Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4133/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə qarşı “cərimənin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən barəsində tərtib edilmiş Aktda müəyyən edilmiş 4000 (dörd min) manat cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 12 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin işçiləri tərəfindən Binəqədi rayon Mal-heyvan bazarında YPK/0376-24 nömrəli yoxlama aparılmış və həmin yoxlama əsasında iddiaçıya 4000 (dörd min) manat cərimə tətbiq edilmişdir. Bakı Regional Bölməsinin yoxlaması zamanı heyvan bazarına aid bütün tikinti obyektləri lazımi qaydada fəaliyyət göstərib. Yoxlama zamanı fotoşəkillər çəkilmişdir. Heyvan bazarı üçün ayrılmış torpaq sahəsi 22 may 2000-ci il tarixdə Binəqədi qəsəbə nümayəndəliyi tərəfindən verilmişdir. Bakı Regional Bölməsi yoxlama aktında və şifahi olaraq bildirmişdir ki, heyvan bazarı yanacaq doldurma məntəqəsindən və obyektlərdən 20 m – 100 m məsafədə olmalıdır. İddiaçı bildirir ki, qeyd olunan obyektlər sonradan inşa olunmuşdur.
3. “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” haqqında xx.xx.2024-cü il tarixli MN0010623 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən 12 iyul 2024-cü il tarixli YPK/0376-24 saylı yoxlama nəticələri üzrə qərarda qeyd olunan nöqsanlar aradan qaldırılmadığı müəyyən edilmiş və 4000 (dörd min) manat məbləğində inzibati cərimə şərti olaraq təbiq edilmiş və törədilmiş nöqsanların aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir.
4. “Yoxlama nəticələri üzrə” xx.xx.2024-cü il tarixli YPK/0376-24 nömrəli Qərarına əsasən aşkar olunmuş pozuntuların təfərrüatı, əsaslandırıcı sübutlar və pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri: Sual 121. Diri heyvanların satışı bazar qeydiyyata alınmamış və Qida Təhlükəsizliyi Reyestrinə daxil edilməmişdir. Bununla da “Qida Təhlükəsizliyi haqqında” Qanunun 24.1-ci maddəsinin tələbi pozulmuşdur. Sual 124. Bazarda su ilə həmçinin yuyucu maddələr və gigiyena tələblərinə cavab verən qurutma vasitələrilə təmin edilmiş əl yuma çanağı mövcud deyildir.Bununla da, Azərbaycan Respublikası Qida X1 19 saylı Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın (bundan sonra Qaydalar) 2 nömrəli əlavəsinin 1.4-cü bəndinin tələbləri pozulmuşdur. Bazarda işçi heyətinin dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otaqları ilə təmin edilməmişdir. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 1,10-cu bəndinin tələbləri pozulmuşdur.Bazarda heyvan növünə uyğun xəstəliyə şübhəli heyvanların saxlanc (izolyator) bölməsi quraşdırılmamışdır. Bazarın dörd tərəfi 1.5 metr hündürlükdə hasarla hasarlanmamışdır. Bazarda heyvanların rahat şəkildə boşaldılması və yüklənməsini təmin etmək üçün rampolar auraşdırılma, saxlanc və satış bölmələrinin üstü heyvanların günəşin və yağışın təsirindən qorunmaq məqsədilə çadır və ya dəmir konstruksiya ilə örtülməmişdir. Yuxarıda qeyd olunan nöqsanlara əsasən müəyyən edilmişdir ki, heyvan bazarında "Qida Təhlükəsizliyi haqqında” Qanunun 9.1 və 24.1 -ci maddələrinin tələbləri pozulmuşdur. Aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər: - bazarın dörd tərəfi 1.5 metr hündürlükdə hasarlanmalı; - heyvan növünə uyğun xəstəliyə şübhəli heyvanların saxlanc (izolyator) bölməsi olmalı; -heyvanların rahat şəkildə boşaldılması və yüklənməsini təmin etmək üçün rampolar quraşdırılmalı, saxlanc və satış bölmələrinin üstü heyvanların günəşin və yağışın təsirindən qorunmaq məqsədilə çadır və ya dəmir konstruksiya ilə örtülməli; -bazarda satılan heyvanların suvarılması və yemlənməsi üçün avadanlıq və ləvazimatlar quraşdırılmalı, satılan heyvanların izlənilməsi üçün tədbirlər həyata keçirilməlidir. -bazar qeydiyyata alınmalı və Qida Təhlükəsizliyi Reyestrinə daxil edilməlidir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin xx.xx.2024-cü il tarixli YPK/0376-24 nömrəli yoxlamanın aparılması haqqında qərarına və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesteri”nin xx.xx.2024-cü il tarixli KY24212107 nömrəli çıxarışı ilə ünvan 1 ünvanında fəaliyyəti göstərən sizə məxsus diri heyvan bazarında sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə qərarın icra vəziyyəti yoxlanılmışdır. Keçirilmiş yoxlamanın nəticəsi olaraq İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən Sizin barənizdə 4000 (dörd min) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Yoxlama nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında tərəfinizdən Bakı regional bölməyə məlumat verilmədiyindən, xx.xx.2024-ci il tarixində tərtib edilmiş M№ ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvəyə minmişdir.
6. Məhkəmənin mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
8. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
9. “İnzibati icraat haqqında” Qanunun: 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 3.2-1. Ələt azad iqtisadi zonasında inzibati icraatın həyata keçirilməsi “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər.
10. İnzibati Xətalar Məcəlləsindən: Maddə 544. İstehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma 544.1. İstehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə – fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. 544.2. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında, yaxud qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində müvafiq icra hakimiyyəti orqanının qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə – dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
11. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu 9.1. Qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, o cümlədən qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələr və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla (sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalar ilə) müəyyən edilir.
12. “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qida X1 xx.xx.2024-cü il tarixli, 50 №-li Qərarının 1.4cü bəndinə əsasən Heyvan bazarlarında dövlət baytarlıq nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.
13. Beləliklə, məhkəmə müəyyən edir ki, konkret halda tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. Belə ki, hazırda iddiaçı məhz inzibati xətanın (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş) törədilməsinə dair inzibati xəta haqqında qərarı və həmin qərar əsasında tətbiq olunmuş inzibati cəriməni mübahisələndirir. Odur ki, inzibati orqanın qeyd edilən hərəkətləri inzibati xətalara dair qanunvericiliklə tənzimləndiyindən tələb inzibati məhkəmə araşdırmasının predmeti deyil.
14. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).
15. Odur ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunur.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva