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar