Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-413/2021 29.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi X3 (ünvanı: ünvan 1 X2 (ünvanı: ünvan 2ənzil 58; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: 14 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X4 (ünvanı: ünvan 3 vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Şöbəsinin baş mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 3-cü şəxs - 16 nömrəli Şəhər Poliklinikası qarşı “əlilliyin səbəbinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddiaçıya təyin olunmuş əlillik dərəcəsinin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” kimi qeyd olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 20.04.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 18.02.2020-ci il tarixli qərardadı ilə 16 nömrəli Şəhər Poliklinikası 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 15.09.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kimi oxunması qərara alınmışdır. Həmçinin, iddiaçının “İddiaçı təyin olunmuş əlillik dərəcəsinin səbəb əlaqəsinin 28.09.2018-ci il tarixdən, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı qəbul edilən tarixdən “xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrini icrası zamanı alınmış” kimi qeyd olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 29.03.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1987-ci il tarixdə hərbi toplanışda olduğu zaman Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üçün işlərə cəlb olunmuşdur. Həmin vaxtı aldığı güclü şüalanma nəticəsində İİ qrup əlil olmuşdu və buna dair cavabdeh tərəfindən ona Arayış verilmişdir. Sonradan əlilliyi səbəb əlaqəsinin dəyişdirilməsi üçün AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Komissiya tərəfindən müraciətinə baxılmış və 1426 N-İi 28.09.2018-ci il tarixli qərarla əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar Hərbi Xidmət Vəzifələrini icrası zamanı alınmışdır» kimi qeyd olunmuşdur. Sonradan qeydiyyatda olduğu 16 Nömrəli şəhər Poliklinikası tərəfindən əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı olaraq yeni Forma 88 tərtib olunmuş və elektron qaydada cavabdehə ünvanlanmışdır. Lakin, hər dəfəsində cavabdeh tərəfindən əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslnadırmışdır ki, müəyyən olunmuşdur İddiaçı 1993-cü ildən “Çernobıl AES- də qəzanın ləğvi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlil hesab edilmişdir. Hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müvafiq Hərbi Həkim Komissiyasının qərarı əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən edilir. İddiaçı 1993-cü ildə Hərbi Həkim Komissiyasının qərarını təqdim etmədiyinə görə düzgün olaraq əlilliyin səbəbi “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” seçilmişdir. İş üzrə materiallardan, yəni iddiaçının ərizəsindən məlum olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiaysının 28.09.2018-ci il tarixli 1426 saylı qərarı ilə xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” kimi müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0085003AAC1U saylı göndərişi əsasında 12.03.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0085003AAC1U saylı göndərişdə əsas diaqnoz kimi “Toksiki ensefalopatiya, postradiasion ensefalopatiya” xəstəliyi, ağırlaşma kimi isə “Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, tez-tez baş verən vazovegetativ krizlər Nevrasteniya.Kəskin ifadəli asteno-nevrotik sindrom” xəstəlikləri, yanaşı xəstəlik kimi isə “Ürəyin aterosklerotik xəstəliyi, ÜİX.Aterosklerotik kardioskleroz. Onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu və deformasiyalı spondilozu. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və, vertebrogen servikalgiya və lumbalgiya, əzələ- tonik kompression sindromlarla. Presbiopiya”. Lakin, göndərişdə nə əsas xəstəliyin, nə ağırlaşma kimi qeyd edilmiş xəstəliklərin əlilliyin təyininə əsas verəcək ağırlaşmaları qeyd edilmədiyinə görə əlillik təyinatının aparılması mümkün olmamış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq olunmuş "Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə"nin 4.22. bəndinə müvafiq olaraq göndərişin natamam doldurulması barədə iradlar qeyd edilməklə səhiyyə müəssiəsinə qaytarılmışdır. Belə ki, xəstəliyin ağırlaşmaları dəqiqləşdirilməmiş, diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinələrin nəticələri göndərişdə qeyd edilməmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0085003AAC54 saylı göndərişi əsasında 02.08.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Belə ki, Qiymətləndirməyə əsas verən 0085003AAC54 saylı göndərişdə xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumatlar qeyd edilməmiş, xəstəliyin qeyd edilmiş ağırlaşmaları isə əlilliyin təyininə əsas vermir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 3.1. bəndinə görə “Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir." İddiaçı Çernobıl AES-də hərbi xidmətdə aldığı və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28.09.2018-ci il tarixli 1426 saylı qərarı ilə “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” səbəb əlaqəsi müəyyənləşdirilmiş “Toksiki ensefalopatiya, postradiasion ensefalopatiya” diaqnozu xəstəlik əlilliyin təyininə əsas vermir Səhiyyə müəssisəsinin 0085003AAC1U və 0085003AAC54 saylı göndərişlərində qeyd edilmiş “Toksiki ensefalopatiya, postradiasion ensefalopatiya” xəstəliyi, ağırlaşma kimi isə “Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, tez-tez baş verən vazovegetativ krizlər. Nevrasteniya,Kəskin ifadəli astenonevrotik sindrom” diaqnozu da əlilliyin təyininə əsas vermədiyindən əlillik təyinatı aparılmamışdır. İddiaçı əlillik səbəbinin dəyişdirilməsi təyini istiqamətində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçı səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra, xəstəliyin əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edildiyi halda yeni göndəriş rəsmiləşdirilərsə, vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq olunmuş "Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə"yə uyğun olaraq əlillik vəziyyəti şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs 15.02.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, 16 saylı Şəhər Poliklinikası məhkəmənin sorğusuna cavab olaraq 12.06.2020-ci il tarixli məhkəmtubla iddiaçının adına tərtib edilmiş “forma 088” və ona əasas olmuş sənədləri məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu TSEK-in 17.03.1994-cü il tarixli 53 №-li aktı ilə İddiaçı "Kəskin nəzərə çarpan astenonevrotik sindrom, tez- tez təkrarlanan vegetativ damar krizlərilə, qalxanvari vəzin İİ dərəcə hiperplaziyası diaqnozu” ilə Peşə xəstəliyi kimi tövsiyyə olan müddətsiz ikinci qrup Çernobil əlillliyi təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı 16 saylı poliklinikaya Çernobil Əlili kimi əlillik səbəbinin dəyişdirilməsi məqsədilə 21.07.2015 tarixdə müraciət etmiş və ona Respublika İdarələrarası Ekspert Şurasına göndəriş verilmişdir. Göndərişə əsasən 08.04.2016-cı il tarixli Ekspert Rəyinə görə “Postradiasion toksiki ensefolopatiya kəskin ifadə olunan asteno- nevrotik vəziyyət ” diaqnozu ilə xəstəlik Çernobil AES- də baş vermiş qəzanın ləğvi zamanı şüalanma ilə əlaqələndirilmişdir. İş materiallarından görünür ki, İddiaçı 2016-cı ildən bu xəstəliyinə görə müvafiq vaxtlarda Rusiya Federasiyasında, Ukrayna Respublikasında, AR Respublika Əlillərinin Bərpa Mərkəzində, X5 stasionar- reabilitasion müalicələr almışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28.09.2018-ci il tarixli 1426 nömrəli qərarında göstərilmişdir: “Bakı ş. Yasamal RHK tərəfindən 1986-cı ildə hərbi toplanışa çağırırmış vətəndaş İddiaçı 1987-ci ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və 08.04.2016-cı ildə Xəstəliklərin səbəbinin və əliliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz “Postradiasion toksiki ensefalopatiya. Kəskin ifadə olunmuş asteno- nevrotik vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Yasamal rayon idarəsinin 03.08.2018-ci il tarixli 1347 nömrəli göndərişi, 31.07.2018-ci il tarixli 378 nömrəli arayışı, Xəstəliklərin səbəbinin və əliliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası tərəfindən verilmiş 08.04.2016-cı il tarixli ekspert rəyi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir),“ XƏSTƏLİKDİR, ÇERNOBİL AES-də qəza ilə əlaqədar HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİN (XİDMƏTİ VƏZİFƏLƏRİN) İCRASİ ZAMANİ ALİNMİŞDİR””. İş materiallarından görünür ki, 16 saylı Şəhər Poliklinikası əlillik səbəbinə yenidən baxılmaq məqsədilə İddiaçı barəsində 0085003AA54 №-li F-88 yazılaraq TSEK-ə göndərilmişdir. İş materiallarında olan 16 saylı Şəhər Poliklinikasının 204 nömrəli 12.06.2020-ci il tarixli məktubunda göstərilmişdir: “Əlavə stasionar və ambulator müayinə müalicələrdən sonra 20.07.2019-cu il tarixdə əvvəlki nöqsanları tam aradan qaldırmaqla yenə əlillik səbəbinə yenidən baxılmaq məqsədilə 0085003AA54 №-li F-88 yazılaraq TSEK-in sərəncamına göndərilmişdir. Yenə TSEK-in imtina qərarı alındı imtinanın səbəbləri: 1) Natamam doldurma; 2) Xəstəlik 1989-cu ildən başlasa da 2018-ci ilə qədər müalicələr qeyd edilməyib; 3) Əsas diaqnoz və ağırlaşmalar səthi yazılıb. İmtina səbəblərini araşdıraraq diqqətinizə çatdırmağı özümüzə borc bilirik: 1) Xəstə 16 saylı poliklinika ərazisinə 2015- ci ildə qeydə alınıb. Ona qədər aldığı müayinə və müalicələr haqqında bizə tibbi sənədlər təqdim etməyib. 2) Hesab edirik ki, F- 88 standartlara uyğun tərtib edilmiş, bütün müasir laborator- diaqnostik və paraklinik müayinələr aparılmış və F- 88- də fiksə olunmuşdur. 3) TSEK-ə göndəriş zamanı xəstəliyin əsas diaqnozu, ağırlaşmaları və yanaşı xəstəlikləri ətraflı olaraq xəstəliklərin Beynəlxalq Təsrifatı- 10 bütün tələblərinə əməl olunmaqla yazılmışdır. 4) Hesab edirik ki, bütün sadalanan arqumentlər, eləcə də MN MHHK- nın mövcud qərarı, iddiaçının xəstəliyinin səbəbini xidməti vəzifələrin icrası kimi tövsiyə edilməsi üçün əsas verir.” Məhkəmə qeyd edir ki, İddiaçı 1987-ci ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar xəsarətlər alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci yarımbəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 3.1.1-ci bəndinə əsasən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Xidmət tərəfindən dəyişdirilir. Göründüyü kimi, iddiaçının Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə öz təsdiqini tapdığından, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarının müvafiq müddəaları iddiaçıya münasibətdə tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş qaydada inzibati icaatın tam və hərtərəfli olaraq aparılmadığı müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı 1987-ci ildə Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməsi və nəticədə müvafiq xəsarət alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarında əlilliyin təyin edilməsi üçün xüsusi səbəblərin sırasında “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” səbəbi birbaşa nəzərdə tutulduğundan, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli İddiaçı təyin edilmiş əlilliyinin səbəb əlaqəsinin 28.09.2018-ci il tarixdən, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı qəbul edilən tarixdən “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar alınmışdır” kimi qeyd olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı təyin edilmiş əlilliyinin səbəb əlaqəsinin 28.09.2018-ci il tarixdən, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı qəbul edilən tarixdən “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar alınmışdır” kimi qeyd olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-413/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-413/2021
29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver