Məhkəmə qərarları › İş №2-1(112)-4133/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4133/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4133/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon polis idarəsinə qarşı X11, X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon polis idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X4 onun azyaşlı övladları X9 (15.03.2014cü il təvəllüd), X10 (05.07.2012-ci il təvəllüdlü) ilə birlikdə, X1 ünvan 5-dən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi,Caparidze küçəsi, ev 10, mənzil 4 onun qardaşı X5 mülkiyyətində olmuşdur, o, həmin mənzili 2008-ci ildə alqı-satqı yolu ilə əldə etmişdir. Sonradan qardaşı X12 2020-ci ilin dekabr ayında mənzili ona bağışlamış və mənzil hazırda onun mülkiyyətindədir. 2020-ci ilin sonlarında yaşayış yerindən arayış götürdükdə məlum olmuşdur ki, mənzildə onun və qardaşının tanımadığı şəxslər - X11, onun azyaşlı övladları X13 (15.03.2014-cü il təvəllüd), X14 (05.07.2012- ci il təvəllüdlü), X3 qeydiyyatdadırlar. Həmin şəxslər mənzil həm X6 mülkiyyətində olan zamanda, hazırki vaxtda da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi,Caparidze küçəsi, ev 10, mənzil 4-də yaşamamışlar, yaşamırlar, onun, həm də ondan əvvəli mülkiyyətçi olan qardaşı X12 həmin şəxslərin kim olduqlarını, harda faktiki yaşadıqlarını bilmirlər. Cavabdeh inzibati orqana müraciət edərək X4, onun azyaşlı övladları X9 (15.03.2014-cü il təvəllüd), X10 (05.07.2012-ci il təvəllüdlü), X1 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin Suraxanı rayon polis idarəsi müraciəti təmin etməkdən imtina etmişdir.Bakı şəhəri Suraxanı rayon polis idarəsinin imtinası əsassızdır və Konsitutusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına ziddir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. 29.04.2021-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Suraxanı rayon polis idarəsi və 3-cü şəxslər X11, X2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsi, ev 10, 4 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi 12.01.2021ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və ********** nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iş üzrə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin ünvanda digər şəxslər X13 (15.03.20214-cü il təvəllüdlü), X11 (19.07.1974-cü il təvəllüdlü), X14 ( 05.07.2012-ci il təvəllüdlü), X2 (19.12.1940-cı il təvəllüdlü) qeydiyyatdadırlar. Bakı şəhəri Suraxanı rayon polis idarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkillər kollegiyasının üzvü Vəkil ünvanlanmış 26.12.2020-ci il tarixli 096-31442-1220 nömrəli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş X11 31.01.2004-ci il tarixdən, X13 15.03.2014-ci il tarixdən, X14 05.07.2012-ci il tarixdən və X3 13.12.2003-cü il tarixdən bu günədək ünvan 4 ünvanında qeydiyyatdadırlar. X11, X13, X14 və X1 ünvan 4 ünvanına qeydiyyata alınmalarına əsas olan sənədlərin müddəti tamam olduğundan məhv edildiyindən sənədlər QMB-nin arxivində aşkar olunmamışdır. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri Suraxanı rayon polis idarəsi tərəfindən verilmiş 02.02.2021-ci il tarixli 096-1668M-1221 saylı cavab məktubunda qeyd edilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması X18 səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyya haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçıların mülkiyyətində və sahibliyindədir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. İddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı üçüncü şəxslər X11, X2 və yetkinlik yaşına çatmayan uşaqlar iddiaçıya məxsus mənzildə qeydiyyatda olduqları müəyyən olunsa da, onların mübahisəli mənzildə əmlak, o cümlədən istifadə hüquqlarını olmaması, həmçinin həmin şəxslərin qeyd olunan mənzildə yaşamadıqları müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, üçüncü şəxslərin və yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanuni əsas mövcuddur ki, cavabdeh sonuncuları qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 19.07.1974-cü il təvəllüdlü X4 onun azyaşlı övladları 15.03.2014-cü il təvəllüdlü X9, 05.07.2012-ci il təvəllüdlü X10 və 19.12.1940-cı il təvəllüdlü X1 İddiaçı məxsus ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmaları cavabdeh Bakı şəhəri Suraxanı rayon polis idarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar