Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4130/2022 10.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, o, hərbi xidmət əleyhinə cinayət törətmədiyindən, həmçinin hərbi xidmət dövründə cinayət məsuliyyətinə cəlb olunmadığından, o cümlədən döyüş əməliyyatları aparılan hərbi hissələrə ezam olunaraq, qanuni əsaslarla ordudan tərxis olunduğundan, onun “Müharibə veteranı” adı qazanmaq hüququ yaranır. İddiaçı hazırki iddia tələbinə uyğun eyniməzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, İddiaçı barəsində təqdim olunmuş Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli 42-516 nömrəli arayışına əsasən döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi döyüş tapşırığının icrası ilə bağlı olub-olmaması barədə təsdiqedici sənəd olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bəhs edilən normalardan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə müharibə veteranı adı və vəsiqəsi aşağıda göstərilən şəxslərə verilə bilər: -döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; -döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər; -1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslərə. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixə kimi SSR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1992-ci il tarixdə keçmiş Sabirabad rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılmış, hərbi xidmət dövründə döyüş əməliyyatları bölgələrinə ezam olunmuş, sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli 141 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçının dəlillərinə görə o, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar döyüş bölgələrinə ezam olunduğundan onun “Müharibə veteranı” adı və vəsiqəsini almaq hüququ yaranır. Cavabdehin etirazının dəlillərinə görə iddiaçı barəsində olan əmrlərdə onun Ağdam və Füzuli rayonlarına ezamiyyətə getməsi təsdiq olunsa da, ezamiyyətə göndərilməsinin döyüş tapşırığının icrası ilə bağlı olub-olmaması barədə təsdiqedici sənəd olmadığından, iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsini almaq hüququ yaranmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsini almaq hüququnun olub-olmamasının müəyyən edilməsi üçün iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə hansı məqsəd ilə göndərildiyi və onun döyüş bölgəsində icra etdiyi funksiyaların döyüş təminatı hesab edilib-edilmədiyinə aydınlıq gətirilməlidir. Əvvəla məhkəmə, cavabdeh tərəfindən təqdim olunmuş nizami hissə üzrə əmləri qeyd etməyi zəruri hesab edir. -Hərbi Polis İdarəsi rəisinin xx.xx.1992-ci il tarixli 82 №-li əmrilə İddiaçı xx.xx.1992ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “kəşfiyyatçı” vəzifəsinə təyin edilmiş; -Hərbi Polis İdarəsi rəisinin xx.xx.1992-ci il tarixli 89 №-li əmrində Kəlbəcər rayonuna göndərilmiş şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmiş; -Hərbi Polis İdarəsi rəisinin xx.xx.1992-ci il tarixli 135 №-li əmrilə İddiaçı xx.xx.1992ci il tarixdən Kəlbəcər rayonu döyüş əməliyyatları bölgəsindən gəlmiş hesab edilmiş; -Hərbi Polis İdarəsi rəisinin xx.xx.1992-ci il tarixli 143 №-li əmrində sıravi İddiaçı Füzuli rayonu döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi barədə məlumat olmuş; -Hərbi Polis İdarəsi rəisinin xx.xx.1993-cü il tarixli 26 №-li əmrində sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən Füzuli rayonu döyüş əməliyyatları bölgəsindən qayıtması, xx.xx.1993-cü il tarixdən Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat olmuş; -Hərbi Polis İdarəsi rəisinin xx.xx.1993-cü il tarixli 56 №-li əmrində sıravi İddiaçı Ağdərə rayonu döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək, xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat olmuş; -Hərbi Polis İdarəsi rəisinin xx.xx.1993-cü il tarixli 153 №-li əmrilə kəşfiyyatçı, sıravi İddiaçı “atıcı-patrul” vəzifəsinə təyin edilmiş; -156 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə sıravi İddiaçı “atıcı-patrul” vəzifəsinə təyin edilmiş; -156 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 2 №-li əmrində sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat olmuş; -156 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 99 №-li əmrində xx.xx.1994-cü il tarixdən Tərtər rayonuna xidməti ezamiyyətə göndərildiyi üçün sıravi İddiaçı qazan təminatından çıxarılması barədə məlumat olmuş; -156 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 120 №-li əmrində xx.xx.1994-cü il tarixdən Tərtər rayonundan xidməti ezamiyyətdən qayıtmış, sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat olmuş; -156 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 149 №-li əmrilə “28 May” bayramı münasibətilə sıravi İddiaçı “təşəkkür” elan olunmuş; -156 №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 318 №-li əmrilə xidməti zərurətlə əlaqədar olaraq atıcı-patrul, sıravi İddiaçı Bakı Qarnizonu HPİ-nin “ВАИ”-nə ezam olunmuşdur. Cavabdehin təqdim etdiyi əmrlərin surətləri ilə müəyyən edilir ki, iddiaçı döyüş əməliyyatları gedən dövrdə bir neçə dəfə döyüş əməliyyatları gedən Fizuli və Ağdam rayonlarına ezam edilmiş, həm döyüş əməliyyatları gedən əraziyə ezam olunması, həm də döyüş əməliyyatları gedən ərazidən ezamiyyətdən qayıtması (1994-cü ilin may ayının 12dək) hərbi hissə komandirinin (Hərbi Polis İdarəsinin rəisinin) əmrləri ilə rəsmiləşdirilmişdir. Həmin əmrlərdə iddiaçının döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi və döyüş əməliyyatlarından xidməti ezamiyyətdən qayıtması açıq-aşkar qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı döyüş bölgələrinə ezam olunarkən onun vəzifəsi “kəşfiyyatçı” (разведчик) olmuşdur. Ümumməlum olan arqument odur ki, kəşfiyyat fəaliyyəti ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyət hesab olunur. Kəşfiyyatçı düşmən qruplaşmasının dislokasiyası, silahları, gücü və ehtimal olunan niyyətləri haqqında məlumat toplamaq məqsədi daşıyan vəzifələri həll edir. Kəşfiyyatçılar tərəfindən əldə edilən məlumatlar komandanlıq tərəfindən vəziyyəti qiymətləndirmək və döyüş əməliyyatlarının aparılması üçün qərarlar qəbul etmək üçün istifadə olunur. Göründüyü kimi iddiaçının döyüş bölgələrinə ezam olunması bilavasitə “kəşfiyyatçı” vəzifəsinin funksiyalarının icrası ilə bağlı olduğundan, onun döyüş bölgəsində icra etdiyi funksiyalar döyüş təminatı hesab olunur. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına kəşfiyyat fəaliyyətinin göstərməsi məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, hərbi hissə komandirinin əmrinə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə kəşfiyyat fəaliyyəti üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, arxiv arayışında iddiaçının Bakı Qarnizonu HPİ-nin “ВАИ”-dən ezamdan qayıtması ilə bağlı məlumatın olmaması vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, iddiaçının Bakı Qarnizonu HPİ-nin “ВАИ”-yə ezamiyyətə göndərilməsi 12 may 1994-cü il tarixdən sonraki dövrə təsadüf etdiyindən, iddiaçının həmin dövrdə ezamiyyətdə olması ona “Müharibə veteranı” adının və vəsiqəsnin verilməsi hüququnu vermir. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsində aydınlıq şəkildə qeyd olunmuşdur ki, 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslərə müharibə veteranı adı verilir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, ümumiyyətlə iddiaçının Bakı Qarnizonu HPİ-nin “ВАИ”-yə ezamiyyətdən qayıtması barədə məlumat olmasa da, onun qanuni əsaslar ilə 10 iyul 1996-cı il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunması barədə əmr mövcud olmuşdur. Belə ki, tərxis olunma barədə əmrdən görünür ki, iddiaçı Bakı Qarnizonu Hərbi Komendatlığının sürücüsü olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının tərxisi qanuni və əsaslı olduğundan, iddiaçının xx.xx.1994-ci il tarixdən sonraki dövrlərdə xidməti barədə əlavə araşdırmaya zərurət olmamışdır. Belə olan halda, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 230/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Cavabdeh orqanın istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adının verilməsi nəzərdə tutulmuşdur.” Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1404/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Cavabdehin təqdim etdiyi əmrlərdə iddiaçının döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi və döyüş əməliyyatlarından xidməti ezamiyyətdən qayıtması açıq-aşkar qeyd edilmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsaslı hesab etmir” Ali Məhkəmənin mövqeyindən də göründüyü kimi cavabdehin imtinası eyni olan iş üzrə ali məhkəmə döyüş əməliyyatları ilə birbaşa bağlı olmayan döyüş təminatı ilə bağlı vəzifə kimi tərcüməçinin xidmətini veteran vəsiqəsinin verilməsi üçün əsas hesab etmişdir ki, ezam məqsədi yazılmamış kəşfiyyatçının xidməti də məhkəmə veteran hesab edilməsini, həmin qərarda ifadə olunmuş mövqeyə uyğun hesab edir. Məhkəmə diqqətə çatdırır ki, həm Azərbaycan Respublikası Konstitusiyasında, həm də “İnzibati icraat haqqında” Qanunda şəxslərin qanun və məhkəmə, qanun və inzibati orqan qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu prinsip hüquqi dövlətin hamılıqla qəbul olunmuş ən mühüm prinsiplərindəndir. Bu prinsip eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir və ayrıseçkiliyə yol verilməməsini tələb edir. Məhkəmə qərarlarında (yuxarıda qeyd olunan) göstərilən şəxslərin müharibə veteran adı və vəsiqəsinin almasının əsasında onların hərbi hissəyə xidməti ezamiyyətə göndərilməsi dayandığından, həmin şəxslərin vəziyyəti ilə hazırkı işin halları eyni mühüm faktiki hallara malikdir. Buna baxmayaraq cavabdeh inzibati orqan iddiaçı ilə həmin şəxslər arasında ayrıseçkiliyə yol vermişdir. Bu isə inzibati orqan tərəfindən həm “bərabərlik hüququ”nun, həm də “etimad hüququ”nun pozulmasına səbəb olur. Belə ki, hazırkı qərarın 32-ci bəndində göstərilən normanın məzmununa görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-4130/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4130/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver