Məhkəmə qərarları › İş №2-1(112)-4133/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4133/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4133/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki,qeyri-yaşayış sahəsi onun qanuni istifadəsindədir. İddiaçı bildirir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi müvafiq olaraq səlahiyyətli orqan ilə razılaşdırılmış eskiz layihəsi əsasında inşa edilmişdir. İddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh heç bir hüquqi əsas olmadan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehdə təqdim edilmiş sənədlər əsasında qeyri-yaşayış sahəsi üzərində onun hüquqları qeydiyyata alınmalıdır. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınmasının imtina əsaslarından görünür ki, cavabdeh qeyri-yaşayış sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatan keçirilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respbublikası Qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd olmuşdur. Belə ki, iddiaçının hal-hazırda qeydiyyatdan keçməsini istədiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi onun istifadəsindədir. Belə ki, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli sərəncamından görünür ki, yerli icra hakimiyyəti tərəfindən Yasamal rayonu, Yeni Yasamal-1, M.Xiyabani küçəsi 14 saylı yaşayış binasının yaxınlığında, eskiz layihəsində göstərilən sahədə 430 kv.m torpaq sahəsinin vətəndaş İddiaçı icarəsinə verilmiş və qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Daha sonra həmin dövrdə torpaqayırma işləri istiqamətində səlahiyyətli olan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, sərəncam əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüləri və koordinatları göstərilmişdir. Göründüyü kimi, yerli icra hakimiyyəti orqanı, həmçinin zamanında səlahiyyətli olan Dövlət Torpaq və Xəritəçəkmə Komitə torpaq sahəsinin ayrılmasında və tikilinin həyata keçirilməsinə öz iradə ifadəsini nümayış etdirmişdir ki, mülkiyyət hüququnun qeydə alınmasında maraqlı olan şəxs də həmin sənədlər əsasında cavabdehə müraciət etmiş, lakin cavabdeh formal hesab ediləcək əsaslarla iddianın təminini həyata keçirməmişdir. Məhkəmənin hazırkı formada mövqeyi dövlət tərəfindən tanınmış mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilə bilər ki, ümumilikdə qeyd olunanlar iddiaçının torpaq sahəsi ilə bağlı müvafiq hüquqa malik olması və hazırkı qeyri-yaşayış sahəsinin tikilməsi və istifadəyə verilməsi formasında fəaliyyəti həmin torpaq sahəsində həyata keçirməsinə mane olunmaması nəticəsinə gəlinməsinə əsas yaradır. Başqa sözlə desək, hər nə qədər də torpaq sahəsi iddiaçının mülkiyyətində olmasa da, torpaq sahəsinin ayrılması və üzərində yerləşən əmlakın tikintisi müvafiq yerli icra hakimiyyəti ilə razılaşdırılmışdır ki, bu da həmin torpaq sahəsinin onun qanuni əsaslar ilə istifadəsində olmasını göstərir. Qeyd olunmalıdır ki, cavabdeh qeyri-yaşayış sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin olmadığıni iddia etsə də, Məhkəmə hesab edir ki, tikili tikintinin həyata keçirilməsinə razılıq verən səlahiyyətli qurumun iradə ifadəsi mövcud olmaqla həyata keçirilmişdir. Belə ki, Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 01 avqust 2018-ci il tarixli 226 saylı Fərmanının: 1-ci və 2-ci bəndlərinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X2 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Hazırki iddia üzrə göründüyü kimi, eskiz layihəsi müvafiq olaraq həmin dövrdə səlahiyyətli olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır ki, bu hal iddiaçıya münasibətdə müsbət təsir edir. Bu zaman, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müraciətin təmini tikintiyə razılıq verən qurumun hər hansı prosedur qaydasında formal pozuntular törətməsi belə vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsini təsdiq edən əsaslardan biri də, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş rəylərdir. Belə ki, rəylərin surətindən görünür ki: -Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1, M.Xiyabani küçəsi 14 saylı yaşayış binasının yaxınlığında inşa olunacaq vətəndaş İddiaçı məxsus ofis və ticarət obyektinin işçi layihəsini “Sanitariya epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən razılaşdırılmışdır. -"xxxx" MMC tərəfindən tərtib olunmuş layihə sənədləri, qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTNnin, 2.08.02-89 “İctimai bina və qurğular” TN və Q-nın, 2.04.02-84 “Su təchizatı, xariji xətlər və qurğular” TN və Q-nın, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” TN və Q-nın; 2.02.01-97 “Bina və qurğuların yanğın təhlukəsizliyi” Dövlət Tikinti Normalarını, “X1 Qaydaları”nın, “Tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğundur. Göründüyü kimi sözügedən daşınmaz əmlakın istismara yanğın təhlükəsizliyi, həmçinin sanitariya epidemioloji norma və qaydalarının tələblərinə riayət olunaraq tikilməsi və istifadə edilməsi müəyyən olunur. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işin faktiki halları isə təsdiq edir ki, qeyd olunan imtina əsaslarından heç bir mövcud deyil. Həmin hallar mövcud deyilsə, deməli imtina qanunsuzdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli sərəncamına əsasən Yeni Yasamal-1, M.Xiyabani küçəsi, 14 saylı binanın yaxınlığında yerləşən 430 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası üzərində təsdiq edilmiş eskiz layihəsinə uyğun olaraq İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar