Məhkəmə qərarları › İş №2-1(112)-4132/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4132/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4132/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), İddiaçının nümayəndəsi, Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdehin imtinasının qanunsuz hesab edilməsi və 01.09.1978-ci il tarixdən 30.01.1979-cu il tarixədək Kürdəmir mal-qara kökəltmə sovxozunun bazasında fəhlə işləməklə qazandığı 4 ay 20 gün iş stajının, 01 fevral 1979-cu il tarixdən 01.08.1979-cu il tarixədək Kürdəmir RİC-də satıcı şagirdi kimi işləməklə qazandığı 5 ay iş stajının, 18 yanvar 1980-cı il tarixdən 10 oktyabr 1980-cı il tarixədək Kürdəmir RİC-də müvəqqəti mağaza müdiri və satıcı işləməklə qazandığı 8 ay 22 gün iş stajının, 28 oktyabr 1980-cı il tarixdən 22 noyabr 1982-ci il tarixədək Sovet Sosialist Respublikaları X1 həqiqi hərbi xidmətdə olduğu 2 il 20 gün müddətində iş stajının, 05 dekabr 1982-ci il tarixdən 30 yanvar 1983-cü il tarixədək Kürdəmir şəhər Şirvan qışlaqlarını su ilə təminatı sistemi istismar idarəsi QSTSİİ 1-ci dərəcəli fəhlə kimi işləməklə qazandığı 1 ay 25 gün müddətində iş stajının, 21 sentyabr 1983-cü il tarixdən 01 iyul 2000-ci il tarixədək ‘‘Dəqiq Mexanizmlər Təmiri” zavodunda və "xxxx" müəssisəsində zərgər-quraşdırıcı vəzifəsində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə qazandığı 16 il 9 ay 10 gün müddətində iş stajının, 01 iyul 2000-ci il tarixdən 01 mart 2011ci il tarixədək "xxxx" Firmasında zərgər-quraşdırıcı vəzifəsində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə qazandığı 10 il 8 ay müddətində iş stajının, 01 mart 2011-ci il tarixdən 29 yanvar 2016-cı il tarixədək fiziki şəxs X2 məxsus zərgərlik sexində zərgərquraşdırıcı vəzifəsində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə qazandığı 4 il 10 ay 28 müddətində iş stajının hesablanmaqla ona 05.08.2018-ci il tarixdən “Güzəştli şərtlərlə” yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 21.09.1983-01.02.1989-cu illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində işləməklə, 01.02.1989-01.07.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli quraşdırıcı-zərgər peşəsində işləməklə bu müəssisələrdə zərərli işlərdə 16 il 9 ay 10 gün işləməklə qazandığı iş stajları hesablanmaqla ona 05.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən, yəni 05.08.2018-ci il tarixdən bütün dövrlər hesablanmaqla təyin edilmiş pensiyanın ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Djövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, orada böyüyüb, boya-başa çatmış, orta məktəbi Kürdəmir şəhəri 13 nömrəli orta məktəbdə oxumuşdur. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 10 sentyabr 1978-ci il tarixli əmək kitabçası ilə müəyyən edilir ki, o, 01.09.1978-ci il tarixli 155 №-li əmrlə Kürdəmir mal-qara kökəltmə sovxozunun bazasına fəhlə kimi işə qəbul edilmiş, həmin sovxozda 30 yanvar 1979-cu il tarixədək fəhlə işləmişdir. 30.01.1979-cu il tarixli 37 №li əmrlə öz ərizəsilə tutduğu işdən azad edilmişdir. 01 fevral 1979-cu il tarixli 33 №-li sərəncamla Kürdəmir RİC-nə satıcı üzrə şagird qəbul edilmiş, şagirdlik müddəti qurtardığı üçün 01.08.1979-cıı il tarixli 218 N-li sərəncamla işdən azad edilmişdir. 18 yanvar 1980-cı il tarixli 27 №-li sərəncamla Kürdəmir RİC-nə müvəqqəti mağaza müdiri təyin edilmişdir (məzuniyyət yerinə). 14 fevral 1980-ci il tarixli 61 nömrəli sərəncamla Kürdəmir RİC-də ərzaq mağasında satıcı kimi işə qəbul edilmişdir. 10 oktyabr 1980-cı il tarixədək işləmişdir. 10 oktyabr 1980-cı il tarixli 27 nömrəli sərəncamla hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq işlədiyi satıcı vəzifəsindən azad edilmişdir. 28 oktyabr 1980-cı il tarixdə Azərbaycan SSR Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. 28 oktyabr 1980-cı il tarixdən 22 noyabr 1982-ci il tarixədək N saylı hərbi hissədə atıcı kimi həqiqi hərbi xidmətdə olmuşdur. 22 noyabr 1982ci il tarixli 242 nömrəli əmrlə həqiqi hərbi xidməti bitirib hərbidən tərxis olunmuş və evə qayıtmışdır. 05 dekabr 1982-ci il tarixli 81 nömrəli əmrlə Kürdəmir şəhər Şirvan qışlaqlarını su ilə təminatı sistemi istismar idarəsi QSTSİİ 1-ci dərəcli fəhlə kimi işə qəbul edilmişdir. 30 yanvar 1982-ci il tarixədək orada işləmişdir. 30 yanvar 1983-cü il tarixli 12 saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 21 sentyabr 1983-cü il tarixli 128 saylı əmrlə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 1 saylı emalatxanaya zərgər ustasının şagirdi kimi işə qəbul edilmişdir. 30.03.1984-cü il tarixli 57k saylı əmrlə 29 mart 1983-cü il tarixdən etibarən ixtisaslaşma komissiyasının protokoluna uyğun olaraq zərgər emalatxanasında 1ci dərəcəli zərgər dərəcəsi verilmişdir. 16 may 1984-cü il tarixli 84 saylı əmrlə 3-cü dərəcəli zərgər-quraşdırıcı dərəcəsi verilmişdir. 25 noyabr 1986-cı il tarixli 240 nömrəli əmrlə 1 saylı zərgər emalatxanası zərgərlik sexi adlandırılmışdır. 18 dekabr 1986-cı tarixli 219k saylı əmrlə 4-cü dərəcəli zərgər-quraşdırıcı dərəcəsi verilmişdir. 17.11.1987-ci tarixli 185 saylı əmrlə vahid tarif və ixtisas kitabçasına uyğun olaraq 4-cü dərəcəli zərgər qolbaqçı dərəcəsi verilmişdir. 06 fevral 1989-cu il tarixli 4 saylı əmrlə 01 fevral 1989-cıı tarixdən “Dəqiq Mexanizmlər Təmiri" zavodu yenidən qurularaq Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər müəssisəsi yaradılmışdır, o, 4-cü dərəcəli zərgər-qolbaqçı kimi köçürmə ilə 3 saylı sahəyə qəbul edilib işləmişdir. 12 iyul 2000-ci il tarixli 02 nömrəli əmrlə “Zərgər“ ASC-nin ləğvi ilə əlaqədar 01 iyul 2000-ci il tarixdən etibarən işdən azad edilmişdir. 01 iyul 2000-ci il tarixli 08 nömrəli əmrlə "xxxx" Firmasına 1 saylı emalatxanaya zərgər-quraşdırıcı vəzifəsinə işə təyin edilmişdir. 01 mart 2011-ci il tarixədək həmin firmada zərgərquraşdırıcı vəzifəsində işləmişdir. 01 mart 2011-ci il tarixli əmrlə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 01 mart 2011-ci il tarixli 027 nömrəli əmrlə fiziki şəxs X2 məxsus zərgərlik sexində zərgər-quraşdırıcı vəzifəsinə işə qəbul edilmişdir. 20 yanvar 2016-cı il tarixədək həmin sexdə zərgər-quraşdırıcı vəzifəsində işləmişdir. 20 yanvar 2016-cı il tarixli 15 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. 01.02.1080-ci ildən “Dəqiq mexanizmlər Təmiri№ zavodu yenidən qurularaq “Zərgər" müəssisəsi yaradılmışdır. “Zərgər" müəssisəsi 06.02.1980-ci ildən 01.05.1997-ci il tarixədək Əhaliyə Məişət Xidməti Nazirliyinin, 01.05.2007-ci ildən isə ASC adlandırılaraq, Dövlət Əmlak Komitəsinin nəzdində olmuşdur. "xxxx" ASC isə “ZərgərÜ müəssisəsinin hüquqi varisidir. 01.07.2000-ci il tarixdən fəaliyyət göstərmişdir. Bununla yanaşı Azərbaycan Respublikası “Zərgərlər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 04 dekabr 2020-ci il tarixli, 57 saylı güzəşt arayışdan da müəyyən edilir ki, “İddiaçı əmək kitabçasına və arxiv sənədlərinə əsasən 21.09.1983-01.02.1989-cu illlərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində işləmişdir. 01.02.1080-cıı ildən “Dəqiq Mexanizmlər Təmiri” zavodu yenidən qurularaq Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində "xxxx" müəssisəsi yaradılmışdır. İddiaçı 01.02.1980-01.07.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli zərgər-quraşdırıcı peşəsində işləmişdir. Bu müəssisələrdə onun zərərli əmək stajı əmək kitabçası üzrə 16 il 0 ay 10 gündür. “Zərgər" müəssisəsi “Dəqiq Mexanizmlər Təmiri” zavodunun, "xxxx" ASC isə “Zərgər" müəssisəsinin hüquqi varisidir. "xxxx" ASC 01.07.2000-ci il tarixdən hazırkı vaxtadək fəaliyyət göstərir. İddiaçı işlədiyi müddətdə fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli metaldan qiymətli və ya yarım qiymətli daşlara xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynağ işləri aparmışdır. Məmulatı qaynaq edən zaman: Asbest, bor turşusu, xlor turşusıu (HCL), eləcə də qaynaq işini aparmaq üçün benzindən istifadə etmiş, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarda emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, istehsal üçün külçə hazırlamışdır. Fəhlələr üçün vahid tarif dərəcələri üçün iş və peşələrin sorğu kitabı 1087-ci ilin sorağ kitabında (Moskva nəşriyyatı) göstərilir: - zərgər peşəsinə aşağıdakılar aiddir: zərgər-quraşdırıcı. zərgər-şəbəkəçi. zərgər-sepçi, zərgər-nəqqaş. zərgər-bərkidici. Odur ki, həmin həmin peşədə işləyən şəxsin əmək şəraitinə görə güzəştlə, yaşa görə əmək təqaüdünə çıxmaq hüququ vardır. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafıq olaraq, həmin qərarın 11.9-cu bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və bədii məmulatları siyahısında zərərli sahə kimi nəzərə alınaraq 2150700а-19553 rəqəmlə kodlaşdırılmışdır. Bu səbəbdən quraşdırıcı zərgər-sepçi peşəsində işləmiş İddiaçı əmək stajı pensiya qanunun tələblərinə uyğun olduğu halda əmək şəraitinə görə güzəştlə yaşa görə təqaüdə çıxmaq hüququna malikdir. Sadalananlardan göründüyü kimi əmək kitabçasından və arxiv sənədlərindən müəyyən edilir ki, onun ümumi iş stajı 36 il 1 ay 3 gün təşkil edir. Ümumi iş stajının 32 il 4 ay 8 günü əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə əldə etdiyi iş stajıdır. Lakin bütün bunlara baxmayaraq cavabdeh iş stajını müəyyən edən əmək kitabçası olmasına baxmayaraq ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən əsassız olaraq yayınmış, imtina etmişdir. Belə ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, ərizəsinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi 10 sentyabr 1978-ci il tarixli əmək kitabçasında 21.09.1983- 01.02.1989-cu il tarixləri arasındakı dövr ərzində “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər-sepçi, 01.02.1989-01.07.2000-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı zərgər peşələrində işlədiyi qeyd olunmuşdur. Əmək stajınının dəqiqləşdirilməsi ilə bağlı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının aidiyyəti mütəxəssisləri tərəfindən yerində baxış keçirilərkən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 25.11.2020-ci il tarixli aktla təsdiq edilmişdir. Qeyd olunanlara əsasən əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”na edilmiş 1 saylı Əlavənin 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalananlardan bir daha sübuta yetirilir ki, cavabdehin ona “güzəştli şərtlərlə" yaşa görə əmək pensiyası təyin etməkdən imtina etməsi, yayınması qanunsuzdur. Cavabdeh orqanın imtinasını aldıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh orqan işlədiyi müəssisəyə gedib orada 25.11.2020-ci il tarixdə qanunsuz akt tərtib etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazdan görünür ki, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8 və 1.0.8-ci maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 sentyabr 1978-ci il tarixli əmək kitabçasında 21.09.1983-01.02.1989-cu il tarixləri arasındakı dövr ərzində “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər-sepçi, 01.02.1989-01.07.2000-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı zərgər peşələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində baxış keçirilərkən iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməyini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 25.11.2020-ci il tarixli aktla təsdiq edilmişdir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45599,96 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23226,34 manat təşkil edir. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5359/2020 saylı, 02.12.2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Beləliklə məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir”. Nəticə etibarilə 01.07.2017ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya dair verilmiş yazılı etiraza uyğun məmzunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin, hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 05 avqust 1961-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuşdur. İşdə olan İddiaçı məxsus 10 sentyabr 1979-cu il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən və tərcümə olunmuş əlavəsindən görünür ki, İddiaçı 01.09.1978-ci il tarixdən 30.01.1979-cu il tarixədək Kürdəmir mal-qara kökəltmə sovxozunda bazada fəhlə, 01.02.1979-cu il tarixdən 01.08.1979-cü il tarixədək Kürdəmir RİC-nə satıcı üzrə şagird, 18.01.1980-ci il tarixdən Kürdəmir RİC-nə müvəqqəti mağaza müdiri, 14.02.1980-ci il tarixdən 10.10.1980-ci il tarixədək Kürdəmir RİC-nə ərzaq mağazasında satıcı işləmişdir. 05.12.1982-ci il tarixdən 30.01.1983-cü il tarixədək Kürdəmir şəhər Şirvan qışlaqlarını su ilə təminatı sistemi istismar İdarəsi QSTSİİ-də 1-ci dərəcəli fəhlə işləmişdir. 21.09.1983-cü il tarixdən “Dəqiq mexanizmləri təmiri” zavodunun 1 saylı emalatxanaya zərgər ustasının şagirdi kimi işə qəbul edilmiş, 29.03.1984-cü il tarixdə İxtisaslaşma komissiyasının protokola uyğun olaraq zərgər emalatxanasına zərgərin 1-ci dərəcəsi verilmiş, 16.05.1984-cü il tarixdə zərgər-quraşdırıcısının 3-cü dərəcəsi verilmişdir. 01.12.1986-cı il tarixdə 1 saylı zərgərlik emalatxanası zərgərlik sexi adlandırılmışdır. 17.12.1986-cı il tarixdə zərgər-quraşdırıcısının 4-cü dərəcəsi verilmişdir. 17.11.1987-ci il tarixdə zərgər qolbaqçının 4-cü dərəcəsi verilmişdir. 01.02.1989-cu il tarixdə Azərbaycan SSR Zərgər müəssisəsinə 4-cü dərəcəli zərgər-qolbaqçı kimi köçürmə yolu ilə 3 saylı sahəyə qəbul edilmiş, 01.07.2000-ci il tarixdə "xxxx" ASC-nin ləğvi ilə əlaqədarə işdən azad edilmişdir. 01.07.2000-ci ildən 01.03.2011-ci il tarixədək "xxxx" firması 1 saylı emalatxanada zərgər-quraşdırıcı vəzifəsində, 01.03.2011-ci il tarixdən 29.01.2016-cı il tarixədək fiziki şəxs X2 məxsus zərgərlik sexində zərgər-quraşdırıcı vəzifəsində işləmişdir. İşdə olan İddiaçı məxsus НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 28 oktyabr 1980-ci il tarixdən 22 noyabr 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 57 saylı, 04.12.2020-ci il tarixli güzətşli arayışdan görünür ki, İddiaçı ona görə ki, O, həqiqətən əmək kitabçasına və arxiv sənədlərinə əsasən 21.09.1983- 01.02.1989-ci illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində işləmişdir. 01.02.1989-cu ildən “Dəqiq Mexanizmlər Təmiri” zavodu yenidən qurularaq Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində "xxxx" müəssisəsi yaradılmışdır. İddiaçı 01.02.1989-01.07.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsində işləmişdir. Bu müəssisələrdə onun zərərli əmək stajı əmək kitabçası üzrə 16 il 9 ay 10 gündür. "xxxx" müəssisəsi Dəqiq Mexanizmlər Təmiri zavodunun, "xxxx" ASC isə "xxxx" müəssisəsinin hüquqi varisidir. "xxxx" ASC 01.07.2000-ci il tarixdən hazırki vaxtadək fəaliyyət göstərilir. İddiaçı işlədiyi müddətdə fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli metaldan qiymətli və ya yarım qiymətli daşlara xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynağ işləri aparmışdır. Məmulatı qaynaq edən zaman asbest, bor turşusu, xlor turşusu (HCL) eləcədə qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarda emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, istehsal üçün külçə hazırlamışdır. Məlumat üçün bildirilmişdir ki, fəhlələr üçün vahid tarif dərəcələri üçün iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorğu kitabında (Moskva nəşriyyatı) göstərilir: — zərgər peşəsinə aşağıdakılar aiddir: -zərgər-quraşdırıcı; -zərgərşəbəkəçi; -zərgər- sepçi; -zərgər-nəqqaş; -zərgər-bərkidici. Odur ki, həmin peşədə işləyən şəxsin əmək şəraitinə görə güzəştlə yaşa görə əmək təqaüdünə çıxmaq hüququ vardır. Onun işlədiyi peşə Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq həmin qərarın 11.9-cu bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və bədii məmulatları siyahısında zərərli sahə kimi nəzərə alınaraq 2150700a-19553 rəqəmlə kodlaşdırılmışdır. Bu səbəbdən quraşdırıcı zərgərsepçi peşəsində işləmiş İddiaçı əmək stajı pensiya qanunun tələblərinə uyğun olduğu halda əmək şəraitinə görə güzəştli yaşa görə təqaüdə çıxmaq hüququna malikdir. İşdə olan cavabdeh tərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli, **********2 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, iddiaçının ərizəsinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8 və 1.0.8-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, təqdim olunmuş 10 sentyabr 1978-ci il tarixli əmək kitabçasında 21.09.1983-01.02.1989-cu il tarixləri arasındakı dövr ərzində “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər-sepçi, 01.02.1989-01.07.2000-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı zərgər peşələrində işlədiyi qeyd olunmuşdur. Əmək stajınının dəqiqləşdirilməsi ilə bağlı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində baxış keçirilərkən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməyini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 25.11.2020-ci il tarixli aktla təsdiq edilmişdir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45599,96 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23226,34 manat təşkil edir. Qeyd olunanlara əsasən əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 05 avqust 1961-ci il təvəllüdlü olmaqla, hazırda pensiyaçı deyildir. O, 57 yaşı tamam olduğu 05.08.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının 21.09.1983-cü il tarixdən 01.02.1989-cu il tarixədək “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgərsepçi, 01.02.1989-cu ildən 01.07.2000-ci il tarixədək "xxxx" müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsində işlədiyi dövrlər üzrə əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan, həmçinin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddindən az məbləğdə pensiya kapitalı olması əsası ilə ona pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq müddətə ümumi iş stajına malik olması və həmin stajın 12 il 06 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edildiyindən, ona cavabdeh tərəfindən imtina edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. Hazırki mübahisə üzrə cavabdeh tərəfindən iddiaçının 21.09.1983-cü il tarixdən 01.02.1989-cu il tarixədək “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər-sepçi və 01.02.1989-cu il tarixdən 01.07.2000-ci il tarixədək olan dövr üzrə "xxxx" müəssisəsində quraşdırıcı-zərgər peşəsində işlədiyi dövrlər mübahisələndirilməklə, həmin dövrlərin nəinki güzəştli iş stajına, ümumiyyətlə sosial sığorta stajına hesablanmasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən dövrlərin iddiaçının sosial sığorta stajına hesablanmaması barədə mövqeyi əsassız olmuşdur və həmin dövrlər pensiya təyin edilməsi üçün əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 31 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X7 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Hazırki iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında onun 21.09.1983-01.02.1989-cu illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində işləməklə, 01.02.1989-01.07.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli quraşdırıcı-zərgər peşəsində işləməsi qeyd edilmişdir. Həmin qeydlərin əsassız olmasına dair hər hansı sübutlar mövcud deyildir. Lakin buna baxmayaraq cavabdeh həmin dövrlərlə bağlı iddiaçıya məxsus əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olmasına əsas olaraq iddiaçının əmək stajınının dəqiqləşdirilməsi ilə bağlı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində baxış keçirilərkən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edən hər hansı sənəd aşkar edilmədiyi, bu faktın "xxxx" ASC tərəfindən 25.11.2020-ci il tarixli aktla təsdiq edildiyini qeyd etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məlumatların dəqiqləşdirilməsi haqqında xidməti məruzəyə əlavə edilmiş 25 noyabr 2020-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasından hesablanan pensiya şöbəsinin baş mütəxəssisi Hüsü Atamov, böyük mütəxəssisi Eyvaz Əhmədov və "xxxx" ASC-nin kadrlar üzrə böyük müvəkkili Əkrəm Mirzəyevin iştirakı ilə həmin müəssisə tərəfindən X5 adına verilmiş arayışda iş stajına və işin xarakterinə dair yazılmış faktları araşdırmaq məqsədilə, sığorta stajına daxil edilən ümumi stajın, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını yerində əsaslı sənədlərlə qarşılıqlı araşdırılaraq müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən İddiaçı adına verilmiş arayışda qeyd edilənlərə dair müəssisədə heç bir əsaslı sənəd saxlanılmayıb. Yalnız həmin müəssisə tərəfindən adına açılmış T-2 şəxsi hesabda 01.02.1989-cu ildən işə daxil olması və 1994-cü ilədək növbəti məzuniyyətdə olmasına dair qeydlər göstərilib. İşləməsinə və zərərli əmək şəraitinə dair heç bir məlumat qeyd edilməyib. Aktın doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Yuxarıda qeyd olunmuş 25.11.2020-ci il tarixli aktda iddiaçının 01.02.1989-1994-cü illər ərzində məzuniyyətdə olduğu göstərildiyindən, bununla bağlı məhkəmə tərəfindən sorğu göndərilmiş, iddiaçının hansı növ və hansı müddətə məzuniyyətdə olması barədə məlumat və buna dair sənədlər Azərbaycan Respublikası "xxxx" ASC-dən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 28 saylı, 09.09.2021-ci il tarixli məktub əsasında iddiaçının “Dəqiq Mexanizmlər Təmiri” zavodundan "xxxx" müəssisəsinə işə daxil olması, işdən çıxması barədə olan əmrlər və forma T-2 şəxsi vərəqəsinin surəti məhkəməyə təqdim olunmuşdur. Bildirilmişdir ki, işçinin illər üzrə hansı müddətə əmək məzuniyyətində olması barədə qeydlər, əmrin nömrələri və tarixləri göstərilməklə şəxsi vərəqədə təsdiqlənmişdir. Zərgər müəssisəsinin özəlləşdirilməsi ilə əlaqədar olaraq məzuniyyət əmrlərinin arxiv sənədləri saxlanılmamışdır. Həmin məktuba əlavə edilmiş İddiaçı məxsus forma T-2 saylı, 257 saylı şəxsi vərəqədən görünür ki, iddiaçı 10.07.1989-cu il tarixdən 31.07.1989-cu il tarixədək, 30.12.1991-ci il tarixdən 20.01.1992-ci il tarixədək, 04.01.1994-cü il tarixdən 14.02.1994cü il tarixədək, 01.06.1996-cı il tarixdən 19.07.1996-cı il tarixədək əmək məzuniyyətində olmuşdur. Həmin məktuba əlavə edilmiş 2 saylı, 12.07.2000-ci il tarixli əmrin surətindən görünür ki, 01.07.2000-ci ildən "xxxx" ASC-nin ləğvi və həmin cəmiyyət bazasında iki yeni təşkilatın "xxxx" qapalı tipli səhmdar cəmiyyətin və şəxsi mülkiyyətə məxsus "xxxx" müəssisəsinin 10.07.2000-ci ildən fəaliyyətə başlaması ilə əlaqədar "xxxx" ASC-nin işçiləri 01.07.2000-ci ildən işdən azad edilmişdir. Əmrdə adı qeyd olunmuş işçilərin siyahısının 40-cı bəndində X4 adı qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı 01.02.1989-1994-cü illər ərzində deyil, müvafiq iş illəri üçün qanunla müəyyən edilmiş müddətdən az olmayan əmək məzuniyyətində olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 21.09.1983-01.02.1989-cu illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində, 01.02.1989-01.07.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli quraşdırıcı-zərgər peşəsində işləməsi əmək kitabçası ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə də öz təsdiqini tapdığından, cavabdeh tərəfindən həmin dövrün sosial sığorta stajına hesablanmasından imtina edilməsi əsassız olmuşdur və göstərilən dövr sosial sığorta stajına hesablanmalıdır. Belə olan halda iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla onun 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajına malik olduğu öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin dövrün ümumi iş stajına hesablanmasından imtina edilməsi ilə yanaşı, həmçinin göstərilən dövrün güzəştli iş stajına hesablanmasından da imtina edilmişdir. Halbuki "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 57 saylı, 04.12.2020-ci il tarixli güzəştli arayış əsasında müəyyən edilmişdir ki, iddiaçının 21.09.1983-01.02.1989-ci illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində işlədiyi, 01.02.1989-01.07.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsində işlədiyi peşələr güzəştli iş stajına aid olmaqla, onun həmin dövr üzrə xüsusi iş stajı 16 il 9 ay 10 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Göründüyü kimi iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş güzəştli arayış cavabdehə orqana təqdim edilsə də, cavabdeh tərəfindən həmin dövrün güzəştli iş stajına hesablanmasından imtina edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XİV Metal emalı adlı bölməsinin (kod ********) “Qaynar üsulla metalın üzlənməsi” (Kod ********) yarımbölməsinin zərgər və bədii məmulatları qaralayanlar (Kod 2150700a— 19553) peşəsinə uyğundur və həmin peşələr üzrə iddiaçının güzəştli iş stajı 01.01.2006-cı il tarixədək 16 il 9 ay 10 gün təşkil edir. Cavabdeh tərəfindən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsası ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 57 yaşı 05.08.2018-ci il tarixdə, yəni 01.07.2017-ci il tarixdən sonra yaransa da, hazırki halda iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona həmin Qanunun 9.8-ci bəndinə müvafiq olaraq yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiya təyin olunduğundan, cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsası ilə ona pensiya təyin edilməsindən imtina etməsi qanunun tələblərinə ziddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının 28 sentyabr 2020-ci il tarixdə ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının 05.08.2018-ci il tarixdən bütün dövrlər hesablanmaqla təyin edilmiş pensiyanın ona ödənilməsi tələbi də tam təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 05 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, 05 avqust 2018-ci il tarixdən bütün dövrlər hesablanmaqla təyin edilmiş pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 05 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilsin və 05 avqust 2018-ci il tarixdən bütün dövrlər hesablanmaqla təyin edilmiş pensiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar